“Əvəz həbsdə olduğu müddətdə yaza bilmədiklərini mən yazacağam!”

“Berianın KQB-si ölməyib, Azərbaycanda yaşayır

Əvəz Zeynallının həbsinə etiraz edən türkiyəli yazar Əliyev iqtidarına qəzəb püskürdü

«Dünya artıq diktatorlar üçün əvvəlki kimi rahat deyil. Heç bir diktatorun və onun ətrafındakıların gələcəyinə zəmanət yoxdur artıq!..»

Bir müddət əvvəl “Ilham Əliyev nə gözləyir?” başlıqlı məqaləsini təqdim etdiyimiz (“Türk yazar İlham Əliyevi ”topa tutdu”, “Azadlıq”, 11 oktyabr 2011-ci il) Türkiyənin tanınmış köşə yazarlarından Cahit Kılıç Azərbaycan iqtidarını növbəti dəfə tənqid atəşinə tutub.
Müəllifin budəfəki məqaləsi “Bakı diktatorluğu” adlanır. Yazının motivi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsidir və müəllif bu həbsi pisləyərək Azərbaycan iqtidarını ölkədə diktatorluq qurmaqda ittiham edib.
Cahit Kılıç yazının əvvəlində bir neçə gün əvvəl “The New York Times” qəzetində dərc olunmuş Əliyevləri Qəzzafi ilə eyniləşdirən məqaləyə işarə edərək, qələmə aldıqlarından narazı qala bilənlərə cavab verir: “Bakı diktatorluğu” başlığından narazı qalanlar varsa, zəhmət çəkib “The New York Times”in Qəzzafi-Əliyev bənzətməsinə baxsınlar…
“Sən indi öz ölkəni buraxdın, bütün dərdin Azərbaycan oldu?” deyə soruşanlara: Bəli, Azərbaycan da mənim ölkəmdir. Sevincləri sevincim, kədərləri kədərimdir. Mən Qarsda doğulub böyümüş bir Azərbaycan-Türk övladıyam. Bura mənim üçün nə qədər əzizdirsə, ora da o qədər əzizdir.
Bundan başqa, hansı səbəblə və harada olursa-olsun, haqsızlığa qarşı susub dilsiz şeytan ola bilmərəm…”.

***

Bundan sonra müəllif “mətləbə keçək” deyərək Əvəz Zeynallının həbsindən bəhs edir: “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını oktyabrın 28-də axşama doğru saat 4-də küçənin ortasında tutub apardılar və gecə saat 10-da 3 ay həbsə məhkum edərək, həbsxanaya göndərdilər. Gördünüzmü ədalət (!) nə qədər sürətlə işləyir Azərbaycanda?! Berianın KQB-si ölməyibmiş, Azərbaycanda yaşayırmış. Şükür etmək lazımdır ki, heç olmasa, Beria dövrünün KQB-si kimi insanları bir gecədə əbədi olaraq yox etmirlər, gecə yarısı da olsa, həbsxanaya göndərirlər”.

“Əliyev istəsə də, Ramiz Mehdiyevi vəzifədən çıxara bilməz!”

