“Seyid arağı”

Qənimət Zahid

«Azadlıq» qəzetinin baş redaktoru, təcrübəli qələm sahibi Qənimət Zahidin bu başıbəlalı kitabı hələ həbsxanadan bəri yazıla-yazıla gəlir. Həbsxanada 400 səhifəyə qədəri yazılsa da, türmə işçiləri kitabın əlyazmasını müsadirə etmiş və bir daha həmkarımıza qaytarmamışdı. Beləcə, bir ucu Azərbaycan türmələrində, digər ucu Avropa Məhkəməsində hərəkətdə olan bir məhkəmə çəkişməsi start götürmüşdü.

Həbsxanadan çıxandan sonra Qənimət Zahid kitabını bir daha bərpa etməyə qərar verdi. Bunun üçün o, hətta müalicəyə getdiyi Ankarada belə boş oturmadı. Budur, kitabın böyük hissəsi artıq hazırdır və biz «Xural» olaraq Azərbaycan mətbuatında böyük iz qoyacaq bu kitabın bəzi parçalarını Oxucularımızın diqqətinə çatdırmağa qərar verdik.

Oxuduğunuz Qənimət Zahidin həbsxanada yazdığı kitabdır…

Seyid Salyanlıdır. 30 yaşı olar, amma olmaya da bilər. Mən onun yaşını sifət cizgilərinə görə müəyyən etdim, özü də təsdiq etdi. Amma Seyid həyat yolunu elə dolanbac aşırımlarla aparıb ki, bu qədər çək-çeviri 30 ilin içərisinə yerləşdirməyin hər oğulun hünəri olmadığını təsdiq etməmək olmur.

