“Soylu”nun mənəviyyatı Ocağa ziddir!

Zülfüqar həqiqəti bilən, gerçəyi görən şahidi öldürməklə hədələməkdən belə çəkinmədi..

 İnam Atanın Mütləqə İnam Ocağı və onun özünəməxsus ruhani yaşam qaydaları yarandığı gündən toplumun, insanların diqqət mərkəzindədir.  

33 ildir yol gələn Mütləqə İnam Ocağının bu müddətdə uğurlarıyla yanaşı, daxili sarsıntıları da olub. Ancaq Ocaq bütün sınaqlardan üzüağ çıxıb. Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruhun, Ocaq Yükümlüsü İşıqlı Atalının və Yolruh Atalının bu söhbətində adıçəkilən ruhani qurumun son dönəm yaşantılarına aydınlıq gətirilir.

Əvvəli ötən sayımızda

İşıqlı Atalı: – Çəkindirmək mümkün olmadımı?

 Safruh: – Mən o çəkindirmə vasitəsinin beşiyi başında dayanmışam və hətta Yolbaşı ilə də dalaşmışam – sevə-sevə. Onun «Öl» əmrini də qəbul edə-edə dalaşmışam. Çünki bura Ruhaniyyat Ocağıdır. Və bura insanın yox olmasına qarşı dirəniş, insanın yüksəldilməsi Ocağıdır. Mənim yazılarımı araşdırsanız, görərsiniz ki, nə qədər insan gözəllikləri öyülür: dostda, amaldaşda, təlimdə, xalqda, türkdə, gürcüdə, hətta ermənidə…

Gör mən nə qədər insanın qəlbinin böyüklüyündə israr eləmişəm.

Mənim uşaqlarım yaşda olanlar burada (İnam Evinin başındakı stulu göstərir) oturublar, mən bəridə. Heç özümü sıxılmış, haqqı tapdanmış hiss etməmişəm. Orada otursam da, öyrətmən olmuşam.

Mən danışırdım, siz ağzınız açıla qulaq asırdınız. Siz danışanda mən qulaq asırdım – böyük balacaya qulaq asan kimi… Həmişə belə olub. Sizi həmişə öymüşəm. Bu gün də sizin haqqınızda pis danışmaqdan, pis düşünməkdən uzağam. Necə ağzınıza, ağlınıza gəlir ki, Safruha qarşı pis söz deyirsiniz?! Necə bu, mümkün olur?!

Atanın haqqında demədilərmi? O adamlar ki Atanın evindən və qəlbindən çıxmırdılar. Atanın adına görə başqa amaldaşının gözünü çıxarmaq istəyirdilər. O adamlar Ata öləndən sonra ortaya kitab, müqəddəs yazı qoymalı idilər. İndi durub Safruh haqqında hədyan danışırsınız?!

 İşıqlı Atalı: – Safruhda eyib axtarmaq eybəcərliyi…

 Yolruh Atalı: – 19-cu ildə Ocaqdan kimlərin çıxarılması haqqında Ruhani Bəlgə yazmışdınız?

 

Safruh: – Günev, Ötkün, Soylu haqqında. Öz adımdan yazmışdım – Ocağın təmsilçisi kimi. Çünki onu bir imza ilə yazmaq gərək idi. Onun da sənədləri durur.

Onlar gedəndə 19-cu il Yağış ayının 19-u idi (19 noyabr 1997). Üçü də Sərt ayının 29-da (29 dekabr) qayıtdılar. Evimdə qaz sobasının qırağında oturmuşdum. O qədər bunları danladım. İnsafla, qulaq asdılar. Səhv eləyən şagirdlər müəllimə qulaq asan kimi. Qayıdıb gəlmələrini, Safruhla görüşmələrini ləyaqət saydım. Yazmışdım ki, Ocağı parçaladıqlarına görə Ocaqdan çıxarılırlar. Mənə Birüz və başqaları irad tuturdular, niyə sözünün üstündə durmadın? Dedim, siz Ocaqçı olmadınız, ola bilmədiniz. O zaman da hesab etdim ki, Ocaq yaşamalıdır. Düz elədim.

