“Əsli Kərəm”, “Bahadır və Sona”, “Seymur və Anuş”…

(Seymur Baycanın “Quqark” əsəri haqqında)

I yazı

Əsərin qəhrəmanı — müəllif Tiflisdə tanış olduğu erməni dostu Arturun vasitəsi, Holland fondunun hesabı ilə 15 günlük Quqark yay (keçmiş pioner) düşərgəsinə treyner kimi dəvət alır. Holland fondunun məqsədi müxtəlif xalqlardan olan gənclərin, yeniyetmələrin tanış olması və dostlaşması üçün şərait yaratmaq idi. İntihara hazırlaşan azərbaycanlı publisist-yazar üçün bu təklif göydəndüşmə oldu. Yol pulu, qonarar, havayı yeyib-içmək, rəqs, əyləncə, qadınlar… (Unutmayın ki, Qarabağlı publisist-yazar, treyner Seymur Ermənistana ideoloji-siyasi, tarixi fakt və məlumatları hansı vasitələrləsə düşüncələrə və beyinlərə yeritmək, Qarabağ, bütövlükdə Azərbaycan üçün bir iş görmək naminə yox, öz «qırmızı kamikadze» adlı prezirvativləri ilə gedir.
Quqark tədbirlərində kimlər var idi? «…illərlə konfranslarda, seminarlarda, tədbirlərdə, banketlərdə saç ağartmış təcrübəli yeyib-içənlər, Armen, Artur, yəhudi əsilli fransız qız, öz ölkələrində heç bir uğur qazana bilməyən üç-beş avara amerikalı, Qafqazda ekzotika axtaran hollandlar» və yazarın etiraf etdiyi kimi «heç vaxt uğur qazana bilməyəcəyini dərk edən və bununla barısan ortabab yazar» Seymur…
Quqarka qədərki əhvalatlar, hadisələr və lüzumsuz təfərrüatlarla edilən təsvirlər (məsələn, neçə dəfə yemək yeməsi, yeməyin hər dəfə nədən ibarət olması, neçə sosiska, neçə stəkan araq, doymayanda bir də neçə sosiska və ya toyuq kotleti, təkrar-təkrar «Efes» pivəsi, semiçka, su, siqaret alması haqqında məlumat, vaqon mənzərəsinin ənənəvi təsviri-xoruldayan yekəqarın bir keçmiş Əfqanıstan döyüşçüsü ilə toyuq yeməkləri, əlaqəsiz, məntiqsiz söhbət, Bakıdan çıxanda neçə dənə və hansı rənglərdə futbolka, alt paltarı, kepka, diş pastası, dis fırçası, odekalon alması, onları yenə hansı rəngdə və hansı ölçüdə çantaya yığması) əslində əsərin mövzu və ideyasının orijinal tərzdə açılmasına və təqdiminə xidmət edə bilmir. Bütün bu çəkisi, sambalı, gələcək hadisələr üçün işarə, keçid, bədii-ideoloji çaları olmayan, yüksüz və məzmunsuz nəqletmələr bütövlükdə bədii mətnin yox, günün və ya bir neçə saatın sadəcə, məzmununu, statistikasını, belə demək mümkünsə, «rejim»ini ifadə edir. Bu boşluqla nəinki Quqarka qədər, hətta Quqark və ondan sonrakı (əslində Quqarkda olarkən keçmişə, gələcəyə səyahətlərdə, xatirələrdə) dövrlərdə də rastlaşırıq. Mənaya yox, həcmə hörülən lazımlı-lazımsız hadisə və düşüncələr nə süjet, nə də kompozisiya sistemində yerini tapa bilmir.
Ancaq Qarabağ savaşının ilk illərində Azərbaycanda, xüsusilə Qarabağ bölgəsi rayonlarındakı gedişatlar, yenicə başlayan qarşıdurmanın məğzini, portretini, spesifikasını real, təbii, analitik yaddaşla əks etdirmə nüansları və görüntüləri yazar qabiliyyəti ilə işlənib. Yeniyetməlik dövrünə düşən həmin qarışıq, ziddiyyətlərlə, çaş-başlıqlarla dolu illərin təsvirində qəhrəmanın özü, ailəsi, rayonu, qohum-əqrəbası, erməni dostları və s. haqqında da məlumat əldə edirik. Müəllif həmin illərə səyahəti özünün çörək axtarışı əhvalatı ilə başlayır. Hər şey qıtdır, çörək tapılmır, hər yanda qarışıqlıq, xaos, qara-qışqırıq, qəhrəmanlıq, liderlik iddiaları, yanılış addımlar, aldanışlar, hökumətsizlik, başsızlıq, boşalan torpaqlar və s…
