“Mən bilmirəm Elçibəy indi nə işlə məşğuldur…” – Müsahibə

Vahid Mustafayev

“Mənə Şevardnadze deyərlər! Mən hər şeyi bilirəm”

Gürcüstanın müstəqilliyi və bugünkü əmin-amanlığını uzun müdət ona rəhbərlik edən Eduard Аmvrosiyeviç Şevardnadze ilə bağlıdır. Son vaxtlar Gürcüstanın sabiq prezidenti müsahibələr vermir. Buna səbəb ahıl yaş və zəif səhhətidir. Buna baxmayarq, cənab Şevardnadze yalnız ANS-ə bu şəraiti yaratdı. Ona görə yox ki, uzun müddət onunla şəxsi tanışlığımız var, ona görə ki, özünün təbirincə desək, qardaşı Heydər Əliyevin doğum günü ərəfəsində deyəcək sözləri var idi:

Onun haqqında danışmaq üçün böyük kitab yazmaq olar. Belə alındı ki, Heydər Əliyev məndən üç il tez Mərkəzi Komitənin katibi oldu. Bir yerdə işləyirdik, dost olmuşduq. Birdən Heydər Əliyevi Siyasi Büronun üzvü və Baş nazirin birinci müavini kimi Moskvaya köçürdülər. O vaxtlar baş nazir Tixonov idi. Qorbaçov hakimiyyətə gələndən bir neçə müddət sonra məni də Moskvaya dəvət etdilər. Xəbərdarlıqsız, məni də Siyasi Büronun üzvü və xarici işlər naziri təyin etdilər. Bayaq dediyim kimi, Heydər Əliyev məndən qabaq Siyasi Büronun üzvü seçilmişdi. Son 20 ildən çox Sovet Sosialist Respublikaları İttifaqının xarici işlər naziri Andrey Andreyeviç Qromıko idi. Çox istedadlı alim idi. Düzdür, diplomatik işdə çox fəal deyildi, amma Sovetlərin əsl diplomatiya məktəbini yaratmışdı. O özü bunu akademiya adlandırırdı. İlham Əliyev də həmin akademiyanın məzunu olmuşdu. Və ondan sonra mənim rəhbərliyim altında SSRİ Xarici İşlər Nazirliyində işləyir və Amerika istiqamətində çalışırdı. Heydər Əliyevlə bizim münasibətlərimiz mən Moskvaya gələndən sonra da davam edir, daha da dərinləşirdi. Lakin Heydər Əliyev Qorbaçovun rəhbərliyi altında əvvəlki kimi həvəslə işləmirdi. Onların arasında nə isə baş vermişdi, mən bunu dəqiq xatırlamıram və sözün düzü, Heydər Əliyevlə rəhbərlik arasında olan bu məsələylə maraqlanmırdım. Amma bir əməkdaş kimi, Siyasi Büronun üzvü kimi o, böyük işlər görür və böyük məsələlər həll edirdi. Əsasən, Heydər Əliyev ərəb ölkələri və İslam dünyası ilə münasibətləri kurasiya edirdi. Bütün bu işləri yüksək peşəkarlıqla yerinə yetirirdi. Günlərin bir günü o mənimlə görüşdü və dedi ki, mən Azərbaycana qayıtmalıyam. Soruşdum ki, axı nə baş verib? Cavabı belə oldu ki, vaxt gələr, deyərəm, indi vaxtı deyil. Və o, öz vətəninə, Naxçıvana qayıtdı. Əvvəlcə bu muxtar vilayətin rəhbəri oldu, sonra Milli Məclisin sədri oldu, sonra isə Azərbaycanın prezidenti seçildi.