Seyid Bayıla təsadüfən düşməyən adamlardandır. Ola bilər ki, bu dəfə onun bu Bayıl sevdası tamamilə təsadüfi alınıb, amma bu təsadüf onun həyat yolunun məntiqidir. Seyidi 177-ci maddə ilə Bayıla gətirib çıxaran təsadüfün altında 3 illik Rusiya, 4 il yarımlıq Ukrayna həbsxanaları dayanır. Amma Bayıla belə “səfeh ittihamla” gəlib düşmək istəməzdi. “Barı bir əməlli-başlı iş görəydim…”, deyə köksünü ötürür Seyid. “Kefli idim. Qohumun evindən bir “aeroport” zənbilini götürüb evimizə gətirdim. Qohum da gedib polisə xəbər verib. Polis səhər tezdən bizə gəlib. Məni yuxudan oyadıb böyrümdəki zənbili göstərirlər ki, bu haradandır. Deyirəm, kefli tinimə düşüb əmioğlugildən gətirmişəm, indi aparıb qaytararam. Deyirlər ki, yox, biz qaytararıq, sən narahat olma.”…
Həqiqətən də belə mənasız hərəkətə görə həbsxanaya düşmək ağlı başında olan hər bir cinayətkar üçün çox kədərlidir. Hər bir cinayətkar çalışır ki, həyatının şah əsəri sayılacaq planı həyata keçirsin. Xəyallarında yaşadır həmin əməliyyatın ştrixlərini. Hansısa əcaib kombinasiyalar qurur. Hədəfi, əməliyyatın predmetini müəyyənləşdirmək üçün aylar-illər gərək olur. Olmaz, axı, heç nədən, düşünməmiş, baş sındırmamış hansısa çiy işə imza atasan və həmin çiy imzaya görə də türməyə atılasan.
“Ukraynada maraqlı işlə məşğul idim. Orada xırdaca bir qrupum vardı. Qrup rəhbəri olduğumu deyə bilmərəm, amma kimisə də rəhbər olaraq tanımırdım. Özümüz özümüz üçün işləyirdik. Mən idim, Dima Xersonski idi və Natalya idi. Qatar işinə baxırdıq. Əsasən, qatar işinə. Bu, o demək deyil ki, avtobusda, trolleybusda işimiz olmazdı. Olurdu. İş hər yerdə var. Hətta kolbasa növbəsində də işləmək olmur. Amma qatar işi ayrı aləmdir. Daha kübardır və daha cəlbedicidir. Orada adrenalin az, nəticə isə yüz faisdir. Mən adrenalindən qorxmuram. Amma anatomiyamı başqa proseslərə də açıq elan edirəm… Dima həmişə dəmiryol kassalarının qarşısında olurdu. Bilet alanlara göz qoyurdu. Cibində də həmişə Natalyanın fotoşəkli olan saxta bir pasport. Əlbəttə, bu da bir işdir və bu pasport məsələsini həmişə mən həll edirdim. Gəlmə olsam da, əlaqələrim daha geniş idi. Belə işlər üçün daha çox səxavətli olmalısan. Amma Dimada bir az xəsislik vardı. Həm də ukraynalı məmurlar belə örtülü əməliyyatlar üçün yerli adamlara etibar etmirlər. Qafqazlılar başqa məsələ… Onlar bilirlər ki, biz pul xərcləməyi xoşlayırıq… Hə… Dima bilet kassalarını marıtlayıb dururdu. Gözünə sanballı, qolu özündən qabağa gedən imkanlı adam dəyən kimi lövbərini atırdı kassanın böyrünə. Bu müştərinin kupesinə olan bütün yerləri götürürdü. Reys hərəkətə başlayanda bizim hərif baxırdı ki, kupedə qəşəng sarışın qızdan başqa kimsə yoxdu. Açırdı səxavət kisəsinin ağzını. Araq, çaxır, yeyib-içmək… Hərif super model xanımın simpatiyasını qazanmaq üçün dəridən-qabıqdan çıxırdı. Natalya da ustadan usta. Girəvələyib kliyentin qədəhinə ikicə damcı “göz damcısı” əlavə etmək lazımdır, vəssalam. Buna hamı elə “göz damcısı” deyir. Amma onların min cürəsi var. Allerqodil, Tobreks, Okubraks, Maksides, Fluzamed… Çoxdur. Bu dərmanlar gözün ön kəsiyinin xəstələnməsi müşahidə olunanda qəbul edilir. Onlar həm də hidroxloridlərlə zəngin olduqlarına görə antiallergiya xüsusiyyətlidirlər. Gözün üst hissəsində soyuqdəymə, bakterial problemlər zamanı bu cür dərmanları oraya damızdırırlar ki, fəsad aradan qalxsın. Bəzi göz damcılarında, məsələn deksametazon təkibli damçılarda cəmi 0,1 faiz alkoqol da var. Əlbəttə, qatarda özünə romantik əhval-ruhiyyə verib yaraşıqlı bir xanımla yol yoldaşlığı edən babat müştərini bu 0,1 faizlik alkoqolla yoldan və sıradan çıxarmaq olmaz. Amma əgər bu dərman göz xəstəliyi olanlara deyil, ağıl və fəhm problemləri olanlara tətbiq edilirsə, üstəlik, gözünə yox, mədəsinə damızdırılırsa, o zaman onun romantik əhval-ruhiyyəsi axirətin bir addımlığına köçür.