Müəllif daha sonra dünyada “korrupsioner” kimi tanınan bir iqtidarın Korrupsiyaya Qarşı Mübarizə Idarəsi vasitəsilə jurnalisti həbs etməsinə ironiya ilə yanaşır: “Özləri yeyib bitirdikləri ölkə qaynaqlarını guya qoruyacaqlarmış kimi, bir də ”Korrupsiyaya qarşı mübarizə idarəsi” qurmuşlar. Qurduqları idarə bunların əmrində çalışır necə olsa; özlərinin oğurladıqları milyon dollarlara toxunmağa gücləri çatmaz! Ancaq kasıb-füqəranın arxasınca düşüb, onları türməyə atarlar. Bu vaxt öz ciblərini doldurmağı da unutmazlar təbii…”.
Cahit Kılıç Azərbaycanda avtoritar üsul-idarənin seçilib-qorunmasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin əlahiddə rolu barədə mühakimələrə də yer verərək yazır: “Biz və dünya Azərbaycanı Ilham Əliyevin idarə etdiyini hesab edirik.Demə, Ramiz Mehdiyev adlı birisi idarə edirmiş. Bu şəxs 73 yaşında, Kommunizm dövrünün qalığı. Təfəkkür və mentalitet etibarilə də Kommunist Partiyasının intriqa quruluşuna məxsus…
Kiminlə danışdımsa “ölkəni Ramiz Mehdiyev idarə edir” dedilər. Bundan başqa “Ilham Əliyev istəsə də, onu vəzifədən çıxara bilməz!” deyirlər. Çıxara bilməz, təbii. Korrupsiyanın içinə birlikdə batmışlarsa, əlbəttə ki, çıxarmağa gücü çatmaz.
Azərbaycandakı korrupsiya bütün dünyada nümunə kimi danışıldığı halda, bunlar dəvəquşu kimi başlarını quma soxub özlərini aldadacaqlarını sanırlar ki, tam da Əvəz Zeynallını həbsə atdıqları günün ertəsi “The New York Times”da çıxan bir məqalədə Ilham Əliyevlə Müəmmər Qəzzafi eyni rəfə qoyuldu və iki diktator bir-birinə bənzədilərək eyni hala gətirildi.
Zaman etibarilə baxsanız, Əliyevlərlə Qəzzafini eyniləşdirən “The New York Times” sanki, Əvəz Zeynallıya “Tiranlığın şəklini çəkə bilərsənmi?” deyə, salamla birlikdə bir sual da göndərmiş oldu. Cavabını, qoy, Əvəzi ildırım sürətilə, altı saat içində üç ay həbsə məhkum etdirən Ramiz Mehdiyev versin…”.

Azərbaycan hakimiyyətinin şantaj üsulu

Türkiyəli yazar Azərbaycan iqtidarını tənqid edənlərin “erməni kartı” ilə şantaj olunduğuna da işarə vuraraq xəbərdarlıq edir: “Əsla, ”o məqaləni erməni diasporu yazdırdı” deyib, xalqı aldatmağa çalışmayın. Öz xalqına aslan kəsilib hər arzusunu boğan, ancaq düşmən qarşısında quzuya dönən bir hökumətin Azərbaycan idarəçiliyindən getməsini ən axırda ermənilər istəyər.Düşməndirlər, amma axmaq deyillər!”

“Əvəz həbsdə olduğu müddətdə yaza bilmədiklərini mən yazacağam!”

Daha sonra müəllif məsələyə mənəvi yöndən yanaşaraq ultimativ tonda yazır: “Əslində, bu həqiqəti görə bilmir bunlar. Həbs edilən Əvəz deyil, öz vicdanları, heysiyyatlarıdır. Əvəz yatıb çıxacaq, amma bunların vicdanları, şərəf və heysiyyatları xalq və Haqq dərgahında ömürlük həbsə məhkum edilib. Məsələnin mənəvi ölçüsü budur və günah da Haqq qatında çox ağırdır…
Başda bu talançılar olmaq üzrə hər kəs bilsin: Əvəzin həbs zamanı yaza bilmədiklərini, zaman-zaman burdan mən yazacağam. Yaxşı, bu vəziyyətdə nə edəcəksiniz, Ramiz müəllim?..
Dünya artıq, diktatorlar üçün əvvəlki kimi rahat dünya deyil. Heç bir diktatorun və onun ətrafındakıların gələcəyinə zəmanət yoxdur artıq!..
Bakı küçələrində də Tunisdə, Misirdə, Liviyada, Suriyada, Yəməndə olduğu kimi bir qığılcım çaxsa, bir neçə gün içində şimşək kimi ortalığı işıqlandırıb heybətli səs-küylər çıxaran ildırımlara dönsə, nə edəcəksiniz, Ramiz müəllim?..”.

QEYD: Cahit Kılıç 1954-cü ildə Qarsda doğulub. Uzun illər idarəçilik təcrübəsi var. Hazırda təqaüddədir. Siyasi məqalələrlə yanaşı, ədəbi araşdırmalar və şeirlər də yazır.

“Azadlıq” qəzeti

02.22.2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button