“Azərbaycan hakimiyyəti idarəolunmaz vəziyyətdədir”

İsa Qəmbər: “Xural” qəzetinin bağlanması və baş redaktorun həbsi hakimiyyətin qorxu və təlaş içində olmasından xəbər verir”

“Ərəb ölkələrində gedən proseslər bizim sərhədlərimizə yaxınlaşır”

Müxalifət bələdiyyələrdə boş qalan yerlərə seçkidə iştirak etmədi və bu bir daha hakimiyyətin səsvermənin nəticələrini saxtalaşdırmasına şans verdi. Təbii ki, müxalifətin bu biganəliyi cəmiyyətdə “səsverməyə getməyin xeyri yoxdur, onsuz da nəticələr saxtalaşdırılır” rəyini bir qədər də artırdı. Uzun illərdir seçkilərin nəticələrinin saxtalaşdırılması hakimiyyət üçün ənənəyə çevrilib və hətta beynəlxalq ictimaiyyətin təzyiqləri də Azərbaycanda heç bir real siyasi islahatın aparılması ilə nəticələnməyib. Müsavat Partiyasının başqanı İsa Qəmbərlə söhbətə əvvəlcə müxalifətin bələdiyyə seçkilərinə niyə bu qədər biganə yanaşmasının səbəblərinə aydınlıq gətirilməsi ilə başladıq.

Əhalinin seçkiyə marağı azalır

– Əliyevlər hakimiyyəti dövründə Azərbaycanda keçirilən bütün seçkilər total şəkildə saxtalaşdırıldığından cəmiyyətdə seçki institutuna inam çox aşağı düşüb. Bu ənənə özünü bələdiyyə seçkilərində xüsusilə göstərir. Əgər 1999-cu ildə keçirilən bələdiyyə seçkilərində müxalifətin iştirakı nisbətən mümkün oldusa və namizədlərimiz bir çox məntəqələrdə uğurlu nəticələr göstərə bildisə, 2004-cü ildə hakimiyyət bu seçkiləri tam idarə etmək xəttini seçdi. Nəticədə xeyli sayda qaliblərimiz olsa da, bələdiyyələrdə müxalifətçilərin çox məhdud sayda təmsil olunmasına imkan verildi. 2009-cu ildə isə ümumiyyətlə seçkilər hakimiyyətin müxalifəti sıradan çıxarmaq siyasətinə uyğun keçirildi, beləliklə bir nəfər də olsun müxalifətçi bələdiyyə strukturlarına yaxın buraxılmadı. Bu seçkilərə gəldikdə, Müsavat rəsmən boykot haqda qərar qəbul etmədiyindən üzvlərimizin iştirakına da qadağa qoymamışdıq. Müxalifətin hər hansı kampaniya aparmaması isə seçkinin cəmiyyətdə heç bir əks-səda yaratmaması və hakimiyyətin seçki institutunu məhv etmək istiqamətində növbəti bir oyun oynaması ilə başa çatdı.

– Sizcə, müxalifətin bu biganəliyi hesabına “hakimiyyət seçkinin nəticələrini saxtalaşdırır” rəyi daha da güclənmədimi?

– Hakimiyyətin nəticələri saxtalaşdırması seçicilərin fəal olub-olmamasından asılı deyil. Amma təbii ki, saxtalaşdırma davam etdikcə cəmiyyətin də seçkilərə marağı azalır.

Hakimiyyət prosesləri idarə etmək iqtidarında deyil

– İsa bəy, dünyada baş verən hakimiyyət dəyişiklikləri və demokratikləşmə istiqamətində gedən ictimai-siyasi proseslər fonunda Azərbaycanda vicdan məhbuslarının sayı getdikcə artmaqdadır. Hakimiyyətin dünyada və öz ətrafında baş verən proseslərə aqressiyası, sizcə, nə qədər davam edəcək?

