“Unikal” qəzeti “Texnikabank”a qarşı

Nərimanov rayon məhkəməsində hakim Sənan Hacıyevin sədrliyi ilə “Unikal” qəzetinin baş redaktoru Asəf Rzayevin “Texnikabank”a qarşı iddia ərizəsi əsasında məhkəmə prosesinə hazırlıq iclası keçirilib.

Asəf  Rzayev jurnalist araşdırması olaraq “Unikal” qəzetində “Texnikabank”la “A.M.A.Y.” Açıq Səhmdar Cəmiyyəti arasında yaşanan problemləri işıqlandırdığını, buna görə “Texnikabankın” rəhbərliyinin qəzəbinə gəldiyini deyib. Bankın rəhbərliyi dərc olunan məqalə ilə bağlı qəzet redaksiyasına heç bir irad bildirmədən Mətbuat Şurasına müraciət edib. Rzayev Mətbuat Şurasına göndərilən məktubda həm redaktoru olduğu qəzetin, həm də özünün şərəf və ləyaqətinin alçaldıldığını, təhqir olunduğunu deyir.

Baş redaktor bununla bağlı “Texnikabank”a qarşı iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət edib. Təzminat olaraq “Texnikabank”dan 1 manat məbləğində pul və qəzetin kollektivindən üzr istənilməsi tələb edilir.

Hakim Sənan Hacıyev məhkəmə baxışını iyulun 12-si saat 10-a təyin etdiyini bildirib.

 

“Xural” qəzeti,

İl: 9, sayı: 023 (431), 19-25 iyun 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button