Əvvəllər daha yaxşı idi?

“Eeeeeehhhhhh… İndiki cavanlar nə görür ki?! Əvvəllər daha yaxşı idi.”

Çox eşitmisiniz, deyilmi?

Nisbətən cavan və “toy” (Türkiyədə təcrübəsiz birisinə “toy” deyirlər) vaxtlarımda mən də elə düşünürdüm.

Gəl də, düşünmə.

Yekə-yekə kişilər, başlarında papaq, ciddi sifətlə oturub “zakon tolkovat” edirlər.

Gəl də bunlara inanma.

Mən inanırdım.

Sonra anamla konfliktim çıxdı. Oturdum bütün həyatımı gözdən keçirdim.

Aldadılmışıq.

Onsuz da – bir az qabağa qaçaraq söyləyirəm – bizi böyüklərimiz aldadıb, a yetimlər.

Yekə-yekə kişilər var idi, öz də başları papaqlı, oturub bizə ağıl öyrədirdilər. “Siz uşaxsız, bilməzsüz” deyirdilər.

İnanırdıq.

Amma uşaq ağlımla qusarlı Ruslanın şəhid olduğunu gördüm.

“Bilməzsüz” dedilər.

Qonşumuz İslam Ağdamda döyüşməyə getdi. Ağdamlı da deyildi. Bir həftə mühasirədə qalıb ağac qabığı yeyəndən sonra ruhi sağlamlığını itirdi.

“Siz uşaxsuz” dedilər.

Dünən bir söhbət eşitdim: özəl xəstəxanalardan birində baş həkim olan cavan oğlanı işdən çıxarıblar.

Mən, o xəstəxananın adını eşitməmişdim. O baş həkim sayəsində oranı tanımışdım.

İyirmi milyon xərc qoyublar, amma 20 min qazana bilmirdilər. O “uşax-muşax” baş həkim sayəsində pul görüblər.

Çıxardıblar.

“Siz, uşaxsuz, bilməzsüz” deyiblər.

Qarabağı verdilər.

Bundan bir ay əvvəl Avropa uroloqları Azərbaycanda yığışmağa qərar verdilər. Bütün xərci özləri çəkirdilər. Orta hesabla Avropadan 15 həkim gələcəkdi, öz də ən azı professor. Belə sanballı tədbir idi.

Alınmadı.

Başqa bir “böyüyümüzün” oğlu şikayət etdi, avropalıların başını xarab elədi ki, bu toplantını keçirə bilməzsiniz, Bakıdakı tərəfdaşlarınız “xaindir”.

“Ermənidir” demək istəyib.

Avropalılar “siz, axmaqsız, öz aranızda anlaşa bilmirsiniz” deyibən toplantını ləğv elədilər.

Amma erməniləri də bunlar başımıza caladılar.

Hamıya erməni damğası vuraraq, bir də “Urusiyyətdə” erməni ilə araq vuraraq.

Biri vətən xaini Surətin “dalıyca” qaçdı, o biri dedi ki, ancaq Elçibəy dərmandır.

Doğrusu, Elçibəyi mən də sevirəm, amma bir az qəribə alınır.

Elçibəy hakimiyyətə yeni gəlmişdi, Goranboyda işğal təhlükəsi ilə üzləşən kəndimizə yeni girmişdik. Ayaz Mütəllibov kəndi az qala satmışdı, amma bir kəndlim aylardır görmədiyi və Elçibəy hakimiyyətə gələn kimi azad edilməsində əmək sərf etdiyi evinin kandarında oturub söylədi:

– Ayaz Mütəllibov hakimiyyətə gəlsəydi, ağ günə çıxardıq.

Kül başımıza.

Utanıb yerə girmirik.

Girə-girə Qarabağ getdi. Utanmadan ağıl öyrədirlər bizə.

Sanki Qarabağı indiki beş aylıq bəbələr verdi.

Bir müddət əvvəl “Qatarda” televiziya tamaşasından “Fatı, qalx” replikasını paylaşmışdım.

Qalxmıram.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button