– Hakimiyyət 2008-ci ilin prezident seçkilərindən başlayaraq ölkədə müxalifəti ümumiyyətlə sıradan çıxarmaq, müxalif siyasi qüvvələrin fəaliyyətini tamamilə qeyri-mümkün vəziyyətə gətirmək xəttini seçib. Yadınızdadırsa, hətta bir neçə dəfə bəyanatlar da vermişdilər ki, Azərbaycanda 2008-ci ildən sonra müxalifət olmayacaq. 2010-cu il parlament seçkilərində bizim kifayət qədər fəal iştirak edib bir çox dairələrdə uğur əldə etməyimizə baxmayaraq, bir nəfər də olsun müxalifət nümayəndəsinin qələbəsi tanınmadı. Hakimiyyətin proseslərə bu cür yanaşmasında məqsəd partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsini öz istəyinə uyğun həll etməkdir. Bununla hakimiyyət inersiya ilə müxalifətin sıradan çıxarılması xəttini davam etdirir. Digər tərəfdən, hakimiyyətin idarəolunmaz vəziyyətə gəlməsi də xüsusi rol oynayır. Bu hakimiyyətin siyasi iradəsi qətiyyən yoxdur. Hakimiyyət dərk edir ki, islahatlar rejimin fəaliyyətini məhdudlaşdıracaq. Məsələn, iqtisadi islahatlar aparılacaqsa, korrupsiya imkanları məhdudlaşacaq, siyasi islahatlar istiqamətində addımlar atılacaqsa, hakimiyyəti zəbt etmək imkanları azalacaq. Ona görə hansısa addımlar atmırlar. Üstəlik, idarəetmənin tamamilə bərbad vəziyyətə gəlməsi elə bir situasiya yaradır ki, hakimiyyət sadəcə olaraq proseslərə reaksiya verə bilmir. Hakimiyyət faktiki olaraq prosesləri idarə etmək iqtidarında deyil. Bir çox məsələlərlə bağlı beynəlxalq birliyin mövqeyi, tövsiyələri o həddədir ki, hakimiyyət bunların qəbul olunmasının vacibliyini başa düşür. Bunlar Azərbaycanın köklü maraqları ilə bağlı məsələlərdir və bu istiqamətdə addımlar atılmadıqca, hakimiyyətin vəziyyəti ağırlaşmaqda davam edəcək. Hətta bu situasiyada belə hakimiyyət hansısa qərarlar qəbul edə bilmir.

– Sizcə, hakimiyyətin yuxarı eşalonunda bu situasiyanın özlərinin ziyanına işlədiyinin fərqində deyillərmi?
– Təbii ki, hakimiyyətin içində vəziyyəti dərk edən insanlar var. Bizdə olan məlumatlara görə, onlar öz aralarında bu məsələləri müzakirə edirlər, sadəcə, cəsarətləri çatmır ki, bunları özlərindən daha yuxarı instansiyaların qarşısında qaldırsınlar və özlərindən daha yuxarı vəzifəli şəxsləri islahatların aparılması zərurətinə inandırsınlar.

Ölkədə korrupsiya dəhşətli səviyyədədir

– Bəlkə, həmin məmurlar qəti mövqe göstərmək üçün hansısa situasiyanın yetişməsini, məsələn, müxalifət qüvvələrinin irəli çıxmasını, cəmiyyətin ciddi fəallıq nümayiş etdirməsini gözləyirlər?

– Nəzəri cəhətdən onların bu gözləntisi mümkündür.
– “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı qondarma ittihamlarla həbs olunub, yazıçı-publisist Rafiq Tağı bıçaqlanaraq öldürülüb, dünyada tanınan alim Rafiq Əliyev, eləcə də digər ziyalılar repressiya ilə üzləşiblər. Müxalifətin təqib olunması hakimiyyətə iddialılığı ilə bağlıdır. Bəs mediaya, müstəqil fikirli ziyalılara qarşı təqiblərdə məqsəd nədir?

