“Diriləri basdırın” diktatorlara ithafən yazılıb

Zümrüd Yağmur: “Qadınlar sanki öz qənimlərini bəsləməkdən zövq alırlar”

 Məgər Soljenitsin rusları balalayka çalıb xor oxuduğuna görə tənqid edirdi?

 – Zümrüd xanım, Azərbaycan ədəbiyyatında roman tufanının olmasını dilə gətirib, bundan narahat olanlar da var, siz necə, bununla razısınızmı?

– Yazılmayanda da etiraz, yazılanda da etiraz var. Bu bir az sağlam yanaşma deyil, çox roman yazılırsa daha yaxşılarını seçmək imkanı da çoxalır, bu baxımdan romanların sayının çox olmasından rahatsız olmaq lazım deyil. Məncə, əsl rahatsızlıq bu deyil, əsas olan  ədəbiyyatda olanların özünə lazım olduğundan artıq mənalar yükləməsidir. Romanlar qoy çox olsun, amma yazarların sakitliyi və müdrikliyi bundan çox olsa hər şey özlüyündə tənzimlənəcək.

– Yaxşı, bəs sizdə necə, növbəti roman hazırdır, yoxsa hələ Oxucular gözləməli olacaq?

– Noyabr ayının axırlarında yeni roman dərc olunacaq, “Diriləri basdırın” adlanır.

– Yenəmi siyasi romandır?

Demək olmaz, amma  ölkədəki vəziyyət göstərilib və kitab “Diktatorlara ithaf” olunub.

– Qəribədir, adətən qəhrəmanlara, mütərəqqi adamlara ithaf olunur, sizsə diktatorlara, demək ki, yenə siyasi çalarlar var?

– “Allah qayıdır”dan fərqli olaraq bu əsərdə siyasi qəhramanlar, müxalifət və iqtidar yoxdur, ancaq düşüncə və arzuların savaşı, mübarizəsi var. Gücün diktaturasını qurub dünyanın onun başına fırlandığını zənn edənlərin tiranlığı və elə bu tiranlığın içində də məhv olmanın psixoloji açmaları var. Bir sözlə, bu dəfə açıq deyil, bir baxış, hətta gözün rənginə köçüb ölkədə baş verənlər… Bir az səbrli olaq, az sonra Oxucu oxuyub özü müəyyən edəcək.

– Sizin əsərlər müasir dövr ədəbiyyatı üçün bir az psixoloji çəhətdən yüklü olur, sizcə bu, Oxucuları yormur ki?

– Niyə yorsun ki. Hər kəsin öz Oxucusu, hər rəsm əsərinin öz tamaşaçısı, hər musiqinin öz dinləyicisi olur. Əslinə baxsaq, müasir ədəbiyyatın indiki durumunu bir az təhlil etsək, görərik ki, sanki biri küçədə durub gəlib-gedənləri müşahidə edir, elə bu zahiri müşahidələrini də yazır. Daha küçədən keçənin əzabı, ya da düşündüklərini qələmə almaqda maraqlı deyil. Bu, tək Azərbaycan ədəbiyyatında belə deyil, dünyada belədir və mənə elə gəlir ki, gec-tez ədəbiyyat bundan imtina edəcək, çünki səthi və üzdən olan bir şey insanı yorduğu kimi, belə ədəbiyyat da tez tükənir. Nəinki sənətdə, elə insan münasibətlərinin özündə də səthilik olarsa, hər şey tez tükənir, ya da yadlaşma gedir. İndi məncə müasir ədəbiyyatla Oxucu arasında olan yadlıq, yəni Oxucu azlığının bir səbəbi də budur. Məsələn, mən gənclər tanıyıram ki, oxumaq istəyir,  ancaq insanın içində duyduqlarını, düşüncəsinin dərinliklərində hiss etdiklərini müasir yazarlarımızın əsərlərində tapa bilmirlər. Ona görə də tez bir zamanda onlardan usanır və yenidən klassik ədəbiyyata qayıdırlar. Demək ki, Oxucu ilə yenidən barışıb doğmalaşmaq üçün ədəbiyyat səthilikdən imtina etməli və insanın zahiri yaşantıları ilə bərabər, onların iç dünyasına da xitab etməlidir və məncə, gec-tez yenidən buna qayıdış olacaq.

– Biz yazar və ədəbiyyat haqqında danışanda  müəyyən reseptlər verib bu dediklərimizlə də nələrisə müəyyən etməyə çalışırıq. Sizcə yazar kimdir, doğrudanmı, o, ölkəsində baş verənlərə biganə olmamalıdır, ya da yazarın işi elə oturub yazmaqdır?

