“Dünya Şeir Bayramı” qeyd edilib

Öz tərkibində 104 beynəlxalq poeziya festivalını, 74 beynəlxalq poeziya təşkilatını və 119 ölkədən bir çox şairləri birləşdirən Dünya Poeziya Hərəkatı (World Poetry Movement) sentyabr ayının 24-nü Dünya Şeir Bayramı Günü kimi qeyd etməyi qərarlaşdırıb. Həmin gün 160 ölkənin 500-dən çox şəhərində keçirilən tədbirlərdə minlərlə şair öz şeirlərini oxuyacaq. Bu münasibətlə dünən şair Ramiz Rövşənin təşəbbüsü ilə Azərbaycan Yazıçılar Birliyində (AYB) ilk dəfə olaraq  “Dünya Şeir Bayramı” qeyd edildi.

Tədbiri Ramiz Rövşən açıb. O, bu günün əhəmiyyətindən danışaraq, Azərbaycan şairlərinin də Dünya Poeziya Hərəkatına qoşulmasını yüksək qiymətlədirdiyi bildirib. Daha sonra AYB-nin sədri Anar söz alaraq belə bir günün keçirilməsində təşəbbüs göstərdiyi üçün Ramiz Rövşənə təşəkkür edib. Sədrin çıxışından sonra Fikrət Qoca, Musa Yaqub söz alıblar. Musa Yaqub şeirin beynəlxalq dil olduğunu, dünyanın istənilən nöqtəsində olursa-olsun insanların bu dili başa düşdüyünü bildirib. “Beynəlxalq Poeziya günü əslində Beynəlxalq dil günüdür. Necə ki, ağaclar, bitkilər dünyada eyni cür bitirsə, şeir də bütün dünyada insanların ürəyində bir cürdür.”

Çıxışlar bitdikdən sonra Əjdər Ol, Ənvər Əhməd, Vahid Əziz, Ədalət Əsgəroğlu, Səlim Babullaoğlu, Mahirə Abdulla, Bəsti Əlibəyli və Qəşəm Nəcəfzadə öz şeirlərini səsləndiriblər. Sonda gənc şairlərə söz verilib və onların şeirləri dinlənilib.

Rövşən Danyeri

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button