Əvəz Zeynallının “işinə” bəraətverici əsaslarla xitam verilməsi istənildi

1361537302_photo06.07.2013
Hazırda həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi ilə bağlı Ali Məhkəməyə  kassasiya şikayəti verilib. Bu barədə baş redaktorun vəkili Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, hazırda 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Əvəz Zeynallının barəsindəki hökmdən kassasiya şikayəti cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədədir. 
Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanmış, daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülmüşdü. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə kommersiya müəssisəsində rəhbər vəzifə tutmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdə 4076 manat vergi borcunun dövlət büdcəsinə ödənilməsi də qeyd olunur. Yuxarı instansiya məhkəməsi baş redaktorun apellyasiya şikayətini təmin etməyib.
Yerli və beynəlxalq insan haqlarının, o cümlədən jurnalist hüquqlarının müdafiə təşkilatları  Ə.Zeynallıya qarşı irəli sürülən ittihamların saxta olduğunu və hökmün tənqidi yazılarına görə siyasi sifariş əsasında çıxarıldığını hesab edirlər.
Rəşad VAQİFOĞLU

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button