– Məncə, Sovet dövrünün ritorikası ilə yazarlığa xüsusi pafoslu, bəlağətli don biçməyə ehtiyac yoxdur. Yazar zamanı öz içindən, düşüncələrindən keçirib həm ayrı-ayrı fərdləri, həm də toplumu görünən və bilinməyən tərəfləri ilə birlikdə obrazlaşdıran, təqdim edən missya daşıyıcısıdır. Ona görə də hamı kimi olub bu missiyanın öhdəsindən gəlməyi bacarmaq lazımdır. Yazarın da dəyəri onun şəxsiyyətindən daha çox, əsərlərinin səviyyəsi ilə bağlıdır. Ancaq təəssüf ki, bizdə bir çox hallarda əsərlər bir kənara buraxılır, dostluq, yaltaqlıq, tanışlıqla kimlərsə ədəbiyyata sırınmağa çalışılır. Belə hallar ikrah doğurur, amma bu dünyada bizim heç də əbədi olmadığımızı düşünəndə bu da ötüb keçir, çünki bir müddət sonra nə biz, nə də bizim dostlarımız olacaq, qalan yazılardı, demək ki, bizi təbliğ edən tək yazılar olacaq… O ki qaldı ölkədəki hadisələrə biganəliyə, Azərbaycanda bu, bambaşqadır, bizdə ya yaltaqlar var, ya bixəbərlər, ya da qəti olaraq baş verənlərə mövqe nümayiş etdirənlər. Siz necə olmalıdır deyirsiniz, axı ölkəsində baş verənlərdən xəbərsiz olanlar bu ölkənin indiki insanının əhvalını, psixologiyasını necə bilə bilər? Mən yaxında bir ədəbi məclisdə indi siyasi düşüncəsinə görə həhs olunan adamlardan danışanda bəlli oldu ki, orada olanlardan bəzilərinin – şair-yazarlardan bundan xəbəri olmayanlar var. Mövqe başqa, xəbəri olmamaq daha acınacaqlıdır. Hər şey bir yana, mənə də çox maraqlıdır, ən azından mətbuat oxumayıb bu ölkədəkiləri izləməyən yazar bu ölkənin insanının acısını necə təsvir edə bilir?! Çox vaxt olur ki, belə söhbətlərdə deyirlər ki, “yox, mən siyasətə qarışmıram,” məgər qəzet oxumaq siyasətə qarışmaq, ya da siyasi düşüncəsinə görə həbs olunan bir gəncin adını bilmək, ya da nə bilim, bir məmurun etdiyi azğınlığı bilmək siyəsətə qarışmaqdır? İnsan nə zaman öz mühitini daha cox dəyərləndirə bilir, məhz cox biləndə… Yazar nəinki yaşadığı dünyanı, yaşadığı ölkəni bilmirsə… Daha nə demək olar?! Hər şey ortada deyilmi!?

– Yaxınlarda ədəbiyyatda bir polemika gedirdi. Rafiq Tağı Sabiri tənqid etmişdi, ona qarşı çıxanlar Sabirin toxunulmaz olduğunu deyənlər, ya da bu tənqidin mümkün olduğunu deyənlər oldu. Sizin mövqeyiniz nədir?

– Qəribə bir mənzərə var, biriləri qalxır, hər şeyi, dili,  musiqimizi, daha nə bilim, nələrisə tənqid edir, amma Rafiq Tağı Sabiri tənqid edəndə elə bir az əvvəl dediklərimi edənlər Sabirin müdafiəsinə qalxır. Allahı söyən Sabirin toxunulmaz olduğunu söyləyir. Məntiqsizlik göz deşir. Təbii ki, Azərbaycanda bizi geri salacaq nə varsa, onu tənqid etmək lazımdır. Adətlərin elələri var ki, onların varlığı bizm inkişafımıza əngəldir, ya da bizim düşüncələrimizdəki gerilikçi yanaşmalar var ki, onlarla önəmli bir yerə gəlmək mümkün deyil və bunlardan imtina etmək lazımdır. Amma məsələn, muğamdan danışıb bunu gerilikçi, folklorumuzu, qəzəlimizi xalqı geri qoyan bir səbəb kimi qələmə vermək artıq qərəz və dəbə uyub qışqırmaqdır. Onda mən də sual edirəm, bu gün Şotland öz yubkasını geyib tuluq zurnasını çalırsa, demək ki, geri qalır, ya gürcülərin rəqsi, xor oxuması onların demokratiyaya keçidini əngəllədi? Məgər Soljenitsın rusları balalayka çalıb xor oxuduğuna görə tənqid edirdi ki, bunlar rus xalqını geri salır? Tənqid etmək üçün intellekt və məntiq lazımdır, ancaq təəssüf ki, bir çox hallarda nəyisə inkar etməklə bəziləri cəmiyyətin diqqətini özünə çəkib qalmaqal yaratmaq və bu yolla da məşhurlaşmağa çalışırlar. Bizim geri qalmamız, bu gün xalqımızın demokratik proseslərə biganəliyinin, iqtidarın  qanunları ayaq altına salıb tapdamağının, dövlət səviyyəsində korrupsiyanın həyata keçirilməsidir və bunların da səbəbi muğam, ya da folklorumuz deyil, bunların izahını verə bilmək gercək sosioloji təhlil, intellektual yanaşmalar tələb edir, bu olmayanda təbii ki, folklordan, muğamdan yapışmaq asandır.

