“AVROPA MƏHKƏMƏSİNİN QƏRARI XIRDA SƏHVLƏR, YADDAN ÇIXAN DETALLARLA BAĞLIDIR”

“Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərar Əli Kərimli, Qulamhüseyn Əlibəyli, Sərdar Cəlaloğlu və Arif Hacılının 2005-ci ildə deputat seçilməsi demək deyil”. Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına açıqlamasında belə deyib.

Yanvarın 10-da Avropa İnsan Hüquqları Məhkəməsi 2005-ci ildə deputatlığa namizəd olmuş Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə bağlı qərarını elan edib. Bu şəxslər məhkəməyə azad seçki hüququnun pozulması və siyasi ayrı-seçkiliyə məruz qalmaları ilə bağlı müraciət etmişdi. Məhkəmə onların şikayətini təmin edib. Qərarla Azərbaycan dövləti Əli Kərimliyə 30 500, Qulamhüseyn Əlibəyliyə 10 500 avro, Sərdar Cəlaloğlu və Arif Hacılının hər birinə 9100 avro təzminat ödəməlidir.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına münasibət bildirən Siyavuş Novruzov deyib ki, Mərkəzi Seçki Komissiyası və Konstitusiya Məhkəməsi 2005-ci ildə qərarını verib: “Seçki bir prosesdir. Prosesdə, yekun qərarın hansısa hissəsində anlaşılmazlıq olubsa, Avropa İnsan Hüquqları Məhkəməsi bununla bağlı qərar çıxarıb. Avropa Məhkəməsinin qərarı prosedurada olan xırda səhvlər, yaddan çıxan detallarla bağlıdır. Mən Avropa Məhkəməsinin siyasi məhbus adı altında çıxardığı qərarlara da baxmışam. Orada bu adamların fəaliyyəti ilə bağlı heç nə yazılmır, qərar çıxarılmır. Cinayət Məcəlləsi, prosedura qaydaları var. Bunlardan hansısa biri pozulur. Belə olan halda Avropa Məhkəməsi qərar qəbul edir. Bunlar formal məsələlərdir. Burada mahiyyətə, motivə aid məsələ yoxdur.

Azərbaycanda 5 min seçki məntəqəsi var, burada 30 mindən artıq insan çalışır. Ola bilər ki, kimlərsə seçkinin nəticələrini göstərən protokolu ləkələyir, nəyisə yazıb sonra pozur, düzəltmək istəyir. Bunlar ştatlı işçilər deyillər və mütəmadi bu işlə məşğul olmurlar. Ola bilər ki, kimsə işinin öhdəsindən tam gəlməsin. Amma bunlar seçkinin nəticələrinə təsir edən amillər deyil”.

13.01.2012

MEDİAFORUM

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button