ƏVƏZ ZEYNALLININ MƏTBUAT ŞURASI ILƏ MƏHKƏMƏSI BAŞLADI

UNUTMAYIN – Azərbaycan məhbuatında bir daha belə məhkəmə prosesi olmayacaq!

narimanov-bina12.08.2013

Avqustun 13-da saat 11.30-da Nərimanov rayon Məhkəməsində fəaliyyəti məcburən dayandırılmış “Xural” qəzetinin hazırda həbsdə olan təsisçisi və baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya hakim Məzahir Sadıqov tərəfindən baxılacaq.

Bundan əvvəlki məhkəmə iclasında Mətbuat Şurasının səlahiyyətli nümayəndələri iştirak etmədiklərindən proses avqustun 13-dək təxirə salınmışdı.

Xatırladaq ki, saxta ittihamlarla 9 il həbs cəzasına məhkum olunmuş baş redactor məhz bu məhkəmə prosesinə görə bir müddət əvvəl 10 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, 2 il əvvəl “Xural” qəzetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya Nərimanov Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqov baxmaqdan imtina etmiş və iddiaçı “Xural” qəzeti  Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdi. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxladığından iş Ali Məhkəməyə təqdim olunmuşdu. Ali Məhkəmə isə həm Nərimanov rayon Məhkəməsinin, həm də Apellyasiya Məhkəməsinin qərarlarını yetərli əsasların olmaması səbəbilə ləğv edərək, işi yenidən birinci instansiya məhkəməsinə – Nərimanov Rayon Məhkəməsinə göndərib.  Bu il iyulun 23-də Nərimanov rayon Məhkəməsinin hakimi M.Sadıxovun sədrliyilə keçirilən iclasda Mətbuat Şurasının səlahiyyətli nümayəndələri iştirak etmədiyindən işə baxılması qeyri-müəyyən müddətə təxirə salınıb.

Hazırda həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmədə iştirakı təmin olunub və baş redaktorun Mətbuat Şurasını məhkəməyə verməsilə bağlı maraqlı açıqlamalarının olacağı gözlənilir.  Bundan bir müddət əvvəl mətbuata verdiyi açıqlamalarında Əvəz Zeynallı bildirmişdi ki, şəxsən özü “Xural” qəzetinin hüquqlarını müdafiə etmək niyyətindədir.

Xatırladaq ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı məhkəmədə iddia qaldırmasından sonra Mətbuat Şurası qəzeti “reket qəzet” elan edib və gündəlik nəşrə başlayan qəzetin fəaliyyətini dayandırmaq üçün onu “qara siyahıya” saldığını bəyan etmişdi. Baş redaktor isə həbsindən 1 ay əvvəl baş verən bu hadisəni “siyasi sifariş” kimi dəyərləndirib və Mətbuat Şurası haqqında məhkəmə qarşısında idiia qaldırıb. Ə.Zeynallı onu da bildirib ki, Nərimanov rayon Məhkəməsi işə ədalətli baxmadığı təqdirdə, bütün instansiyaları keçdikdən sonra işi Avropa Məhkəməsinə qədər aparacaqlar: “Aydındır ki, bunlara tapşırıq haradan gəlir. Mətbuat Şurasının Azərbaycan mətbuatının şərəfi ilə oynamasına imkan verilməməlidir. Sifarişlə mətbuatı qətl edənlər isə qanuni cəzalarını almalıdırlar” – deyə Ə.Zeynallı vurğulayıb.

 XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button