“ALJİR”-in əsir qadınları…

Mehriban Ələkbərzadə

III hissə

ATILMIŞ BUMERANQLAR HEÇ DƏ HƏMİŞƏ HƏDƏFƏ GETMİR. ONLARIN DA BƏZİLƏRİ HƏRDƏN AZADLIĞI SEÇİRLƏR…

Qadınlar LAGERlərdə həyat sürmürdülər. “CƏZA”nin işgəncəsini qəbul etmək zorunda idilər.

Akmolinskiy ( kod adı – A.L.J.I.R.)

KARAGANDAdakı cəza-islah düşərgəsinin 17 saylı qadınlar üçün nəzərdə tutulmuş lager ən məşhur lager idi. Daha bu kimi iki qadın lagerləri – adı gizli saxlanmış adaların birində fəaliyyət göstərib. «Arxipelaqa QULAQ»- kod adında.

İslah edilənlər kimlər idi?

VƏTƏN xainlərinin – Buxarinçi, Trotskiçi casusların zövcələri, ləyaqətli kişilərin xanımları… bu kimi xüsusi şöbələrdə “şərəf əzən maşınından” keçirilirdi.

Burdakı məhkumların tərkibi ancaq (NKVD SSSR № 00486 kak ÇSİRı — «çlenı semey izmennikov Rodinı»)) ) vətən xainlərinin ailə üzvləri idi. Bu həm də deportasiya idi.

Qazaxıstanın AKMOLA rayonunda, (1938-1953) indiki Robin kəndində bu düşərgənin xarabvalıqları o zaman və əxlaq haqqında çox şeylər söyləyir.

LƏYAQƏT haqqında rəvayət!

Şərəfsizlik hərdən LƏYAQƏTƏ qalib gəlməyə də bilər…

Onların ardınca baxa-baxa Ceyran içini çəkə-çəkə ağlayırdı. Şükriyyə suallı gözlərlə ona baxırdı: “Sənin üstündə bu “oxrana” bir-birini söyürdü. İndi səndən cüzam vurmuş kimi qaçırlar. Neyləyirsən ki?! Mənə də de!”

Şükriyyə başı ilə tualeti işarə edərək, acı-acı gülümsədi. Sonra yol boyu “qonaq” gedib-gələn dustaq qadınların ona başlarına açılan oyunları necə anlatmağını danışdı… Gecələr belə yata bilmədiyindən bəhs etdi… Hər gözünü yuman kimi sevgili ərinin ona nigaran baxışlarla baxdığını söylədi… Daha sonra gecə tualet növbəsində içəridə bütün paltarlarını çıxarıb illərlə dustaq daşıyan vaqonun ümumi tualetinin döşəmə adlı iyrənc yerini onlarla möhkəm sildiyini bəyan etdi… Paltarların rənginə qədər qaralmasından, onu geyinib-hamını iyrənməyə məcbur etməsindən danışdı. Hətta dustaq qadınları satdığı gədələrdən araq istədiyinə görə, əvəzində onu onlara itələyən anda gədələrin onu itələyərək dayanmış vaqon-otaqda yerə yıxdığını danışdı… Növbətçinin də bu “seçiminə” görə aldığı SİLLƏ mükafatını da qeyd etdi… Hər ikisi güldülər…

Birdən gülümsəyən Ceyran: “Sənə çörək verdilər?” soruşan kimi Şükriyyənin sifətində gülüş dondu. O, acı-acı donuq təbəssümlə ona və son dəstədən olan qadınların gizlində nə isə göyşəyən birinə baxdı. Daha yaraşıqlı, amma bir qədər yaşlı biri isə, başını divara söykəyib gözlərini yumdu. Əlləri qıpqırmızı zolaqlarla şişmişdi. O zolaqdan üzündə də vardı. Hiss olunurdu ki, ağrı ona əzab verir…

– Özün bil, seçim həmişə var, Bayramova xanım.
– Qulaq as, məni başa düş.
– Əgər bu seçimdə də mümkünsüz vəziyyətdən danışacaqsansa, yazıqlar olsun.Ceyran dişini-dişinə sıxaraq, özünü bağırmaqdan güclə saxladı.

Birtəhər dişləri arasında dedi:

– Mən acam!!! Anlayırsan?!
– Yox, necə başa düşüm? Mən haradan bilirəm ac olmaq nədir?

Ceyran ona bir az da yaxınlaşaraq dedi:

– Kinayən üçün layiq adam deyiləm. Mənə de, ac qalmaga tab nədir?

