“Əli və Nino”nun “Facebook” profilini kimlər bağlayıb?

Nigar Köçərli: “İlk ehtimalımız belədir ki, “Facebook” şəbəkəsində səhifəmizin ləğv olunması məhz “Əli və Nino”nu boykota səsləyən şəxslərin işidir”

“Əli və Nino” kitab mağazaları və nəşriyyatının “Facebook” sosial şəbəkəsində 17 minə yaxın üzvü olan rəsmi səhifəsi bağlanıb. “Əli və Nino”nun sahibi Nigar Köçərlinin sözlərinə görə, “Facebook”dakı rəsmi səhifə bir qrup şəxsin qəsdən “Facebook” administrasiyasına saxta şikayət təqdim etməsi ilə bağlana bilər.

“Əli və Nino”nun səhifəsi “Facebook” şəbəkəsində Azərbaycandan olan ən kütləvi səhifələrindən biri idi. Hər gün 17 minə yaxın kitabsevərə həm Azərbaycan, həm dünya kitab yenilikləri ilə bağlı məlumat verilir, ədəbiyyat xəbərləri təqdim olunur, ədəbi viktorinalar keçirilir, 120 nəfər gənci ətrafında birləşdirən BookClub layihəsi həyata keçirilirdi. Xatırladaq ki, BookClub üzvlərinə 500 ədəddən çox pulsuz kitab paylanıb.

Nigar Köçərlinin sözlərinə görə, bu, bəzi şəxslər tərəfindən öncədən planlaşdırılmış, məqsədli hücumdur. “Əli və Nino” Milli Kitab Mükafatının təsisçisidir, ona qarşı bəzi KİV-lərdə və İnternet saytlarında ara verməyən aqressiv əks-təbliğat aparılır. “Münsiflər Heyətinin üzvləri mənəvi təzyiq və şantajla üzləşiblər, təşkilat komitəsinə qarşı absurd ittihamlar irəli sürülür. Dəfələrlə “Facebook” şəbəkəsində bir qrup tərəfindən “Əli və Nino”nu boykot etməyə çağırışlar səslənib. İlk ehtimalımız belədir ki, “Facebook” şəbəkəsində səhifəmizin ləğv olunması məhz “Əli və Nino”nu boykota səsləyən şəxslərin işidir. Lakin bu kimi cılız hərəkətlərə fikir vermək niyyətində deyilik, yeni səhifəmizə bundan da çox üzv cəlb etməkdə israrlıyıq. Bu yaxınlarda “Facebook” sosial şəbəkəsində qeydiyyatdan keçmiş ədəbiyyatsevərlər üçün böyük kampaniyaya başlayacağıq.”- deyə Nigar Köçərli öz fikrini tamamlayıb.

XuralTAC

“Xural” qezeti
il: 9, sayı: 048(408), 26 dekabr 2010-cu il-08 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button