Əvəz Zeynallının məhkəməsindəki biabırçılıq hamını şoka saldı, hakimin halı pisləşdi

26.12.2012

İstintaq başqa adamın işindəki sənədi baş redaktorun cinayət işinə əlavə edibmiş…

Ə.Zeynallı məhkəmə prosesinin gedişində sübut edib ki, nə hakimlər, nə də dövlət ittihamçısı istintaq materialları ilə tanış deyillər…

Dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə  “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi davam edib. Gozetci.az portalının məlumatına görə, proses saat 15:00-a təyin edilsə də, 15:32-də başlayıb. Məhkəmə başlamazdan əvvəl zala gətirilən Ə. Zeynallı bildirib ki, Azərbaycanda müdafiə sistemi bərbad vəziyyətdədir: “Jurnalistləri bu cür müdafiə etmək olmaz. Dörd vəkildən biri vaxtında prosesə gəlmir. Kristof Ştrasser məni siyasi məhbusların siyahısına salıb. Bu ölkədə hamı susub oturub. Jurnalistin başından bir tük əksik olanda jurnalistləri müdafiə edən bütün təşkilatlar onun yanında olmalıdır. Mən demirəm ki, hanı Əflatun Amaşov, hanı Vüqar Səfərli? Mən soruşuram ki, hanı RATİ? Dörd aydır Emin Hüseynovla görüşə bilmirəm. Mən ən çox dostlarımı tənqid edirəm.”.

Proses başlayan kimi Ə.Zeynallı növbəti məhkəmə prosesinin nə vaxta təyin ediləcəyi ilə maraqlandı. Hakim bildirdi ki, növbəti proses gələn ilin yanvar ayına təyin ediləcək.  Ə.Zeynallı isə məhkəmə prosesinin məqsədli şəkildə uzadıldığını və buna etiraz etdiyini bildirdi: “Hörmətli hakim bildirdiniz ki, hər həftə bir məhkəmə prosesi keçiriləcək. Amma indi 15 gündən bir keçirirsiniz prosesi. Ötən dəfə də proseslərin arasında 15 gün müddət oldu. Nə baş verir? Prezident Administrasiyasından desələr hər gün dalbadal keçirəsrsiniz”.

Hakim dedi ki, onlar heç kimin sifarişi ilə deyil, iş qrafiklərinə görə prosesi təyin edirlər. Ə.Zeynallı isə onun işinin qəsdən uzadıldığını deyərək növbəti prosesin ayın 29-na və ya 30-na təyin edilməsini istədi. Hakim isə prosesə çıxan digər vəkillərin həmin günlərdə başqa proseslərinin olduğunu deyərək bunun mümkün olmayacağını bildirdi. Ə.Zeynallı isə əsəbi şəkildə “başqasının işi işdir, mənim işim iş deyil? Məni niyə tutub salıblar bura? Baxmaq istəmirsiniz açın buraxın, çıxıb gedim də” deyərək etiraz etdi. Bu zaman hakimlərlə Ə.Zeynallı  arasında kiçik mübahisə yarandı.

Əvəz Zeynallı:

– Niyə mənim işimi uzadırsınız?

Hakim Ramella Allahverdiyeva:

– Mən nə edim, vəkillərin gecikir.

Əvəz Zeynallı:

– Bu nə məsələdir. Bir dəfə deyirsiniz ki, tədbir vardı, bir dəfə də prokuror yoxa çıxır. Hər dəfə də mənim işim uzanır.

Prokuror Ramazan Hadıyev:

– Mən hər dəfə iştirak etmişəm.

Əvəz Zeynallı:

– Ötən dəfə harasa getdiniz də.

Mübahisə sakitləşəndən sonra vəkil Elçin Sadıqov Ə.Zeynallıya suallar verməyə başladı. Suallara cavab olaraq Ə. Zeynallı bildirib ki, Gülər Əhmədova haqında qəzetdə məqalələr yazdığını deyib: “Yazmışam ki, Gülər Əhmədovanın qəzeti bağlanır, yazmışam ki, Gülər Əhmədova maaş vermir, qonorar vermir. Amma onun şəxsi həyatı ilə bağlı məndə məlumat olmayıb və bu barədə yazmamışam. Gülər Əhmədova məni qovalayıb, mən qaçmışam. Neçə adamdan xahiş edib ki, ona deyin telefonu götürsün. Rauf Arifoğlunun xahişi ilə bir dəfə telefonuna cavab vermişəm. Onda da çox qısa danışmışıq ”.

