Əvəz Zeynallı Ramiz Mehdiyevin Əli Həsənovun məhkəməyə gətirilməsinə dair vəsatət verdi -VIDEO

09.01.2013

 Baş redaktor məhkəmədə Sevinc Babayevanın oturduğu skamyaya qərənfil qoydurdu

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının  işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Ə.Zeynallı bildirdi ki, hazırkı proses onun işi ilə bağlı serialın 32-ci hissəsidir. Ə.Zeynallı məhkəmə prosesinin uzadılmasına etirazını bildirərək dedi ki, ötən il dekabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində 4,  dekabrın 30-da isə isə heç bir məhkəmə prosesi keçirilməyib. Ə.Zeynallı ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı videoqalmaqallarda adı hallanan Sevinc Babayevanın qətli ilə bağlı da çıxış etdi. O, ötən il iyulun 2-də məhkəməsinə şahid qismində qatılan Gülər Əhmədovanı müşayət edənlərdən birinin də Sevinc Babayeva olduğunu xatırlatdı. S.Babayevanın müəmmalı ölümündən sonra onun məhkəmə zalında  oturduğu  yerə 2 qərənfil qoymağı xahiş etdi. Həmin yerə bir cüt qərənfil qoyuldu. Hakim etiraz  edərək, ”Belə olmaz! Kim onun xatirəsini anmaq istəyirsə, məzarını ziyarət etsin!” dedi. Ə.Zeynallı isə etiraz edərək, “Belə olmaz!” sözünü  S.Babayeva və G.Əhmədova zalda kükrəyərək onun üzərinə gələn zaman deməli olduğunu vurğuladı: “İndi hamı danışır. Amma Gülər iyulun 2-də bura gələndə, burada hoqqabazlıq edib, üstümə cumanda heç ona “olmaz” demirdiniz”.

Daha sonra Ə.Zeynallı S.Babayevanın oğlu Ayxan Məmmədovun mətbuata verdiyi müsahibəyə istinad edərək, anasının Gülər Əhmədova tərəfindən zəhərlənərək öldürüdüyünü dedi: “Sevinc Babyevanı Gülər zəhərləyib. Mənim də öldürülmə planım olduğunu deyəndə siz buna inamırdınız”.

Prokurur  Ramazan Hadıyev Ə.Zeynallının çıxışına etiraz edərək dedi ki, bu onun işinə aid olmayan məsələdir.

Ə.Zeynallı Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən G.Əhmədovanın əhəmiyyətsiz bir ərizəsinə və lent yazısına görə həbs edildiyini xatırlatdı: “Nədir, sabah bu qadın həbs olunanda da məndən əl çəkməyəcəksiniz? Necə yəni mənim işimə aidiyyatı yoxdur? Onda məni kim həbs elətdirib, nəyin əsasında 15 aydır ki, məni həbsdə saxlayırsınız?” Prokuror isə Ə.Zeynallının sözünü kəsərək “Siz törətdiyiniz əməllərinizə görə, həbs olunmusunuz” dedi.

Ə.Zeynallı:

– Hansı əməllərimə görə? Yoxsa artıq yuxarıdan tapşırıq almısınız ki, məni buradan da şərləyib həbs etdirəsiniz? Siz bu qədər cinayətdə əli olan bir adamı 5 aydır ki, həbs edə bilmirsiniz, buna cürətiniz çatmır. Sizin diliniz qısa olmaq əvəzinə, üstümə yalan ittihamlar calamağa hazırlaşırsınız. Məhkəmə hələ bitməyib, sizə bu cür bəyanatlar verməyi kim tapşırıb?

Prokuror R.Hadıyev:

-Bizim dilimiz qısa deyil.

“Qısadır! Özünüz məndən də yaxşı bilirsiniz bunu” deyən Ə.Zeynallı hakimdən prokurora nəzarət etməyi xahiş etdi.

Ə.Zeynallı G.Əhmədovanın məhkəyə gətirilməli oldyuğunu qeyd etdi: “O məlumat da təsdiqləndi ki, Gülər sərhədi keçərkən Qırmızı körpü keçid məntəqəsində saxlanılıb. Sonradan məlum oldu ki, Gülər Əhmədova polis nəzarətindədir. İndi onu məhkəməyə daha rahat gətirmək olar”. Hakim R.Allahverdiyeva isə bildirdi ki, G.Əhmədovanın nəzarətdə olduğu hələ bəlli deyil: “O məsələyə baxılıb”.

Ə.Zeynallı:

– Gülər Əhmədova 100 min manata ev dustaqlığı aldığını deyir. Belədirmi, hörmətli prokuror? Bəs, mən ev dustaqlığı almaq üçün sizə nə qədər verməliyəm?

Prokuror R.Hadıyev:

– Hansı haqla camaatı ittiham edirsiz?