 

Yolruh Atalı: – Aydın olur ki, Zülfüqar ayrı-ayrı çağlarda Ocaqda dağıdıcılığı böyük ustalıqla həyata keçirmək istəyib, ancaq bacarmayıb.

 

Safruh: – Ocaqda dağıdıcılığı 3 dəfə Zülfüqar – “Soylu” eləyib. Gedib gəlib, gəlib gedib. 19, 30 və 31-ci illərdə. Özü bilər, nə sayaq istəyər, elə yaşasın. Onun işləri haqqında çox yazmışam, ancaq yenə deyirəm: mənəviyyatı Ocağa ziddir! Mütləqə İnam isə – Mənəviyyat Ocağıdır.

Ocaq isə parçalanmayıb. Birinci gündən Ocağın ilk Evladı kimi Atanın yanında olmuşam, indi də 33 ildir ki, Ocaqdayam.

 

İşıqlı Atalı: – Bunun özü Ocağın birxətliyinə gözəl sübutdur.

 

Safruh: – Bu, o deməkdir ki, Ocaq parçalanmayıb. Ocaqdan gedənlər, qopanlar olub, ancaq Ocaq olduğu kimi qalır, yaşayır.

Gələcəkdə Ocağın 50-100 yaşı ki olacaq, mən buna Ocağın «körpə yaşı» deyirəm, o dövrdə kamil, qısqanclıqsız, yarış duyğusundan uzaq olun, sarsılmaz olun, onda kimsə Ocağın içini qarışdıra, parçalaya bilməz.

 

İşıqlı Atalı: – İndiyə kimi Ocaq Ata-Safruh xəttiylə gəlib, bundan sonra da belə gedəcək…

 

Yolruh Atalı: – Burada ən başlıca məsələ Safruhun şəxsiyyəti ətrafında yaranan cazibədir.

 

Safruh: – Doğrudur. Safruh Ocağı təmsil eləyir, onda da eləyirdi. Ona görə Ocaqdan gedənlər o zaman Safruha görə Ocaqçılıq edə bildilər, məna ifadə edə bildilər. Təkrar edirəm, Ocaq bütövlüyünü saxlayıb. O hala ardıcıl olaraq yetməyiniz gərəkdir.

 

İşıqlı Atalı: – Biz o haldayıq. Safruh bunu öz halında və ömründə görür. Həmişə Ocaq bir xətlə olub. Ata-Safruh xətti var, Safruh dəyişməzliyi var.

Ruhaniyyatda meydan sulamaq istəyən qoçaqlar sonda qaçaq düşürlər. Təbii ki, hər görüntü ruhaniyyatçılıq deyil.

 

Safruh: – Qoy ruhaniyyata doğrudan yiyələnsinlər, insanı doğrudan sevsinlər. Arvadlarını doğrudan-doğruya sevsinlər. Onda xəyanət etməyəcəklər. Qadınlar da ərlərini doğrudan-doğruya sevsinlər, onda ərlərinə xəyanət etməyəcəklər. Onda olacaqlar Ocaq. Amaldaşlarını sevsinlər. Onda olacaqlar insan. İnsan möcüzəsi həmişə gərəkdir. Necə ola bilər ki, amaldaşına qarşı acı danışasan? İndi sizdən soruşuram: Asif Atanı sevirsinizmi? Əgər sənin içində ilan-qurbağa varsa, Asif Atanın nəyinə gərəkdir sənin sevgin? Asif Ataya sənin sevgin gərək deyil, ancaq sənin özünə ilansız və qurbağasız olmağın gərəkdir.

 

İşıqlı Atalı: – Müqəddəs qardaşım, Ocaqdan, İnam Evindən sonuncu qaçanların motivi nəydi?

