Əvəz Zeynallı yazır: “Rauf Arifoğlumu, İqbal Ağazadəmi?”

Xural.com Əvəz Zeynallının facebook statusunu təqdim edir:

“Onsuz da hər şey Azərbaycan mətbuatından başlamışdı. Bütün problemlərimizin yaşandığı, bütün dostluqlarımızın başlandığı və bütün rəqabətlərimizin körükləndiyi məkandır mətbuat. Rauf Arifoğlunu burada tanıdım, burada dostlaşdıq, burada illər boyu amansız mübarizə apardıq və burada həyatımızın və mediamızın növbəti mərhələsində yenidən üz-üzə gəlirik. Biz yenə media prinsiplərinin ölüm-qalım mərhələsində eyni istiqamətə doğru köklənmək üzrəyik.
Rauf Arifoğlu ilə hər zaman özəl münasibətlərimiz oldu – yaxşı olanda da, pis olanda da. Mən ondan çox şey götürdüm, bir ara onu addım-addım izlədim, hər yazısını sətir-sətir təqib etdim, bütün külliyyatını topladım – bəlkə indi özündə o qədər arxivi yoxdur. Ona görə ki, ona inanırdım.
Uzun müddətli media qovğasında Heydər Əliyev, ondan sonrakı İlham Əliyev dönəmlərində ard-arda zərbələr aldıq. O, hamıdan çox zərbələr aldı, sonra məni əzib keçdilər – kim necə qaldı, kim necə duruş gətirə bildi, o haqda geniş yazmaq istəmirəm, bütün cəmiyyət o haqda bilir. Birimizin pəncərələrini tam bağladılar, yerlə-yeksan etdilər, birimizi güclə nəfəs alar hala gətirdilər – amma bu media savaşı, bu karvan heç dayanmadı.
Rauf Arifoğlu Azərbaycan siyasət və media camiəsinin ən xırda oyunlarını oynaya bilən, bu oyunlarda yetişən, bu oyunlarının pərdəarxasını bilən, nə zaman qabarıb, nə zaman çəkildiyini yaxşı anlayan nadir adamlardan biridir. Savaş ustasıdır, amma ondan daha yaxşı barışı biləndir və daha doğrusu, savaşmaqdan daha çox barışın yollarını axtaran, onu tapan biridir. Etiraf olunmalıdır ki, barışı ona öyrədənlər, bu yolu təqib etməyi təlqin edənlər də daha çox ata-oğul Əliyevlərdir.
Son 20 ildir münasibətlərimiz heç rəvan olmadı. Məhkəmələrdə üzləşdik, ağır-ağır media kuluarlarında üz-üzə gəldik, media savaşlarının içində yan-yana oturub birlikdə mübarizə apardıq, bir sözü ilə həbsə gedəcək həddə nəfəs ala bilməyənlərin telefonlarını götürdüm, amma həbsdə olduğum illərdə məni qəzetinin media planlaşdırmasına belə salmadı, ağır cinayətlər məhkəməsinin zalında Anamın gözlərinin qarşısında üzümə duranlar hələ yan-yörəsində cirit atır – amma həyat bu, biz yenə media prinsiplərinin diktə etdiyi formada döyüş meydanlarındayıq.
Günümüzdə Rauf Arifoğlu ilə müəyyən məsələlərə baxışlarımızda bəzi ortaq paydalar var. Mənim artıq inanmaq yaşım bu qovğalarda keçib, amma müəyyən məsələlərdə düşünmək, müzakirə etmək, “inanıram, amma yoxlayaram” yaşındayam. Biz medianı yenidən əvvəlki əzəmətli vəziyyətinə gətirə bilməliyik. Bu sahədə böyük və yıxıcı yaralar almışıq. Silinircəsinə məhv edə biliblər bizi. Əliyevlərin qanlı-qadalı, həbsli-ölümlü zamanının yaralı şahid-şəhidləriyik. Bütün hallarda yeni zaman və yeni dövr gəlir. Hər zaman media haqqında islahatlardan danışanda İlham Əliyevdən bəzi gözləntilərimiz olub və mən bu haqda uca səslə danışmışam. Bizə inanmır İlham Əliyev – mən məmnuniyyətlə Rauf Arifoğlu ilə bəzi islahatların aparılmasını təklif etmişəm. Necə ki, zamanında Rauf Arifoğlu və dövrün media başbilənləri Heydər Əliyevlə Əflatun Amaşov üzərində anlaşdılar və media islahatlarını onunla apardılar, indi də İlham Əliyevlə media siyasətini və islahatlarını Rauf Arifoğlu üzərindən aparmaq, hətta anlaşmaq olar. O zaman bunu aparanlar uduzdular və Əli Həsənov kimi bir tiran-kurator bizi darmadağın edə bildi, bilmirəm, biz İlham Əliyevlə yeni dönəmdə nə qazana bilərik, amma bu gün islahatlar aparılacaqsa, onun önündə Rauf Arifoğlu ola bilər. Çünki bu sahədə Rauf Arifoğlu İlham Əliyevə, İlham Əliyev də Rauf Arifoğluna inanırlar.
Media silbaşdan yenidən dizayn olunmalıdır. Mətbuat Şurası və KİVDF ya yenidən qurulurcasına islahatlar süzgəcindən keçməli, ya da buraxılmalıdır. Media həqiqətən 4-cü hakimiyyətə çevrilməlidir. Media bütün mexanizmləri ilə Azərbaycan məsələsinin həllində iştirak etməli, dövlətin informasiya təhlükəsizliyi tam təmin olunmalıdır. Azərbaycan mediası müstəqilləşməli, tənqidçi səsini təhlükəsiz şəkildə eşitdirə bilməli və tənqidçi-müstəqil mediaya dövlət başçısı səviyyəsində dözümlə yanaşılmalıdır. Menyüdə masamızın üzərində dayanan əsas ünsürlərdən biri də tənqidçi-müstəqil media olmalıdır və biz bunu yeməyi bacarmalıyıq. Bu istiqamətdə Rauf Arifoğlu önəmli rol oynaya bilərmi – məncə bilər!