Ə.Zeynallı:

–  Mən ittiham edirəm? Adam öz dili ilə açıq ittihamlar səsləndirir, mən də məcbur sizdən soruşuram, bu məhkəməlıərdən ev dustaqlığını 100 minəmi alırlar? Güləri müdafiə etdiyiniz üçün diliniz qısa olmalıdır.

Prokuror R.Hadıyev:

– Mən onu yox, ittihamı müdafiə edirəm.

Ə.Zeynallı:

-Kimin ittihamını? Özü haqqında saysız-hesabsız cinayət işi açılan bir adamın saxta ittihamını nəzərdə tutursunuz? Hələ onun cinayətləırini araşdırın, sonra mənim əməllərimdən danışın.

 Ə.Zeynallı çıxışına davam etdi: “Elşad Abdullayevin açıqlamaları var. G.Əhmədovanın mütəşəkkil cinayətkar  dəstə ilə işlədiyi ortaya çıxıb. Bu dəstənin başında da Ramiz Mehdiyev durur. Onun qardaşı Mayıs Mehdiyev Elşad Abdullayevla  görüşəndə Ramiz Mehdiyev zəng edib ki, Elşada de, Gülərdən əl çəksin. Yoxsa, işinə Korrupsiya komissiyasını göndərərəm, göndərib də… Məni də R.Mehdiyev başqa qurumların əli ilə həbs etdirə bilmədiyi üçün özünün Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs etdirdi. Bu xoşuna gəlməyən, maraqları toqquşan adamların hamısını korrupsiya qurumları ilə hədələyir. Bu fakt deyil nədir? Bu məsələlər mənim işimlə birbaşa bağlıdır”.

Daha sonra Ə.Zeynallı həbsindən əvvəl və sonra mətbuatda dərc olunan G.Əhmədova və özünün, Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun açıqlamalarını qəzet səhifələrindən oxuyaraq hakimə, “dəlil” kimi təqdim etdi. Ə.Zeynallı bildirdi ki, G.Əhmədova öncə onun şərəf və ləyaqətini alçaldan materiallar olduğunu ortada namus məsələsi olduğunu desə də, sonra verdiyi açıqlamalarda deyib ki, ortada çox xırda-para məsələlər olub: “Mediaforuma müsahibəsində o deyib ki, Ə.Zeynallı ilə aralarında namus məsələsi olmayıb, sonra da Gülər  Rauf Arifoğluna və Eynulla Fətullayevə zəng edərək deyib ki, gördünüz də neynədim, qoy bir az ağıllansın, qazı alınsın. Hanı Gülər Əhmədova? Hardadır? İyulun 2-də o da bura yaman qazlı girmişdi, indi yoxdu. Onun da qazını aldılar. Mən dəfələrlə demişəm, bu gün də deyirəm ki, Gülər Əhmədova parlamentin Sevgiladəsidir. R.Mehdiyevin əxlaqsız deputatıdır…”  Ə.Zeynallı daha sonra bildirdi ki, G.Əhmədova ən böyük uşaq alverçisi olub. Onun üzəduranlarından Rüxsarə Axundova İnsan Alveri Qurbanlarının Reabilitasiyasi Mərkəzinə rəhbər təyin olunub. G.Əhmədova əlinin altında istifadə etdiyi 25-30 qadınla yüksək çinli məmurların videosunu çəkib. Ona görə də açıqlamalarında “Mənim ağzımı açdırmayın” deyə hamını təhdid edir.

Prokuror onun sözlərinə müdaxilə edərək dedi ki, günahı olan insan cəzalandırılır.

Ə.Zeynallı isə cavabında, “günahı olan insanlar çöldə gəzir, günahsızlar isə həbsxanalardadır. Mən sizin də törətdiyiniz cinayətləri sübut edəcəm”.

Prokuror R.Hadıyev:

–          Buna nail ola bilməyəcəksən.

Ə.Zeynallı:

– Onu da görəcik…

Zaldan gülüş qopdu.

Prokuror Ə.Zeynallıya dedi ki, zalda oturanlara sakitliyə riayət etməyi tapşırsın: “Ən qüvvətli sehrbazın qarşısında gipnoz olan xəstə güləndə sehrbaz acizləşir. Biz o sehrbazlardan deyilik”.

Ə.Zeynallı:

– Deməli siz özünüzü sehrbaz adlandırırsınız. Amma gipnoza düşən sehirbazlardan deyilsiniz deyirsiniz də…

Hakim Ə.Zeynallaının qəzetlər barədə xülasə verməsinə etiraz etdi. Ə.Zeynallı isə dedi ki, qanunlardan kənara çıxmadığını dedi və bildirdi ki, o, qəzetinin R.Mehdiyev tərəfindən bağlandığını sübut etməyə çalışır.

