Əvəz Zeynallıya 9 il həbs kəsildi – VİDEO

 

12.03.2013

Ə.Zeynallı: “Görün biz, Ramiz Mehdiyevin və Əli Həsənovun nə qədər qəzəb və kininə səbəb olacaq bir mətbuat yaratmışıq ki, bu gün də onlar, “Xural”ın yenidən dərc olunacağından qorxur və ehtiyyatlanırlar”.

MHİ Ə.Zeynallının həbsilə bağlı bəyanat verdi

Ə.Zeynallının Müdafiə Komitəsi martın 13-də saat 11.00-da RATİ-də mətbuat konfransı keçirəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallnın barəsində hökm oxunub.

Hakim Ramella Allahverdiyeva jurnalisti əmlakı müsadirə olunmadan cəzasını ümumi rejimli koloniyada çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edib. Eyni zamanda Ə.Zeynallıya həbsdən azad edildikdən sonra bir il ərzində  kommersiya fəaliyyəti ilə məşğul olmaq qadağan edilib. Bundan əlavə, o vurduğu zərərə görə xəzinəyə 4076 manat köçürməlidir.

Əvəz Zeynallı həbsinin siyasi sifariş əsasında həyata keçirildiyinin bir daha sübut olunduğunu bildirib. O, məhkəmənin onun həbsindən sonra “bir il ərzində  kommersiya fəaliyyəti ilə məşğul olmaq qadağan” etməsini də şərh edib: “Mən jurnalistəm. Və heç bir zaman da bizneslə məşğul olmamışam. Məhkəmə “kommersiya fəaliyyəti” deyəndə “Xural” qəzetinin bərpasını nəzərdə tutub. Görün biz, Ramiz Mehdiyevin və Əli Həsənovun nə qədər qəzəb və kininə səbəb olacaq bir mətbuat yaratmışıq ki, bu gün də onlar, “Xural”ın yenidən dərc olunacağından qorxur və ehtiyyatlanırlar”.

Əvəz Zeynallı 2011-ci il oktyabrında həbs olunub. 2012-ci ilin mayında ona qarşı məhkəmə başlayıb. Məhkəmə Ə.Zeynallını Azərbaycan CM-in 311.3.3 (külli miqdarda rüşvət alma), 311.4 (hədə yolu ilə pul tələb etmə), 306 (məhkəmənin qərarını icra etməmə) və 213.1 (xeyli miqdarda vergini ödəməkdən yayınma) maddələri ilə təqsirli bilib.

Bundan əvvəl prokuror Ə.Zeynallının 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Redaktor keçmiş deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs olunub. Hazırda G.Əhmədova özü də CM-nin 178-ci maddəsilə – Dələduzluq və 307-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilərək, həbs olunub.

Məhkəmədə jurnalist ittihamları rədd edərək bildirib ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun sifarişi ilə həbs olunub.

Məhkəmə iclası başlayarkən Ə.Zeynallı ANS telekanalının çəkiliş qrupunun zaldan çıxarılmasını tələb edib: “ANS bu gün namuslu və vicdanlı qələmllərin sındırılmasında rol alan tərəfdir. Burada AzTV-nin belə iştirakına etiraz etmirəm. Amma adını müstəqil qoyub, insanlara qərəzsiz nə namuslu xəbər vəd edən bir telekanalizasiya Mirşahinin və İlqar Mikayıloğlunun əlində alətə çevrilibsə, o zaman onun müstəqil mətbuatın sıralarında yeri yoxdur. Həbs olunduğum 16 ay müddətində ANS xəbərlə kifayət qədər monupuliyasiya edib. Buyursun, qərəzli və namussuz xəbər yaymaqda davam etsin. Bizim artıq ANS-dən gözlədiyimiz heç nə yoxdur.” ANS-in Anar adlı müxbirinin israrla zalda qalmasını görən Ə.Zeynallı, “bizim qəzəbimiz sənə deyil, nə vaxtsa XuralTV açılanda məmnuniyyətlə sizi işə götürəcəyimə söz verirəm. Amma sifariş və şəxsi maraqları naminə xəbər yayan bir kanalınəməkdaşının burada iştirak etməsinin qəti əleyhinəyəm” deyib. ANS-in əməkdaşı məhkəmə nəzarətçiləri tərəfindən zaldan çıxarılıb.

Zal hökmün qarşılığında  “Azadlıq!” şüarını səsləndirib.  Ə.Zeynallı məhkəmədə iştirak edənləri qarşıdan gələn Novruz bayramı ilə əlaqədar çərşənbə axşamı münasibətilə təbrik edib və hamını evə getməyə çağırıb.

“Yerli məhkəmələrin ədalətsiz və sifariş əsasında qərar çıxardıqlarını bu ölkədə uşaqdan böyüyə hamı bilir. Təbii ki, biz də bilirdik. Lakin hüquq təhsilim olduğu üçün hüququn və qanunun tanıdığı bütün müstəvilərdə addım atdım ki, məhkəmələrin “ədalətli” qərar çıxarması üçün zəmin yaradaq. Lakin görünür, bu qeyri-mümkün olan bir şeydir. Əgər bu ölkədə Ramiz Mehdiyev bir jurnalisti öz adamları vasitəsilə şər və böhtanla həbs etdirmək üçün sifariş verirsə, o zaman onun sözünün üstünə söz deyən olmayacaq” deyən Ə.Zeynallı Azərbaycanda bütün məhkəmə instansiyalarından keçdikdən sonra Avropa məhkəməsinə müraciət edəcəyini də bildirdi.

