“Bank of Baku” rəzaləti!

Və ya “hayl, hakimlər!”

Veselin Mehdinin köməyinə gəlmədi…

Cəlilabadlı Mehdi Mehdiyev “Bank of Baku”ya olmayan borcunu ödəmək üçün sələminə pul verən axtarır…

 Hansı daha ədalətlidir: “Javer, yoxsa İlqar Qaralov?”

 “Nə qədər ki, əsrimizin üç əsas məsələsi həll edilməmiş qalacaq, yəni proletariat alçaldılacaq, qadınlar aclıq nəticəsində mənəvi süquta uğrayacaq, uşaqları gecənin qaranlığı udacaq; nə qədər ki, yer üzündə dilənçilik və nadanlıq davam edəcək, bu cür kitablar mənfəətsiz qalmayacaqdır”. (V.Hüqo, “Səfillər” romanı).

 Yəqin ki, Xətai Rayon Məhkəməsinin hakimləri Leyla Talıbova, İlqar Qaralov və “Bank of Baku” ASC İdarə Heyətinin sədri F.S.Əlizadə böyük fransız yazıçısı V.Hüqonun məhşur “Səfillər” romanını oxuyublar. Hələlik onlara nə fahişə Fantina, nə yetim uşaqlar Kozetta və Qavroş haqqında yox, romanın iki əzəmətli personası – səfillər aləminin təmsilçisi Jan Valjan və polis müfəttişi Javerdən danışacam.

Bildiyiniz kimi polis müfəttişi Javer ömrünün böyük bir hissəsini qatı cinayətkar hesab etdiyi Jan Valjanın təqibinə həsr edir. Ancaq elə bir gün gəlir ki, Javer əsir düşür və Jan Valjanın onu öldürmək üçün fürsəti yaranır. Lakin Jan Valjan əbədi və barışmaz düşmənini öldürmək əvəzinə, onu azad etmək yolunu seçir. Jan Valyanın mövqeyi Javerin daxilində ağlasığmaz dəyişikliklərin yaranmasına səbəb olur və Javer daxilini təlatümə gətirən paradokslara tab gətirməyərək intihar yolunu seçir. Onun intiharının səbəbi bəsit olduğu qədər mürəkkəb və möhtəşəmdir. O mənada ki polis müfəttişi olaraq dövləti təmsil edən Javer öz intiharı ilə əxlaqi qanunların ictimai qanunlardan daha yuxarıda dayandığını etiraf edir.

Bu isə o deməkdir ki, 21-ci əsr Azərbaycanı 18-ci əsr burjua Fransasından ən azı iki yüz il geridə qalır. Hərçənd bütün olub-keçənlərin konteksində nə Xətai Rayon Məhkəməsini, nə “Bank of Baku” bankını qınamaq istəmirəm. Çünki hakimi də bankiri qədər kapitalist düşüncəsinə malik millətin və dövlətin məhkəməsindən ədalətli nə isə gözləmək ağılsızlıqdan başqa bir şey deyil. Qəbul etmək zorundayıq ki, özünü millətin “yağı-balı” hesab edən vəzifə və imkan sahiblərinin əxlaqi qanunlarla əlaqəli zərrə qədər də anlayış və düşüncəsi yoxdur. Ona görə ki, əxlaqi qanunlar mənəviyyata, ictimai qanunlar maddiyyata xidmət göstərir.

 Ulu Öndərin şəkli həbs edildi…

 “Xural” qəzetinin son saylarında dərc olunan “Mehdi Veselini çağırır!” adlı tənqidi yazım Oxucular və aidiyyatı orqanlar tərəfindən oxunar-oxunmaz Cəlilabad rayon Ocaqlı kənd sakini Mehdi Mehdiyev “İcra bölməsi”nə çağrılaraq daha ağır təzyiq və təhdidlərə tuş gətirildi. Özünü cəlilabadlı hesab edən Səbuhi Həmzəyev adlı məhkəmə icraçısı hətta Prezidentin də Mehdiyə kömək edə bilməyəcəyini əsas gətirərək (maraqlıdır, görəsən S.Həmzəyev Prezidentin Mehdiyə kömək edə bilməyəcəyini haradan bilir?), Cəlilabad yol polisinin polisdən çox “qəssaba” oxşayan Abıyev soyadlı əməkdaşı ilə birlikdə ona məxsus maşını həbs etdi. O maşını ki, içərisindən Ulu Öndər Heydər Əliyevlə Mehdinin anası olan Prezident təqaüdçüsü, Sosialist Əməyi Qəhrəmanı Gülxara Mehdiyevanın şəkli asılmışdı. Mehdi maşını pul verib aldığını təkrar-təkrar qeyd etsə də, heç bir xeyri olmadı. Xüsusən, Abıyev soyadlı polis əməkdaşı Mehdiyə qarşı hədsiz aqressiv davranır, özünü bu millətin düşməni olan ermənilərdən betər aparırdı. Sonradan öyrəndik ki, bu cavan “qəssab” Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin dost-doğma qardaşı oğludur. Görünür, imansızlıq və qəddarlıq da elə ondan gəlir. Belə bəlanınsa müalicəsi yoxdur!