Natalya öz işini əla bilən insan idi. Biz ikimiz həmişə bir yerdə, əməliyyat başında olmuşuq. Müştəri göz damcısı qatılan qədəhi başına çəkdikdən bir neçə dəqiqə sonra dərin yuxuya gedir. Əlbəttə, bu, ölümcül deyil. Adam sadəcə olaraq dərin yuxuya gedir, vəssalam. Bir neçə saat sonra isə yuxudan ayılır. Ayılıb görür ki, hər şey necə vardısa, eləcə də yerindədir. Dilimlənmiş kolbasa-pendir, qapağı kövrəkcə ağzına sıxılmış araq şüşəsi, yüksək keyfiyyətli undan hazırlanan ağ çörək, turşu, limonad, hətta salfet kağızlar… Bütün kupe bir neçə saat əvvəlki romantik dəqiqələri xatırladır. Amma bu dəqiqələri canlı romantika ilə həmahəng edən Natalya (əməliyyat zamanı Nastya da ola bilərdi, Olya da,..) yoxdur. Gözlərini ovuşdurub tavana baxır. Bir neçə dəqiqə qapıya baxır. Düşünür ki, yəqin Natalya ayaqyoluna gedib, ya siqaret çəkmək üçün çıxıb…Hətta özünü qınayır ki, ayıbdır, qız öz qədəhini boşaldıb, amma bunun qədəhi doludur… Bir neçə ağır dəqiqə keçəndən sonra şübhələnməyə başlayır. Pencəyini asılqanda görüb özünə toxdaqlıq vermək istəsə də, canına rahatlıq gəlmir. Əlini atıb pencəyin, paltonun ciblərini yoxlayır və uyqudan əvvəlki romantika yerini ünvanı və istiqaməti bilinməyən nifrətə, qisas hissinə verir. Cibləri bom-boş qalan müştəri bəzən, hətta pencəyini-paltosunu da tapa bilmir: asılqanda mənim kirli və nimdaş gödəkçəmin yelləndiyini görüb bağırır. Səs-küyə vaqon bələdçisi gəlib çıxır: “Vətəndaş sərnişin! Özünüzü ləyaqətlə aparın! Bu nə bağırtıdır? Axı, bu vaqonda sizdən başqa da sərnişinlər var və onlar istirahət edirlər”!, deyir. “Amma onların heç biri mənim qədər axmaq deyil! Onların heç birini quldurcasına soymayıblar! Bu vaqonda mənimlə birgə yol gedən o lənətə gəlmiş qız haradadır”?! “Hə, sizin həyat yoldaşınızı deyirsiniz”? “Nə həyat yoldaşı! Mənim həyat yoldaşım yoxdur! O, bir oğru idi. Amma sizin lənətə gəlmiş kassirlər bu oğruya ləyaqətli adamlarla eyni şəraiti yaradıblar, eyni kupedə yerləşdiriblər! Mən bunu sizə bağışlamayacağam”! “Həmin ləyaqətli vətəndaş həmin oğru və ləyaqətsiz qadınla burada içki məclisi düzəldib, özünü apara bilməyənə qədər araq içib və yalnız bu vəziyyətə düşəndən sonra anlayıb ki, o qadın bir bandit imiş. Vətəndaş, bizim bilet kassalarında parapsixoloqlar işləmir və onlar bilet satan zaman sərnişinlərdən xasiyyətnamə istəmirlər, pasport istəyirlər. İndi mən qatar polisini çağırım, onlar sizin pasportunuzu və şikayət ərizənizi alsınlar, sonra istintaqa başlasınlar və siz də bu qara-qışqırığı buraxın, təmkinli olun”! Müştəri bu istintaqın heç yaxşı qurtarmayacağını dərk edir. Axı, istintaqa izah etmək lazımdır ki, o, tanımadığı, hətta tanış olmadığı bir adamla içki məclisini necə qurub, özünə də bəlli olmayan səbəblərdən necə bayılıb?.. Müştəri vəzifəsi, sosial ranqı olan birisidirsə (adətən, bahalı kupelərdə belələri gedir), bu istintaqdan daha cidd-cəhdlə qaçır. Bələdçidən xahiş edir ki, heç kimi çağırmasın: “Durun, milis-zad lazım deyil, özüm birtəhər yola verərəm. Deyəsən, o gedəndə mənə dedi ki, mənim cibimdən bəzi şeylər götürməlidir. Hə, biz o qadınla tanışıq, axı…Araq məni gic eləyib, az qala tamam yadımdan çıxmışdı ki, biz tanışıq…”. Vəssalam. Komediya bitir. Biz isə Natalya ilə birlikdə artıq, yüzlərlə kilometr arxada pulları bölüşürük, Dimaya necə və nə qədər atmaq haqqında düşünürük. Onun payını tamam kəsmək də olmaz axı.
Orada bu sayaq işlərlə məşğul idim. İşlər əla gedirdi. Günün birində Kiyevdə, avtobusda “işləyəndə” axmaq Dimanın ucbatından ilişıdik. Amma nə dəxli var? Nə zamansa ilişməliydik. Bu mənim də axmaqlığım ucbatından ola bilərdi. Amma yaxşı ki, olmadı.
