Əvəz Zeynallı yazır: “Türmədə xəstələnərsənsə!”

Əvəz Zeynallı

Köşə kimi status

Türmədə tibbi xidmət sistemi 0 həddindədir. İlk əvvəl o bilinməlidir ki, Cəzaçəkmə Müəssisələrində 24 saat tibbi xidmət sistemi yoxdur. Hər gün iş saatının sonunda olan 1 həkim, 1 də köməkçisi çıxıb gedirlər. “Zon”da qalır əsasən dustaqlardan olan məhkum-həkimlər. CÇM qalır onların ümidinə. Nisbətən normal tibbi xidmət Bakı İstintaq Təcridxanasında var – 24 saat həkimlər növbəli fəaliyyət göstərirlər. Bu da tutulanların hələ məhkum olmamalarından qaynaqlanır. İş alıb “zon”a getdinsə, düşürsən həyatın dibinə – bataqlığa…
Amma maraqlı orasıdır ki, hər “zon”da böyük imkanları, ərazisi, otaqları olan tibbi hissə – “sançast” var. Bəs bu otaqlar kimə xidmət edir? Təbii ki, düz fikirləşdiniz – rəislərə. “Zon”un tibbi hissələrində xəstələr yox, pulu olanlar qalır. Hər otağın 350-500 manat qiyməti var. İki-üç nəfər, ya da çox adam qalanda pul adambaşına bölünür. Məsələn, mənim saxlanıldığım 10 saylı CÇM-də təxminən 15-20 otaq vardı tibbi hissədə. Bu da təxmini hesablamalarla ayda 6.000-10.000 arası pul edir. Kim 10.000 manatı qoyub xəstələri tibbi hissəyə alar? Təbii ki, Azərbaycanda belə rəis yoxdur – hələ. Məsələn, bizdə – 10 saylı CÇM-nin tibbi hissəsində xəstə demək olar ki, yox idi. 1, ya da 2 nəfər vardı ki, onu da “zon”da saxlamaq lap ağ olardı. Təxminən 6-7 epilepsiya xəstəsi vardı bizdə – 10 saylı CÇM-də. Heç biri tibbi hissədə qalmırdı. O xəstələrdə isə maraqlı bir özəllik var. Birini epilepsiya tutanda digərləri onu görməməlidir. Görərsə, hamısını tutar epilepsiya. Bir də görürdün dalbadal tutdu epilepsiya – ard-arda tibbi hissəyə daşıyardıq. Ya da şahidi olduğum bir olay vardı – təxminən 6-7 nəfər adam 2 ayın içində “zon”da dünyasını dəyişdi – biri də tibbi hissədə qalmırdı.
Bax belə, tibbi hissədə qalanlar narkobaronlar, vəzifə cinayətlərinə görə həbs olunmuşlar, dövlət vəzifəsi daşıyan sabiq məmurlardır. Qısası, kimin pulu varsa onlardır. Ona görə də xəstələrə yer olmur. “Zon” rəisi isə ayda 6.000-10.000 arası pul qazanır…
Nə etmək lazımdır? Təbii ki, Cəzaların İcrası Məcəlləsində ciddi dəyişikliklərə ehtiyac var. Hər “zon”da 24 saat fasiləsiz və keyfiyyətli tibbi xidmət yaradılmalıdır. Tibbi hissələrdə yalnız xəstə və müalicəyə ehtiyacı olanlar qalmalıdır. Çıxış yolu bu…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button