Vahid Mustafayev- Eduard Аmvrosiyeviç, sizin Heydər Əliyevlə tərcümeyi-halınız demək olar ki, oxşardır; siz ikiniz də Sovet hökumətinin rəhbər vəzifələrində çalışmısınız, sonra isə müstəqil dövlətlərə rəhbərlik etmisiniz. Bu, çox çətin zəmanə idi, ölkələr iqtisadi və siyasi böhran dövrünü yaşayırdılar. Və bu böhran öz növbəsində silahlı təcavüzlə müşayiət olunurdu. O dövrləri siz və Heydər Əliyev necə yaşadınız?

Eduard Şevardnadze – Heydər Əliyevə gəlincə, onun ilk günləri çox çətin idi. Bu, faktdır! Lakin onun böyük nüfuzu var idi. Bu nüfuzu o hələ Mərkəzi Komitənin katibi olan vaxtdan qazanmışdı. O zaman bizim vəziyyətlərimiz də fərqli idi axı. Bir neçə müddətdən sonra, yəni 5 il yarım işləyəndən və bu müddət ərzində 60-dan çox ölkədə səfərdə olandan sonra, mən də istefa verdim. Bu müddət ərzində mən bir çox ölkə rəhbərləri ilə dostluq münasibətləri qurmuşdum. Onların arasında Reyqan, Buş, Şirak, Klinton, Beyker, Qenşer həyat yoldaşı ilə var idi. Əvvəldən mən bu vəzifədən imtina edirdim, deyirdim ki, mənim xarici siyasətdən heç xəbərim də yoxdur və mənim Gürcüstanda görəcək işlərim hələ çoxdur. Amma təyin etdilər və mən Moskvaya köçdüm.

Məndən sonra Gürcüstan dağıldı; elə Azərbaycanda da vəziyyət oxşar idi. Gürcüstana rəhbərlik edənlər siyasətçi yox, quldurlar və qatillər idi. 5 ildən sonra, 1992-ci ilin mart ayında mən Gürcüstana qayıtdım. Qayıdandan sonra birinci etdiyim iş Heydər Əliyevlə əlaqə yaratmaq oldu.

V.M.- Onda Naxçıvanda idi?
E.Ş. – Bəli. Amma bir müddət sonra mövcud siyasi böhranı həll etmək üçün onu Bakıya dəvət etmişdilər. Və o, Milli Məclisin sədri, sonra isə Azərbaycanın prezidenti vəzifəsinə seçildi.
Mən 1992-ci ilin martında Gürcüstana qayıdanda oranı tanımaq mümkün deyildi. Olkə tamamilə dağılmışdı. Rəhbərliyində isə quldurlar və qatillər dururdu. O vaxt, dediyim kimi, bir çox dövlət başçıları mənim dostum idi. Qenşer, Beyker, Şults… Tək elə Reyqanla mən 7 dəfə görüşmüşəm.
Belə olan şəraitdə gürcü xalqı israr edirdi ki, mən vətənə qayıdım və ölkəyə rəhbərlik edim. Amma doğrudan da o zaman başqa çıxış yolu yox idi. Onda mən xaricdəki dostlarıma zəng etməyə başladım. Onların məsləhətləri yekdil idi: Vətən səni çağırırsa, qayıtmamağa ixtiyarın yoxdur! Təbii ki, mən bu barədə Heydər Əliyevlə də məsləhətləşdim. O sevindi ki, biz ikimiz yenə də regiona başçılıq edəcəyik. Bu ərəfədə demək olar ki, biz onunla hər həftə görüşürdük, ya Tiflisdə, ya Bakıda.

Birinci dəfə mən Bakıya gələndə aeroportdan şəhərə qədər yol qırağında çoxlu sayda insan toplaşmışdı və məni qarşılayırdılar. Mənim üçün qeyri-adi olan şey o idi ki, yol boyu insanlar bizim ayağımızın altında qurban kəsirdilər. Mən soruşurdum ki, siz niyə belə edirsiniz? Onda Heydər dedi ki, Azərbaycanda hər adamı belə qarşılamırlar. Regionda ancaq iki nəfəri biz belə qarşılayırıq, bunlar Dəmirəl və Şevardnadzedir. Dəmirəllə mənim də, Heydər Əliyevn münasibətləri çox isti idi. Siz bu şəkildə onun şahidi ola bilərsiniz.

