“Preventiv Təhqiqat” rəsmi istintaqı ittiham etdi

21.01.2012

“Preventiv Təhqiqat” jurnalist qrupu yazar Rafiq Tağının qətlilə bağlı şənbə günü Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) keçirdiyi mətbuat konfransında ilk hesabatını açıqlayıb.

“Turan”ın direktoru Mehman Əliyev R.Tağının qətlinin Azərbaycanda mətbuata yeni hücum dalğası fonunda baş verməsini xüsusi vurğulayıb. Hadisəni təhqiq edən 4 nəfərlik qrupun qətli müxtəlif istiqamətlər üzrə araşdırdığını deyib. Mətbuatın mövqeyi, rəsmi istintaqın fəaliyyəti, qətllə bağlı müxtəlif versiyalar araşdırılıb.

Diqqət daha çox R.Tağıyla bağlı tibbi xidmətə yönəlib. Qrupun qənaətinə görə, R.Tağının ölümündə müəmmalar daha çox buradadır. Ölüm haqqında bir-birinə zidd açıqlamalar, indiyə kimi ölüm səbəbilə bağlı rəsmi sənədin təqdim edilməməsi daha çox müəmmalara yol açır.

Qrupun rəhbəri Eynulla Fətullayevə görə, yazar peşə fəaliyyətinə görə qətl edilib və yaxın zamanda qətlin üstünün açılacağı gözlənilmir. R.Tağı ilə bağlı xəstəxanada baş verənləri E.Fətullayev “ya həkim məsuliyyətsizliyi, ya da sifarişin yerinə yetirilməsi” kimi dəyərləndirib.

Qətli İran tərəfin törətməsi haqda mətbuat yazıları sənəddə yönləndirmə kimi qiymətləndirilir. Bu haqda rəsmi mətbuat ilk vaxtlar susub, müxalif mətbuat isə daha çox İran versiyasına üstünlük verib, İran mətbuatı isə bu qətli alqışlayıb.

Hesabatda İran versiyasını sübut edəcək fakt olmadığı deyilir. Qətlilə bağlı mərhum ayətullah Fazil Lənkəraninin fitvasına gəlincə, onun icrası üçün mühüm şərtlər olmadığına görə bu versiya yetərsiz sayılır. İranın Azərbaycan səfirliyinin də bu versiyanı inkar etdiyi nəzərə çatdırılır. Bununla belə, İran səfirliyinin bu məsələdə qrupla əməkdaşlıq etməməsi də qeyd edilir. Sənəddə rəsmi istintaq da ciddi tənqidə məruz qalır. Cinayət faktının bir çox tərəflərinin təhqiq olunmadığı, cinayət baş verən zonada kameraların yaddaşlarına ciddi baxılmadığı nəzərə çatdırılır.

Hesabatda 2005-ci ildə jurnalist Elmar Hüseynovun, 2009-cu ildə general Rail Rzayevin qətlilə paralel aparılaraq, R.Tağının da qətlinin üstünün açılacağına o qədər də ümid edilmədiyi əksini tapır. Baxmayaraq ki, hər üç qətl dövlət başçısı İlham Əliyevin şəxsi nəzarətində olub. Belə qətllərin üstü açılmadıqca cəmiyyətin hüquq-mühafizə orqanlarına etimadının qalmayacağı deyilir.

Adi kriminal hadisələrdə cinayətin üstü 1-2 həftədə açıldığı halda, artıq 2 aydan çox vaxt keçməsinə baxmayaraq, bu hadisənin açılmaması istər mətbuat, istərsə də ekspertlər tərəfindən ciddi tənqid edilir. İlk növbədə hakimiyyət tənqid hədəfinə dönür. Hər halda ölkə mətbuatının iki aylıq tarixi bunu göstərir.

Hesabatda cinayətin üstünün açılması üçün rəsmi istintaqın təhqiqat qrupu ilə əlbir işləməsi, cinayətə dair bütün təfərrüatların incələnməsi, bu qətlə görə daha çox ittihama məruz qalan İran tərəfin təhqiqat qrupuna açıqlamalar verməsi zərurəti xatırladılır.

Haqqında bəhs edilən hesabatın mətnini contact.az saytından əldə etmək mümkündür.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button