“Metro Tağı”nin yeraltı imperiyası!

Cəhənnəmə aparan yol…

“Yeraltı imperiyalar” adı əsasən beynəlxalq statuslu mafiya qurumlarına şamil olunur. Ancaq demokratik ənənələri rədd edib bir neçə nəfərin müəyyənləşdirdiyi “qanunlarla” idarə edilən məmləkətlər də, Siciliya və s. mafiyaların idarə olunduğu sayaq idarə olunurlar. Bəzən demokratiyanı özünün ali məqsədləri hesab edən dövlətlər belə bu qanunlara öz içlərində olmasa da istinad edirlər. İraqın işğalından sonra ələ keçən ən kiçik çaplı məmur belə dar ağacından asıldı. Mafiya qanunlarına görə şəxs iki halda mafiyanı tərk edə bilər – ya ölərək, ya da öldürülərək. Hər iki halda sabiq mafiyaçı ölüm mələyi ilə görüşmək zorundadır. Bir neçə gün öncə Suriya diktatoru Bəşər Əsədin istefaya göndərdiyi müdafiə naziri cəmi səkkiz saat sonra evindən ölü tapıldı. Adamın intihar etdiyi söylənildi. Köhnə fəndlərdəndi. Min dəfələrlə çeynənilmiş formadı. Nostaljinin cəmi səkkiz saatdan sonra başlaması isə absurddur. Həm də çox ixtiyar yaşında bir qoca üçün. Sadəcə, mafiyanın bəlkə də min illik bir qərarı var – yalnız ölülər şahidlik etmirlər.

Kimə, nə qədər pul?!

Azərbaycan da qanunları ayaq altına atıb, demokratiyanın üzünə tüpürən məmləkətlərdəndir. Burada irili-xırdalı hər bir məmurun öz imperiyası var. Bu məmləkətdə də bütün mafiya təşkilatları kimi iki qurum var – alt və üst qurum. Alt qurumun heç bir zaman üst qurumun planlarından xəbəri olmur. Üst qurum isə alt qurumu idarə edir. Alt qurum yalnız icraedicidir. Lakin onun da öz qanunları var. Ali məqsədə doğru yürüşdə müdaxilə etməmək, kapital yığımında sərbəst olmaq, ümumi “büdcəyə” atmamaq, başqalarının müdaxiləsinə yol verməmək və s. Birincini qurumun uzunömürlülüyü maraqlandırır. Bir də özünə çatacaq vəsait. Təşkilat nə qədər uzunömürlü olsa, əldə ediləcək kapital da bir o qədər böyük olar. Bu gün kimsə İlham Əliyevə “sənin filan məmurun yaratdığın monaxiyanı çökdürəcək” – desə, birinci növbədə onun ümumi büdcəyə xəyanəti yoxlanılar. Digər halda isə cənab birinci gülüb keçər. Çünki İlham Əliyevin komandası illər uzunudur ki, bütün planlarını yalnız bir günlük hazırlayırlar. İkinci günün isə daim öz planları olur.

Bir dəfə kifayət qədər məlumatlı olan dostların birinə “Azərbaycanda ən gəlirli sahə görəsən hansıdır?” – sualıma etiraf edim ki, məni təəccübləndirəcək cavab verdi: “Zibil.”

Bu qədər zibilin içində olan bir hakimiyyətin dönəmində zibildən pulmu çıxarmaq olar? Dostum zibilin qazanc mənbəyi olmasından o qədər  sitatlar gətirdi və zibil uğrunda mübarizədən danışdı ki, mənim aləmimdə bir anlıq da olsa gömrük, vergi, polis və s. sahələr arxa plana keçdi. “Bəs sonra hansı sahə” – sualıma isə həmən “metro” cavabını aldım. Lakin metroya rəhbərlik uğrunda mübarizə heç zaman olmayıb. Maraqlıdır, yumurta, banan, hətta tarakan dərmanı monopoliyası uğrunda bir imperiyanın başqasına savaş açdığı zamanda strateji və ən gəlirli sahələrdən birinə “biganəliyin” kökündə nə durur?

“Tağı baba”ya niyə toxunulmur?!

Məsələyə hətta poetik dildə belə münasibət bildirsək, “bu daşlaşan, torpaqlaşan Tağı babaya” kimsə niyə toxunmur? İlham Əliyev Tağı Əhmədova Amerikanın artıq 20 ilə yaxındır ki, Azərbaycan iqtidarına sərgilədiyi münasibəti sərgiləyir – istədiyimi ver, lap min il yaşa! Əslində, Azərbaycansayağı idarəçilik prinsipi baxımında kifayət qədər doğru taktikadır. Adam lap Məlikməmməddir. Lakin Tağı Əhmədov Simurq quşuna ona görə “qa” deyəndə ət, “qu” deyəndə su vermir ki, onu qaranlıq dünyadan işıqlı dünyaya çıxarsın. Əksinə, ona görə bu işi görür ki, qaranlıq dünyada daha çox qalsın.

Dünyanın heç bir yerində metro stansiyaları, və yeraltı keçidlər ticarət obyektləri kimi fəaliyyət göstərmir. Bu, həm insanların sərbəst gediş-gəlişi, ən başlıcası isə təhlükəsizlik baxımından yolverilməzdir. Çünki bu cür yerlər terrorçular üçün ən münbit məkandır. Tarixdən bilirik ki, bu gün bütün dünya üçün ciddi problemə çevrilmiş, İslam dininə ən böyük zərbə olan vəhhabilik təriqətinin yaradıcısı, İngiltərənin müstəmləkələrlə iş üzrə nazirliyinin əks-kəşfiyyat idarəsinin əməkdaşı Hemfel uzun illər Türkiyə, Səudiyyə Ərəbistanı və digər Şərq ölkələrində müxtəlif adlarla yaşamış və müxtəlif işlərdə, hətta hambal kimi də çalışmışdı. Lakin sonucda onun İslama vurduğu zərbənin təsiri hələ uzun müddət – bəlkə bundan sonra yüz illər ağrıdacaq. Biz İngiltərənin müstəmləkəsi deyilik. Lakin bir ovuc məmur bu vətəni bu millət üçün əsl müstəmləkəyə çevirib.

