“Əsli Kərəm”, “Bahadır və Sona”, “Seymur və Anuş”…

(Seymur Baycanın “Quqark” əsəri haqqında)

II – Son yazı

“Yanğınsöndürənlər idarəsinə zəng vurdular. Bütün məhəllə sakinləri dayanıb yanan evə baxırdı. Evin sakini olan Z. kötüyün üstündə oturub siqaret çəkirdi. Evi gözünün qarşısında yanan bu adam iki gün əvvəl arvadını möhkəm döyüb evdən qovmuşdu».

Bundan sonra yanğınsöndürən maşının palçığa batmasından, adamların onu itələməsindən, evin yanıb külə dönməsindən, bütün məhəllənin pul yığıb Z-ya verməsindən və ona təzə ev tikməsindən danışılır. Elə bu əhvalata nöqtə qoyular-qoyulmaz ikinci xatırlama: «Mən bağçanı xatırladım. Bağça döşəməsindən gələn iy hələ də burnumdadır… Anam hər gün bizi bağçaya aparanda yolumuzun üstündən bizə şüşəli konfet alırdı… Biz çəpərə çıxıb yoldan ötənlərə dil çıxarırdıq… Bir dəfə mən bağçanın çəpəri üstünə çıxanda yolla gedən əmim oğlunu gördüm. Mən qışqırıb onu çağırdım. O, arxaya çevrilib məni gördü, əl etdi… Bağçanın arxasında şirniyyat sexi yerləşirdi. Həmin sexdə rayon camaatının səviyyəsinə uyğun olaraq kobud kökələr (? – İ.M.) bişirirdilər». Sonra V müəllimin bağçada tar çalmağından, özünün bağçaya iki sabun gətirməsindən danışır və «Nədənsə lap uşaqlıqdan uğursuz adamlar məni özlərinə cəlb edirlər» — cümləsi ilə keçid alır 3-cü əlaqəsiz xatirəyə. «Bir dəfə necə oldusa mədəniyyət evinə getdim. Rayon teatrı tamaşa göstərirdi. Rayonda aktyor olmaq, tamaşa göstərmək çətin məsələdir… Zalda əyləşmiş rayon avaraları aktyorlara söz atır, onların hər sözünə zaldan şit cavablar verirdilər». Rayon avaralarının afişanı cırması, fit çalıb qışqırması, daş atıb mədəniyyət evinin şüşəsini sındırması, onun bu dəstəyə qoşulmadığını görən cavan rejissorun ona «sağ ol» deməsi — məlumatından sonra dərhal 4-cü xatirə: «Mən ərik ağacını xatırladım. Ərik ağacının altı bizim kədər yerimiz idi. Biz rahat oturub ağlamaq üçün ağacın altına köhnə bir stul qoymuşduq». 5-ci xatirə: «Mən kiçik qardaşımı xatırladım. Hərbi vertolyotlar uçanda qardaşım bərk qorxardı, qaçıb həyət darvazamızı arxadan bağlayardı», 6-cı xatirə vaxtilə xidmət etdiyi hərbi hissə haqqındadır: «Kazarmanın qarşısında bir gur işıq vardı. Mən o işığın altında dayanıb siqaret çəkməyi sevirdim. Bizə çox keyfiyyətsiz, ətsiz, yağsız yeməklər verirdilər». 7-ci xatirə: «Bir dəfə məni ştaba növbətçi təyin etdilər. Bekarçılıqdan köhnə kağızların arasında eşələnəndə Lermantovun «Zəmanəmizin qəhrəmanı» əsərini tapdım… Kitabı acgözlüklə oxudum. Lakin qanım bərk qaraldı. Əsərdə ən sevdiyim yerləri — Peçorinin monoloqunu tapa bilmədim. Kimsə məhz həmin səhifələri cırmışdı. Bu, mənə çox sarsıdıcı təsir etdi. Və bərk kədərləndim. Peçorinin monoloqunu xatırladığım qədər ağ vərəqlərə yazıb vərəqləri kitabın arasına qoydum (İnanın ki, Seymurun Peçorinin adından yazdığı və kitabın arasına qoyub müəllifə şərik çıxdığı monoloqu Lermantovu Martınovun gülləsindən betər sarsıdıb — İ.M.). Bununla da bir az rahatlaşdım». Nöqtə qoyulan kimi 8-ci xatirə: «Bizim məhəllədə pinti, kasıb bir ailə