V.M.- Azərbaycandakı vəziyyət barədə hər hansı məlumatınız var idimi? Heydər Əliyevin vəziyyətinin nə dərəcədə ağır olduğunu bilirdinizmi? Və bu vəziyyətdə bir-birinizə dəstək olurdunuzmu, məsləhətləşmələr aparırdınızmı?

E.Ş. – Təbii ki, biz tez-tez görüşürdük – rəsmi və qeyri-rəsmi. Kür qırağında bizim məxsusi bir yerimiz var idi, orada tez-tez görüşürdük, danışırdıq, bir az boğazımızı yaşlayırdıq… Amma həll olunmamış bir işimiz də qalmırdı. Bir neçə dəfə də o, Tiflisə gəlmişdi…

V.M. – Xatırlayıram ki, siz 70 illiyinizi keçirmək istəmirdiniz. Və bu zaman sizin yanınıza Heydər Əliyev gəlir. Bu barədə danışın.

E.Ş. – Bəli, mən qadağan qoymuşdum – heç bir təntənəli görüş, mərasim olmayacaq! Hamı bilirdi ki, məni dilə tutmaq mümkün deyildi. Birdən zəng gəldi ki, Heydər Əliyev Tiflis aeroportunda sizi gözləyir. Nə edim? Maşınlara oturub getdik və mərasimi keçirməyə məcbur olduq. Başda Heydər Əliyev olmaqla, ad günü keçirdik, sözü Heydər Əliyevə verdik. Yadımdadır ki, o, çox gözəl sözlər dedi, bizim dostluğumuz haqda, xalqlarımızın dostluğu haqda… Onu da demək lazımdır ki, Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa, Bakı-Tiflis-Ərzurum layihələrinin təşəbbüskarı məhz Heydər Əliyev olmuşdu. O çıxışında dedi ki, biz səninlə çalışıb xalqlarımız arasında elə maddi baza qurmalıyıq ki, onların dostluğunu heç kim poza bilməsin. Bilirsiniz, o bu layihələr üçün digər marşrutlar da seçə bilərdi. Məsələn, borular İran vasitəsilə də çəkilə bilərdi. Amma Heydər Əliyev məhz Gürcüstanı seçdi və bununla bizim xalqlar arasında həmin maddi bazanı yaratdı. Bütün qaz və neft borularını Gürcüstan ərazisindən apardı. Gürcü xalqı indiyə qədər də onun bizə verdiyi nemətlərdən yararlanır.

V.M. – Gürcü və Azərbaycan xalqları arasındakı dostuğun əsasını siz və Heydər Əliyev qoymusunuz. Necə fikirləşirsiniz, bu, iki ölkənin inkişafına yardım etdi?

E.Ş.- Əlbəttə yardlm etdi. Bu ölkələrin liderlərinin arasında olan münasibətlər olmasaydı, mən müasir Gürcüstanı və müasir Azərbaycanı çox çətinliklə təsəvvür edərəm. Biz bu günün təməlini qoyduq.

Azərbaycanın xoşbəxtliyi ondan ibarətdir ki, Heydər Əliyev ondan sonra gələcək rəhbəri düzgün müəyyənləşdirə bildi. Baxmayaraq ki, o, artıq ağır xəstə idi, o, düzgün seçim etdi, İlhamı seçdi!
O vaxtlar, mənim yadımdadır, Heydər Əliyevin səhhəti çox pis idi. Onda onu müalicə üçün Türkiyəyə yolladılar. Amma orada heç nə edə bilmədilər. Bilirsiniz, onun vəziyyəti növbəti aktivdə çıxışı zamanı yıxılandan sonra lap pisləşdi. Amma buna baxmayaraq, o yenə qalxdı və çıxışını sona çatdırdı.