Şükriyyə susub susuzluqdan təpimiş dodağını dişləyərək aclıqdan solan gözlərini qapayıb-açan qadına baxdı. Sonra nəzərlərini qarşısındakı yanğın əleyhinə olan kiçik şüşəli divar dolabına zillədi. Dolabın bulanlıq şüşəsində öz əksinə baxdı. Qəfildən acı qəhqəhə çəkdi. Öz əksində nə qədər əldən düşmüş və qoca göründüyünün fərqinə vardı. Ceyran halsız başını yana saldı. Güman edirdi ki, Şükriyyə ona demək istəmir:

Qisas alırsan? Al, amma unutma, burada hamımız bir taledeyik. Dönüb güclə də olsa ayaqlarını arxasınca sürütlədi. Şükriyyə əlini uzadıb sakitcə onun çiyninə toxundu. Ceyran o dəqiqə ona cevrildi:
– De mənə…
– Nə deyim ki… Necə dözürəm?
– Hə!!!
– Ola bilsin ki, sən bunu anlamayacaqsan. Mən uşaqlarıma sahib çıxmağım bahasına belə ondan ayrılmadım.

…Qatar yenə sürəkli və sürətlə yol gedirdi. Mənzilbaşı deyilən ALJİR-ə yetişə bilmirdi ki, bilmirdi. Yollar uzandlqca, günlər də bir-birini əvəz edirdi.

Hər stansiyada nəzarətçilərin, hərbi–milis qorumanın, “KQB-nin- ştabı” deyilən qapılardan içəri atılmaq üçün aparılan qadınların demək olar ki, heç biri bu “səfərdən” qurtula biməmişdi. Hətta nəzarətçi – yöndəmsiz qadın “daha yaxşı mal” kimi xüsusi olaraq iki qadını daha istismar edəcək dərəcədə istifadəyə verirdi. Etiraz etmək, yaxud da getməməyə israr göstərən də var idi. Aqibət eyni idi. Və bu cür tanıtım daha pis nəticə verirdi. Ən azı, günlərlə su verilmirdi. Gecə bir dəfə də olsa, ehtiyac üçün tualetə buraxılmırdı. Vay o gündən ki, o QONAQ edilənlərdən biri sərxoş olub gələydi. Həmin qadının saçından it küçüyü kimi dartaraq nə çabalamasına, nə yalvarmasına fikir belə vermirdilər. Bəzən gülüşlə onun çabalamasına baxır, yenə də dartıb aparırdılar. Ya da ki, bir az əl-ayağına dolaşmasından səbri tükənən – çəkməsinin dabanı ilə onun ən zərif, ağrılı yerlərinə 10-15 dəfə təpik vurub uzaqlaşırdı. Daha yerdə ikiqat olmuş bir qadına, vaxtilə kiminsə xanımı olmuş bu insana əhəmiyyət verəcək kimsə yox idi. Dəfələrlə bu “10-20 dəqiqəlik səfər”də olanlar da digərlərinə, söyüş-təpik və üzü tüpürcəkli vaqona atılanlara kömək edirdilər. Nə onları, nə də onu qonaq edən kimsələrə “zəhmət haqqı” verilmirdi. Bunun acığını da yenə o qadından çıxan nəzarətçi qadın, onlara həmin gün çox amansız olurdu. Ta ki gecə düşəndə, öz PAY-ını (bu – çox da qalın olmayan qara çörək dilimi , ya sala, ya pendir, ya da 2-3 qənd tikəsi idi) yeyibmiş kimi ətəyində, ya da qoltuğunda saxlayaraq, yatmaq komandasından sonra, kürək-kürəyə uzanıb yatanda qarşıda və arxadakı qonşusuna ötürürdü. Amma Şükriyyənin üfunət-çirkab qoxusu azalmırdı. Əksinə, günü-gündən artırdı.

Ceyran isə, qurtula bilməsə də, ”ehtiyac” duyulanlardan olmamışdı. Amma Şükriyyə ona verilən, qonaq edilən hər şeyi ya almırdı, ya da Ceyrana verirdi. Bu dəfə də belə oldu.

Ceyran ona verilən yarım tikə qəndi xırtıldadaraq dişləyib yedi. İçini çəkə-çəkə ağlasa da, yenə yeməyində davam etdi.

