Əvəz Zeynallıya qarşı “xüsusi göstəriş” həyata keçirilir

31.01.2012

Bu gün – yanvarın 31-də Bakı İstintaq Təcridxanasında həbsdə olan  “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı vəkili Mənsum Bayramovla görüşüb. Vəkilin sözlərinə görə, baş redaktorla iki saata yaxın söhbətləri olub. Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasında onunla bağlı xüsusi gərginliyin olduğu haqda məlumat verib.

Ə.Zeynallı bildirib ki, adının çəkilməsini istəmədiyi nəzarətçilərdən biri təcridxanada 10 nəfərin üzərində “xüsusi göstəriş”lə nəzarətin gücləndirilməsi əmrinin verildiyini deyib və həmin siyahıda ilk adın Əvəz Zeynallıya məxsus olduğunu söyləyib. Təcridxananın ümumi qaydalarına hər zaman riayət etdiyini deyən baş redaktor üzərinə qoyulan “xüsusi nəzarət”in səbəbini anlamağa çalışır.  Başqa bir hal isə onun “Azadlıq” qəzeti ilə təmin olunmaması üçün süni maneələr yaradılmasıdır: “Azərbaycanda gündəlik və günaşırı dərc olunan bütün qəzetlər, hətta müxalifətyönlü hesab olunan “Yeni Musavat” qəzetini də əldə etmək problem yaratmır. Lakin ailəm tərəfindən mənə göndərilən qəzetlərin arasından belə “Azadlıq” qəzetinin çıxarılmasını və dəfələrlə etdiyim müraciətlərdən sonra mənə verilməsini mənəviyyatıma təzyiq kimi qiymətləndirirəm. Üzərimə qoyulan nəzarət sisteminin 10 qat gücləndirilməsini də təzyiq vasitəsi kimi qəbul edirəm”. Baş redaktor onu da bildirib ki, təcridxanadakı gərginliyin səbəbini öyrənməyə çalışdığı zaman ona eşitdiriblər ki, hər iclasda Ə.Zeynallıdan ehtiyatlı olmaq üçün nəzarətçilərə “xüsusi tapşırıq” verilir: “Elə bil mən dövlət çevrilişi eləmişəm. Halbuki haqqımda heç bir məhkəmə qərarı olmadığı halda və hələ istintaq getdiyi üçün bu “xüsusi göstəriş”lərin kimlər tərəfindən verilməsi də maraq doğurur. Görünür mənim həbsimdə maraqlı olan adamlar indi də bu yolla gərginlik yaratmağa və mənə təzyiq etməyə çalışırlar”. Bu məsələ ilə bağlı dəfələrlə təcridxana rəhbərliyi ilə görüşmək istədiyini bildirən baş redaktorun sözlərinə görə, 10 dəfədən artıq görüş üçün müraciət etsə də, buna nail ola bilməyib: “Bakı İstintaq Təcridxanasının rəisi Elxan Sadıqov da çox güman ki, bu “xüsusi göstəriş”lər səbəbindən mənimlə görüşmək istəmir. Yəqin o da bilir ki, mənə qarşı böyük haqsızlıq həyata keçirilir, son nəticədə də bu məsələ ilə bağlı açıqlama verməkdən yayınmaq olmayacaq”.  Əvəz Zeynallı hər şeydən təcrid olunmasını və onunla belə davranışı normal hesab etmir və bu məsələyə diqqət çəkməklə hesab edir ki, bu vəziyyəti təzyiq vasitəsinin ilk dalğası hesab etmək və ən əsası bu “xüsusi göstəriş”lər fonunda qanun və qaydalara zidd daha ağır addımların atılacağını da gözləmək  olar. Bu məsələ ilə bağlı vəkil Ədliyyə nazirliyinə, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyevə məktub ünvanlamaq niyyətindədir.

Məsələ ilə bağlı Penitensiar Xidmətin rəisi Mədət Quliyevin də mövqeyini dərc edəcəyik.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button