yaşayırdı. Kişi dəllək işləyirdi. Qadın isə toyuq-cücə saxlayır, tərəvəz becərirdi. Arıq, qara qadının ayaqları kişi ayaqları kimi tüklü idi. Heç özünə baxmırdı. Üst-başından kir yağırdı. (Amma anlamadıq ki, xəyal quşu necə oldu ki, Lermontovun çiynindən uçub bu eybəcər qadının qara, tüklü ayaqlarına qondu — İ.M.) Bir oğlanları vardı. Uşaq şikəst doğulmuşdu. Ayaqları, qolları namnazik idi. Danışa bilmirdi. Mızıldanırdı. Başına, ağzının qıraqlarına çoxlu milçəklər qonurdu. Həmişə arabada otururdu». Bu xatirədən də bəlli olur ki, o oğlanın da adı Seymur imiş və bu (müəllif) Seymurun atası vaxtilə həmin xəstə Seymurun anasını sevirmiş və s.
9-cu xatirə: «Atam bərk içsə də Allahdan qorxurdu… Biz həyətdə kabab bişirəndə atam qonşuya bir boşqab kabab göndərərdi. Çünki kababın iyi ətrafa yayılırdı… 10-cu xatirə: «Mən muzeyi xatırladım. Muzey «Qələbə» parkında, üstünə ağ boya ilə 41-45 rəqəmləri yazılmış yekə daşın arxasında yerləşirdi». 12-ci xatirə: «Mən Bakı zooparkını xatırladım. Qəzetdə təzəcə işləməyə başlamışdım. Məni — zooparkdan 200 reportaj yazmağa göndərmişdilər. Bizim redaktorlar qəzetdə işləməyə gəlmiş gənc jurnalistləri sınamaq üçün onları nədənsə zooparkdan reportaj yazmağa göndərirdilər». Zoopark əhvalatında da qızla sevişməsindən və iki «azad» meymunun buna bənzər macərasından, daha sonra anasının oyuncaq alverçisi olmasından, bir dəfə də başqa bir qızla şəhərdə, kafedə, tirdə əylənməsindən bəhs edir. Növbəti — 15-ci xatırlama belə başlayır: «Yaxşı yadıma düşdü. 2004-cü ildə «Cənnətdə bazar günü» yazısına görə «İlin publisisti» adını almışdım. Mənə bir az pul, diplom və misdən qayrılmış heykəlcik vermişdilər… Evə oyuncaq almağa gəlmiş məhəllə arvadlarından biri heyekəlciyi görmüş, bərk bəyənmişdi. Anam heykəlciyi həmin arvada 20 manata satmışdı… Anam bərk əsəbləşdiyimi görüb 20 manatı mənə verdi. Əsəbim bir az soyudu… Anam aldığım mükafatları, hədiyyələri bir ucdan satırdı».
16-cı xatirə: «Mən rayon bazarını xatırladım». Burda da lal dilənçidən, T. adlı milis işçisindən, «Cücə» ləqəbli B-dan, Kor P-dan, R. kişidən, qəbirqazan M-dan, dəli S-dan, sürücü Z-dan və artilleriya atəşinə məruz qalmış rayondakı digər insanlardan və onların macəralarından söhbət gedir.
17-ci «Mən Krosnodar vağzalını xatırladım.”
18-ci. «Mən qatarla yol gedərkən gördüyüm mənzərələri xatırladım.”
19. «…Mən, nəhayət, məktəbimizin bufetində yediyim kotletləri xatırlayıb meşədən (Quqarkdakı meşədən — İ.M.) çıxdım».
Bəli, artıq çuval doldu. Quqarka qayıdıb hər cür tör-töküntü ilə doldurulmuş çuvalın ağzını Quqark mənzərələri ilə hörmələyib yekunlaşdırmaq və diqqəti cəlb edən bir ad qoymaq lazımdır: «Quqark».
Quqark əyləncəsi başa çatır. 6 «İkarus» markalı avtobus hərəni bir tərəfə aparacaq. Seymurla Anuş iki həftənin içində elə qaynayıb-qarışıblar ki, əslində Seymur Anuşa elə vurulub ki («Bir-birimizin üzünə baxırdıq. Anuş o sevimli qızlardandır ki, onunla həm söhbət etmək, həm də susub üz-üzə dayanmaq xoşdur») ayrılanda onu «bir dost, sevgili, qardaş» kimi öpür, «sevimli akvarium balığına» bənzəyən Anuşun əlindən sürüşüb çıxmasına elə yanır ki, heç Qarabağ əldən çıxanda elə yanıb-yaxılmamışdı…
