ƏVƏZ ZEYNALLININ MƏTBUAT ŞURASI ILƏ MƏHKƏMƏSI DAVAM EDƏCƏK

915627.08.2013

Avqustun 29-da saat 11.00-da Nərimanov rayon Məhkəməsində fəaliyyəti məcburən dayandırılmış “Xural” qəzetinin hazırda həbsdə olan təsisçisi və baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya hakim Məzahir Sadıqovun sədrliyilə keçirilən iclasda baxılacaq.

Bundan əvvəlki məhkəmə iclasında Mətbuat Şurasının səlahiyyətli nümayəndəsi qismində Şuranın İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli iştirak etsə də, o, hüquqşünas olmadığını səbəb gətirərək, vəsatət qaldırmış və məhkəmənin avqustun  29-da keçirilməsini xahiş etmişdi.

Xatırladaq ki, 2 il əvvəl “Xural” qəzetində dərc olunan bir-sıra tənqidi məqalələrə görə Mətbuat Şurasına şikayət ərizəsilə müraciət olunduğu iddia edilərək, qəzet Şuranın “qara siyahı”sına salınmış, bu hadisədən dərhal sonra isə, qəzetin baş redaktoru sabiq deputat G.Əhmədovanın şər və böhtanları ilə həbs olunmuşdu. Ə.Zeynallı Mətbuat Şurasının bu addımını sifarişli sayır və bu cür qərarların müstəqil mətbuatı tamamilə sıradan çıxarmaq üçün verildiyini bəyan edir.

Çünki Mətbuat Şurası qəzetin dərc etdiyi faktları nəzərə almadan, araşdırma aparmadan büdcə təşkilatlarından maliyyələşən bu qurumların şikayətini “təmin” etmiş və qəzetin reputasiyasına ciddi ziyan vurmuşdu.

Ə.Zeynallı 2011-ci ilin sentyabr ayında “Xural” qəzeti adından Mətbuat Şurasını məhkəməyə vermiş və qəzetin nüfuzuna dəyən zərərin ödənilməsini istəmişdi. Lakin Nərimanov rayon Məhkəməsinin hakimi Məzahir Sadıqov baş redaktoru həbs olunmuş qəzetin qaldırdığı iddiaya baxmaqdan imtina etmişdi. Bundan sonra iddiaçı “Xural” qəzeti  Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdi. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxladığından iş Ali Məhkəməyə təqdim olunmuşdu. Ali Məhkəmə isə həm Nərimanov rayon Məhkəməsinin, həm də Apellyasiya Məhkəməsinin yetərli əsasların olmaması səbəbilə çıxarılmış qərarlar hesab edərək, onları ləğv edərək işi yenidən birinci instansiya məhkəməsinə -Nərimanov Rayon Məhkəməsinə göndərib.

Bu il 23 iyul və 13 avqust tarixlərində Nərimanov rayon Məhkəməsinin hakimi M.Sadıqovun sədrliyilə keçirilən iclaslar MŞ-nın məsuliyyətsizliyi səbəbindən davam etdirilə bilməyib və avqustun 29-dək təxirə salınıb.

Bu dəfə Ə.Zeynallının Mətbuat Şurasının qərarı ilə bağlı şok açıqlamaları olacaq

Ötən prosesdə iştirak edən MŞ-nin İdarə Heyətinin üzvü M.Ələsgərli “Xural” qəzetinə və onun təsisçisi, baş redaktoru Əvəz Zeynallıya qarşı MŞ-nın qərəzli olmadığını iddia etməyə çalışsa da, avqustun 29-da keçiriləcək iclasda kifayət qədər əsaslı dəlillərlə MŞ səlahiyyətlisinin bu iddialarının əsassız olduğu sübut ediləcək. Ə.Zeynallı məhkəmə iclasında MŞ-nın iddia etdiyi kimi “Xural” qəzetindən onlara daxil olan 6 şikayət məktubunun qurama və sifariş əsasında hazırlandığını, MŞ-nın “Xural” qəzetini “reket” qəzet elan etməklə, necə səlahiyyət həddini aşdığını fakt və dəlillərlə ortaya qoyacaq.

Bundan başqa Müşfiq Ələsgərli ötən məhkəmə iclasında, Ə.Zeynallıya dəfələrlə, “Əvəz, biz 5 dəfə bəyanat vermişik. Biz Sənin həbs olunmağını istəmirdik”  desə də, bu haqda məlumat mətbuatda yayıldıqdan sonra dediklərindən imtina edib. Bu faktın özü də MŞ-nın sifarişli qərarlar çıxarmasından  xəbər verir.

Ə.Zeynallı məhkəmədə bir daha xatırladıb ki, Azərbaycan məhkəmələrti bu işə ədalətli baxmadıqları təqdirdə, onu Avropa Məhkəməsinə qədər aparmaq niyyətindədir: “Aydındır ki, bunlara tapşırıq haradan gəlir. Mətbuat Şurasının Azərbaycan mətbuatının şərəfi ilə oynamasına imkan verilməməlidir. Sifarişlə mətbuatı qətl edənlər isə qanuni cəzalarını almalıdırlar”.

Xatırladaq ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı məhkəmədə iddia qaldırmasından sonra Mətbuat Şurası qəzeti “reket qəzet” elan edib və gündəlik nəşrə başlayan qəzetin fəaliyyətini dayandırmaq üçün onu “qara siyahıya” salıb. Baş redaktor isə həbsindən 1 ay əvvəl baş verən bu hadisəni “siyasi sifariş” kimi dəyərləndirir və Mətbuat Şurasını səlahiyyətlərini aşmaqda ittiham edir.

XuralTAC

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button