ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ İTTİHAM TƏRƏFİNİN ŞAHİDLƏRİ ZİDDİYYƏTLİ İFADƏLƏR VERİBLƏR

19.09.2012

Növbəti proses sabah – 20 sentyabr saat 16.00-a təyin edildi.

Sentyabrın 19-da Bakı Ağır Cinayətlər məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə növbəti proses keçirilib.

Dövlət ittihamçısı Ramazan Hadıyev, təqsirləndirilən şəxs Əvəz Zeynallı, vəkili Elçin Sadıqov iştirak etdiyi məhkəmə prosesini jurnalistlər və hüquq-müdafiə təşkilatlarının nümayəndələri  müşahidə ediblər.

Prosesdə ittiham tərəfinin şahidləri dinidirilib. İlk olaraq Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsinin icraçısı Zaur Həmzəyev ifadə verib. O bildirib ki, Nüşabə Ələsgərlinin, Ağağbəy Əsgərovun və Vüqar Səfərlinin cərimələri ödənilmədiyinə görə, hər üç iş 28 iyul 2011-ci ildə onun icraatında birləşdirilib. Həmzəyev qarşısındakı vərəqdən istifadə etnməklə çıxış etdityindən, vəkil Elçin Sadıqov və Əvəz Zeynallı şahidin həmin vərəqi göstərməsini istədilər. Ancaq şahid bundan imtina etdi. Vəkilı bildirdi ki, həmin vərəq ittiham aktlının sutətidir və onun şahiddə olması qanunsuzdur. O, prokurorluğun şahidlərlə əlaqəsi olduğunu deyərək, vərəqin göstərilməsi barədə vəsatət qaldırsa da, vəsatət qəbul olunmadı.

Daha sonra Əvəz Zeynallı şahidə sual verərək, icraatın hansı səbəbdən birləşdirilməsi və cərimələrin bir hissəsinin ödənildiyi halda, cinayət işi açılmasının səbəblərini soruşdu. Şahid sualalrın əksəriyyətinə “xatırlamıram”, “yadımda deyil”, “bilmirəm” kimi standart cavablar verərək, konkret cavab verməkdən yayındı. Əvəz Zeynallı ona sual verərək, 28 iyul ttarixində hansı işlər üzrə icraatların birləşdirildiyini soruşdu. Məhkəmə icraçısı 3 iş üzrə – Nüşabə Ələsgərli, Ağabəy Əsgərov və Vüqar Səfərlinin adını çəkdi. Əvəz Zeynallı isə xatırlatdı ki, həmin icraatda 4 iş birləşdirilib. İcraçı isə israrla 3 iş olduğunu vurğuladı. Hakim Ramella Allahverdiyeva və dövlət ittihamçısı da cinayət işində yalnız bu 3 nəfərin adı çəkildiyini dedilər. Əvəz Zeynallı “Xural” qəzetinin əmlakının müsadirə olunmasının qanunsuz hesab edilməsi ilə bağlı iddiaya əsasən Ali Məhkəmənin çıxardığı qərarı məhkəməyə təqdim etdi. Həmin qararda da bildirilir ki. müsadirə 4 nəfərin Nüşabə Ələsgərli, Ağabəy Əsgərov, Vüqar Səfərli və Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin iddiaları üzrə çıxarılmış məhkəmə qərarları icra olunmadığına görə birləşdirilmiş icraata əsasən aparılıb. Əvəz Zeynallı bildirdi ki, bu sənəd şahidin yalan ifadə verdiyini sübut edir. Ümumiyyətlə, hər dəfə Ramiz Mehdiyevin iddiası üzrə işin adı çıkiləndə və ya o iş üzrə müdafiə tərəfi sual verəndə hakimlər kollegiyası irad bildirərək, sualın  işin mahiyyəti üzrə olmadığını bildirirdilər. Əvəz Zeynallı isə bildirdi ki, əslində bütün bu məsələlərin arxasında Vüqar Səfərli, Nüşabə Ələsgərli, Ağabəy Əsgərov yox,  məhz Ramiz Mehdiyev dayanır.