 

Safruh: Motiv Safruhdan xilas olmaq, guya ki, özləri Ocaq olmaq. İnam Evi isə ayrıca hadisədir. İnam Evi, onun şöhrəti Safruhla bağlıdır. Onlar bunu istəmədilər. Birincilik istəyi ki var, o, çox nakişi bir şeydir. Bu istək ona dedi ki, belə də eləmək olar, elə də, qoy üstümüzdə nəzarətçi olmasın, istədiyimiz kimi yaşayaq. Mən nəzarətçi-zad deyiləm, bunu özümə təhqir sayaram. Demək istəyirəm ki, elə düşünürdülər. Düz ağac var, əyri ağac var. Düz ağac demir ki, mən düzəm.

Onlar Safruhdan xilas olmaq istədilər, bunu Qarabaş elədi, yanındakılar çox da bunun azarkeşi deyildilər. Yanındakılar da elə bildilər ki, bu, ağzıynan quş tutandır.

Həm aldanışdır bu, həm də insani keyfiyyətsizlikdir. Niyə? Fərz edək, o, bacarıqlıydı, mən də bacarıqsızam. Bacarıqsızı atıb getməkmi olar? Sənin bacarıq görən gözün varmı? Kim indiyə kimi Safruhun bacardıqlarını bacarıb? Kim bu qədər insanı sevir, ölür insandan ötrü? İndi də haqqınızda gözəl sözlər yazır, həsrətinizi çəkir, «o illərin filankəsləri» deyə. Ürəyinizdən bir isti hava qopmur kimsəyə qarşı.

Nə üçün İşıqlı Atalıya hücum edirsən? Niyə onun gözəlliklərini axtarmırsan? Ocaqda sarsıntılar, qopmalar qabaqlar da olub. Ocaqdan getmələr təkcə sonuncularla bağlı deyil. Ölüm deyilən hadisə var. Bu, sondur. Altından cız çəkirəm. İddialar aşağıya çıxmır axı? Bir də ruhaniyyatda yalnız işlə qalmaq olmur. Çünki ruhaniyyatda şəxslə iş eyni deyilsə, iş qalır, şəxs ölür.

Bağban Atalı az müddətdə Ocaqçı oldu, ancaq sona kimi səmimiliyini qorudu. Nə bacardısa, elədi. Onun çalışmağıyla ömrü birləşdi. Bağban Ocağın dəyəridir. Ancaq bir də var, Bağbandan 10 dəfə artıq iş görəsən, sonra da yekə bir qələt eləyəsən. Ocaq işə görə adama deməz ki, sən 10 dəfə artıq iş görmüsən, afərin sənə, gəl bura!

Bunu aydınlar, ümumən düşünənlər bilməlidirlər ki, Ocaqda, ruhaniyyatda, dində işlə şəxs birləşməlidir. Əgər mahiyyətcə şəxs işindən pisdirsə, işi qalacaq, şəxsi qəbul deyil. Bəs necə olur, belə şey baş verir? Sən onu ikiağızlı qılıncdan soruş.

 

Yolruh Atalı: – Ocaqçıların çoxu Atanın ölümündən sonra öldülər. Biri bir il sonra, o biri üç il sonra… Bu adamlar Ocaqdan getmək üçün sanki bir girəvə axtarırdılar.

