ƏVƏZ ZEYNALLININ ÜZÜNƏ DURMA ƏMƏLİYYATI BAŞLANDI

Baş redaktora qarşı yeni ittihamlar irəli sürüldü; “Xural”ın əməkdaşlarını isə redaksiyadan da çıxarırlar

Dünən axşam saatlarında “Xural” qəzetinin redaksiyasının boşaldılması ilə bağlı xəbərdarl;q edilib. Ofisin müdiri bu haqda hələ 2 ay əvvəldən xəbərdarlıq etdiyini desə, də redaksiya belə bir xəbərdarlıq almayıb. Görünür bu hadisə də Prezident Administrasiyasının rəhbəri  Ramiz Mehdiyevin “Xural” əməliyyatının tərkib hissəsinə daxildir. Çünki, ofisin aylıq icarə haqqı da vaxtlı-vaxtında ödənilib. Və qarşı tərəflə heç bir zaman narazılıq olmayıb. “Xural”ın kollektivi bunu hakimiyyətin təzyiqi kimi qiymətləndirir və haqlarının pozulmasına etiraz edir.

Bu xəbərdarlıq alınan gün  “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallıya qarşı yeni ittihamlar irəli sürülüb. Əvvəldən də ehtimal edildiyi kimi, hakimiyyət iş adamlarının asılılıqlarından istifadə edərək, onları zorla üzə durmağa vadar edir və belə adamların “tapılması” üçün silsilə araşdırmalar aparır. Belə ki, Milli Dövlətçilik Partiyasının sədri, Sumqayıtdakı maşın bazarının sahibi Sabir Tanrıverdiyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək baş redaktora qarşı ittiham irəli sürüb. O, şikayət ərizəsində “mən də hər həftə ona 100 manat verirdim” yazıb. “Kurort” ASC-nin rəhbəri Akif Məmmədov isə öz ərizəsində Ə.Zeynallıya 4 min dollar verdiyini yazıb. Baş redaktora qarşı Xanoğlan adında restoran müdirinin də ərizəsi var. Restoran rəhbəri ona pul verdiyini iddia edib. Əvəz Zeynallı bu iddiaları tamamilə rədd edir.
Qeyd edək ki, Ə.Zeynallı oktyabrın 28-də həbs edilib. Baş Prokurorluğun məlumatına görə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barədə CM-in 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi iddia olunur. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları cinayət işi ilə əlaqədar Ə.Zeynallının evində, maşınında, “Xural”ın ofisində axtarışlar apararaq bəzi əşyaları götürüblər. Nəsimi Rayon Məhkəməsi Ə.Zeynallı barədə 3 aylıq həbs-qətimkan tədbiri seçib. Ə.Zeynallının uzun müddət DİN orqanında çalışan qardaşı və dayısı oğlu eyni gündə işdən azad ediliblər. 3 gün sonra isə qəzetin əməkdaşlarının idarə etdiyi maşınlar vurulub, naməlum şəxslər tərəfindən kənara çəkilib, saxlanılması əmri verilib. Qəzet əməkdaşları bu hadisələri də redaksiya əməkdaşlarını qorxudub, geri çəkmək üçün istifadə olunduğunu bildirirlər.

 

XuralTAC

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button