Qayıdanda yolüstü Tiflisdə – Rustavi şəhərindən, daha sonra Qazaxda, Gəncədə keflənə-keflənə otelləri gəzir, nəhayət, Bakıya yetişir.
Əsərin əvvəlində onu intihardan Arturun Quqark dəvəti xilas etmişdi, indi isə Anuşun məktubları yaşadır: «Anuşun məktubları sayəsində hər şeyə tab gətirməyi, bütün çətinliklərə dözməyi bacarırdım. Anuş məktublarını gözəl hisslər üçün yaranmış qız kimi yazırdı. Əgər o, orta əsrlərdə yaşasaydı, yəqin ki, ən cəsarətli, ən dürüst cəngavər Anuşu özünə uğur ilahəsi seçərdi».
«Əsli və Kərəm», «Bahadır və Sona» ənənəsi «Seymur və Anuş» xətti ilə davam edir…
Seymur özünü Anuşun ona bağışladığı hədiyyədəki (Dimdik-dimdiyə öpüşən göyərçin fiquru) quşlardan birinə bənzətsə də, Oxucu onu sülh və sevgi quşu kimi görə bilmir. Uduzmuş, məğlub, alçaldılmış və sakinləri əsir-yesir olan bir məmləkətin vətəndaşı bu miskin durumunda Azərbaycan kişisini «dimdiyi erməni quşunun dimdiyinə» yapışmış vəziyyətdə görmək istəmir. Axırda yaxşı ki, onun alverçi anası 5 manata bu fiquru satır…
Əsərin əvvəlində biz düşünürdük ki, müəllif «erməni-azərbaycanlı» adlı tarixi konflikt və düşmənçiliyə qlobal və bəşəri yanaşma səviyyəsində işıq salacaq. Müharibə və sülh, Allahın yaratdığı dünyada bəşər övladının bir-birinə mərhəməti, sevgisi (Təbii ki, yalnız cinslərin ehtiraslarını ifadə edən sevgidən söhbət getmir) fonunda dostluğun, əmin-amanlığın, şəfqətin ali hiss olduğunu aşılayacaq. Törədilən vəhşiliklərin erməni ya azərbaycanlı adına yox, bütövlükdə İnsan, Adəm övladı adına günah, şər, cəhalət və nadanlıq olduğu ideyası qabardılacaq. Və əgər hələ bu dünyada vətən, torpaq, ev, yurd, ləyaqət, dövlət, vətəndaş mənliyi və qüruru, ana, bacı, qız namusu, əxlaqı deyilən bir anlam, düşüncə qalıbsa, bütün bu itirilən, tapdalanan dəyərlər uğrunda mübarizə və mücadilə qəhrəmanlıqlarına, «hər şeyi geri qaytarmalıyıq!» — nidasına da işarələr olmalıydı. «Biz hələ sözümüzü deməmişik. Biz bir gün mütləq ayağa qalxacaq, şərəf və alnıaçıq, üzüağlığımızı bərpa edəcəyik» — xəbərdarlığı təsvir olunan bütün hadisələrin, əhvalatların, hətta Artur dostluğu və Anuş sevgisi üzərində bayraq kimi yellənməli idi. Fəqət əvəzində nələrin şahidi oluruq? Lağa qoyulan ata-ana, qohum-əqrəba, istehza edilən, alçaldılmış vəziyyətdə təqdim edilən qonum-qonşu, rayon camaatı və adı, mövqeyi, varlığı belə unudulmuş Azərbaycan adlı məmləkətin heçlik, yoxluq ilğımı… Bütün bunların fövqündə oxuduğu sentimental romanların təsiri ilə bayağı və şit əzizləmə cümlələri ilə ayaqqabısı, şalvarı cırıq, kirayələrdə, redaksiyalarda gecələyən, dostunun hər ay verdiyi məvaciblə qarnını doyuran əlləri nərmənazik, tənbəl, vaxtilə dəlixanada da yatan Azərbaycan kişisinə məktublar yazan Anuş dayanır…
«Qara enerjili ev»in, «üçüncü növ ölkə»nin insanı Seymur vəsiyyətində: «məni rus qəbristanlığında basdırın» — deyir.