Bu millət sizə nə pislik edib, cənab hakimlər?!

 …Allahsızlıqdır! Belə ədalətsizliklərlə üzləşdikcə, bu millətin övladı, bu dövlətin vətəndaşı olduğundan xəcalət çəkirsən və düşünürsən ki, doğrudan da millətimiz və dövlətimiz sahibsizdir. Sahibi olan millətin hakimi bu qədər ədalətsiz, yiyəsi olan dövlətin bankiri bu dərəcədə zalım ola bilməz axı. Məgər Azərbaycan Respublikasında fəaliyyət göstərən 300-dən yuxarı hakimin, yüzlərlə bank əməkdaşının aldıqları maşınları öz adlarına qeydiyyatdan keçib? Təbii ki, yox. Yaxud hansı azərbaycanlı hakim və ya bank əməkdaşı kiminsə əvəzinə borc ödəyər? Bilirsiniz, bu gün Mehdinin başına gətirilənlər nəyə oxşayır və nələrə stimul yaradır? İzah etmək, anlatmaq nə qədər çətin olsa da deyəcəyəm. Bu cür imansız yol tutub gedən hakimlər sabah, ya birisi gün arvadları kişilərindən, kişiləri arvadlarından boşayıb, başqa biriləri ilə calaşdırmaq oyunlarına da girişəcəklər. Adını da qoyacaqlar: “Məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası məcburidir.” Yaxşı da, ay “sudya”, başa düşdük, lakin sən də başa düş ki, bu dövləti var eləyən bu dövlətin ərazisində yaşayan insanlardır. O insanlar olmasaydı, nə bu millət, nə bu dövlət ola bilməzdi. Səni də, səndən o birisini də hakim, bankir, nazir, başçı edən bu millətdir. Əgər sən doğrudan da bu qədər güclüsənsə, dövlətin adından çıxış etməyinlə bu dərəcədə qürrələnirsənsə, onda hər gün cəbhə xəttində erməni gülləsinə tuş gələn vətən övladlarının xeyrinə hökmlər çıxar və dövlətin gücündən istifadə edib, erməniləri cəzalandır.

Deyəsən, Namiq Hüseynov adında adam yoxdur

 Ay mənim “Bank of Baku”dakı arkadaşlarım, ay mənim ədalət mühakiməsini həyata keçirən hakimlərim, axı nə olub sizə? Nə istəyirsiniz gecəsini gündüzünə qatıb işləyərək dövlətin büdcəsini dolduran, övladları erməni ilə üzbə-üz səngərlərdə gözünü yummadan xidmət göstərən (sizin və gülbalalarınızın əmlakını, var-yoxunu qoruyurlar) bu millətdən? Bu millət daha nə etməlidir ki, onun yaxasından və cibindən əl çəkəsiniz?

Ay “Bank oxxx…Baku”nun əməkdaşları! Məgər sizin zülmünüzdən hansısa xarici ölkəyə qaçan Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 26, mənzil 24-də qeydiyyatda olan Hüseynov Namiq Tahir oğluna istehlak krediti verəndə cəlilabadlı Mehdi Mehdiyevlə məsləhətləşmişdiniz ki, indi ondan əl çəkmirsiniz? Bəlkə izah edəsiniz. Hanı Hüseynov Namiq Tahir oğluna zamin duran şəxs? Axı mümkün deyil ki, siz ona krediti zamini olmadan buraxasınız. Bəlkə heç Namiq adında adam yoxdu? Bəlkə Namiqin zamini də xaricə qaçıb? Bank sirridir deyə çoxmu sürdürəcəksiniz murdar və iyrənc oyunlarınızı? Bəlkə Mehdinin özüdür zamin? Yazıqdır, binəvadır Mehdi. Deyin, qoy o da bilsin. Bilsin ki, ürəyi sərinlik tapsın; bilsin ki, anasına Prezident təqaüdü verən prezidentə, dövlətin adından çıxış edən məhkəmələrə inam və ümidini itirməsin.

 Yazının “Daban”ı:

 Beləliklə, “Mehdi Veselini çağırır!” yazısında göstərdiyim proseslər məntiqi sonluğuna çatmaq üzrədir. Əldə etdiyimiz məlumatlara görə, artıq Mehdiyə məxsus maşın satılıb, hətta sahibi də məlumdur. Mehdi isə dəhşətli təlaş içərisində vurnuxur, xaricə qaçmış Hüseynov Hamiq Tahir oğlunun borcunu ödəmək üçün sələmçi axtarır.

Dostu Veselinsə gələ bilməsə də, ismarıc göndərib. İsmarıcda deyilir: “Bağışla ki, gələ bilmədim. Daha doğrusu, qorxdum gəlməyə. Burada məni başa saldılar ki, Azərbaycan çox dəyişib, nemesdərə xahişim getməsin. Mən də lap o vaxtlar olduğu kimi “hayl hakimler” deyib, aradan cırdım. Mümkünsə adımı oralarda az hallandır. Qoy ölüm yerimdə-yurdumda”.

 Hüsaməddin Sərxan

Cəlilabad şəhəri

Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button