 

Safruh: – Doğrudur. Ocaq – Ruhaniyyat və Həqiqət cəbhəsidir. Onu nadir insanlar gedə bilər. Təəssüf ki, nadir insanlardan ibarət Ocaq da düzəltmək olmur. Ona görə də sən məcbur olub adamları Ocağa qəbul eləyirsən. İşə layiq olduğu müddətdə işçini də qəbul eləyirsən. Ləyaqətdən qırağa çıxanda işçini qəbul eləmirsən, iş qalır. Beləliklə, nisbi ləyaqətli insanların gördüyü iş və ölümə qədərki gerçəkliyi olur Ocaq, Ocağın gerçəkliyi. Ancaq mütləq Ocaq deyilən gerçəklikdə qırılmaz ömürlər olmalıdır. Lap biri də olsa bəs eləyir. Bütün o gözəl keyfiyyətləri yığıb saxlayır. O keyfiyyətlər çevrəsinə başqa nisbi hünərli insanlar da cəlb olunur, iş görürlər. Təkrar edirəm, gedənlər haqqında indi də pis düşünmürəm. Yalnız onların bağışlanan və bağışlanmaz günahları var. Onları mən olduğu kimi görürəm. O sayaq insanlar nə istəyirlər olsunlar. Ancaq Ocaq ola bilməzlər. Yəqinliyim budur.

Getsinlər Məkkəyə, Qara daşa başlarını döysünlər ki, qələt eləmişik, tövbə eləyirik. Bəlkə müsəlman oldular… Ancaq biz onları burda görmədik. Bax, Ocağın içində də tövbə edilməli idi. İnsan nöqsanıyla barışmalıdır, yoxsa nöqsanına yenilməlidir? Bəlkə istəmir kimsə? Gələ deyə ki, qələt elədim, başımı daşa döyürəm, ölürəm qarşında…

 

İşıqlı Atalı: – Ancaq tövbə etməli olanlar İnam Evindən qaçdılar və hədyan törətdilər…

 

Yolruh Atalı: – Əxlaqsızın, ləyaqətsizin Mütləqə yolu bağlıdır. Adam bilirsə ki, Ocağın əxlaq, həqiqət ölçüsünə uyğun gəlmir – getməlidir. Mühitdə o, özünü narahat hiss edir. Ya mühitə uyğun olmalıdır, ya da çıxıb getməlidir.

 

İşıqlı Atalı: – Bütün hallarda Atanın Ruhaniyyat sisteminin vergülünü də sökmək mümkün deyil. Eləcə də Ocaqdan qıraqda qondarma Ocaqçılıq qəti şəkildə baş tuta bilməz.

 

Yolruh Atalı: – Ata-Safruh xətti iki ruhani silahdaşın 37 il öncə başladığı yoldur, onun 33 ili sırf Ocaqla bağlıdır. Mən Yolruh Atalı da bu yoldayam.

 

İşıqlı Atalı: – Müqəddəs qardaşım, Ata-Safruh xəttinə  aydınlıq gətirməyimiz yaxşı olar…

 

Safruh: – Ata-Safruh xətti – lap başlanğıcdan – 33 il öncədən Ocaq xətti nə deyirsə, odur.

Ocaq Mənəviyyatı Atanın «Sədaqət» kitabının “Əməl” bölümündə göstərilib: Mütləq İnam, Mütləq İldrak, Mütləq Saflıq, yəni Mütləq Mənəviyyat və Mütəq İradə.

Bu keyfiyyət mənim insana, Vətənə, millətə mütləq bağlılığımdan ayrılmazdır. Mən insanı çox sevirəm.

Ata inanır ki, nə olur-olsun, insan öz insani keyfiyyətlərini qoruyub saxlayacaq. O, hansı duruma düşəcək – mənəvi tənəzzülə uğrayacaq, sonda qalxacaq, dirçələcək.

Yolruh Atalı: – Ocaqçılıq – İnsan olmaq uğrunda döyüşməkdir.

Özünü qurmaq, fədakarlığa yetmək deməkdir. Heç bir murdarlığa dözməmək, onu yenməkdir. Ağlagəlməyən ruhani döyüş qaydasına yiyələnməkdir. Həqiqətə yetmədən xoşbəxt olmaq mümkün deyil. Ocaqçı yalnız Ocaqçılığı səadət biləndir. Həqiqətin bütün tələblərinə əməl etmədən, o qaydayla yaşamadan necə xoşbəxt olmaq mümkündür?

