“İşləmək istəyirəm!”

Gülnaz Qənbərli

Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da əlillər müxtəlif hüquqlardan istifadə edirlər. Amma bu sahədə nöqsanlar da az deyil. Məsələn, əlillərin işlə təmin olunması yox dərəcəsindədir.Azərbaycan müvafiq beynəlxalq konvensiyalara qoşulsa da, əlillərin cəmiyyətə inteqrasiya problemi hələ də tam həll olunmayıb. Hətta ələbaxan prinsipinə qarşı mübarizə aparıb öz üzərində çalışan və cəmiyyətdə təsdiqlənmək istəyənlərin arzusu da elə arzu olaraq qalır. Bakının Nəsimi rayonu, Cavadxan küçəsi 58 saylı evin sakini Ceyhun Afiq oglu Məmmədov da iş axtaran və əlil oldugu üçün üzünə qapılar baglananlardandır. O “aşagı ətrafın uşaq serebral paralici” ilə 1987-ci ildə Bakıda doğulub. Orta təhsillidir, təhsil və peşə qazanmaq arzusundadır. Lakin buna baxmayaraq, hətta peşə məktəbində təhsilini davam etdirməsi üçün belə ona şərait yaradılmayıb. Ancaq buna baxmayaraq, öz üzərində işləyib, kompüter sahəsində püxtəlləşib.

Mən əliləm…

C.Məmmədovun sözlərinə görə, dəfələrlə rayon məşğulluq idarəsinə işlə bağlı müraciət etsə də, heç vaxt müsbət cavab almayıb: “Mənə deyirlər ki, sən birinci qrup əlilsən, ona görə də, uyğun işimiz yoxdur. Hətta bir neçə özəl şirkətin verdiyi elan əsasında müraciət də etdim. Onlar da əlil olduğumu görüb müxtəlif bəhanələr gətirdilər. Doğrudur, mən əliləm, amma bu, o demək deyil ki, evdə oturub Allahdan buyruq, agzıma quyruq deyib, ələ baxmalıyam”. C.Məmmədov haqlı olaraq hüquqlarının pozulduğunu önə çəkərək qeyd edib ki, ən azından informasiya texnologiyaları sahəsində çalışan mütəxəssislər oturaq vəziyyətdə çalışır. “Bəs mən niyə bacardığım sahədə işləyə bilmərəm? Axı mən fiziki qüsurluyam, əqli yox?! Deyək ki, Amerikada əlil arabasında çalışan o qədər insan var ki… Niyə axı mən bacarığım olduğu halda dövlətin ayırdığı 55 manat müavinətlə yaşamalıyam? Bir növ valideynlərimə yükəm. Mən də işləmək istəyirəm axı…”

Azərbaycanda 450 mindən çox əlil yaşayır…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Sosial Müdafiəsi Baş İdarəsindən verilən məlumata görə, hazırda Azərbaycanda 450 mindən çox əlil yaşayır. Dövlət hər ay əlillik qruplarına uyğun olaraq, onlara pensiya və sosial müavinətlər verir. Amma sosial müavinətlərin həcmi aşağı olduğundan həmin vəsaitlə əlillər kommunal xidmətləri ödəməyə, müalicə olunmağa, hətta normal qidalanmağa belə çətinlik çəkirlər.

Əlillərin cəmiyyətə inteqrasiyası ilə bağlı ciddi problemlər var

Qeyd edək ki, Azərbaycanda əlillərin cəmiyyətə inteqrasiyası ilə bağlı ciddi problemlər var. Bu gün əlillərin əsas problemi təhsil ala bilməmək, işsizlik və mənzilsizlikdir. Baxmayaraq ki, AR Qanunvericiliyinə görə, dövlət müəssisələrində hər 50 işçidən biri güzəştli kateqoriyanın nümayəndələri, o cümlədən əlillər olmalıdırlar.
Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirovun sözlərinə görə, bu gün əlil uşaqların təhsilə cəlb edilməsi heç də ürəkaçan deyil. O, əlillərlə işləyə biləcək müəllimlərə də ciddi ehtiyacın olduğunu vurgulayıb. «Sovet dönəmində fiziki qüsurlular üçün, yəni anadangəlmə əlillər üçün xüsusi təhsil ocaqları və iş yerləri mövcud idi. Təhsilini uygun sahə üzrə bitirənlər müvafiq iş yerləri ilə təmin olunurdular. Indi isə bu sahə yararsiz haldadir. Dövlət proqramı isə tam halda həyata keçirilmir».
Ombudsman Elmira Süleymanovanın fikrincə, əlillərin işlə təmin olunması təkcə dövlət idarələrinin deyil, həm də özəl şirkətlərin borcudur: «Xarici ölkələrdə əlillər araba ilə rahat şəkildə çalışırlar. Bunun üçün uyğun ixtisas və peşələr də formalaşıb. Əgər hər iş adamı bir əlili işlə təmin etsə, bu sahədə irəliləyiş bir o qədər də artacaq. Həmçinin, onların cəmiyyətə inteqrasiyasi da sürətlənəcək».
Əlillərin cəmiyyətə inteqrasiya olunması üçün dövlət proqramının olması da əsas şərtlərdəndir.
Lakin dövlət proqram dedikdə, nədənsə ilk növbədə yalnız əlil arabalarının hərəkətinə yaradılan şərait yada düşür.