V.M. – Heydər Əliyev Ali Hərbi Məktəbin kursantları qarşısında çıxış edirdi.

E.Ş. – Xatırlamıram. Amma yadımdadır ki, zalda çox adam var idi.

V.M. – Respublika Sarayında idi.

E.Ş. – Bəli. Buna görə mən çox həyəcan keçirdim. Onu Türkiyəyə müalicəyə göndərdilər. İki həftə orda qalandan sonra türkiyəli həkimlər məsləhət gördülər ki, onu Amerika Birləşmiş Ştatlarına aparsınlar. Orda böyük bir klinika var idi. Beləliklə, onu Amerikaya apardılar, iki-üç gündən sonra biz onunla əlaqə saxladıq. Həmişəki Heydər idi. Ondan sonra da 4-5 dəfə də əlaqə saxladıq. Amma bu, artıq həmişəki Heydər deyildi. Hiss edirdim ki, hər dəfə onun səsi daha da zəifləyir, vəziyyəti pisləşirdi.

Sonuncu danışığımız heç vaxt yadımdan çıxmaz. O çox çətinliklə danışırdı. Dedi ki, Eduard, bizim xalqlarımız arasında dostluğu qoruyub saxlamağa çalış. Bu, mənim üçün bir vəsiyyət idi.
Başqa bir gün zəng elədim, o artıq vəfat etmişdi. Belə…
Bütün prinsipial məsələlər üzrə bizim mövqelərimiz eyni idi.

V.M. – O dövrlər, 90-cı illərdə mən jurnalist kimi Gürcüstanda da, Azərbaycanda da fəaliyyət göstərmişəm. Mən burda Qamsaxurdiyanın dövründə də, siz hakimiyyətə gələndə də işləmişəm. Azərbaycanda Vəzirov, Xalq Cəbhəsi, Mütəllibovun dövründə də, Heydər Əliyev hakimiyyətə gələndə də fəaliyyət göstərmişəm. Siz və Heydər Əliyev hakimiyyətdə olan zaman vəziyyət o dərəcədə gərgin idi ki, hətta müstəqilliyimizi itirmək təhlükəsi var idi. Siz və Heydər Əliyev necəsə bacardınız ki, bü gün Gürcüstan və Azərbaycan müstəqil dövlətlərdir. Bu barədə istəyirdim danışasınız.

E.Ş. – Azərbaycanın müstəqil dövlət olması Heydər Əliyevin xidmətləridir. Onun dövlətin idarə olunmasında böyük təcrübəsi var idi. Bu birinci. Moskvadan böyük dəstəyi var idi. Onu Siyasi Büronun bir neçə üzvü dəstəkləyirdi. Və Azərbaycana Gürcüstandan fərqli olaraq, müstəqil olmaq daha çətin idi. Buna hələ bir Qarabağ problemini də əlavə edin. Bilirsiniz, əvvəlcədən Zaqafqaziyada üç ciddi və vəziyyəti sabit saxlayan rəhbər var idi – bu, Əliyev, Karen Dəmirçyan və Şevardnadze idi. Biz üçümüz də sıx əməkdaşlıq edirdik. Bu şəkilə baxın. Əliyev, Şevardnadze və Dəmirçyan, bu üç nəfər rəhbər olsaydı, heç bir ziddiyyət olmazdı. Amma Dəmirçyanı Ermənistan parlamentində iclas zamanı terrorçular yerindəcə qətlə yetirdilər. Çox heyf. Dəmirçyan indi sağ və Heydər Əliyev də bizimlə bir sırada olsaydı, Qarabağ və Abxaziya məsələsi çoxdan həll olunmuşdu. Bax, belə…

V.M.- Eduard Amvrosyeviç, siz müdrikliyiniz və biliklərinizə görə bu gün Qafqazın patriarxısınız. Bizdə Azərbaycanda “ağsaqqal” deyirlər. Yəqin bu ifadəni eşitmisiniz. Siz və Heydər Əliyevin xarakterində hansı ümumi cizgilər var?