Məhkəmə prosesinin davam etdiyi 11 ay ərzində prosesləri müşahidə edən yerli və beynəlxalq təşkilatlar əmindirlər ki, Ə.Zeynallı jurnalistlik fəaliyyətinə görə, əsasən məqalələrində R.Mehdiyev və Ə.Həsənovu, müstəqil mətbuatı qətl edən digər yüksək vəzifəli şəxsləri ifşa etdiyinə görə həbs olunub.

Media Hüququ İnstitutu (MHİ) “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını 9 il azadlıqdan məhrum edilməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Bakı Ağır Cinayətlər Məhkəməsinin “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını 9 il azadlıqdan məhrum edən hökmü Azərbaycanda ifadə azadlığının boğulmasına yönəlik ən ağır basqılardandır. Media Hüququ İnstitutu məhkəmə araşdırması zamanı təsdiqini tapmamış ittihamlar əsasında çıxarılan bu hökmü kəskin qınayır. MHİ Əvəz Zeynallının susdurulmasının hökumətin tənqidə dözümünün sıfır həddinə çatmasının, tənqidçi şəxslərin böyük risk altında olmasının göstəricisi olduğunu vurğulayır.

MHİ yada salır ki, Əvəz Zeynallı 2011-ci ilin oktyabrından həbsdədir. Həbs olunmazdan öncə Əvəz Zeynallının rəhbəri olduğu tənqidi məzmunlu “Xural” qəzeti tamamilə sıradan çıxarılıb. Öncə Azərbaycan Mətbuat Şurasının müraciətindən sonra ölkədəki nəşriyyatlar “Xural” qəzetinin nəşrindən imtina ediblər. Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru cənab Vüqar Səfərlinin iddiaları əsasında “Xural” qəzetinə qarşı çıxarılan qərarların icraya yönəldilməsi nəticəsində qəzetin bütün əmlakı müsadirə edilib. Bunun ardınca Əvəz Zeynallı hazırda dələduzluq və ağır cinayəti gizlətmə cinayətlərində təqsirləndirilən keçmiş millət vəkili Gülər Əhmədovanın Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayəti əsasında həbs olunub. G.Əhmədova jurnalisti rüşvət tələb etməkdə ittiham edib. Sonradan jurnalistə qarşı ittihamların sayı artıb. Əvəz Zeynallı rüşvət alma (Cinayət Məcəlləsi, maddə 311),  məhkəmə qərarını etməmə (Cinayət Məcəlləsi, maddə 306), vergi ödəməkdən yayınma (Cinayət Məcəlləsi, maddə 213) cinayətlərində ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi martın 12-də bu ittihamları təsdiqləyərək Ə.Zeynallını 9 il müddətinə azadlıqdan məhrum edib.

Media Hüququ İnstitutu Əvəz Zeynallıya qarşı ittihamların əsassız olduğunu, məhkəmə prosesinin gedişinin onun çıxaracağı son qərarın doğruluğuna inamı öncədən sarsıtdığını vurğulayır. MHİ Əvəz Zeynallıya qarşı ittihamlar üzrə əsas şahidlərin məhkəmə dindirməsinin təmin olunmadığını qeyd edir. Əsas şahid, hazırda dələduzluqda təqsirləndirilərək həbsdə olan sabiq millət vəkili Gülər Əhmədova məhkəməyə gəlməkdən ümumiyyətlə imtina edib. Məhkəmə də əsas şahidin ifadəsini dinləməyə lüzum görməyib. İttihamların ədalətli incələnməsi üçün ifadələri çox vacib olan digər əsas şahidlərin məhkəmədə iştirakı da təmin edilməyib. Məhkəmədə iştirakı təmin olunan şahidlərsə, istintaqa verdikləri ifadələrini təsdiqləməyiblər. Əvəz Zeynallının vəkillərinin bunlarla, habelə ədalətli araşdırma üçün vacib olan digər xüsusatlarla bağlı vəsadətlərinin hamısı rədd olunub. MHİ belə bir şəraitdə – ədalətli, qərəzsiz məhkəmə araşdırması aparılmadan çıxarılan hökmün yalnız bir məqsədinin olduğunu vurğulayır: tənqidçi jurnalistlərin gözünü qorxutmaq, onları ictimai önəmli məsələləri, hökumətin önəmli siyasi fiqurlarının, məmurlarının fəaliyyətini araşdırmaqdan çəkindirmək və cəmiyyəti doğru bilgilər almaq hüququndan məhrum etmək.

Media Hüququ İnstitutu Bakı Ağır Cinayətlər Məhkəməsinin “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində çıxardığı ədalətsiz məhkəmə hökmünü pisləyir, onun tez bir zamanda ləğv olunmasını tələb edir”.

Media Hüququ İnstitutu Azərbaycanda ifadə və bilgi azadlığı ilə bağlı qanunvericiliyi və hüquq təcrübəsini qabaqcıl meyarlara uyğunlaşdırmaq, medianın və jurnalistlərin qorunması  yönündə çalışan civil toplum qurumudur.

Xatırladaq ki, 13 mart 2013-cü tarixində Əvəz Zeynallının hüquqlarının Müdafiə Komitəsi, baş redaktorun həbsilə bağlı RATİ-nin Mətbuat Mərkəzində mətbuat konfransı keçirəcək.

Bütün İnsan və Jurnalist hüquqları müdafiə təşkilatlarının,  eləcə də müstəqil mətbuat  nümayəndələri prosesi canlı izləmək üçün dəvətlidirlər.

XuralTAC

 

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button