– Bir qədər əvvəl dedim ki, 2010-cu il seçkilərində parlamentə bir nəfər də olsun müxalifət nümayəndəsi buraxılmadı. Amma onu da qeyd etmək lazımdır ki, parlamentdə bir nəfər də olsun müstəqil şəxs yoxdur. Yəni hakimiyyət müxalifətdən bəlkə də daha çox müstəqil fikirlilərin, bitərəflərin fəallaşmasından qorxur. İndiki halda iddia edirlər ki, ölkədə hər şey qaydasındadır, xırda problemləri isə hakimiyyət həll edəcək, hamı vəziyyətdən razıdır, sadəcə bir qrup müxalifətçi narazıdır və guya onlar öz şəxsi maraqlarına görə belə çıxışlar edirlər. Müstəqil insanların problemləri qabartmasından, Ziyalılar Forumunun fəallaşmasından, digər ziyalı kəsimlərinin mövqelərini ifadə etməyə başlamasından, müxalifətə yaxın olmayan media strukturlarının müstəqil mövqe nümayiş etdirməsindən və tənqidi daha da sərtləşdirməsindən hakimiyyət təbii ki, daha çox əndişəyə düşür. Anlayırlar ki, əgər bu proses davam eləsə, ziyalılar və orta səviyyəli məmuraların da narazılığı ilə qarşılaşacaqlar, medianın tədricən hakimiyyətin nəzarətindən çıxması və müstəqil mövqe nümayiş etdirməsi dərinləşəcək. Bu halda təbii ki, cəmiyyətin fəallaşmasına bir addım qalacaq. Hakimiyyət bundan çəkindiyi üçün müxalifətə qarşı apardığı repressiya siyasətini bu və ya başqa formada müstəqil şəxslərə, müstəqil media strukturlarına qarşı da aparmaqdadır. “Xural”ın bağlanması və baş redaktorunun həbs edilməsi, Rafiq Əliyevin işdən çıxarılması və digər proseslər həmin qorxunun təzahürüdür.
– Maraqlıdır ki, hakimiyyət çörəkpulu qazanmağa başı qarışan insanlara qarşı da amansız davranmaqdadır. Son qiymət artımları bunu bir daha sübut etdi. Hakimiyyət çörəkpulunu da əlindən almağa cəhd etdiyi cəmiyyətin bu kəsiminin mübarizə aparmaq əzminin aşağı olduğundanumu güman edir?
– Əslində, qiymət artmları cəmiyyətdə qınanır. Bunu həm müxalifət, həm ziyalılar edirlər, media da bu prosesə qoşulub. Son günlər gənclərin qiymət artımına qarşı aksiyalar keçirməsini də qeyd etmək lazımdır. Amma nə baş verir? Ölkədə dəhşətli korrupsiya var və aydın iqtisadi siyasət konsepsiyası yoxdur. Bərbad idarəetmə, üstəlik də korrupsiya büdcəni çox çətin vəziyyətə salır. Bu hakimiyyət nə səmərəli idarəetmə ilə büdcənin sağlam gəlirlərinin artmasının yollarını tapa, nə də büdcədənkənar və büdcənin özündən oğurluqlara, mənimsəmələrə son qoya bilir. Bu halda büdcədə daha çox pul əldə etmək üçün vətəndaşların cibinə bir daha əl atırlar. Ekspertlərin araşdırmasından açıq-aydın görünür ki, vəziyyəti dəyişmək nəzəri cəhətən mümkündür. Bundan ötrü, məsələn, metroda idarəetmə səmərəli hala gətirilməlidir. O zaman metroda və digər xidmət sahələrində qiymətlərin artırılmasına zərurət yaranmazdı. Təbii ki, müəyyən etirazlar olsa da, görünür bu aksiyalar hakimiyyəti bu cür addım atmaqdan çəkindirmək üçün yetərli deyil. Əgər cəmiyyət metroda gedişhaqqının artırılmasına kifayət qədər narazılığını ifadə edə bilməyəcəksə, ekspertlərin də proqnozlaşdırdığı kimi 2012-ci ildən başlayaraq digər sahələrdə də qiymət artımı ilə üzbəüz qalacağıq.

