Əvəz Zeynallı yazır: “Rahim Qazıyevə, yoxsa ailəsinə hücum?”

Xural.com saytının baş redaktoru Əvəz Zeynallı özünün facebook statusunda Rahim Qazıyevin qızı Şəbnəm Qazıyevanın başına gələnlərdən yazıb. Hadisələrdə siyasi rəng axtarmadığını bildirən yazar, polisin baş verənlərin qarşısında səssiz qalmasının müəmmalı olduğunu yazıb və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. Xural.com statusu olduğu kimi təqdim edir:

“DİQQƏT ŞƏBNƏM BALAMIZA!
Şəbnəm Rahim Qazıyevin qızıdır, gözəl balamızdır. Ailəsində ciddi problemlər yaşayıb. Sonra şiddətli keçimsizlik səbəbindən Ramil Əzizov adlı həyat yoldaşından ayrılıb. İki gül kimi balası var. Bunlar hamısı normaldır, normal olardı o zamana qədər ki, hadisələr elə yazdığım 3 cümlə ilə də bitsəydi. Bitməyib. Aylarla, hətta illərlə davam edən narazılıqlar və ailədaxili şiddətdən sonra da Şəbnəm məsələni ictimailəşdirmək istəməyib. Belə hadisələr olur zatən. Sonra məsələ böyüyüb, işə Rahim bəyin özü qarışıb, Ramil şiddəti ailəsinin daxilindən çıxarıb və başlayıb hər yeri, hər kəsi narahat eləməyə. Qonşular, iş yoldaşları… derkən başlayıb telefonla zəng etməyə, hədə-qorxu mesajları göndərməyə. Bu da yetməyib, aylarla davam edən bu yorucu, vahiməli və qorxulu olaylardan sonra Ramil Əzizov fiziki təzyiqləri də ailə daxilindən çıxarıb. Gəlib Rahim Qazıyevin yaşadığı binanın qarşısında Şəbnəmin böyük bacısı Aytənin avtomobilinin 4 təkərinin dördünü də bıçaqla doğrayıb. Cinayət əməli təhlükəsizlik kamerasına düşüb və çəkiliş hazırda mövcuddur. Dəfələrlə şikayətlər olunsa da, tədbir görməyən polis, bu dəfə Tağı Əhmədov demiş, burcutmağa yer qalmadığını görərək, Ramilə cinayət işi qaldırıb və onu saxlayıb. …Amma bir neçə gündən sonra buraxıb. Əməllərinin cəzasız qaldığını görən Ramil bu dəfə Rahim Qazıyevin evinə hücum edib, qapını döyüb, açılmadığını görəndən sonra isə “qlazok”u sındırıb – gücü ona çatıb. 102-yə zəng ediblər, polislər gəlib, həbs edib, aparıblar və… bir neçə gündən sonra Ramil yenidən zühur edib.
Bu gün canlı yayınları bitirəndən sonra Rahim Qazıyevin evinə getdim. Şəbnəmlə danışdım. O, çox qorxur. “Heç nəyini istəmirəm, bircə məndən əl çəksin, qorxuram, addım ata bilmirəm, az qalıram, 2 uşağımı da, özümü də zəhərləyib öldürəm” deyir. Təbii ki, bizim ağıllı Şəbnəmimiz elə şeylər etməz və təbii ki, bu hadisələr hamısı ötüb keçəcək, amma polisin hərəkətləri düşündürücüdür, deyilmi?
Nə baş verir? Əziz Oxucu, diqqət edirsənsə, başlığa Rahim Qazıyevin adını yox, Şəbnəmin adını çıxardım. Niyə? Ona görə ki, hələ də işə siyasi rəng vermək istəmirəm. Rahim Qazıyev də elə istəmir, amma nə etməli? Ramil Əzizov adlı bir insan Şəbnəmi, onun bacısını, atasını rahat buraxmır. Bir adama bir söz deyəndə insanları türməyə dolduran, Seymur Həziyə bir kapron şüşəni atdın iddiası ilə 5 il həbs cəzası verən və son gününə qədər içəridə saxlayan, heç olmadıq şeylərə görə adamlara 10-larla sutka cəza verən, bir heykələ 3 söz yazdığına görə iki gəncə üst-üstə 20 il həbs cəzası verən hüquq-mühafizə sistemi bu hadisədə ən azı, 2 dəfə cinayət işi açdığı adamı əl-qolunu sallaya-sallaya buraxır. Niyə, Vilayət Eyvazov? Əgər bu bir sifarişdirsə – açığı, hələ ki, kimsə bu ehtimala inanmır – o zaman bunu Rahim Qazıyevin özünə edin, sözünüzü özünə, üzünə deyin, bir qadının peşini buraxmamaq, onu qorxu içində saxlamaq, həyatını zəhər etmək də nə demək? Niyə bu adam hamının gözlərinin qarşısında bu boyda özbaşınalığı edir, edə bilməlidir? Nə təkər bıçaqlamaq, avtomobilinizin yanından öskürərək keçən adamlara 10 il iş verirsiniz, bu həngaməni başlamaqla və durdurmamaqla nə demək istəyirsiniz?
Mən yenə də işin rənginin siyasi olmadığını düşünürəm, hərçənd başından böyük şəkildə “hakimiyyətə müraciət edəcəyəm ki, Rahim Qazıyev kimi adamın evində uşaq qala bilməz” iddialarının səsləndirildiyini də eşitdim. Amma 28-ci polis bölməsinin rəisinin qulaqları nazir Vilayət Eyvazov tərəfindən dartılıb ən azı 1 metr uzadılmasa, o zaman əlac prezident İlham Əliyevə müraciət etməyə qalacaq. Deməli, iş siyasi rəng alacaq. Şəbnəm rahat buraxılmalıdır. Vəssalam…
İ.S. Ayrıca, bütün hüquq müdafiəçilərinə, məxsusən qadınların hüquqlarını qoruyan təşkilatlara, tanınmış xanımlara müraciət edirəm. Məsələyə əl qoyun və Şəbnəmə sahib çııxın. Savadlı, ziyalı, yüksək səviyyədə təhsil görən bir xanım 21-ci əsrin Azərbaycanında “qorxuram” deyib, intihar haqqında düşünə bilməz. Bu ölkəni hara aparırlar?!”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button