Şahid ilkin ifadəsindən imtina etdi

20/09/2012

«Nə sənə pul vermişəm, nə də pul verən zaman orada olmuşam»

Əvəz Zeynallı: “Əli Həsənovun mətbuatı məhkəmədə olanları yox, prokurorun dediklərini yazır”

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən gün “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi davam etdirildi. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə “Xəmsə” şadlıq sarayının sahibi Mürvət Həsənov ifadə verdi. Qeyd edək ki, baş redaktora qarşı ifadələr sırasında “Xəmsə”nin sahibinin də ifadəsi var. Sözügedən şəxs ibtidai istintaqa ifadəsində Əvəz Zeynallıya 1000 dollar pul verdiyini iddia edib. Onu da bildirək ki, Mürvət Həsənovla Əvəz Zeynallı bir kənddən olmaqla yanaşı həm də qohumdurlar.
Mürvət Həsənov məhkəmədə çıxış edərkən bildirdi ki, ötən il noyabrın ilk ongünlüyündə Korrupsiyaya Qarşı Mübarizə Idarəsində olub. Orada onunla Azad adlı prokuror söhbət edib. Daha sonra dekabrın 10-da ona zəng ediblər və bildiriblər ki, istintaqa ifadə verməlidir. Həmin vaxt Moskvada olan Mürvət Həsənov ölkəyə dekabrın 18-də qayıdacağını ona zəng edən şəxsə bildirib. Ölkəyə qayıdan günün səhəri – dekabrın 19-da səhər saatlarında idarəyə gedərək ifadə verib. Mürvət Həsənov çıxışında qeyd etdi ki, Xanoğlan Muxtarov bir neçə il onun şadlıq evində administrator işləyib: “Pirşağı qəsəbəsində sanatoriyanın rəhbəri Akif Məmmədov əvvəlcə onun müştərisi olub, daha sonra dostlaşıblar”. “Xəmsə”nin sahibi məhkəmədə bildirdi ki, Əvəz Zeynallıya nə pul verib, nə də hər hansı bir işdə vasitəçi olub.
Prokuror Mürvət Həsənovdan ibtidai istintaqa verdiyi ifadəni təzyiq altında yazıb-yazmadığını, verdiyi ifadənin ona məxsus olub-olmadığını soruşdu. “Xəmsə”nin sahibisi isə dedi ki, ifadəsini təsdiqləyir və təzyiq altında heç nə danışmayıb.
Hakim ibtidai istintaqa verilən ilkin ifadəni oxudu. Məlum oldu ki, Mürvət Həsənov ifadəsində bildirir ki, Akif Məmmədovla bağlı Əvəz Zeynallı qəzetində yazılar yazıb. Birinci də bundan narahat olduğu üçün Mürvət Həsənovdan xahiş edib ki, Əvəz Zeynallı yazıları dayandırsın. Həsənovun zənginə Zeynallı müsbət reaksiya verib və 6 ay yazılar dərc olunmayıb. Ancaq bir müddətdən sonra “Xural”da yazılar davam edib. Yazıların qarşısının alınması üçün Mürvət, Xanoğlan, Vüqar və Akif Məmmədli birlikdə söhbət ediblər. Xanoğlan Əvəz Zeynallıyla danışığa gedəndən sonra baş redaktorun ondan 4000 dollar pul istədiyini deyib. Hərəsi 1000 dollar qoymaqla Əvəz Zeynallıya istədiyi məbləği çatdırıb. Bir müddətdən sonra baş redaktor yenidən “anlaşma”nı pozub.
Məhkəmədə Əvəz Zeynallı Mürvət Həsənova sual verəndə ikinci çaş-baş qaldı. Məlum oldu ki, ibtidai istintaqa verilən ifadələr heç biri həqiqəti əks etdirmir. Sən demə, “anlaşma” olan zaman ifadə qeyd edildiyi kimi Mürvət Həsənov metronun “Nəriman Nərimanov” satansiyasının yaxınlığındakı çayxanada olmayıb: “Mən Əvəz Zeynallıya nə pul vermişəm, nə də pul verən zaman orada olmuşam. Sadəcə Akif Məmmədli məndən 1000 dollar borca pul istəyib. Və deyib ki, bu pulu ”Xural” qəzetinə verəcək. Çünki onların maddi durumu yaxşı deyil. Heç bir söhbətdə iştirak etməmişəm”.