Ukraynada zonda oturmaq yaxşıdır. Rusiyada da yaxşıdır. O yerdə ki, hər kəs öz yerini bilir, ora yaxşı deməkdir. Ukraynada cibgirliyi öyrəndim. Barmaqlarım qızıla çevrildi. Görünür, məndə qabiliyyət varmış ki, öyrəndim də… Sonra bu qabiliyyət mənə zonda başqa bir hobbini mənimsəmək imkanı verdi. Bir siyasi məhbusdan şahmat öyrəndim. Yaşlı kişi idi. Çox savadlı adam idi. Nə üstə tutulduğunu bilmirəm, amma siyasi məhbus olduğunu bilirəm. Yeri gəlmişkən, bəlkə mən bu şahmatı başqa bir siyasi məhbusa da öyrədim. Müəllim sən şahmat bilirsən? Yox? Deməli, bu da mənim üzərimə düşən bir işdir. Bir siyasi məhbus bunu mənə öyrədib, mən də onu başqa bir siyasi məhbusa öyrədim ki, xətt qırılmasın”.
Seyid elə həmin gün qara çörəkdən şahmat fiqurları düzəltdi. Şahmat taxtasını kartonda çəkdi. Səhəri gün artıq ilk gedişləri öyrənməyə başladım.
Seyid təcrübəli dustaqdır. Hərəkətləri əzbərlənəsi adamlardandır. Mən ilk dəfə onun təcrübəsindən öyrəndim ki, türmədə “it”in buyruqları qanun deyil, həmişə sabotaj olunası idarəetmə taktikləridir. O, yatmağı xoşlardı. Xüsusilə səhər yoxlamasına qalxmağı sevməzdi. Bir neçə dəfə də bu zəmində mübahisəsi olmuşdu. Yoxlamaya gələn naryad onun yataqda olduğunu görüb çığır-bağır salardı. O da gərnəşə-gərnəşə yerində oturub nəzarətçilərə baxardı. “Nooolub alə”. Bu, salyanlılara xas, həyəcansız, amma həyəcan bildirən sorğu tipidir. Nəzarətçilər də dəli olurdular. “Necə yəni, nə olub? Sən dustaq deyilsən? Səhər saat 8-də yoxlamadır, vəssəlam. Hamı oyaq olmalıdır”!..
Seyid təcrübəli dustaq kimi dustaqlığın bütün özəlliklərinə baş vururdu. Məsələn, günlərin birində uşaqlar mənə Seyidin “braqa” qoyduğunu dedilər. Həbsdə yatanlar “braqa”nın nə olduğunu əla bilirlər. Əlinə keçən hər cür ərzaq tullantısını ağzı kip bağlana bilən bir qaba doldurub qıcqırdır və ondan “türmə arağı” düzəldirlər. Mən onu götürüb kanalizasiyaya axıtdım. Seyid odlandı. Gözləri hədəqəsindən çıxmaq həddinə qədər alacalandı. Amma özünü sakitləşdirdi və səsinə çox böyük ehtiram notları qataraq mənə izah etdi ki, nə üçün belə etmək olmaz. O, məni inandırdı ki, türmədə belə hərəkətə görə adamı bıçaqlaya da bilərlər, öldürə də bilərlər, ya “vosstanovit” elətdirə bilərlər. (“Vosstanovit” – yəni bərpa etmək. Əmlakına zərər yetirilmiş və ya icazəsiz istifadə edilmiş dustağın qanuni tələbi sayılır. Bu zaman bərpa aktının başa çatıb-çatmadığını da zərərçəkmiş dustaq müəyyən edir. Çox qəddar qaydalardan biridir, amma haqlıdır. “Başqasınım əmlakına onun özündən icazəsiz əl vurmaq olmaz” qaydasını dustaq qanunu şəklinə salan normadır). Seyidə izah etdim ki, onun özünü necə zəhərləməsi məni narahat etmir. Amma onun burada quraşdırdığı bu dəsgahdan ötrü kameranın digər sakinlərinə əziyyət verə bilərlər. “Bu balaca kameradır və qapalı yerdir. Sən burada “braqa” qoyanda kameranın bütün sakinlərinə xəbər eləməli idin, ya yox (“kurs” qoymalı idin)? Amma etməmisən. Bəlkə, bu bir “torbadır”? Mən səni normal mujik və dürüst dustaq sayıram, amma bu hərəkətin adını sən özün qoya bilərsənmi”? Seyid maddım-maddım üzümə baxdı və gizlədə bilməyəcəyi heyrətlə “bağışlayın” dedi. Sonra da kameradakı bütün ərzaq qalıqlarını və köhnəlmiş meyvələri bir yerə yığıb təntənəli şəkildə bəyan etdi: “Mən “braqa” qoyuram”. Və öz işi ilə məşğul olmağa başladı. 1 həftə sonra Seyid kamerada banket təşkil etdi və uşaqların bir qismi onun “Dustaq arağı”nı hortdatmağa başladılar. Hətta yüngülcə keflənənlər də oldu. Zarafat deyil, Seyid 10 litrlik qabda araq düzəltmişdi…
Seyid 4 il iş alıb Xələcə getdi. İndi azadlığa çıxmış olar. Mən ona möhkəm-möhkəm tapşırmışdım ki, çıxan kimi evlən və adam kimi həyat qur. O da söz vermişdi ki, belə edəcək. Edər yəqin. Seyid sözübütöv adam idi…

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

1 şərh

  1. Cox maraqli yazidir her halda orada bir mektebdir,bir sinaqdir.Dunyanin isini ne bilmek olar, butun sinaqlara hazir olmq lazimdir.Insanlar o zehrimar pulu qazanmaq ucun nelere el atmirlar.Lenete gelsin pulu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button