2012-ci ildə proseslər sürətlənəcək

– İctimai Palata yaranandan bəri hakimiyyətə siyasi islahatların aparılması ilə bağlı təkliflər verib. Ötən bir il ərzində bu istiqamətdə heç bir addım atılmayıb. Hakimiyyətin hansısa islahata gedəcəyinə inanırsınızmı?
– Əvvəlcə onu qeyd edim ki, İctimai Palatanın yaranması ilə seçkidən sonra bir qayda olaraq cəmiyyətdə meydana çıxan siyasi durğunluğun təkrar olunmasına imkan verilmədi. Bir il müddətində bu qurum özünü həm ölkə daxilində təsdiq etdi, həm də beynəlxalq miqyasda tanındı. İP çərçivəsində kütləvi tədbirlər keçirilib, “Yol xəritə”si hazırlanıb cəmiyyətə və hakimiyyətə təqdim edilib. Amma il ərzində bütün çağırışlarımıza baxmayaraq, hakimiyyətin islahat adına heç bir real addım atmaması təbii ki, İP təmsilçilərini də ciddi düşündürür. Yəqin ki, yaranmış vəziyyəti müzakirə edib 2012-ci ildə qurumun fəaliyyətinin şəraitə uyğun müəyyənləşməsinə ehtiyac yaranacaq. Hazırda İP-in Koordinasiya Şurasında və digər strukturlarda bu məsələlər müzakirə olunur. Şübhəsiz ki, Azərbaycanın gələcəyini düşünən digər qurumlardan da daha çox fəallıq, təşəbbüskarlıq tələb olunacaq.
– Müşahidələr göstərir ki, İP-də təmsil olunan qüvvələr daha ciddi hərəkətə keçmək üçün hansısa situasiyanın yetişməsini gözləyir. Bu situasiya nə vaxt yetişəcək? Ümumiyyətlə, gözləntiləriniz hansı prosesin baş verməsi ilə bağlıdır?
– Biz reallığa uyğun və zəruri olan addımlar atmağa çalışırıq. Təbii ki, bizim aksiyalarımız cəmiyyətin kütləvi tədbirlərə hazırlığından xeyli dərəcədə asılıdır. Bütün bu amilləri nəzərə alaraq yaxın müddətdə növbəti qərarlarımızı qəbul edəcəyik.
– 2013-cü il seçkiləri ilə bağlı nəzərdə tutulan hadisələr gələn il baş verə bilərmi?
– Öncə onu bildirim ki, yola salmağa hazırlaşdığımız bu ildə demokratik qüvvələr toparlanmaq və cəmiyyəti fəallaşdırmaq üçün nə mümkünsə, etməyə çalışıblar. Nəyə nail olmamışıqsa, deməli, 2012-ci ildə bu prosesi daha fədakarlıqla davam etdirməliyik. Eyni zamanda, təbii ki, 2012-ci il prezident seçkiləri ərəfəsi olduğu üçün cəmiyyətin fəallşamasının da öz şərtləri və motivləri olacaq. Əminəm ki, 2012-ci ildə proseslər daha da sürətlənəcək. Bu ilk növbədə daxili amillərlə bağlı olacaq. Digər tərəfdən, şübhəsiz ki, beynəlxalq miqyasda gedən proseslər də Azərbaycana təsir göstərəcək. Ərəb ölkələrindəki hadisələr nəticəsində dörd diktatura rejimi çökdü, bir çoxlarının taxtı laxladı. Bu proseslərin bizim sərhədlərimizə yaxınlaşması, İranda gedən proseslər də göz qabağındadır. Ona görə 2012-ci ildə təbii ki, bizim regionda da siyasi proseslərin sürətlənməsi qaçılmazdır. Təsadüfi deyil ki, hətta Suriyanın diktatoru Bəşər Əsəd də son müsahibəsində bu ölkədən sonra növbənin Cənubi Qafqaza çatacağına işarə edib.

Azər Hüseynbala

ASİ-Xural

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button