Bu zaman hakim R.Allahverdiyeva məhkəmə zalını tərk etdi və 5 dəqiqədən sonra zala qayıtdı. Məlum oldu ki, onun halı pisləşib.  Belə olan halda Ə.Zeynallı və vəkil hakimə 10 dəqiqəlik fasilə elan etməyi təklif etdi və hakim prosesə 10 dəqiqəlik fasilə verildiyini elan etdi. Sonra hakimlər məhkəmə zalını tərk etdilər. Fasilədən sonra vəkil Ə.Zeynallıya suallarını verməyə davam etdi.

Vəkil Elçin Sadıqov:

– Siz Gülər Əhmədovanın şəxsi həyatı ilə bağlı yazılar dərc etmisinizmi?

Əvəz Zeynallı:

– Mən heç bir zaman, heç bir kəsin şəxsi həyatəı ilə bağlı yazılar dərc etməmişəm.

Vəkil Elçin Sadıqov:

– Bəs onda Siz nə yazmışdınız ki, Gülər Əhmədova dedi ki, qorxdum o yazılara görə oğlanlarım Əvəz Zeynallını öldürər?

Əvəz Zeynallı:

–          Vallah bilmirəm. Mən bunu ittiham tərəfindən də soruşdum. Məhkəmədə onun özü də dinlənildi, oğlu da, yalançı şahidləri də… Cinayət işi də əlimizdədir. Gözünüzün qarşısında dəfələrlə oğlundan da soruşdum , Güləri məhkəməyə gətirdə bilmədilər ki, ondan da soruşam – ümumiyyətlə söhbət hansı yazılardan gedir? Biz onu bilmirik. Eyni zamanda istintaq onu araşdırmayıb və ittiham tərəfinin də o haqda məlumatları yoxdur. Bu günə qədər də mənə qaranlıq qalan odur ki, Gülər Əhmədovanı nə narahat edib. Amma proseslərin gedişi onu göstərdi ki, Gülər Əhmədova o zaman da “Xural”da Elşad Abdullayevin indi məşhurlaşan “Mandat alveri” videoları axtarıb.

Vəkil Elçin Sadıqov:

– O videolar Sizdə olub?

Əvəz Zeynallı:

–   Yox.

Vəkil Elçin Sadıqov:

 –  Gülər Əhmədova Sizin səsyazınızı götürmək üçün redaksiyada nə vaxt olub?

Əvəz Zeynallı:

– Təxminən iyul ayının ortaları, avqustun əvvəllərində… Diqqət edin. Nigar Almanqızının qəzetə müsahibə verməsilə bağlı anons gedir və həmin anonsda da ümumiyyətlə Gülər Əhmədovanın adı çəkilmir. Heç istintaq araşdırmalarında da onun haqqında “anonslar”ın “yazılar”ın olması ilə bağlı heç bir material yoxdur. Onlar sadəcə bizim saytdan mənasız 1-2 yazı götürüb, işə əlavə ediblər.

Vəkil Elçin Sadıqov:

 –  Siz mətbuata açıqlama verəndə ki, Gülər Əhmədova Sizin səsinizi yazıb, o mətbuata dedi ki, Əvəz Zeynallının psixi problemi var. Mən nə redaksiyada olmuşam, nə də onun səsini yazmışam.

Əvəz Zeynallı:

– Mən artıq qərara gələndə ki, bizə qarşı çirkli bir plan həyata keçirilir və Gülər Əhmədova da o planın içindədir, o zaman mətbuatda öz yazımla çıxış etdim, müsahibələr verdim ki, məni öz qruplaşmasına daxil olan Gülər Əhmədovanın əli ilə Ramiz Mehdiyev mənə pul verdirib, şantaj etdirib, həbs eləmək istəyir. 42 gün əvvəl belə də yazdım. Açıq şəkildə… Cəmi bir gündən sonra G.Əhmədova Əli Həsənovun kuratorluğunda olan “Olaylar”da açıqlama verdi ki, o ümumiyyətlə nə bizim redaksiyada olub, nə də mənim səsimi yazıb. Mənim də guya psixi problemlərim var. Ondan sonra da Gülər Əhmədova gəlib, hönkür-hönkür ağlayıb ki, o bunu etməyib. Hadisələr göstərdi ki, o həqiqətən də redaksiyaya gəlib və mənim səsimi şantaj etmək məqsədilə yazıb. Mən o səs yazısında öz səsimi belə tanımadım…

Vəkil Elçin Sadıqov:

– Siz o səsyazısının yazılması üçün razılıq vermişdiniz?