Evdə iki toyuq bişib, bütün ailə onun çörək alıb gətirəcəyini gözləyir. O isə mitinqdə qışqıran və öldürmək üçün evlərdə, küçələrdə, zirzəmilərdə erməni axtaran dəstəyə qoşulub gedib (Bu məqamda C.Məmmədquluzadənin «Buz» hekayəsi yada düşür. Hekayədə ölüm ayağında olan xalaya bir parça buz gətirmək üçün gedən balaca oğlan həmişə ona sataşan uşaqla davaya başı qarışanda isti yay günündə od tutub yanan torpağın üstünə atdığı buz əriyib suya dönür. Evdəkilərin və xəstənin gözü yoldadır və onu lənətləyirlər: ciyərin yansın, necə ki xalayın ciyəri yandı). Uzun axtarışdan sonra çörək əldə edən oğlan yenidən problemlə qarşılaşır: «Dəstə çalxalandı, adamlar söyüş söydü, bir nəfər yerdən daş götürüb univermağa tərəf atdı. Daş univermağın qalın şüşəsinə dəyib yerə düşdü. Macərapərəstliyim fədakarlığıma qalib gəldi. Evdə çörək gözləyən anamı, qardaşımı, bacımı, ən əsası toyuq sousunu unutmuşdum. Yanımda 5-6 yaşıdım dayanmışdı. Onlardan biri «Hardansa çörək iyi gəlir» dedi. Mən çit torbadan bir çörək çıxarıb yaşıdlarıma verdim. Verməyə bilməzdim. Dəstə coşmuşdu. Əgər verməsəydim, onlar çörəyi tutub əlimdən alar, özümü də babat döyərdilər. Mən yaşıdlarımı tanıyırdım. Səkkizillik məktəbdə oxuyurdular. Həmin məktəbə rayonun ən avara, oxumayan, dalaşqan uşaqları yığışmışdı. Yaşıdlarım çörəyi parça-parça edib aralarında bölüşürdülər. Hovuzun üstündə çıxış edən adam nə dedisə, hamı qışqırdı. Onun nə dediyini eşitməsəm də, mən də qışqırdım. Yaşıdlarım fit alıb söyüş söydülər» s.61.
Evlərdə erməni tapmayanda onların əşyalarını qırıb dağıdan, yandıran gənclər qışqırır, söyüş söyür, küncdə-bucaqda qalan qoca erməniləri təpikləyirdilər…
Özlərini inşa qəhrəmanları kimi aparan dəstəni zabitin dağılışma üçün havaya atdığı güllənin səsi parçalayır və pərən-pərən edir. Əmisi oğlunun şillə-təpiyi altında ağzı-burnu qanayan oğlan isə gecikdirilmiş və dava-dalaşa, qan-qarğışa bais olmuş çörəkləri ilə evə dönür…
Bundan sonrakı hissələrdə də müəllif həmin illərdə həm ermənilərin, həm də azərbaycanlıların müharibəyə təhrik edilməsi prosesini faktlarla canlandırmağa çalışır. Rus əsgərləri, pula alınan, düzəldilən silahlar, kəsilmiş və boyunlardan asılmış qulaqlar və s. Və yazar bu düyünlü və hər şeyin – qaçqınlığın, məğlubiyyətin, vəhşiliklərlə müşayət olunan döyüşlərin təfsirini, izahını vermə, həmin vəziyyəti analiz etmə prosesində demək olar ki, bədii üslub mövqeyini tərk edərək özünü unudur və publisistik pafos və informasiya ilə nəinki Quqarkdan, süjetdən, mətndən və ümumiyyətlə, ədəbiyyatdan çıxır çölə: «XX əsrin 80-ci illərinin sonu — 90-cı illərin əvvəlində baş verən meydan hadisələri haqqında bir neçə roman yazılıb. Həmin romanların müəllifləri istedadlı adamlar olsalar da, xalq hərəkatı haqqında yazdıqları romanlar alınmadı. Uğursuzluğa düçar oldular… XX əsrin ən nəhəng yazarlarından biri olan Milan Kundera da 1984-cü ildə qələmə aldığı «Var oluşun dözülməz yüngüllüyü» əsərində çex xalqının niyə küçələrə, meydanlara çıxması haqda heç nə yazmır… 1968-ci ildə sovet tanklarının Praqaya girməsindən əvvəl baş verən hadisələri yazır…
Azərbaycan vətəndaşı, bəstəkar Elmir Mirzoyev XX əsrin 80-ci illərinin sonunda baş verən hadisələri belə xatırlayır…
Soljenitsin «Novoye vremya» jurnalında yenicə dərc edilmiş «Arxipelaq Qulaq» sənədli romanı nəinki sovet imperiyasına, onun simvolikasına, onun varlığına, ümumiyyətlə, hər hansı sol ideyalara qarşı qəti nifrət oyatmışdı. Yeri gəlmişkən, bu əsər, təəssüf ki, hələ də dilimizə çevrilməyib… (əksinə, heç bunun yeridir? İ.M.) Ermənistan vətəndaşı Luiza Poqosyan XX əsrin 80-ci illərinin sonunda baş verən hadisələri belə xatırlayır…