Həmin qara enerjidəndir ki, platformada doğmalarını yola salan adamları «ət gözləyən ac itlərə» bənzədir. «Kənddə gözəl olmaz» — deyir…
Seymur XXX «Quqark» əsərini Anuşun xahişi və tapşırığı ilə yazdığını bildirir: «Sonda səndən bir xahişim var: «sən mütləq Quqark haqqında yaz. Heç nədən qorxma. Hər şeyi olduğu kimi açıq yaz… Sən yüz faiz uğur qazanacaqsan. Mən buna inanıram». Əvvəlki məktubunda da Anuş Seymura söz vermişdi ki: «Mən iki ilə Azərbaycan dilin öyrənsəm, sənin hekayələrini, yazılarını erməni dilinə tərcümə edəcəyəm».
Ancaq əsərin qəhrəmanı Seymur «kəşf olunmamış sərvətlər mənbəyi» adlandırdığı Anuşdan daha uzaqgörəndir. Ona görə də kitabın əvvəlində və sonunda yazır: «Mən o zaman üçüncü növ bir ölkənin ortabab yazarı olaraq heç vaxt uğur qazana bilməyəcəyimi anlamışdım. Reallığı dərk etmiş, heç zaman uğur qazana bilməyəcəyimlə barışmışdım».
Ancaq «üçüncü növ bir ölkədə yaşamaq» istedadsızlığın sığortası olmamalıdır…
Müəllifin etirafının səmimiliyinə inanmaq olardı, ancaq nə gəldi yazmaq, hər yerdə görünmək, istənilən fikrə əks, tərs, təəccüb doğuracaq qıcıqla reaksiya vermək və diqqəti məhz bu cür cəlb etmək üslubu və «gedişləri» ədəbiyyatla ciddi məşğul olanların zamanını və yerini almaq qərəzliliyi bəllidən bəllidir. Bu mənə orta məktəb illərindəki Seymur demişkən, bir məqamı xatırlatdı: Voleybol oynamağı bacarmayan bir qız hər dəfə özünü dava-dalaşla komandaların birinə salırdı (onun üçün fərqi yox idi «a» sinfi, ya «b» sinfi olsun). Həmin komandanı 5-6 xal geri çəkəndən sonra uşaqlar birtəhər itələyib meydançadan çıxarırdılar. Topu götürüb qaçırdı, idman müəlliminə şikayət edirdi ki, mən də oynayacam. O biri komanda bu cığal, qərəzli və bacarıqız oyunçunu əlacsızlıqdan öz tərkibinə qatırdı. Beləcə, oyun boyu onun səhv atdığı topların əsəbini yaşaya-yaşaya bu qıza dözürdük. Ən ağrılısı da o idi ki, biz onun voleybol həvəskarı olmadığını bilirdik. Yoxsa, cəhənnəm, yanan «zaboy»lara, meydançadan çıxan topların dalınca gedəndə itirdiyimiz vaxta yanmazdıq. Daha ağrılısı isə o idi ki, o qız özü də oynaya bilmədiyini bilirdi, amma ortalıqdan da çıxmırdı ki, çıxmırdı…

İradə Musayeva

Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

  1. Əziz İradə xanım, mən sizi şəxsən tanımasamda, sizinlə qürur duydum.Yazdığınız bu yazıyaya görə sizə təşəkkürlər…Belə dirnaq arası yazıçıların mənəviyyatsız cızma-qaraları təəssüf doğurur. “Əsli və Kərəm” dastanına gəldikdə isə bu əsərin ermənilərlə heç bir əlaqəsi yoxdur.Bu sırf alban əsilli xristian və müsəlman gəncin məhəbbətindən bəhs edir. Bizlər daima fil qulağında yatdığımız üçün bizim tariximiz, ədəbi dəyərlərimiz, torpaqlarımız yad ellilər tərəfindən basqıya məruz qalıb. Bu gün də əldən getmiş torpaqlarımızın unudulması üçün belə mənəviyyat sahiblərini qələmidən isdifadə olunur. Sizə uğurlar sizinlə tanışlığa şad olardım.Keçən əsirin əvvəllərində “Bahadur və Sona”ları yazanlar da başımızın altına yastıq qoyanlar idi.İndi o yastıqlar daş olub başımızı əzməkdədir…Qələmini daima iti olsun, xanım…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button