Həqiqətin şirinliyindən keçmək olmur. Ruhaniyyatçı Həqiqətsiz yaşaya bilməz!

 İşıqlı Atalı: – Atamız demişkən, biz hürufilərin aqibətini çoxdan aşmışıq. Son aylarda gerçəkləşdirdiyimiz İnama Qovuşdurma Törənləri ideyamızın yeni ailə ruhunu yaratdığını sübut etməkdədir.

Beşikbaşı və Ölügötürmə Kurallarımızın ilk mərhələsi əslində İnama Qovuşdurma kuralımız olmalıdır.

 

Safruh: – Harada insaniliyə xeyir verən bir addım var, biz deyirik o, yaxşıdır.

İşıqlı Atalı: – İnam Evindən qaçanlar Safruhu yıxmaq kimi gülünc bir istəklə indi də yaşayırlar. Nədən Safruhu yıxmaq mümkün deyil?

 Safruh: – Safruh – Safruhdur. Safruhu o vaxt yıxmaq olardı ki, onu öz mənəviyyatından çıxarardın. Safruh yıxılardısa, özünü Ocaqda qərib hiss edərdi. Mənim heç vaxt böyük iddiam olmayıb. «Xural»da yazmışdım ki, «Qalib olma, haqlı ol». Çünki bilirəm nicat haqdadır. Nicat  qələbədə deyil ki?

Mənim əlimdən həqiqəti ala bilərlərsə, yəni həqiqətsizliyə salarlarsa, onda məni yıxmış olarlar. Tövrünü ki dəyişirsən, bu olur məğlubiyyət. Tövrümü dəyişəndə elə bilirəm ki, ölürəm. Tövr dəyişmək – həqiqəti itirməkdir. Özünüz yaxşı görürsünüz ki, dilim də var, dilçəyim də. Yazım da var, qələmim də. Qarabaş yalandan haqqımda filan görüntü yaradıb məni o görüntüyə bərabər edə bilməz. Nə boyda olur-olsun. Ocaq – həqiqət yeridir.

 İşıqlı Atalı: – 72 yaşlı Safruhun əhvalı necədir?

 Safruh: – Özümü əla hiss edirəm.

İşıqlı Atalı: – Safruhun yazılarında yumşaqlıq olduğu dərəcədə sərtlik var.

 Safruh: Ruhaniyyatçı yumşaq, insanın dərdini, çətinliyini  anlayan olmalıdır. Hər nöqsan, hər suç adamın mənini öldürmür. Olur belə şeylər. Kişisənsə, qadın cazibəsinə düşürsən, qadınsansa, kişi cazibəsinə düşürsən, çətin çıxırsan. Varidat cazibəsinə düşürsən. Özünü böyük göstərmək istəyinin cazibəsinə düşürsən. İnsana dərin sevgidən onu bağışlamaq halı yaranır.

Məsələ dərin, böyük prinsipə gəlib çıxanda sevdiyin insanı bağışlaya bilmirsən. Artıq burada mərhəmət duyğusu prinsipdə əyintiyə, nöqsana göz yummağa səbəb olar.

Ona görə də orada mən güzəşt eləmirəm. Ancaq mənim güzəştsizlik halım güzəştli halımın yanında balacadır. Çox nöqsanı mən bağışlayıram. Gərəkdir bu. Məsələn, mənim haqqımda yalan deyən o qızları bağışlayıram. Özünün mənə dediyi şeyi heç kəsin üzünə çəkmək istəmirəm.

Sevdiyin, ucaltdığın adamda qəbahət görəsən, bu, dəhşətdir. Ola bilər adam deyər ki, bunu görməmək üçün kor olaydım. İstəmir axı?!

Bir var bəhanə axtarasan ki, kiminsə bir əyriliyi olsun, mən də bunu görüm və gülüm. Bizim yolun adamı deyil eləsi.