Hakimin “əgər Əvəz Zeynallı Akif Məmmədlidən yazırdısa, onu şantaj edirdisə, ikincinin qəzetinə yardım etməsi hansı məntiqə sığır” sualına şahid heç bir cavab verə bilmədi.
Əvəz Zeynallı Mürvət Həsənova bir neçə sual ünvanladı.
Ə.Z: – Mürvət, mən Akifdən pul alanda sən orada olmusan?
M.H: – Yox, olmamışam.
Ə.Z: – Akif Məmmədliyə sən 1000 dolları mənə yardım üçün vermisən, yoxsa ona borc kimi?
M.H: – Akif Məmmədli məndən borca pul istədi ki, qəzetinizin vəziyyəti ağırdı. Yardım etmək istəyirdi və mən də 1000 dollar verdim. Sonra borcumu qaytardı.
Ə.Z: – “Xural” qəzeti neçə ildi nəşr olunur?
M.H: – 10 ildən çoxdur.
Ə.Z: – Bu 10 il ərzində bircə dəfə də olsun mən səndən yardım, yaxud başqa adla pul ummuşam?
M.H: – Yox. Heç vaxt məndən pul istəməmisən.
Ə.Z: – Onda niyə istintaqa ifadəndə yazmısan ki, 4 nəfər 1000 dollar toplayıb Xanoğlandan mənə göndərmisiniz?
M.H: – Mən sənə heç bir yardım etməmişəm və pul göndərməmişəm. Sadəcə Akif Məmmədli məndən sənə yardım etmək adıyla 1000 dollar borca pul istəyib və mən də vermişəm.
Ə.Z: – Sən buradakı dediklərini təsdiqləyirsən, yoxsa istintaqa verdiyin iafdəni?
M.H: – Burada nə deyirəmsə, hamısı olan şeydir.
Ə.Z: – Istinataqa ifadəndə dediklərinlə indi dediklərin arasında ziddiyyət var.
M.H: – Nə ziddiyyət?
Mürvət Həsənovun bu sual dolu cavabından sonra hakim ibtidai istintaqa verdiyi ifadəylə prosesdə dedikləri arasındakı ziddiyyətləri onun diqqətinə çatdırdı. “Xəmsə”nin sahibi bir daha təkrar etdi ki, o, Əvəz Zeynallıya pul verməyib, nə də kiminsə ona pul verdiyi yerdə görüb.
Bu zaman baş redaktor “Xanoğlan da, Vüqar da, Akif də, ifadələrində və məhkəmədə deyiblər ki, bütün bu işlərin araxsında Mürvət dayanır. Buna nə deyə bilərsən” sualına şahid “səni nəyə görə həbs etdiklərini gözəl bilirsən. Mənim burada rolum yoxdur. Mən bir daha təkrar edirəm ki, nə sənə pul vermişəm, nə də pul verən zaman orada olmuşam. Ancaq Akif Məmmədli deyir ki, sənə yardım etmək üçün məndən 1000 dollar borca pul istəyib və mən də pul vermişəm”.
Hakim bir daha Mürvət Həsənovun diqqətinə ilkin ifadəylə məhkəmədə dedikləri arasında ziddiyyətlərin olduğunu çatdırsa da şahid susqunluq nümayiş etdirdi.
Əvəz Zeynallı: “Bu biabırçı hakimiyyət qohumu-qohumun üzünə durğuzur. Bu adam diliylə deyir ki, mənə nə pul verib, nə də kiminsə pul verdiyini görüb. Ancaq Əli Həsənovun mətbuatı məhkəmədə olanları yox, çıxışımı deyil, prokurorun dediklərini yazır”.
Hakim məhkəməni sentyabrın 26-na saat 14:00-a qədər təxirə saldı.

Ramin DEKO

Azadlıq qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button