– Neyləyim? Daha dözə bilmirəm.
Şükriyyə gözlərini yummuş halda dedi:

– Yenə acsan? Heç toxtamırsan?
– Hə! Acam… 3 gündür yarım tikə qəndlə necə toxtayım?

Şükriyyə dərindən nəfəs alıb halsızlıqdan cavab vermək həvəsindən daşındı.

Gözlərini yuman kimi – yenə o xoşbəxt, təmiz və işıqlı evlərində olduğu anları təkrar yaşayırdı. Nə aclıq, nə qoxu, nə də təhqir sevimli Əhməd Cavadı, onun gül parçası kimi mələk balalarını, zamanı udub-azaldırdı.

– Sən ac deylsən bəs?

Şükriyyəni o işıqlı, təmiz, çiçək ətirli aləmdən zorla bu qaranlıq, kəsif, çirkab qoxulu vaqonun döşəməsinə salan SƏS sahibi nəfəsini onun üzündə gəzdirdi. Sanki kirəc kimi yapışan səsin təsirindən güclə gözlərini açanda Ceyranın onunla üzbəüz uzandığını görüb çaşdı. Ceyran az qala onun yaxasından tutub yalvardı:

– Dözə bilmək üçün neyləyirsən? 6 gündür… Sən knyaz qızı, kimsəyə əyilmədən, ac-susuz necə dözürsən?

Şükrüyyə güclə yaxasını onun əlindən, üzünü üzündən kənara çevirərək:

– Mən heç kimə heç bir vaxt – onun adına, ləyaqətinə toxunmaq imkanı vermərəm…

Ceyran dişini-dişinə sıxıb inildədi:

-Tüpürüm sədaqətinə!!! Aclığa NECƏ dözmək olar?

Şükriyyə astadan dedi:

– Bilisən, Ceyran… Bu, bir az da qürur məsələsidir.

Ceyran dözə bilməyərək var gücü ilə bağırdı:

-…Mən ACAM! Yemək istəyirəm. Boğuluram! SU istəyirəm! Axı dözə bilmirəm. Elə bilirsən o çörəyi yeyəndə xəcalət çəkmirəm? Yer ayrılmır ki, yerə girim…

Şükriyyə onu sakitləşdirmək istəsə də, mümkün olmadı. Əli ilə onun ağzını tutdu. Gücü çatmadığından dikəlib onun çiynindən basaraq ayağa durmağa mane oldu. Daha cüssəli olan Ceyran ona güc gəlsə də, daha bağırmırdı. Titrəyə-titrəyə deyirdi:

– Sən mənim miskinliyimi vurğulayib ləzzət alırsan? Qoy olsun, knyagina. Amma mənə də ləyaqətimi qorumağa yol göstər!

Şükriyyə onun üzünü əlləri ilə özünə çevirərək dedi:

– Sakit ol! Bu saat tökülüşüb gələcəklər.

Ceyran səsini o dəqiqə kəsib tez-tez dedi:

– Nə desən edərəm. Təkcə bir də bu aclığı duymaq istəmirəm.

Şükriyyə çətinliklə yerə uzanaraq dedi:

– Uzan! Özün də səsini kəs. Hamını oyatmaq istəyirsən?

Ceyran tez ağzını iki əli ilə örtərək onunla üzbəüz uzandı. İki qadın baş-başa verib pıçıltı ilə danışmağa başladılar.

Şükriyyə ona ” vaqon səyahətinin ilk kinosu“nu danışırdı.

Onları ilk stansiyada 2 günlük yoldan sonra, gecənin yarısı, soyuq yağışın altında 2 km piyada yol aparmalarından danışdı, qəhərləndi. Tamam islanmış halda soyuqdan titrəmələrini, nəhayət, gəlib bir “podval”a girməyə onları necə vadar etdiklərini də danışdı…

Daha göz yaşlarını saxlaya bilməyən Şükriyyə, nə qədər asta danışsa da, boğulurdu. Udqunaraq davam etmək istəyir, bacarmırdı. Ceyran gərilmiş əsəblə ondan sonuc gözləyirdi. Amma bir az keçəndən sonra o da Şükriyyəyə qoşulub gözünün suyunu axıdırdı.

Nəhayət ki, “podval”a nəzarətçinin zərbələri altında girdiyini, ətəyinin və şalının divarın dibindəki pisliyə bulaşdığını, onu necə döyüb-çölə çıxardıqlarını danışdı.