E.Ş.- Ümumi sözlərlə desəm, bu hər şeydən əvvəl rəhbərlik etdiyimiz ölkələrə və xalqlara böyük sevgi hissi, məsuliyyət hissidir. Sizə bir əhvalat danışım. Heydər Əliyevdən qabaq Azərbaycanın prezidenti Elçibəy idi. Bir dəfə mən Daşkəndə uçurdum, yolüstü Bakıda dayandım. Aeroportda mənim iştirakımla Elçibəylə Heydər Əliyev arasında mübahisə baş vermişdi. Elçibəy Ermənistana qarşı dərhal müharibəyə başlamağı təkid edirdi. Heydər Əliyev isə təcrübəli insan kimi ondan soruşurdu: “Sənin ordun var?”. Elçibəy cavab verirdi ki, olacaq. “Bəs silahın, texnikan var? Müharibə, sadəcə, təlim deyil. Çox ciddi məsələdir, özü də ki, söhbət iki xalqdan gedəndə”.
Mən uzun müddət bu mübahisənin təsiri altında qaldım. Yaxşı ki, Elçibəyin istədiyi baş tutmadı. Mən bilmirəm o indi nə ilə məşğuldur.

V.M. – O, vəfat edib.

E.Ş. – Ölüb…

V.M. – Bir qədər əvvəl verdiyim sualın əksinə olaraq soruşmaq istəyirəm. Hansı xüsusiyyətlər Heydər Əliyevdə var idi və sizdə yoxdur?

E.Ş. – Aramızda böyük fərq görmürəm. Əsas keyfiyyət bizim qardaşlığımız idi. Bu keyfiyyət zaman keçdikcə məhəbbətə çevrilirdi. Bizim bir-birimizə hörmətimiz böyük idi, dostluğumuz möhkəm idi. Və bu münasibətlər bizim xalqlarımızı da bir-birinə dost etdi. Bu dostluğu artıq heç kim dağıda bilməz!

V.M.- Eduard Amvrosyeviç, Heydər Əliyevin xarakterinin hansı cizgisi sizin xoşunuza gəlirdi? Bildiyiniz kimi, o, mərd insan idi.

E.Ş. – Hər şeydən əvvəl peşəkarlıq, o öz işini çox yaxşı bilirdi. Mən açıq deyəcəyəm – mən ondan çox şey öyrənirdim. O hər zaman məndən bir addım öndə gedirdi və məndən də qabaq prezident seçildi. Daha nə deyim, əsas dostluğa və dosta sədaqət kimi keyfiyyətlərə malik idi.

V.M. – Sizə də, Heydər Əliyevə də sui-qəsd olub. Siz bu çətin vaxtları xatırlayırsınız?

E.Ş. – Bəli, xatırlayıram.

V.M. – Hətta bundan sonra insan özündə güc tapmalıdır ki, öz əqidəsinə və xalqına sadiq qalsın.

E.Ş.- Təxminən deyə bilərəm ki, mənə üç dəfə sui-qəsd olub. Birinci dəfə, Soçidən Suxumiyə uçanda gördük ki, Abxaziya ərazisindən tamamilə təzə bir qırıcı təyyarə – SU-25 düz bizim təyyarənin üstünə gəlir. Bizi müşayiət edən təyyarə bizdən yüksəkdə uçurdu və onun pilotu bizə qarşı hazırlanan sui-qəsd planını dərhal anladı. Həmin SU-25 bizim təyyarəmizin altından yüksək sürətlə uçaraq, bizi…

V.M. – Hava boşluğu zonasına?