Tağı Əhmədovun möhtəşəm oğlu!

Etibarlı mənbəmizin verdiyi məlumata görə, Bakı metropolitenlərinin əksər stansiyalarındakı ticarət köşklərinə rəis Tağı Əhmədovun oğlu patronluq edir. Lakin oğul Əhmədov demək olar ki, stansiyalarda gəzib pul toplamağı özünə rəva bilmir. Elə ona görə də bu işi bibi oğluna, sonuncu isə yaxın ətrafına həvalə edib. Nəzərə alsaq ki, hər stansiyada yüzlərlə köşk var, onda bu işin idarəçiliyinin də nə qədər çətin olduğu qənaətinə gələrik. Bundan əlavə, respublikada hər gün pul gətirəcək bir neçə sahə var ki, onlardan bir, bəlkə də birincisi paytaxt metrosudur. Metro daxilindəki bir kvadrat metrilik köşklərin hər biri 400 manata icarəyə verilir. Onu da qeyd etmək yerinə düşərdi ki, bu köşklər beş-beş, hətta on-on yaxınlara, doğmalara satılmaqla təkrar icarəyə yönəldilir.

Tağının köşkləri neçəyə satılır?!

Bu proses necə baş verir? Metro Tağının maklerləri köşkləri yaxınlara 15-20, “yadlara” 25-28 min manata satırlar. Sual oluna bilər ki, dövlətin strateji obyektini kim özəlləşdirə bilər? Əslində, söhbət bu prosesdə qətiyyən özəlləşdirmədən getmir. Hər şey “centlemen” razılaşmasından sonra baş verir. Müştəri pulunu verir və dükana “sahib” olur. Eyni zamanda hər ay 400 manatını da ödəyir. Yox, əgər icarəyə götürmək arzusundadırsa, onda bu haqq iki dəfə artaraq 800-900 manata çıxır. Elə ona görə də ticarətlə məşğul olmaq istəyən şəxs “alqı-satqı” üçün verdiyi 25-30 min manat arası vəsaiti 4-5 il ərzində əlavə icarə haqqı verməməklə çıxaracağını düşünür və deyilən vəsaitlə razılaşır. Lakin məsələ bununla da bitmir. İldə və ya iki ildə bir təmir adı altında aparılan yerdəyişmədə maklerlər “kimsə sizin dükanı aldığınızı rəisə xəbər verib” – məzmunlu informasiyaları dövriyyəyə buraxmaqla, əlavə vəsaitlər əldə edirlər. Ən maraqlısı isə odur ki, bu ticarət obyektləri vergi, iqtisadi inkişaf nazirlikləri və auidit tərəfindən heç bir zaman yoxlanılmır. Çünki Tağı Əhmədov belə istəyir.

Kəmaləddin Heydərov metrodan niyə qorxur?!

Ən qəribəsi isə yerlə-göylə çarpışan Fövqəladə Hallar naziri xidməti avtomobilini az qala metro xətlərinin keçmədiyi yerlərdən sürdürür. Bu da metropoliten şefinin gizli əl tərəfindən ciddi müdafiə edildiyi qənaətini yaradır. Lakin yazının əvvəlindəki sitatlarımız isə boş yerə və həyəcan yaratmaq üçün gətirilməmişdi. Nəzərə alsaq ki, hər gün metropolitenin xidmətlərindən yüz minlərlə əhali istifadə edir və həmin yüz minlərin həyatını illərlə alverçi kimi özünü təqdim edib etibar, ən doğrusu isə etinasızliq qazanmış terrorçu bir andaca qaralda bilər, bax onda…

Terrora dəvətnaməni kim verir?!

Mənbə bildirir ki, köşk sahibləri satdıqları məhsulun hər birindən bir neçəsini vitrinlərə düzməklə, yerdə qalanını stansiya rəislərinin xidməti otaqlarının yaxınlığındakı anbar məqsədilə ayrılmış (onu da qeyd edək, həmin yerə mal qoyulmasının da öz haqqı var – İ.A.) otağa yığırlar. Alıcıya fərqli ölçülər lazım olduğu üçün yüzlərlə şəxs hər gün on dəfələrlə həmin əraziyə daxil olur. Onu da nəzərə alsaq ki, “Xalqlar Dostluğu”, “28 May” və s. stansiyalardakı köşklər hətta turniketlərin digər tərəfində, deməli, polis postundan keçdikdən sonra yerləşir, onda həmin şəxslər üçün daha münbit şəraitin olduğu qənaətinə gələrik. Çünki polis illərlə tanıdığı ticarətçini bir gündə on dəfələrlə bir tərəfdən digərinə keçərkən yoxlamaqda o qədər də maraqlı deyil. Elə bütün bəlaların da başında etinasızlıq dayanır.

Bu günlərdə Minsk metropolitenində baş verən faciə metro stansiyalarının terrorçuların hələ də hədəfində olduğunu bir daha təsdiq etdi. “Metro Tağı” isə fərqində deyil. Bəlkə də fərqindədir. Təki pul olsun. Lap növbəti stansiya cəhənnəm olsa belə.

Mövzuya qayıdacağıq.

İntiqam Adiloğlu

 

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button