İşıqlı Atalı: – Zülfüqar həqiqəti bilən, gerçəyi görən şahidi öldürməklə hədələməkdən belə çəkinmədi. Ocaq bu gerçəyi yaşadı.

Safruh: – Ruhaniyyatçı cismən məhv olmaqdan da çəkinmir. Ruhaniyyatçı öz haqqını içində yaşayır, yaşadır. Ancaq bir də Ocaq söhbəti var da – Türkün ilk Ruhaniyyat Ocağı. Burada dirəniş var. Bu, Yolun qorunmasını tələb edir. Burada da müəyyən sərtlik tələb olunur. Ocaq şüşədəki can kimidir. Gərək o şüşəni qoruyasan ki, can ölməyə. Məndə sevə-sevə sərtlik var.

 İşıqlı Atalı: – Bu söhbətimizdə çox şeylərdən danışdıq. İnam Evimiz var, Ocağımız yaşayır. Saytımız geniş oxunur. Çoxsaylı İnamçı tərəfdarlarımız var.

Son olaraq, Müqəddəs qardaşımız Safruh Ocağımızın çağdaş durumunu necə dəyərləndirir?

 Safruh: – Ocağın indiki halını ləyaqətli yeriş kimi dəyərləndirirəm. Canavarlıq yoxdur Ocaqda. Ruhaniyyatdır bu. Oyun yoxdur burada. Ocağın başlanğıcı kristal kimi, qranit kimi saf və möhkəm olmalıdır. Ləyaqətsizlik artıq İnam Evinin qapısından içəri girməkdən çəkinir. Bunu adamların dilindən eşitmişəm. Bu, Ocağın, İnam Evinin başının ucalığıdır, ruhani yerişimizin təminatçısıdır. Bu halı daha aydın dərk etmək, yaşamaq, daha cəsarətli olmaq, əsla heç kəslə rəqabət aparmamaq, acığı heç zaman yaxına buraxmamaq. Bir halda ki, özül qurulub, ləyaqətli, üzüağ, alnıaçıq ömürlərimiz var, işlər gedəcək: nə qədər ki, ali duyğularla yaşayacağıq, sifətin müəyyənedicisi və işin qurucusu kimi görünəcəyik.

 İşıqlı Atalı: – İnam Evimiz Ruhani əsgərimizdir…

 Safruh: – Sənin təqdimatların çox ləyaqətlidir. Bəli, bu gün ən böyük Ocaqçımız İnam Evidir. İnam Evi böyük iş görür. İnam Evinin gələcəyinə inanıram. İnam Evi ideyasını gözəl yaratmışıq. Bundan sonra xalq yeni İnam Evləri tikəcək. Ancaq bura ilk İnam Evidir və bu üzdən də ən Müqəddəs ünvandır. Əsas odur ki, həmişə İnam Evinə layiq Evlad olun, həqiqətçi olun.

İşıqlı Atalı olaraq sənin ayrıca xidmətlərin var. Ruhani Başçı Safruhun obrazını ictimaiyyətə böyük sayğı və inamla təqdim edirsən. Ocaq Tarixində sənə qədər bu, görünməyib. İnsanı öymək müqəddəsliyidir bu.

 İşıqlı Atalı: – Safruhun Müqəddəsliyi Ocağın ləyaqətli təsdiqidir.

 Safruh: – Üstəgəl, sənin Safruha İnamın. Mən o İnamı həmişə doğrultmalıyam. Ocağa sənin müqəddəs münasibətin ayrıca öyrənilməli, öyülməlidir. Ocağın qorunmasında, təsdiqində İşıqlı Atalının inadı bir ləyaqət səhifəsidir. Hər hansı bir umacağa görə yox, Ocağın ləyaqətinə görə bu işləri görmüsən, ardıcıl görürsən…

Atamız var olsun!  

11 Od ayı 33-il,  (11 iyul 2011)

 Son

Redaksiyadan:

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button