E.Ş. – Bəli, hava boşluğuna salmaq istədi. Bu təqdirdə təyyarəmiz idarəetməni itirib, dənizə düşməli idi. Sonra da gəl bizi axtar… Bizi müşayiət edən təyyarəçi çox təcrübəli, yüksək peşəkar idi. O indi sağ deyil. O görəndə ki, təyyarə bizə yaxınlaşır, bizim təyyarəçiyə əmr etdi ki, dərhal yuxarı qalx, durmadan yüksəl. Təyyarəçi mənə baxdı, mən bu əmri təsdiqlədim. Təyyarəmiz sürətlə yüksəlməyə başladı. Təyyarədə olan 20 vəzifəli şəxs döşəməyə yıxıldı. Bu, birinci cəhd idi. Allah kömək elədi. İkincisi Tiflisdə olmuşdu.

V.M.- Sizi pusquya salmışdılar…

E.Ş. – Biz konstitusiyanı qəbul eləyirdik. Tələsirdim ki, imzalayım. Bu çox əlamətdar gün idi. Geyinib hazırlaşdım, düşdüm aşağı, gördüm ki, maşın dayanıb, K-69. Sonralar aydın oldu ki, onlardan biri mənimlə Abxaziyada olmuşdu. Hətta bizim yaxın münasibətlərimiz də var idi. Sürücülərim bilirdi ki, mən maşını sürətlə idarə etdirməyi xoşlamıram. Onlar da bunu bilirdilər və gözləyirdilər ki, maşınım aşağı sürətlə hərəkət edəcək.

Mən düşdüm aşağı, maşına oturdum və dedim ki, gecikirəm, mümkün qədər tez, yüksək sürətlə sürün ki, mərasimə çataq, konstitusiyanı imzalayım. Sürücüm maşını işə saldı və biz yüksək sürətlə yola çıxdıq. Terrorçular bunu gözləmirdilər. Onlar gözləyirdilər ki, köhnə üsulla, yavaş-yavaş hərəkət edəcəyik. Biz artıq yola dönəndə mən iki atəş səsi eşitdim. Biri maşınımın baqajına, digəri isə divara dəydi. Partlayışdan maşın zədələndi, divardan daş parçaları və qəlpələr düz mənim üzümə dəydi. Mən bütün qan içində idim. Sağ olsun sürücüm, özünü itirmədi, daha yüksək sürətlə bizi aradan çıxardı və xəstəxanaya çatdırdı. Belə bir şəkil da var; mən qan içindəyəm.

V.M. – Bəli, bu çox məşhur şəkildir. Bütün dünya bu fotonu nümayiş etdirirdi.

E.Ş. – Bəli, bəli. Növbəti gün isə Türkiyənin baş naziri Tansu Çillərlə görüşüm oldu. Ora da mən üzü sarıqlı gəldim. Tansu mənə qorxu dolu gözləriylə baxırdı və birdən sual verdi: “Bəlkə bu mənim təqsirimdən oldu?”. “Yox, şəxsən sənin burda günahın yoxdur” – dedim.

Üçüncü terror aktı isə ən mütəşəkkili idi. Bunun təşkilində Rusiyanın yüksək vəzifəli şəxsləri iştirak edirdi. Bəziləri. Mən adlar çəkmək istəmirəm. Məsələn, Putinlə mən dostluq edirdim. Digərləri ilə də münasibətlərim pis deyildi. Amma dəqiq bilirəm ki, bunu KQB təşkil etmişdi. Şimali Qafqazda onların hərbi bazası var və orada bir neçə ay ərzində Şevardnadzeni öldürmə üçün terrorçu qrup hazırlanırdı. Amma amerikalılar birdən hiss etdilər ki, Gürcüstanda nəsə hazırlanır. Onların verdiyi kəşfiyyat məlumatlarında aydın görünürdü ki, mənə qarşı qəsd hazırlanır.
Axşamüstü evə qayıdırdım. Birdən atışma başladı. Bir güllə maşına dəydi.

V.M. – Xatırlayırsınızsa, qumbaraatandan birbaşa maşını vurdular.

E.Ş.- Bəli, maşını. İş orasındadır ki, bu terror aktının hazırlanmasında Rusiyanın bəzi vəzifəli şəxsləri maraqlı idi. Onlar Şevardnadzeni aradan götürmək istəyirdilər. Mən onları qane eləmirdim.