Daha sonra Ə.Zeynallının həbsi ilə bağlı hazırlanan hesabatlar məhkəməyə təqdim olundu. Ə.Zeynallının sözlərinə görə, onun işi ilə bağlı dörd cildrlik, 1200 səhifəlik cinayət  işi ilə bağlı 1200 nəfərə cinayət işi açmaq mümkündür.

Ə.Zeynallı daha sonra məhkəməyə bir-birinin ardınca 15 vəsatət təqdim etdi.  O, G.Əhmədovanın oğlu Toğrul Əhmədovun məhkəyə gətirilməsini xahiş etdi: “T.Əhmədov məhkəməyə yalan ifadə verərək, mənim onun anasından 26 min manat pul istədiyimi öz qulağı ilə eşitdiyini dedi. Amma mənimlə bağlı səs yazısında bu, təstiqini tapmadı”.

 Ə.Zeynallı müstəntiq Qabil Qasımovun məhkəməyə çağırılması və onun barəsində də cinayıt işinin açılması tələbilə vəsatət təqdim etdi. O, bildirdi ki, istintaq zamanı ifadə verən şahidlərin ifadələri dəyişdirilib. Bunu müstəntiqin mənim vəkilimə fləşkartda verdiyi ifadə kopyası ilə cinayət işi materiallarında yer alan ifadələrin üst-üstə düşməməsi də sübut edir”. Baş redaktor dedi ki, o həbs olunandan sonra  mobil telefonu əlindən alınsa da, telefonu 2012-ci il yanvarın 26-dək açıq olub. Onun telefonundan mesajlar yazılıb və mesaj qəbul olunub. Ə.Zeynallı həmçinin bildirdi ki, istintaq zamanı onun iş yerində olan seyfindən 300 dollar götürülüb. Ə.Zeynallı daha sonra G.Əhmədovanın istintaqda adını hallandırdığı Nigar Almanqınının şahid kimi məhkəməyə dəvət olunmasına dair vəsatət verdi. O, Nərimanov rayon Məhkəməsinin sabiq sədri Ağababa Ağababayevin də məhkəməyə şahid qismində dindirilməsinə dair vəsatət verdi: “Çünki mənim işimdə onun sədrliyi dövründə gedən məhkəmə prosesləri də daxil edilib. İndi məlum olub ki, elə o zamandan R.Mehdiyevlə birbaşa əlaqəi olan bu adam bizim haqqımızda ədalətsiz və sifarişli qərarlar çıxarıb”.

Ə.Zeynallı Əli Həsənovun da şahid qismində məhkəmə prosesinə çağırılmasına dair vəsatət verdi: “Nüşabə Ələsgərlinin mənə qarşı iddia qaldırmasında “Xəmsə” restoranının direktoru Mürvət Həsənovun əli var. Əli Həsənov KİVDF-nin son iki ildə tədbirlərini “Xəmsə” də keçirib. Bu şəhərdə başqa restorn yoxdur, bəyəm? Bu da onun göztəricisidir ki, üzümə duran bu adamın həm Vüqar Səfərli, həm də Əli Həsənovla özəl münasibətləri var. Bura gəlsinlər və suallarıma cavab versinlər. Həbsimdən əvvəl Gülər Əhmədovnın telefonuna gələn-gedən zənglər və SMS-lərin də siyahısı çıxarılsın. Mən əminəm ki, həmin günlər Əli Həsənovun Gülərə neçə dəfə zəng etdiyinin şahidi olacağıq. Ekspertlər Fuad Rəsulov, İlhamə Quliyeva da məhkəməyə çağırılsın. Onlar Hitlerin kitabının tərcüməsində də yanlış rəy verən admlardırlar. Artıq neçənci dəfədir ki, üzümə dururlar. Sabir Tarıverdiyev, Aydın Heydərov  da yenidən məhkəməyə gətirilsin. Mürvət Həsənovun ifadəsində kəskin ziddiyətlər olduğundan o da məhkəməyə çağırılmalıdır”. Ə.Zeynallı jurnalist Aynur İmranovanın da məhkəmə prosesinə şahid qismində çağırılmasını istədi. Baş redaktor bildirdi ki, istintaq saxlanılarkən  baş redaktorun telefonunun üzərində olmadığını bildirib. Ə.Zeynallı isə sonuncu dəfə həbs olunandan 10 dəqiqə əvvəl A.İmranova ilə danışdığını dedi. Baş redaktor digər şahidlərinin dəməhkəmədə dindirilməsinə dair də vəsatət verdi.

Sonda Ramiz Mehdiyevin , Əli Həsənovun, Gülər Əhmədovanın məhkəməyə gətirilməsi, gəlməsələr, barələrində məcburən məhkəməyə qətirilmələrinə dair qərar çıxarılması ilə bağlı vəsatət verdi.

Proses yanvarın 16-sı saat 14:00-da davam edəcək.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button