Əvəz Zeynallı yazır: “270+1370=1440”

İlham Əliyevə daha bir “Qaynar Qazan” təklifi…

 

Nazir Əbülfəs Qarayevin özbaşından yazdığı siyahı aləmi bir-birinə qatıb. Kimi kefləri istəyib, onların da adlarını yazıblar – necə mükafat verirlər, elə. İndi də vəziyyət bir az ruscadır – prezident oturub facebookun qarşısında özü oxuyur, özü çağırır, özü zəng edir və s. Nazir nə bilsin ki, İlham Əliyev götürüb Rasim Balayevə zəng edəcək. Bu zəngdən sonra nazir də vəziyyətdən çıxış yolu tapıb guya – elan edir ki, 270 xalq artisti, 1370 də əməkdar incəsənət xadimi var – hələ ziyalıların adlarını yazmır.

Bunlar bu milləti belə susdurublar bax. Kim ağzını açıb ona susmaq üçün bir xalq artisti, bir əməkdar incəsənət xadimi veriblər. Bir zamanlar Mirmahmud Mirəlioğlu generallar haqqında bir söz demişdi, yadımdan çıxıb, amma Azərbaycan bir-birinə dəymişdi o sözdən sonra. Bax, bu xalq artistləri və əməkdar incəsənət xadimləri elə Mirmahmud Ağanın dediyi o generallar kimidir. Ölkənin bu boyda problemləri var, bu 270 xalq artistinin səsi-səmiri çıxmır. Ölüm yuxusundadır bunlar. 1370 əməkdar incəsənət xadimindən də çıt yox. Ölkənin 20 faizi işğalda Mirmahmud Ağanın dediyi generallardan bir xəbər yox. Torpaqlar gözüyaşlı qalıb. Jurnalistləri də o günə qoyublar – 540-na ev veriblər, neçəsinə əməkdar jurnalist, neçəsinə də nə bilim nə. Genarallar çoxaldıqca torpaqlar işğalda daha çox qalır, xalq artistləri çoxaldıqca mədəniyyətsizləşir, tərbiyəsizləşir bu ölkə, mükafat alan jurnalisti çoxaldıqca müstəqil media sıradan çıxır – siz hara gedirsiniz, a kişi?
Əbülfəz indi fəğan edir ki, hamısını bir yerə yığsaq Heydər Əliyev sarayına sığmazlar. Adamdan soruşarlar ki, bəs ucdantutma niyə bu adları paylayırsınız onların hamısını bir yerdə otuzduracaq zalınız yoxdursa, hə?! Hansından nə qədər pul alıbsınız, hansını hansı mövqeyindən çəkindiribsiniz, hə?!

Mən hörmətli prezident İlham Əliyevdən “Qaynar Qazan” üçün cavab gözləyirəm. Neçə ki, möhtərəm İlham bəy “Qaynar Qazan” kimi verilişlərdə çıxıb müsahibə verməyəcək, heç bir açılımdan söhbət gedə bilməz. Necə ki Flora Kərimovanın iştirak etmədiyi incəsənət tədbiri tədbir deyil, İlham Əliyev də eləcə, yüz hazırlanmış sual olsun, yüz əldəqayırma telekanallar, müsahibələr o effekti verməyəcək…
Açılıma xalqı inandırmaq lazım. Və… eynilə incəsənət tədbirində olduğu kimi, burada da mətbuat kuratorlarına inanmağa gərək yoxdur. Necə ki, Əbülfəs Qarayev Rasim Balayevin adını siyahıya salmadı, mətbuat kuratorlarınız da “Qaynar Qazan”ı Sizin siyahınıza salmazlar. Götürün, zəng edin: 050.320.49.27. Mənim telefonum 24 saat açıqdır, cənab prezident. Vaxtlaşaq, “Qaynar Qazan”da söhbətləşək. Açılım buna deyərəm…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button