Gürcüstan vətəndaşı İraklı Çikladze o dövrü belə xatırlayır…» və s.
Yarımçıq verdiyimiz sitatlarda «belə xatırlayır»ların hamısında 80-ci illərin sonundakı mitinqlər, ictimai-siyasi vəziyyət, «günah nə ermənidə, nə də azərbaycanlıdadır, günah rusda və dünyanın başqa güclərindədir» – fikri, dönə-dönə vurğulanır. Məsələ ondadır ki, əsərin ideyasını təşkil edən bu qayə ədəbi-bədii, estetik intellektuallıqla yox, sırf publisistik yanaşma tendensiyası, ümumiləşdirilmiş ictimai rəy, hamının bildiyi və danışdığı dillə çatdırılır. Müəllif bütün bildiklərini, eşitdiklərini, oxuduqlarını bir yerə yığıb həcm və şişmiş mətn fonunda romanlaşdırmaq istəyib.
Hətta Balzak, Yukio Misman, Ostrovski, Furmanov, Milorad Pavin Votrek, Patrik Zuskind, Dostoyevski, Koelo, Lermontov, Alberto Moravia, Knut Hamsun, da əsərdə tez-tez sitat və müzakirə, təhlil obyektinə çevrilir. Erməni qızı Anuşa deyir ki, Koelonu oxuyan qadınlar mənasızdır.
«— Mən ilk dəfədir yazıçı ilə söhbət edirəm, — Anuş dedi».
Bəli, Koelonu oxumadığı və Seymur kimi yazıçı ilə üzbəüz danışmaqdan fəxarət duyduğu üçün Anuş müdrik, ağıllı və təvazökar erməni qızı kimi təqdim olunur.
Həcmin şişməsi əməliyyatının bir səbəbi də eyni parçaların bir neçə səhifədə olduğu kimi təkrar verilməsidir. Məsələn, səh.43, 64, 65, 72, 83, 90,112, 116, 128, 136, 143, 145, 149, 171, 172, 182, 188, 192 və s.
Nə müəllif təhkiyəsində, nə də dialoqlarda bədiilik prinsiplərinə cavab verən cümlələr tapmaq demək olar ki, mümkün olmadı. Cümlə strukturundakı primitivlik «Əlifba»dakı mətnləri xatırlatdı: «Bir gün qız Rəşidə hamilə olduğunu dedi. Rəşidsə uşağı elə günü sabah məhv etməyi tələb etdi. Onlar bərk dalaşdılar. Rəşid qızı şillə ilə vurdu. Rəşid qızı abort etmək üçün dilə tutdu. Qızsa razılaşmırdı. Bu mövzuda günlərlə mübahisə etdilər. Rəşid qızı bir neçə dəfə döydü. Günlərin bir günü qız uşağı üçün başqa şəhərə köçdü. Rəşid bir müddət qəmli gəzdi. Sonra həyat əvvəlki məcrasında davam etməyə başladı».
Obrazların çoxunun adının hərflərlə işarələnməsi də heç bir məna vermir. N xala, B xala, C xala, K dayı, R müəllim, X, E və s. bu kimi əlifbalaşmış surətlərlə bağlı epizodlar da çox hallarda əlaqəsiz xatirə qırıqları təsiri bağışlayır: «… E –gilin həyətindən gələn qışqırıq, bağırtı, lənət, söyüş, qarğış bütün məhəlləyə yayıldı. E-nin vurduğu qaz vağzaldakı çörək mağazasında satıcı işləyən N.xalanın qazı idi. Qazın E. tərəfindən vurulmasından xəbər tutan N. xala E-nin anası C. xala ilə dalaşırdı…» s.97.
Diqqətli oxucu, Seymur XXX-in «Quqark» adlı kitabında, inanın ki, heç bir üsluba, metoda, cərəyana, tendensiya və ağıla gələcək və gəlməyəcək «izm»ə, novatorluğa sığmayan qəribəliklərə də rast gəldik. Deməli, müəllif əlinə, dilinə nə gəldi, yadına nə düşdüsə tökür «Quqark» qazanına. Qırıq-qırıq və yaxşı mənada sadə yox, primitiv, bəsit, sadə cümlələrdən ibarət istənilən xatirə, yada düşən əhvalat yuxarıda da dediyimiz kimi hörülür həcmə. Məsələn, Siz heç əvvəldən yox, elə səh.198-dən 282-dək olan hissədəki məzmuna diqqət yetirin (onu da qeyd edək ki, müəllif Quqark yay düşərgəsindən səh.54-də ayrılır — xatirələri ilə, bir də səh. 282-də ora qayıdır. Bu müddət ərzində bayaq, əvvəldə də göstərdiyimiz kimi, 80-ci illərin sonunda Qarabağ rayonlarındakı çaxnaşmaların təsvirindən başqa yazdığı bütün xatirələşmiş əhvalatlar boşuna atılan güllələrdir): «Bir gün aşağı məhəllədəki evlərdən biri yanmağa başladı.

İradə Musayeva

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button