“Yeni Müsavat” məhkəmələr burulğanında!

Qəzeti Müdafiə Nazirliyi, “Qəbələ-Konserv” və “Jalə” şirələri məhkəməyə verir…

 “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu təmsil etdiyi mətbu orqana qarşı qaldırılan məhkəmə iddialarını “Xural” qəzetinə şərh edib. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmilərinin bir müddət öncə qəzeti məhkəməyə verəcəklərini demələrinə baxmayaraq, hələ də bu məsələ ilə bağlı heç bir müraciət olunmadığını bildirib. “Ola bilsin ki, yaxın günlərdə Müfafiə Nazirliyi bizi məhkəməyə versin. Ancaq bizim də onların qarşısına qoyacaq sağlam dəlillərimiz var. Bundan başqa, biz özümüz bu quruma qarşı iddia ərizəsi vermişik. Bu da onunla bağlıdır ki, nazirlikdən Türkiyə səfirliyinə içərisində bizim haqqımızda yanlış məlumatlar olan məktub göndərilib.”

“Qəbələ-Konserv” zavodu dünən açıqlama yayaraq bildirib ki,  “Jalə” şirələrinin Avropa bazarından yığışdırılması ilə bağlı əsası olmayan məlumatları yayan bütün mətbuat orqanlarını məhkəməyə verəcək. “Yeni Müsavat” qəzetinin redaktoru zavod rəhbərliyi tərəfindən belə bir addım atılarsa, əks arqumentlərlə çıxış etməyə hazır olduqlarını bildirib. “Əvvəlcə onu deyim ki, şirkətlərin qəzetləri məhkəməyə verməklə bağlı pis vərdişləri yaranıb. “Qəbələ-Konserv” zavodu media ilə zəif işləyir. Daha doğrusu, yalnızca bəzi mətbu orqanları yemləməklə məşğuldular. Buna görə də tərəfimizdən bu şirkətin məhsulları barəsində yayılan məlumatları təsdiqlənmək üçün müraciət etdikdə heç bir cavab ala bilmirik. Ancaq bununla belə məhkəməyə müraciət ediləcəyi təqdirdə əlimizdə iddialara qarşı verə biləcəyimiz xəbərlər var.”

Bir müddət bundan öncə “Azadlıq” və “Yeni Müsavat” qəzetlərində nəqliyyat naziri Ziya Məmmədovun oğlunun bir milyon dollara ayı kababı yeməsi ilə bağlı məlumat verilmişdi. Bundan sonra Məmmədovlar hər iki qəzeti məhkəməyə verdilər. Məhkəmənin gedişini dəyərləndirən Rauf Arifoğlu dövlətin ali orqanından narazılığını bildirib. “Bu məsələ ilə bağlı məhkəmə hələ davam edir. Biz ümumi işə maneçilik törətmək, qarşı tərəfi zora salmaq istəyirik. Sonuncu dəfə işə rayon məhkəməsində baxılmaması ilə bağlı apelliyasıya vermişik. Bildiyiniz kimi Məmmədovlar “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin hərəsindən kompensasiya olaraq beş yüz min manat istəmişdi. Bəlkə də bu, onların standartları üçün kiçik məbləğdir. Ancaq Azərbaycan mətbuat reallığında bunlar çox böyük pullardır. Bundan başqa, əlavə etmək istəyərdim ki, Azərbaycan məhkəmələri mətbuata qarşı çevrilib. Onlar ölkədə azad sözü boğmaqla məşğuldurlar. Bir qrup oliqarxın sifarişi ilə hərəkət edirlər. Mən ilk növbədə məhkəmələri bundan çəkinməyə çağırıram.”

 Rövşən Danyeri

 

“Xural” qəzeti,

il 9, sayı: 040 (448), 23 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button