“Əvəz Zeynallının müdafiəsi həm də müstəqil medianın müdadfiəsidir”
Redaktorlar, hüquq müdafiəçiləri və jurnalist təşkilatları oktyabrın 28-də baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən YAP-çı deputat Gülər Əhmədovanın əsassız iddiaları ilə həbs olunan Əvəz Zeynallının hüquqlarının müdafiəsi üçün birgə işləmək barədə razılığa gəliblər. Müzakirələrdə “Xural” qəzetinin redaksiyasından xahiş edilib ki, qəzetə və Əvəz Zeynallıya qarşı məhkəmə iddiaları, təzyiqlər və telefon zəngləri ilə bağlı sistemləşdirmə aparıb Redaktorlar Birliyinə təqdim etsinlər.
Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı “Amerikanın Səsi” radiosuna müsahibəsində bildirib ki, Əvəz Zeynallının həbsini ailəsi qabaqcadan gözləyib. “Onun yazıları vətənpərvərliyə xidmət edirdi. Ailənin hər bir üzvü Əvəzin həbsini gözləyirdi. Sadəcə, həbsin tarixi oktyabrın 28-nə təsadüf etdi”.
Xanım Zeynalı jurnalisti həbslə qorxutmağın və tutduğu yoldan döndərməyin mümkün olmayacağına inanır. “Əvəz Zeynallı Türkiyədə təhsil alıb və çox vətənpərvər insandır. O yazıları ilə hökumətdə korrupsiyaya uğramış şəxsləri tənqid edirdi. Çox çalışdılar, onu bu yoldan döndərər bilmədilər. O azad medianın, demokratiyanın dönməz müdafiəçisidir”.
Məlahət Zeynallı yerli və beynəlxalq ictimaiyyəti jurnalistin müdafiəsinə çağırıb. “Əvəz Zeynallının müdafiəsi həm də müstəqil medianın müdadfiəsidir”, – deyə o qeyd edib.
Öz növbəsində, rəsmi şəxslər jurnalistin həbsi ilə bağlı hər hansı məlumat verməyib. Rəsmi Bakı bir qayda olaraq ölkədə media azadlığının tam təmin edildiyini və jurnalistlərin yazılarına görə həbs edilmədiyini bəyan edir.
Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində “Xural” qəzetinin təsisçisi və baş redaktoru Zeynalov Əvəz barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, Əvəz Zeynalov Əhmədova Gülər barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, həmin materialların qəzet səhifələrində çap olunacağını bildirməklə ona hədə-qorxu tətbiq edib, bu materialların qəzet səhifələrində çapının dayandırılması müqabilində, yəni səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, maddi nemət olan külli miqdar təşkil edən 10 min manat pulu rüşvət kimi istəyib.
Əvəz Zeynalova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq davam etdirilir.
Cinayət Məcəlləsinin jurnalistə qarşı irəli sürülən yuxarıdakı maddələrinin sanksiyasına görə, onu əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.