“Xural” “Azadlıq” meydanına mitinq təyin etdi!

xural qəzetinin loqosu İyunun 19-da, bazar günü, saat 19.00-20.00 arasında azad sözü müdafiə mitinqi keçiriləcək!..

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova azad sözə qarşı başlanan səlib yürüşünə etiraz olaraq mitinq keçirmək üçün müraciət edib. Müraciətdə deyilir:

“2002-ci ildən Azərbaycan mətbuatında “Xural” qəzeti olaraq fəaliyyət göstəririk. 9 illik zaman zərfində ölkə mətbuatında özünəməxsus mətbu siyasət izləmiş, azad sözün və müstəqil mətbuatın keşiyində dayanmışıq. Heç bir siyasi qrup, ya da qruplaşmanın təsirində olmamışıq. Heç bir oliqarxa, məmura, merə, siyasi partiyaya, hakimiyyətyönümlü və ya müxalifət şəbəkəsinə tabe olmamış, yalnız millətimizin və dövlətimizin yanında olmuşuq. Müstəqil mətbu vasitə kimi fəaliyyət göstərdiyimiz bu 9 ildə Azərbaycan çapında böyük layihələr həyata keçirmiş, millətimizə önəmli tarixi günlər hədiyyə etmişik.

“Xural” təkcə azad sözün və müstəqil mətbuatın cəbhəsində döyüşməyib, qəzetimiz həm də milli-mənəvi dəyərlərin keşiyində dayanıb, onları gözünün bəbəyi kimi qoruyub. Bu illər ərzində prinsipiallığından və mətbu qanunlarından bir qətrə də geri durmayan “Xural” qəzeti nə az, nə çox – düz 29 dəfə məhkəmə çəkişmələrinə düşüb və onların əksəriyyətindən uğurla çıxıb. Ədalətsiz məhkəmə cərimələri, kəsilən maliyyə sanksiyaları, qoyulan digər məhdudiyyətlər bizi yolumuzdan döndərə bilməyib. Bu gün də başımız qaldadır və bu gün də ədalətsiz məhkəmə orqanlarının kəsdiyi haqsız maliyyə sanksiyaları bizi taqətdən salmaqdadır.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev səlahiyyətlərindən istifadə edərək bizi və bizim timsalımızda azad sözü boğur. O, bizə ədalətsiz məhkəmələrdə 10.000 manat cərimə kəsdirib və sizin canınızdan çox sevdiyiniz Heydər Əliyevin doğum günündə – 88 illiyində onu icraata yönəldib. Ramiz Mehdiyev bununla da kifayətlənməyib, barəmizdə illər bundan əvvəl kəsilən cərimələri icraata yönəltdirib, inzibati amirlik üsullarından istifadə edərək, Ədliyyə icraçıları vasitəsilə qəzetimizin bütün əmlakını müsadirə olunmaq üçün siyahıya aldırıb. Biz bütün dünya ictimaiyyətinə müraciət etmiş, problemi bir çox beynəlxalq təşkilatların diqqətinə çatdırmışıq. Onun bu hərəkətlərini ABŞ dövlət departamenti də illik hesabatına salıb.

İndi də demokratik üsullardan istifadə edərək Azərbaycan xalqına şikayət etmək istəyirik. Azərbaycan xalqını yardıma çağırmaq və onu azad sözə basqıda yanımızda görmək üçün Konstitusion hüququmuzdan istifadə edərək, iyun ayının 19-da, həftənin bazar günündə, saat 19.00-20.00 saatlarında “Azadlıq” meydanında mitinq keçirəcəyik. Sizdən mitinqin və azad sözə dəstək vermək üçün mitinqə gələn insanlarımızın təhlükəsizliyinin təmin olunmasını xahiş edirəm. Mitinqdə yalnız azad söz haqqında şüarlar səsləndiriləcək. Mitinqimiz xalqa açıq olacaq.”

Əvəz Zeynallı məktubunun sonunda Bakı Şəhər İcra Hakimiyyətinin diqqətinə alternativ mitinq meydanlarını da çatdırıb. Bunlar “Azadlıq” meydanının uyğun görülməyəcəyi təqdirdə, Nərimanov kinoteatrının qarşısındakı meydan, Füzuli meydanı və Sahil bağıdır.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button