“Üsyan bayrağını qaldırmışıq!”

mətbuat şurasının loqosuƏvəz Zeynallı: “Mətbuat Şurasının yumurta atəşinə tutulması və digər planlarımız var”

Xəbər verildiyi kimi, Mətbuat Şurasının (MŞ) müvafiq komissiyası “Xural” qəzetinin “qara siyahı”ya salınmasını tövsiyə edib. Şuranın sentyabrın 19-da keçiriləcək İdarə Heyətinin toplantısında bununla bağlı yekun qərar veriləcəyi gözlənilir. “Xural”ın adının “qara siyahı”ya salınması cəhdinin qarşısını almaq üçün qəzet rəhbərliyi müxtəlif tədbirlər görməyi planlaşdırır.

Bu barədə “Yeni Müsavat”a açıqlama verən baş redaktor Əvəz Zeynallı bildirdi ki, məsələyə dair MŞ sədri Əflatun Amaşovun növbəti açıqlaması onu daha da təəccübləndirib: “Əflatun Amaşov deyib ki, “Xural”ın adının bu siyahıya düşməsi bir təsadüfdür. Bunlar özlərini dolaşdıran ziddiyyətli açıqlamalar verir. Bizim sabah (bu gün-red.) məsələyə dair görüşlərimiz olacaq. Redaktorlar Birliyinin daha geniş tərkibdə toplantısını keçirməyi planlaşdırırıq. Onların hansı yekun qərar çıxarmasından asılı olmayaraq, ən müxtəlif aksiyalara əl atacağıq. Bizim mövqeyimiz onsuz da bu idi ki, Mətbuat Şurası bizimlə bağlı heç bir müzakirə apara bilməz, çünki biz MŞ-nin üzvü deyilik. Bunlar prezidenti də aldadıblar, Milli Məclisi də. Şuranın nizamnaməsinə hətta qəzetləri bağlamaq səlahiyyəti verən bəndi də gizlicə əlavə ediblər. MŞ bunu edə bilməz, çünki bu qurum QHT-dir. Bizə Şuranın qanunsuz hərəkətlərinə qarşı tədbirlər görmək üçün çox maraqlı təkliflər edilir. Böyük ehtimalla Mətbuat Şurasının özünün “reket” qurum olması barədə bəyanat qəbul edib, onu ən məşhur, tanınmış adamlara imzaladacağıq. Bunları yumurta atəşinə tutmaq, həmin adamlara salam verməmək, xeyir-şərdə utandırmaq kimi təkliflər də alırıq. Çünki Azərbaycanda ciddi, peşəkar mətbuat işçilərinə bir dəstə adam hər hansı sifarişlə özlərinə uyğun ad qoymamalıdır. Bizim əlimizdən gələn odur ki, bunları ən azı ictimai qınağa çıxaraq, onu da edəcəyik”.

Ə.Zeynallı dedi ki, hər bir halda məhkəməyə də müraciət edəcəklər: “Biz üsyan bayrağımızı qaldırmışıq. Bizi ya iqtidarın dəstəyini alıb tamamilə sıradan çıxaracaqlar, ya da biz müstəqil mətbuatın son şərəfini də qorumalıyıq”.

musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button