“Mərdanovsuz təhsil!”

Əmənulla Məmmədov

Təqaüdçü müəllim

Yeni dərs ilinə bu şüarla getməliyik!

 “Təzə istifadəyə verilən məktəbin döşəmələri çürüyübsə, idman zalı qəzalı vəziyyətdədirsə, su çəni, su quyusu yoxdursa, tualetlər, kanalizasiya sistemi işləmirsə, yüksək təzyiqli mühərrik oğurlanırsa, istilik sistemi yaxşı işləmirsə, sinif otaqları yaxşı qızmırsa, borular partlayırsa, hasarı və darvazası yoxdursa, asfalt döşənmirsə, zalın tikintisində köhnə məktəbin materiallarından istifadə edilirsə, köhnə məktəbin divarları sökülmək əvəzinə, şirkət sahibinə satılırsa, onda hansı təzə məktəbdən söhbət gedə bilər?!” (“Gündəm Siyasət”, 13.08.2011-ci il tarixli sayı).

Bu sətirlər Astara rayonu, Şiyəkəran kənd 2 nömrəli orta məktəbin müəllimi Həbib Həbibovun ürəkağrısı ilə təhsil naziri Misir Mərdanova ünvanladığı açıq məktubdan götürülüb. Doğrudan da adam oxuyanda dəhşətə gəlir. Öz-özünə düşünürsən: Təhsilə də belə münasibət olar? Bununla biz hara gedirik? Təhsilə bu cür münasibətlə balalarımızın sabahı necə olacaq? Həbib müəllimin dediklərinin üzərinə məktəblərdə gedən sürətli aşınmaları, yalançı kurikulum və keyfiyyətsiz dərsliklərlə təhsilin məzmununun dağıdılmasını, təlim-tərbiyə sisteminin pozulmasını, repetitorluğun çiçəklənməsi nəticəsində “məktəb mühiti” anlayışının heçə endirilməsini, şıdırğı test bankı, test və məktəbli kitabçası, məktəbli forması alverini də əlavə etsək, təhsilimizin nə gündə olduğunu açıq-aydın təsəvvür etmək olar. Təhsilimizin şəxsiyyətyönümlülüyündən dəm vuran məmurlar görəsən, bu haqda düşünürlərmi? Bir təhsil sistemi ki, təpədən-dırnağadək bataqlığın içərisində olsun, burada necə şəxsiyyət yetişdirmək olar?

Bu yaxınlarda dövlət başçısının tapşırığı ilə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Maliyyə Nazirliyi əməkdaşlarının apardıqları yoxlama nəticəsində aşkarlandı ki, Xəzər rayonunun 123 və Suraxanı rayonunun 85 nömrəli məktəblərinin tikintisi zamanı ciddi qanun pozuntularına yol verilib. Həmçinin o da bəlli oldu ki, həmin məktəblər qəzalı vəziyyətdədir. Bu səpkili  məlumatlar adıçəkilən qurumlara yəqin ki, hər gün daxil olur. Mətbuatda bu mövzuda saysız-hesabsız yazılar dərc olunur. Belə çıxır ki, əgər prezident tapşırığı olmasaydı, həmin məktəblərdəki pozuntular üzə çıxmayacaqdı.

Budur, Həbib müəllim Astara rayonunda təzə istifadəyə verilmiş məktəbin acınacaqlı durumda olduğunu bəyan edir. Onun dediklərini yoxlamaq üçün mütləq prezident tapşırıqmı verməlidir? Bəs Misir Mərdanov hara baxır? Niyə ağsaqqal müəllimin açıq məktubuna əhəmiyyət vermir? Nədən dəhşət saçan faktları yerində görmək istəmir? – Təbii ki, ayıbının üzə çıxacağı səbəbindən! Amma qanunlarımızda bu, ayıb kimi yox, cinayət kimi təsbit olunur…

Bir neçə gün öncə 164 nömrəli məktəbin təmir və tikintisi zamanı baş verən əyintilər barədə  keçmiş direktor Yaqut Əfəndiyevanın “Azadlıq”da fikirləri dərc olundu. Böyük faciədir. Yaqut xanım məktəblərin ərazilərinin ələ keçirilməsi üçün nazirlikdə aparılan oyunlar haqqında elə şeylər söyləyir ki, adamın ayağının altından yer qaçır. Tutalım, Astaradakı Şiyəkəran məktəbi uzaqdadır, ora getmək çətindir, bəs Bakının göbəyindəki 164 nömrəli məktəb? Bu ki, nazirliyin beş addımlığındadır.

Uzun illər təhsil sistemində işləmişəm. Akademik Mehdizadədən tutmuş Misir Mərdanovadək çoxlu nazirlər görmüşəm. Pedaqoq, ziyalı sözünə Mərdanov qədər biganə yanaşan ikinci bir nazir görməmişəm. Qarşıdan yeni dərs ili gəlir. Biz bu dərs ilinə yenəmi onunla gedəcəyik? Daha bəsdir! Yeni dərs ilinə “Mərdanovsuz təhsil!” şüarı ilə getməliyik!

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button