Qeyd edək ki, dövlət ittihamçısı şahidlərin ifadələrinə yardımçı müdaxilələr edir, onları yönləndirir və çətinə düşdükləri zaman lazım olan cavabları özü verirdi. Həmçinin müdafiə tərəfinə, əsasən də Əvəz Zeynallıya çox sual verməsini irad tuturdu. Əvəz Zeynallı prokurora bildirdi ki, burada yalan ifadə vermə və s. hallar aşkarlanır ki, bunlar da cinayət əməli sayılır. Bu səbəbdən də bir prokuror kimi tədbirlər görməlidir. Ə. Zeynallı vurğuladı ki, Nüşabə Ələsgərli dəfələrlə KİV-ə müsahibəsində biznes fəaliyyətini olması və bir neçə min manata toylara getdiyini desə də, məhkəmədə ifadəsində VÖİN-inin olmadığını deyib. Bunun vergidən yayınma cinayəti olduğunu deyən Zeynallı prokurora tədbir görməli olduğunu bir daha xatırlatdı.

Daha sonra Nərimanov rayon icra şöbəsinin digər icraçısı Qalib Hüseynli ifadə verib. O, bildirib ki, 25 iyul 2011-ci ildə Vüqar səfərlinin işi onun icraatına verilib, 3 gün sonra isə başqa icraatda birləşdirilib. O, Əvəz Zeynallının tanlmadığını və heç vaxt onunla əlaqə saxlamadığını qeyd etdi. O, Əvəz Zeynallının suallarına “bilmirəm, xatırlamıram” cavablarını verdi.

Nərimanov rayon icra şöbəsinin icra şöbəsinin rəis müavini Yavər Allahverdiyev ifadəsində bildirib ki, dəfələrlə Əvəz Zeynallıya borclarını ödəməsi barədə xəbərdarlıq edilsə də, icra etmədiyinə görə bir icraatda birləşdirilib və qəzetin əmlakı müsadirə olunub. O qeyd edib ki, ircaçılar ona bildiriblər ki, Əvəz Zeynallı onların çağırışlarına və bildirişlərinə məhəl qoymur.

Əvəz Zeynallı bunu hansı icraçıların dediyini soruşdu. Rəis müavini Müşfiq Atakişiyey və Qalib Hüseynlinin adını çəkdi. Əvəz zeynallı xatırlatdı ki, Qalib Hüseynli ifadəsində Əvəz Zeynallı uilə heç vaxt əlaqə saxlamadığını və icraatın cəmi 3 gün icraatında olduğunu bildirmişdi. Digər icraçı isə Ağabəy Əsgərovun işi üzrə icraatı aparıb və o iş üzrə təkzib də verilib, cərimənin dəı bir hissəsi ödənilib.

Vəkil Elçin Sadıqovun “Müsadirə olunmuş əmlakın qiymətləndirməsi aparılmadan haradan bildiniz ki, bu əmlak borcları ödəməyəcək və dərhal cinayət işi qaldırdınız” – sualına Y.Allahverdiyev dolaşıq cavablar verərək, hüquqi izah vermədi.

Sonda Əvəz Zeynallı  Nərimanov rayon icra şöbəsinin icra şöbəsinin rəis müavini Yavər Allahverdiyevə “siz Ramiz Mehdiyevin qohumusunuz?” sualı ilə müraciət etsə də, hakimlər kollegiyası və dözlət ittihamçısı təlaşla “sual çıxarılsın” deməklə kifayətləndilər və şahid cavab verməkdən imtuina etdi.

Növbəti proses sabah – 20 sentyabr saat 16.00-a təyin edildi.

Xatıqladaq ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə, “Azərbaycan” nəşriyyatının rəhbəri Ağabəy Əsgərova və müğənni Nüşabə Ələsgərliyə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, Nərimanov rayon məhkəməsinin qərarı ilə oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub.

“Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Qəzetin baş redaktoru Əvəz Zeynallı Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. 

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button