Yazıya dəxli olan bir haşiyə:
İllər bundan əvvəl – 2003-2005-ci illərdə 30 İyun “Sevgililər günü” ilə bağlı şiddətli kampaniyalar aparırdım. Kampaniya çərçivəsində məxsusən ANS-in və Vahid Mustafayev-Seyfulla Mustafayev-Mirşahin Ağayev üçlüyünün üzərinə gedirdim. “Sizin sayənizdə “Valentin günü” bu ölkəyə ayaq açdı, indi buyurun, zəhmət olmasa, dəstək verin, bu günü bu ölkədən yola salaq, 30 İyunu oturdaq” deyirdim. Təbii ki, zamanla ANS 30 İyun məsələsində bizə və millətə dəstək verdi, həmin tarixi xətasını bağışlada bildi məncə, indi məsələsi ona oxşamasın, Rauf Arifoğlu da ortadan silinməsində rolunun olduğu müstəqil və tənqidçi medianın geri qayıtmasında, medianın öz əvvəlki əzəmətinin bərpa olunmasında əlini daşın altına qoymalıdır. Keçmişdən bircə özü qalıb bu işi edəcək, onu da edə bilərmi, hər halda zaman göstərəcək…

Təbii ki, burada İqbal Ağazadə faktoruna mütləq toxunmalıyam. İqbal Ağazadə illah da “biz dostuq, yaxınıq, ailəvi dərəcədə doğmayıq, ona görə də Rauf bura, mənim qarşıma gəlməməli idi” dedi, amma sonra Rauf Arifoğlu “bizim onunla dostluq bağlarımız 2 il əvvəldən bitib” deyə mübahisənin mənəvi tərəfini bitirdi. Bu haqda Rauf Arifoğlunun Seçki Qərargahının rəhbəri Çingiz Özgürün fikirləri ilə tanışam və hiss edirəm ki, ölkənin bu ağır günlərində İqbal Ağazadə-Rauf Arifoğlu qarşıdurması yalnız seçkilərin nisbətən normal keçməsinə xidmət edəcək. Adamların başqa lüksləri yoxdur – ona görə. O ayrı məsələdir ki, niyə hər iki keçmiş dost (belə dairələrin sayı az deyil) bir dairədən namizədliyini irəli sürdü, başqa cür ola bilərdimi, hər iki namizəd bir-biri ilə savaşıb nəticədə tamam başqa bir 3-cü namizəd deputat ola bilərmi – məncə hər cür komplo teorisinə açıq olmaq lazımdır, bizim dovşanı “Mercedes”lə tutan hökumətimiz nə desən edə bilər, amma və lakin bu dairədə seçkilər normal olmalıdır, olacaq. Görünən odur.
Hökumətimizin müdaxiləsinə gəlincə, o müdaxilə hər zaman olacaq. Əvvəllər də vardı, indi də var və bu gedişlə gələcəkdə də olacaq. Gərək rəqiblər bunu anlasınlar. Birinə dünən vardı hökumətin dəstəyi, birinə də bu gün ola bilər.
Biz öz işimizin başındayıq. Ən gözlənilməz və inanılmaz yerdə və məkanda belə ədalətin nisbi də olsa, təsis olunması üçün əlimizdən gələni edəcək, prosesi izləyəcəyik. Qoy haqqı olan qazansın. Medianın problemlərinin həlli bundan sonra gələcək.
Onsuz da hər şey Azərbaycan mətbuatından başlamışdı. Onunla da davam edir. Onunla da bitəcək(mi)?!”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button