Əvəz Zeynallı:

– Təbii ki, yox… Bunlar Azərbaycanı idarə elədikləri kimi də mənim səsimi yazıblar.  Yadınızdadırsa, E.Abdullayevin onun haqqınd yayımladığı ilk videodan sonra o mətbuata dedi ki, Fransada yaşayan Elşad Abdullayevlə Cennifer Lopezin səsi ilə danışacaq. Mətbuatda Azercell-in belə fırıldaqları haqqında silsilə yazılar dərc olunur. İndi məlum olur ki, bunlar istədikləri səsi İsveçrədə və Norveçdə müasir texnologiyalar vasitəsilə istədikləri mətn üzərində düzənləyirlər. Bu cinayətkar dəstə də bu texnologiyalardan öz əməllərində istifadə ediblər. Məhkəmədə də hansısa səslərə qulaq asdıq. Belə demək olarsa, amma orada da səslərdə o qədər qüsur var idi ki, heç nə almaq olmurdu. 1-2 söz var idi ki, anlaşılırdı, o da istintaq materiallarına salınıb ki, mənə qarşı istifadə olunsun. Halbuki o ifadələrlə mən də burada tanış oldum. İstintaq hansı ağılla, hansı məntiqlə, nəhayət hansı qanunla onu “sübut-dəlil” olaraq qəbul edib? Müstəntiq Qabil Qasımova hüquq fakultəsində qiymət yazan müəllimin barmaqları qırılsın. İndi Gülər Əhmədova ilə bağlı teleseriallar yayımlanır, amma onları da sübut kimi qəbul etmirlər. Prokuratura bu qədər böyük rüşvət faktını “fakt” adlandırmır.

Vəkil Elçin Sadıqov:

 – Siz G.Əhmədovadan nəyinsə müqabilində pul istəmişdinizmi?

Əvəz Zeynallı:

– Mən əgər ondan pul istəmişdimsə, nyə həmin an dostlarıma bu haqda məlumat verdim, həm bu məsələni mətbuata çıxardım? Mən əslində Mehdiyevə meydan oxuyurdum ki, səsimi yazdırıb, guya məni rüşvət almaqda ittiham edib tutdurmaq istəyirsən, amma bu mənim umrumda belə deyil. Gəlib, danışıb, danışdığı da ortadadır. İndi onun gül balası gəlməlidir. Məhkəmədə Toğrul Əhmədov hamının üzünə dayanmışdı ki, özü mənim rüşvət istədiyimi eşidib. Mən eşitmişəm deyirdi, indi gəlsin. Vəsatətlərimdən biri də budur. Gülməşəkər ekspertləri də bura dəvət edəcik. Gəlsinlər görək, ekspert bu cür aparılır?  Dinlədik, eşitdiyimizi də eşitdik, bəyəm bu ağır cinayətdirmi?

Vəkil Elçin Sadıqov:

–  G.Əhmədovanın telefon zənglərinə cavab vermədiniz. Bunu üçün sizə xahişlə kimlər müraciət etdi?

Əvəz Zeynallı:

– Tənzilə Rüstəmxanlı, zəng elədi götürmədim, sonra da Gülərin rəfiqəsi kimi burada üzümə yamandı. “Millətin Səsi” qəzetinin baş redaktoru Faiq Balabəyliyə, mətbuatdan tanıdığın bir çox adamlara cavab vermədim. Redaktorlar Birliyinin iclasında dedim ki, bu qadın məni şantaj edir. İsrarla mənimlə görüşüb, pul təklif edir. Sonda Rauf Arifoğlu zəng vurdu. Həmkarıq, xahişini yerə salmadım. Bilirsiniz rüşvəti necə istəyirlər? Mən bu qadından rüşvət istəməmişəm ki… Bununartıq klassik nümunəsi var. Rüşvəti alan Gülər Əhmədova kimi gedir, oturur adamın otağında, yumruğunu stola vurur və deyir ki, ver, verməyənin taleyi Əli İnsanov kimi olur. Alırlar, çuvallara doldururlar, maşının qabaq oturacağının altına yığırlar, Mehdiyevin otağına gedirlər, orada bu pulları sayırlar, verirlər. Diplomatda kod olanda, otvyorka ilə sındırıb, pulu götürürlər, axırda da qapıda deyirlər ki, “krısa, heç olmasa hərəmizə 50 min vermədi…” Bax rüşvət elə olur.

