“Xırdalan pivə”nin “Əfsanə”si qıcqırdı!

Bu səbəblə Sankt-Peterburqdan yeni yoxlama gəldi və pivələr satış məntəqələrindən yığışdırılmağa başlandı…

““Xırdalan pivə” kimi tanınan “Baltika-Bakı” MMC-yə yeni yoxlama gəlib. Təxminən 15 gün əvvəl gələn yoxlamadan fərqli olaraq bu yoxlama böyük yeyinti faktlarının mövcud olub-olmadığını araşdıracaq. Zavoda böyük məbləğdə “vozvrat pivə” daxil olub və bu pivələrin istehsal prosesində yanlışlıqlar baş verib” – məlumatı XuralTAC-a verən mənbənin sözlərinə görə, yoxlama həddindən artıq keyfiyyətsiz istehsal olunan pivə üçün başlayır. Mənbənin məlumatına görə, bu günə qədər 15 KamAZ dolusu pivə geri qayıdıb. Əsasən, 2.5 litrlik “Əfsanə” pivələrini qaytaran KamAZ-larda onlarla ton keyfiyyətsiz pivələr daşınır. İnformasiyanı qəzetə çatdıran mənbənin sözlərinə görə, 15 KamAZ hələ azdır. “Dalbadal keyfiyyətsiz pivələr üstümüzə qayıdır. Nə ucu var, nə bucağı. Həmişə zavod rəhbərliyi asan yolunu tapmışdı. Gələn pivələri pivəbişirmə sexlərinə töküb, yenidən bazara qaytarırdılar. İndi buna imkan yoxdur. Ramazan günləri münasibətilə pivə bazarında ciddi sıxıntı var. Satışda ciddi azalma olduğu üçün qayıdan pivələri pivəbişirmə çənlərinə tökə bilmirlər. Bütün pivə çənləri doludur. KamAZ dolusu qayıdan xarab pivələri boşaltmağa yer yoxdur.” Mənbə keyfiyyətsiz pivələri tanımağın elə də çətin olmadığını söylədi. Pivənin rəngi ağarır və şüşələrin dibində ciddi şöküntü meydana gəlir.

Məsələyə münasibət bildirmək üçün “Baltika-Bakı” MMC-nin maliyyə idarəsinin rəisi Mikayıl Cəfərovla əlaqə saxladıq. Komissiyanın gəldiyi xəbərini təsdiq etməyən Mikayıl Cəfərov, amma belə bir komissiyanın gözlənildiyini dedi. M.Cəfərovun sözlərinə görə, həqiqətən 15 KamAZ pivə zavodun həyətinə daxil olub və daha bir miqdar pivənin gəlməsi də gözlənilir.

Aldığımız başqa bir informasiyanı da “Xırdalan pivə”nin maliyyə idarəsinin rəisi ilə dəqiqləşdirmək istədik. Bizdə olan məlumata görə, “Baltika-Bakı” MMC-də Azərbaycanın Sankt-Peterbuqdakı qalmaqallı konsulu Qüdsi Osmanovun da payı var. M.Cəfərovun dediyinə görə, konsulun zavodda heç bir hissəsi yoxdur. Amma maraqlıdır ki, cənab Qüdsi Osmanovun adını çəkən kimi M.Cəfərovun konsulu tanıması və dərhal da “Qüdsi müəllimin burada heç bir payı yoxdur” deməsi, bizə şübhəli gəldi. Cənab maliyyə idarəsinin rəisi konsulun adını nədən dərhal tanıdı?!

“Baltika Bakı” MMC-nin mətbuatla bağlı qurumu yoxdur. Nə zaman zavodla əlaqə saxlasaq, oradan maliyyə idarəsinin rəisi Mikayıl Cəfərovun adını verirlər. Amma M.Cəfərovun sahəsi tamam başqa sahədir. Adam Tlexuray isə Azərbaycan mətbuatını ümumiyyətlə, saymır. Bu, cənab direktorun öz işidir, ancaq biz də peşə borcumuzu həyata keçiririk.

Xatırladaq ki, bir müddət bundan əvvəl Gürcüstandan 150 ton belə pivələr qaytarılmış, bu da zavodla gürcüstanlı portnyorları arasında məhkəmə çəkişməsinə səbəb olmuşdu. İşə baxan məhkəmə Gürcüstan tərəfini haqlı çıxarmış, “Baltika-Bakı” MMC-ni isə cərimələmişdi. Bu hadisədən sonra Adam Tlexuraya yaxın olan mənbələr gürcüstanlı partnyorlarının arxasında Fövqəladə Hallar Nazirliyinin dayandığını, Kəmaləddin Heydərovun zavodu ələ keçirmək istədiyi xəbərlərini yaymışdılar. Gürcüstan tərəfi isə “Xırdalan pivə”nin bütün məhsullarına veto qoymuşdular.

Həftənin sonlarında “Xırdalan pivə” haqqında yazdıqlarımızın hamısı öz təsdiqini tapdı. Məlum oldu ki, həqiqətən də Sankt-Peterburqdan gələn komissiya “Baltika Bakı” MMC-də yoxlamadadır və ilkin araşdırmalar nəticəsində, hətta pivələrin istehsal olunmasının səbəbləri aydın olub. Sən demə, pivəbişirmə qazanlarına gələn suda mikrob varmış və bu da istehsal prosesində öz mənfi təsirini göstərirmiş. Mikroblu su ilə yuyulan şüşələr sonradan pivənin keyfiyyətsizləşməsinə səbəb olurmuş.

Zavod rəhbərliyi gələn komissiyanın diqqətini başqa səmtə yönəltmək üçün əlindən gələni edir. İşçilərin onlarla hər cür təmas ehtimalı ortadan qaldırılır. Bir neçə həftə bundan əvvəl iş prosesində zədələnən bir fəhləni belə apar-topar işə gətirib və işlədiblər.

Burada nələr olmur ki? Burada Azərbaycanın milli-mənəvi dəyərlərinə sayğısızlıq baş alıb gedir. Hər cür qanunsuzluq və özbaşınalıq tüğyan edir. Bir neçə qruplaşma bir-birini qırır – talışlar bir tərəfdə, tovuzlular bir tərəfdə, naxçıvanlılar da bir tərəfdə…

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button