Səbəb məmur keyfiyyətsizliyidir

Milli Məclisin Sosial Siyasət Daimi Komitəsinin sədr müavini Musa Quliyevin qənaətinə görə isə, Dövlət Proqramının yerinə yetirilməməsi müəyyən səbəblərlə bağlıdır: «Əsas səbəb məmurlar tərəfindən diqqətsizlik, bu işə barmaqarası baxmaq, vəzifə səlahiyyətini tam dərk etməmək və məmur keyfiyyətsizliyidir. Digər səbəb bu sahədə təcrübənin olmaması və əlillərin cəmiyyətdə bütün imkanlardan yararlanmasının nə qədər zəruri olmasının dərk olunmaması ilə bağlıdır. Bu işlərə sistemli yanaşmaq zəruri idi».
Azərbaycanda Ceyhun kimi əlil, amma həyatını qurmaq üçün mübarizə aparan gənclər az deyil, lakin onların bu mubarizəsini dəyərləndirənlər yoxdur. Sosioloq Rafiq Təmrəzovun fikrincə, bu gün Azərbaycanda əlillərə verilən pensiyalar onların problemləri ilə müqayisədə gülməli məbləğdədir: “Mən hesab edirəm ki, bunun əvəzində həmin əlilə cəmiyyətdə rahat işləmək, yaşamaq imkanı yaradılsa, daha yaxşı olar. Amma bu siyasət fiziki cəhətdən qüsurlu insanı, həm də mənəvi tərəfdən kor qoyur. Ələbaxımlılıq psixologiyasına öyrəşən insan hansı mənəvi meyarlardan çıxış edə biləcək, 55 manatla bu gün ailə başçısı olan əlil insan hansı ehtiyacını ödəyə bilər?..”

Fiziki cəhətdən qüsurlu insanlar nəzərə alınmır…

Əmək Hüquqları Müdafiəsi Liqasının sədri Sahib Məmmədov da hesab edir ki, əlillərə verilən pensiyalar onların ehtiyaclarına cavab vermir. Sahib Məmmədov hesab edir ki, büdcədən vəsait ayrılır dedikdə, yalnız pensiyaların, sosial müavinətlərin verilməsi nəzərdə tutulmur: “Bu gün şəhərdə infrastruktur işləri gedir, amma bu işlər görülərkən fiziki cəhətdən qüsurlu insanlar nəzərə alınmır. Normal ölkələrdə isə praktika başqadır. Məsələn, Amerika qanunvericiliyinə görə, əlillər üçün normal şərait yaratmayan qurumlar büdcə yardımlarından məhrum olunurlar. Azərbaycanda bu gün dövlət qurumlarında müəyyən şərait yaradılsa da, özəl qurumlarda bu şərait yoxdur. Çünki özəl quruma bu lazım deyil, amma məhz dövlət vətəndaşının rahatlığını təmin etməkdə maraqlı olmalıdır”.

Hüquqşünas Elmar Süleymanovun fikrincə, hazırda sanki əlillər haqqında cəmiyyətdə bir fobiya formalaşıb. Onlar ya işə götürülmürlər, ya da işlədikləri müəssisələrdə əlilliklərini gizlətməyə çalışırlar. E.Süleymanovun qənaətinə görə, bu işləri görmək Azərbaycan hökumətinin borcudur. «Qanunvericiliyə görə, hər hansı infrastruktur dəyişikliyi zamanı əlillər mütləq nəzərə alınmalıdır. Dövlət büdcəsi bu işləri görməyə imkan verir. Bu gün ölkədə ciddi infrastruktur işləri gedir və hər işin başında əlillər üçün keçidlər, panduslar qoyulmalıdır. İş yerlərində əlillərə normal şəraitin yaradılmasına, infrastruktur işlərinə ayrılacaq rəqəm heç də böyük deyil. Sadəcə, bizdə əlillərə şərait yaradılması üçün ənənə yoxdur”.
İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, Azərbaycan əlillik səviyyəsinə görə MDB-də üçüncü yerdədir: “Azərbaycanın dövlət qanunvericiliyində, qoşulduğu beynəlxalq konvensiyalarda göstərilir ki, dövlət işləmək qabiliyyəti olmayan, fiziki cəhətdən qüsurlu vətəndaşının da yaşamını təmin etməlidir. Hesablamalara görə, bir əlilin dövlətdən aldığı vəsait 60-70 manat civarındadır, heç 100 manata da çatmır. Bu pulla işləmək imkanı olmayan şəxs hansı ehtiyacını ödəyə bilər?..”