Məgər bu gün inkişaf etmiş xalqlar öz folklorunu, musiqisini yaşatmır, ya da demokratik ölkələrdə vətən anlayışı yoxdur? Var, sadəcə onlar bunu şablonlaşdırmır, bizsə, hər şeyi o qədər danışırıq ki, ən dəyərli olan da urvatdan düşür.

Sabir məsələsinə gəlincə, mən Rafiq Tağı ilə o məqamda razı deyiləm ki, Sabir xalqı aşağılayıb. Yox, Sabir bizim gerçək durumumuzu təsvir edib. Əgər bu tabloya baxanda özümüzü aşağı görürüksə, bunun səbəbi Sabir yox, biz özümüzük. Bir də mən inanmıram ki, xalq özünü belə şeylərdən aşağılanmış hiss etsin, əgər etsəydi, bu gün onu daha pis aşağılayanlara qarşı bu qədər loyal olmazdı.  Sabirin tənqid etdiyi tiplər bu gün heç də özlərini aşağı, savadsız, ya da nadan hiss etmədən, əksinə, amiranə şəkildə bu ölkədə, aramızda dolaşır, hətta bizi idarə edənlərin sırasındadır, xalq da onların əlindən öpməyə hazırdır. Demək ki, Sabiri klassikə çevirməyən, onu indi də aktual və müasirimiz saxlayan elə bizik… Sabir haray salırdı ki, “dindirir əsr bizi dinməyiriz”. İndimizə baxaq, eyni deyilmi, əsir, müasir dünya bizi dindirir, amma biz yenə də dinmirik, bütün xalqlar azadlıq və demokratiya savaşı verir, bizsə buna əhəmiyyət vermirik. Güzgüdə özümüzü əyri görürüksə, günahkar güzgü deyil.

– Siz qadın yazarsınız, sizcə bu gün Azərbaycan qadınının durumu, şəxsiyyət olaraq önə çıxması nə qədər realdır?

– Əgər məndən bu suala iki kəlimə ilə cavab istəsəydilər, “çox pis” deyərdim. Bir anlığa ölkədəki siyasi durumu, olanları bir yana buraxıb ayrıca qadınlarımızın özünə yanaşmasını nəzərə alsaq, nə yazıq ki, çoxunluq tarixi köhnəlik, cahillikdən və yalnız məişətin bir parçası olmaqdan qurtulmaq istəmir. Bu da bütünlükdə bizim artıq həyatımızdan çıxması gərək olan adətlərin, bir çox  yanaşmaların yaşamasına, ayaqda qalmasına can verir. Adətlərin bir çoxu qadınları yalnız məişətin bir parçasına çevirməklə kişilərin əlini möhkəmləndirməyə əsas verir, amma gəlin bir az diqqətlə baxaq, o adətləri daha çox kimlər qoruyub saxlayır, elə qadınların özü… Sanki öz qənimlərini bəsləməkdən zövq alırlar. Azərbaycan qadınının təsəvvüründə ictimai rolunun nədən ibarət olması hələ formalaşmayıb. Biz ayrı-ayrı sahələrdə daha çox ayrı-ayrı xanımların nümunələrini görürük, bütövlükdə isə qadınlarımızın fəaliyyəti, intellektual  potensialı hələ də ictimai münasibətlərdə bir faktora çevrilə bilməyib. Məhz bu səbəbdən də həmin qadınların tərbiyələndirdiyi övladlar da ictimai şüur baxımından bugünkü tələblərə cavab vermir. Nəticədə isə biz xalqımızın itaətkarlığından, zülmə boyun əyməsindən narazı qalırıq…

– Çox sərt olmadımı? Qadınların sizə qarşı hücum edəcəyindən qorxmursunuz?

– Qorxmaq niyə? Bir də siz qadınlardan soruşdunuz, mən də onlardan dedim, siz kişilərdən soruşsaydınız, onların da naqis yanını deyərdim, çünki onlar da mələk deyil… Amma özümüzdəki qəbahətləri də görmək faydalı olardı. Bu qədər aydın və qəti…

– Zümrüd xanım, müsahibə  üçün təşəkkür edirik.

– Sağ olun!

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

 

 

 

 

 

 

 

                                 

.

Əlaqəli məqalələr

1 şərh

  1. Azerbaycan muxalifeti bilirsiniz niye hemise meglub durumda qalacaq? Cunki onun yanindaki ziyalilar hemishe bele istedadsizlar olub. Bu qadini Azadliq qezeti ona gore cap edir ki, Fuad beyin heyat yoldashidir. Bunun pafosu, bunun yazdiqlari bir qara qepiye de deymez. YAP-in Bahar Muradovasi varsa, qarshi terefin de Zumrudu var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button