V.M. – Niyə qane eləmirdiniz?
E.Ş. – Bilmirəm.

V.M.– Allah sizi saxladı.
E.Ş. – Hə, indiyə qədər mən sağam. Amma mənim iki sadiq adamımı öldürdülər.

V.M.- Siz bilirdiniz Heydər Əliyevə də sui-qəsd olmuşdu?
E.Ş. – Bilirəm.

V.M. – 1995-ci ildə. Bu barədə sizin məlumatınız var idi?
E.Ş.- Əvvəl onlar Heydər Əliyevə sui-qəsd etdilər, iki aydan sonra isə mənə.

V.M. Bu hadisələrin ikisi də 1995-ci ildə baş verdi. Sizcə, Heydər Əliyevə və Eduard Şevardnadzeyə sui qəsd təsadüf idi?
E.Ş. – Belə işlər təsadüfi olmur. Dediyim kimi, Şevardnadzeni öldürmək üçün üçüncü terror ən mütəşəkkili idi.

V.M. – Sui-qəsddən sonra siz müsahibənizdə demişdiniz ki, bu sui-qəsd yox, hərbi əməliyyat idi.
E.Ş. – Bəli, bu məhz hərbi əməliyyat idi.

V.M. – Bəs necə olur ki, bu cür sui-qəsdlərdən sonra siz və Heydər Əliyev yolunuzu davam etmək üçün özünüzdə güc tapırdınız. 1995-ci ildə Heydər Əliyevə sui-qəsddən sonra bu barədə sizin aranızda hansısa danışıqlar oldumu? O bu barədə fikirlərini sizinlə bölüşürdümü?

E.Ş. – Hətta bundan qat-qat əhəmiyyətsiz məsələlərlə əlaqədar da biz daim məsləhətləşirdik və bir-birimizi dəstəkləyirdik. Bilirsiniz, çox təəssüflər olsun ki, QARDAŞLIQ sözü öz əsl mənasını bu gün itirib. Bizim münasibətlərimiz əsl QARDAŞLIQ idi. O vaxtlar getdi – əsl QARDAŞLIQ vaxtları.

V.M. – Bəs Heydər Əliyevə sui-qəsd olandan sonra o sizə hər hansı xəbərdarlıq etdimi?

E.Ş. – O mənə dedi ki, ona sui-qəsd cəhdi olmuşdu. Amma telefonla deyəsən, hər şeyi mənə açmaq istəmədi. Ondan sonra biz dəfələrlə Tiflis və Bakıda görüşlər keçirdik, artıq təhlükə sovuşandan sonra insan dəhşətli şeylərə çox adi yanaşır.

V.M. – Gəlin ağır xatirələrdən uzaqlaşaq. Yadınıza salın, yəqin ki, siz və Heydər Əliyev bu iki müstəqil və gənc ölkələrinizdə siyasi və iqtisadi quruculuqla məşğul olarkən, onların gələcəyi haqqında da arzularınız var idi. Siz yəqin ki, gələcək haqqında düşünürdünüz və yəqin ki, öz arzularınız barədə bir-birinizlə bölüşürdünüz. Məsələn, Eduard Şevardanze Gürcüstanın və Heydər Əliyev Azərbaycanın gələcəyini necə görmək istəyirdilər? Bu gün Qafqazın patriarxı Eduard Şevardnadze Tiflisdən Azərbaycanı necə görür, Heydər Əliyevin arzuları yerinə yetirilirmi?

E.Ş.– Bir qədər əvvəl vurğuladığım kimi, Heydər Əliyev çox ağıllı davrandı ki, hələ sağlığında düzgün seçim edib İlham Əliyevi özünün davamçısı etdi.

