“Xural” yazmışdı

Sakit Orduxanlı

Yazdıqlarımızın nəticəsi

Dəyərli Oxucuların yadındadırsa, qəzetimizin son saylarında büromuzun rəhbəri Sakit Orduxanlının imzasıyla “Olmasın 1 km yol” adlı yazı getmişdi. Sakit bəy həmən yazıda Nəqliyyat Nazirliyini ciddi tənqid etməklə yanaşı, Cəlilabadın bir çox kəndlərinin yolsuzluqdan əziyyət çəkdiyini qeyd etmişdi. Adı çəkilən yazıda qeyd olunurdu ki, Cəlilabada ilk səfəri zamanı ölkə prezidenti cənab İlham Heydəroğlu kənd yollarının yenidən işlənilməsi üçün büdcədən 80 milyon manat pul ayırmasına baxmayaraq, həmin pul üç ildir NN-in hesabına “yatır”. Yazıda vurğulanırdı ki, ayrılan məbləğ Cəlilabad–Gendərə yolu üçün nəzərdə tutulub və bu yolun uzunluğu 70 km olmaqla Cəlilabadın və Yardımlının 57 kəndini özünə birləşdirir. Və bu yolun 5–km-nin çəkilməsi əhaliyə “göz dağı” olmaqla yanaşı, ensiz və standartlara cavab vermədiyindən qısa zamanda sökülüb dağılmağa başlamışdır.

Bu günlərdə büromuzun rəhbəri adı çəkilən yolun “taleyi” ilə yenidən maraqlanmış, yolun inşasına başlandığını eşitdikdən sonra ora yollanmış, tikintini aparan təşkilatın rəsmiləriylə, fəhlələrlə görüşüb söhbət etmişdir.

Söhbət zamanı məlum olub ki, yolu ötən ilki təşkilat yox, dövlət statuslu “Texnika–A Servis” MMC çəkir. Servisin rəhbəri Hikmət Torquliyev, iş icraçısı Tahir İskəndərovdur. Tahir müəllimin dediyinə görə, ötən ilki şirkət tərəfindən bərbad günə salınmış 5 km daxil olmaqla yolun 30 km-i iki ay ərzində tam şəkildə istifadəyə verilməlidir və ilkin mərhələ üçün 30 milyon pul ayrılıb. Bünövrəbərpa, döyülmə içləri tamamlanmaq üzrədir və 10-12 günə son tamamlama işinə – asfaltlaşmaya başlanılacaq. Tahir müəllim qeyd etdi ki, bununla işimiz bitməyəcək və layihədə nəzərdə tutulmuş 70 km-in 40 km-də payız-qış aylarında şirkətin ikinci briqadası bünövrə-bərpa və körpüsalma işləri ilə məşğul olacaq və yol tam şəkildə gələn ilin yay aylarında istifadəyə veriləcək.

Biz Tahir müəllimlə tikintisi gedən yolu gəzərkən təəccübümüzü gizlədə bilmədik. Yol həqiqətən yol kimi çəkilir, standartlara uyğundur. Yolun eni 10 metrdir. 7 metrinə asfalt örtük salınacaq, qalan hissələrdə, yəni qoruyucu hissələrdə arx çəkilməklə, qeyri-texniki işlər aparılacaq.

Bizimlə söhbət zamanı iş icraçısı bildirdi ki, yolun sututar yerlərində – 56 yerdə 1200-lük beton trubalar qoyulacaq və artıq bunun 15-i qoyulub. Yolu gəzərkən plana düşməsi ehtimal olunan çəpər, tövlə və s.-lə maraqlandıq. Tahir İskəndərov qeyd etdi ki, hələ ki yolun çəkilişinə mane olan belə hallar yoxdur, olacaqsa bu məqsədlə ayrılmış komissiyanın qərarı ilə hərəkət edəcək və hər bir söküntüyə görə kompensasiya ödənəcək.

Tahir müəllimlə sağollaşarkən o, bizdən xahiş etdi ki, onun briqadasının üzvləri Nurəddin, İlqar, Rafael, Mahir, Hüseyn, Firuz və başqalarının adını çəkməklə, şəxsən şirkətin rəhbəri Hikmət müəllimin təşəkkürünü tikinti işçiləri ilə hər gün maraqlanan Cəlilabad RİH-nin başçısı cənab Ə.Əzizova, Şiləvəngə kənd İƏN-si Bağır Şirəliyevə, bələdiyyə sədri Seyfulla Seyfullayevə, 56 saylı YİS-nin işçiləri Ramiz Ağayevə, Faiq Muradova çatdıraq.

Ağa ağ, qaraya qara deyən mətbu orqan olaraq biz də öz növbəmizdə yuxarıda adı çəkilən şəxslərə, “Texnika–A Servis” MMC-nin bütün əməkdaşlarına və tənqidi yazımızdan nəticə çıxaran Nəqliyyat Nazirliyinə öz təşəkkürümüzü bildirir, yol boyu 57 kənddə məskən salmış əhaliyə “yolunuz hər zaman açıq və mübarək olsun” deyirik.

 

İ.S. Yazı çapa hazırlanarkən büromuza sevindirici xəbərlər saxil olub. Həmən xəbərlərdə deyilir ki, yolsuzluqdan əziyyət çəkdiyinə görə Cəlilabad və digər yerlərə köçən bir çox şəxslər geriyə, öz dədə-baba yurdlarına dönməyə başlayıblar.

Xural” qəzeti,

İl: 9, sayı: 027 (435), 17 – 23 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button