Növbəti dəfə, gecə tualet növbəsində, alt paltarını da çıxararaq, tualet döşəməsini tamam-kamal silib-sürtməsindən, itin belə iyrənib girmək istəməyəcəyi o kiçik yerdə uzanaraq, saç-sifəti, əl-ayağı ilə pisliyi özünə islatmasından danışdı.

– Və məni kimsə istəmədi. Əksinə, hələ bunun “pay”ı kəsilirdi. Özünü yırtıb-dağıdırdı, “o qəsdən belə edir” deyə. Qulaq da asmırdılar. Məni o qədər kənarda saxlayırdılar ki…

Ceyran dözmədi. Dikəlib dözümsüz halda dedi:

– Mənə AC qalmağı bacamağı de!

Şükriyyə ona baxaraq susdu.

– Bunları mən də gördim. Dözməyin səbəbini de!

Şükriyyənin inamsız baxışlarına mərhəməti güc gəldi. Əlini atıb sinəsindən içəridə gizlətdiyi balaca, amma paslı sancağı çıxardı.

– Bəs mənim əlimdən hər şeyi aldılar ki, olmaz?
– Sus!
– Dözə bilmirəm….
– Uşaqlıq eləmə. Hara getdiyimizin səbəbini bilməmiş deyilsən. Ceyran sakitcə ağlayırdı. Hətta gözündən süzülüb burnuna tökülən yaşları da silmək halında deyildi.

Şükriyyə davam edirdi:

– Kimsə bizə oraya sag gedib çıxacağımıza, ya da nə vaxtsa qayıdacağımıza söz verib?

Ceyran başını buladı.

Şükriyyə sancağı çıxarıb onun qulağına dedi:

– Mən gündə bir dəfə bu sancaqla bir barmağımı bax-belə… – sancaq ilə kiçik barmağını deşib, hamı yatandan sonra soruram.

Ceyran əlini uzadıb sancağı almaq istəyəndə, Şükriyyə dedi:

– Bax a, əvvəl adamın ürəyi bulanır. Sadəcə istək öləcək. Ürək bulantısı təbiidir.
– Gözlərinə işıq gəlməyinə gələcək. Amma mədən…

Ceyran sancağı alaraq ona baxdı. Şükriyyə bir barmağını və necə deşmək üsulunu imitasiya edirdi. Ceyran üc barmağını birləşdirib paslı sancaqla onları tez-tez deşdi və sancağı Şükriyyəyə tərəf atdı. Sonra üç barmağını acgözlüklə ağzına salıb körpə anasını əmirmiş kimi sormağa başladı.

Şükriyyə astaca uzanıb sakitcə dedi:

– Allah yaratdığı insanı hərdən seçimin çətin olduğu vaxtda faili-muxtar buraxıb ona baxır. Onun seçiminə baxır. Bizim içimizə girmədən də şeytan zəif yerimizin nə olduğunu bilir. Və şeytan bizi içimizdəki boşluqlarla vurur.

Zülümlə Ceyrana tərəf çevrildi:

– Sənin içindəki boşluq səni nə vaxtsa vuracaq…

Şükriyyə ondan cavab eşitmədiyinə görə, bir az da dikəlib onun üzünə baxdı.

Ceyran körpə, yetim uşaq kimi barmaqlarını sora-sora yatırdı…

Şükriyyə digər qadınlara da baxaraq uzandı… Onlar hələ 3 gün də yol gedəcəkdilər…

…Sonra “ALJİR” deyilən o məkana gəlib çıxdılar. Orada – bir ayrı şərtlər daxilində də seçim etməliydilər. 8 ildən sonra “ALJİR” (“Akmolinski Laqer Jonı İzmenniki Rodinu”) adlı məkandan Vətəninə dönən Əhməd Cavadın xanımı şəhərbəşəhər düşüb bir-bir balalarını topladı. Əhməd Cavadın ocağını yenidən yandırdı.

Və… bir az da dərindən düşünəndə görürsən ki, heç kimin başqa birisini qınamağa, yaxud ittiham etməyə ixtiyarı yoxdur. Hər kəs seçimində özünü təsdiq edir. Əxlaqsızlığın əxlaq normasına çevrildiyi yerdə də, şərəfsizliyin ən yüksək mənsəbə bərabər olduğu zamanda da ləyaqətli və əxlaqlı olaraq qalmaq mümkündür. Yetər ki, bu ləyaqət və ya şərəf sənin içindən gəlsin..

SON

“Xural” qezeti
il: 9, sayı: 047(407), 19-25 dekabr 2010-cu il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button