Mən İlhamı çox yaxşı tanıyıram. O, SSRİ XİN-də işləyirdi. Çox ağıllı, peşəkar idi, bir neçə xarici dil bilirdi. Çox yaxşı ailənin nümayəndəsi idi. O, Azərbaycan üçün çox müdrik seçim idi. Onu görəndə mənim böyük salamlarımı və xoş arzularımı çatdırın. Mən onu öz oğlum kimi sevirəm!
O öz atasını və Vətənini xəcalətli etməyəcək!

Görün bir Azərbaycanın xarici siyasətində nələr baş verir? Biz bunu heç xəyalımıza da gətirə bilməzdik! Rusiya ilə, digər ətraf dövlətlərlə münasibətlər düzəlib. Yalnız Dağlıq Qarabağ problemi qalıb. Mən inanıram ki, bu da əvvəl-axır həll olunacaq! Nə qədər tez olsa, o qədər yaxşıdır.

V.M. – Necə hesab edirsiniz, bütün mövcud problemlərdən -Abxaziya, Qarabağ, Osetiya məsələlərindən müdrik çıxış yolu nədir?

E.Ş. – Bilirsiniz, bizim Rusiya kimi nəhəng qonşumuz var. Onunla münasibətlər artıq yoluna qoyulur. Artıq Azərbaycanla Ermənistan arasında da bir neçə görüşlər keçirilib. Bu, Qarabağ probleminin həllində əsas şərtlərdəndir. Bunu Abxaziya barədə də demək olar. Əgər Rusiya ilə mehriban qonşular kimi normal yaşasaq, abxaz məsələsi də həll olunacaq. Mən əminəm!

V.M. – Siz Heydər Əliyevin ailəsini, həyat yoldaşı Zərifə xanımı tanıyırdınız.

E.Ş.– Hamısını tanıyıram.

V.M.- Bəs şəxsən Heydər Əliyev haqqında nə deyə bilərsiniz? Biz onu siyasətçi və dövlət qurucusu kimi tanıyırdıq. Amma onu ailə başçısı kimi tanıyan azdır. Siz yaxın dost kimi həm də ailəvi dost idiniz.

E.Ş.– Hələ Moskva dövründən daim görüşürdük. 8 mart və digər bayramlarda da ailəliklə yığışırdıq. Həyat yoldaşlarımızın yaxşı münasibətləri var idi, bizsiz də dostluq edirdilər. Heydər Əliyevin nümunəvi, yaxşı ailəsi var. Mənim hər şeydən məlumatım var. Mənə Şevardnadze deyərlər! Mən hər şeyi bilirəm. Mən şadam ki, Azərbaycan xalqı yaxşı müstəqil dövlət qurur, maddi çətinliyiniz yoxdur. Gəlirləriniz Gürcüstanınkından 3-4 dəfə çoxdur. Yaxın vaxtlarda Azərbaycan Şərq və Qərbin aparıcı və çiçəklənən ölkəsi olacaq!

V.M. – Bunu sizdən eşitmək ikiqat sevindiricidir. Siz nəinki Azərbaycanın yaxın dostusunuz, siz həm də elə bir dahi siyasətçisiniz ki, gələcəyə baxıb bəzi proseslərin gedişi barədə proqnoz verə bilərsiniz. İstəyirəm bizim üçün çox vacib müsahibəyə görə sizə böyük təşəkkür edəm. Ona görə ki, Heydər Əliyevin çox dostu var idi, siz də eyni. Amma Şevardnadze və Heydər Əliyevin dostluq xəritəsinə baxanda, orda iki parlaq ulduz görünür – siz və o özu. Ona görə də biz də bu palitradan məhz sizi seçdik ki, Heydər Əliyevin ad günü ərəfəsində onun barəsində öz xatirələrinizi və fikirlərinizi söyləyəsiniz.

CAVAB – Çox sağ olun ki, gəldiniz. Mən Azərbaycan xalqını, öz qardaşlarımı çox sevirəm. Xalqınıza, xüsusən də Əliyevlər ailəsinə tərəqqi, böyük xoşbəxtlik arzulayıram!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button