Ə.Zeynallı vəkilinin sualına cavab olaraq dedi ki, G.Əhmədova ondan etdiyi şikayət ərizəsini əvvəlcə Milli Təhlükəsizlik Nazirliyinə (MTN) təqdim etmək istəyib, lakin MTN-dən onun ərizəsini qəbul etməyiblər: “Məni MTN tutmalı imiş. Gülərin ərizə saxta olduğu üçün orada ərizəni qəbul etməyiblər. Bundan sonra Gülər ağlaya-ağlaya gedib Prezident Administrasiyasına. O ərizəni də Gülər özü yazmayıb, yazıb veriblər  ona, oda oxuyub və sonrada ərizəni korrupsiya idarəsinə veriblər. Orada Ramiz Mehdiyevin nəzarətində olan qurumdur”.

Ə.Zeynallı istintaqın bərbad gündə aparıldığını və ittiham aktının biabırçı vəziyyətdə olduğunu proses iştirakçılarının diqqətinə çatdırdı. O, üzünü hakimə tutaraq cinayət işinin materiallarının 2-ci cildindəki 241-ci səhifəyə baxmağa və orada yazılanları elan etməyi xahiş etdi. Hakimdə cinayət işindəki həmin hissəni açaraq elan etdi.

Hakim:

– “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə. Sizin 03 noyabr 2011-ci il tarixli 1120 26112 nömrəli, 10 noyabr 2011-ci il tarixli 112026162 nömrəli, 11 noyabr 2011-ci il tarixli 1120 06054 nömrəli, 14 noyabr 2011-ci il tarixli 112006055 nömrəli sorğu məktubunuza cavab olaraq bildiririk  ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin ərazi idarələrində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına, habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr və tam olmayan anket məlumatlarına əsasən sorğularda qeyd olunur:
Quliyev İman Nəsirulla oğlunun adına Bakı şəhəri, Nərimanov rayonu Y.Vəzirov küçəsində yerləşən 132 saylı fərdi yaşayış evi və 24.12.2009-cu il tarixdə Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsində yerləşən 9 saylı qeyri-yaşayış sahəsi, Ələkbərov Qulam Atdıxan oğlu adına Goranboy rayonu Bəşirli kəndində yerləşən fərdi yaşayış evi və kənd təsərrüfatı təyinatla 1.0 ha torpaq sahəsi, Fərəcov Eyvaz Teyyub oğlunun adına İmişli şəhəri Q.Əliyev küçəsi 15 ünvanda yerləşən dövlət reyestrində qeydiyyata alındığı müəyyən edilmişdir.
Əlavə olaraq bildiririk ki, Quliyev İman Nəsirulla oğlunun adına 11.11.2006-cı il tarixdə İsmayıllı rayonu İstisu kəndində yerləşən KOD-40711028, JN-400 olan torpağın mülkiyyəti hüququna dair dövlət aktında 2 ha tikinti məqsədili torpaq sahəsi olmuşdur.  Lakin həmin torpaq sahəsi 30 oktyabr 2006-cı il tarixdə İsmayıllı rayon DNK-nın 4Ə-3/788 nömrəli alqı-satqı müqaviləsinə əsasən “NYU SFERA-Turizm” MMC-nin adına rəsmiləşdirilmişdir.
Sorğuda qeyd olunan digər şəxslərin adlarına mülkiyyət hüququnun daşınmaz əmlakın reyestrində qeydiyyata alındığı müəyyən edilməmişdir. Rəis müavini Elşad Məmmədov”.

Hakim Ə.Zeynallının cinayət işində olan bu sənədi elan edəndən sonra zalda təəccüb hisslərilə yanaşı qəhqəhə səsləri ucaldı. Hakimlərin özləri də son anda məsələnin nə yerdə olduğunu başa düşdülər və Ə.Zeynallının işinə aid olmayan sənədin istintaq materiallarının içində necə yer tapmasını əsaslandırmağa çalışdılar. Artıq gec idi. Ə.Zeynallı nə hakimlərin, nə də dövlət ittihamçısının istintaq materialları ilə tanış olmadıqlarını sübut etmişdi: “Bu nə gəzir mənim işimin içində? Bəs dövlət ittihamçısı neçə oxuyub bu işi? İmişlidə, Goranboyda, İsmayıllıda kimin nəyi olub, onun mənim işimə nə dəxli var axı?”

Ə.Zeynallının bu suallarına hakimlər və prokuror cavab verə bilmədi. Sonra Ə.Zeynallı məhkəməyə bir neçə vəsatət vermək istədiyini bildirdi. Hakimin səhhətində problem yarandığı üçün vəsatətlərin növbəti prosesdə verilməsi təklif edildi. Ə.Zeynallı da bununla razılaşdı. Ə.Zeynallı Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun onun həbsindən bir neçə gün sonra “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəni sübut kimi məhkəməyə təqdim etdi.

Proses yanvarın 9-u saat 14:00-a təyin edildi.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button