Qanunvericiliyə əsasən, əlillərin işlə təmin olunması müəyyən kvota ilə müəyyənləşir. İşçi sayından asılı olaraq, əlillər müəssisənin 4-5 faizini təşkil etməlidirlər. Yəni əgər müəssisədə işçilərin sayı 100 nəfərdirsə, onların 5 faizi əlil olmalıdır.

Bəs bu gün bu qaydalara əməl olunurmu?

Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ehsan Zahidov: “Polis cinayətkarlara qarşı mübarizə aparır. Əlil adamlar necə aparar həmin mübarizəni? Qarabağ müharibəsində əlil olan əməkdaşlarımız olub. Yüzlərlə Azərbaycan polisi müharibədən sonra əlil olub. Azərbaycan polisinin yüzlərlə Qarabağ müharibəsi veteranı və əlili var. Hazırda onlar daxili işlər orqanlarında çalışmırlar. Cinayətkarlarla mübarizədə və Qarabağ müharibəsində saglamlığını itirənlər var. Onlar bu gün sıralarımızda deyil, evlərindədirlər. Amma Daxili İşlər Nazirliyinin diqqəti və qayğısı ilə əhatə olunublar. Yəni işə gəlib-gedə bilmədikləri üçün sıralarımızda yoxdurlar”.

Bizdə əlil işçilər çoxdur…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kadrlar şöbəsindən verilən məlumat: “Bəli, bizdə əlil işçilər çoxdur. Onların əlil olması o demək deyil ki, hansısa müəssisə və təşkilatda çalışa bilməzlər. Əksinə, nazirlik həmişə çalışır ki, əlillərin məşğulluğunun təmin edilməsi yüksək səviyyədə təşkil olunsun. O cümlədən, təkcə bu nazirlikdə yox, digər bütün təşkilatlarda da. Qanunvericiliklə də müəyyən olunur ki, hər bir təşkilatda əlillər üçün kvota müəyyən olunsun. Və həmin kvotaya uyğun onlar da işlə təmin edilməlidir. Əlil olanda nə olur ki? Onlar cəmiyyətdən təcrid olunmamalıdır. Çalışırıq ki, hansı sahə uyğundu, orada onları işlə təmin edək. Məsələn, əlilin bir qolu yoxdursa, ona uyğun işlə təmin olunmalıdır. Şərait yaradılmalıdır ki, o özünü cəmiyyətdən təcrid olunmuş hiss etməsin. Bu sahədə nazirlik çox iş görür, bununla bağlı qanun var. Həmin qanunun təsdiqlənməsində də nazirliyin böyük rolu var”.

Nəqliyyat Nazirliyinin kadrlar şöbəsinin müdiri Vaqif Hacıbəyli: “Aparatda əlil insanlar yoxdur”

Mədəniyyət Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Zöhrə Əliyeva: “Bizim nazirliyin binasında çalışan insanlar arasında əlil insan yoxdur. Amma məsələ burasındadır ki, nazirliyin işçi heyəti arasında belələri çoxdur. Əvvəla deyim ki, gözdən əlillər kitabxanası bizim nazirliyin nəzdində fəaliyyət göstərir. Onları biz işlə təmin etmişik. Orada xeyli əlil çalışır. Kompüterlə təmin olunublar, əmək haqqı da alırlar. Bundan əlavə, məktəblər də var. Bunlardan biri də musiqi məktəbidir. Bir sözlə, bizim sistemimizdə əlil insanlar çalışır”.

Mövzu ilə bağlı mobil operatorlar “Bakcell”, “Azercell” və bəzi nazirliklərə də (Səhiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi) üz tutduq. Ancaq bu qurumlardan heç birinin mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmadı…

P.S Araşdırma GİZ-in keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 6-12 mart 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button