1 saylı doğum evi: Xəstəxana, yoxsa dilənçixana!

Ana olan bir həmkarımız 1 saylı xəstəxanada gördüklərini “Xural”a yazdı: “Onlar xəstələrə işgəncə verməyi qarşılarına məqsəd qoyublar!!!”

Səhiyyə sistemində baş verən özbaşınalıqlardan dəfələrlə yazmışıq. Qəzet səhifələrində və televiziya ekranlarında hər şeyin pulsuz olduğunu bildirən səhiyyə yetkililəri, işin özündə vətəndaşları soğan kimi soyurlar. Bu da dediklərimizə əyani bir sübut. Bakının 1 saylı doğum evində bir qadının başına gələnlər onun öz qələmindən yazılıb redaksiyamıza göndərilib. Biz yazının üslubuna toxunmadan onu qısa ixtisarlarla dərc edirik. Doğrudur, yazını aldığımız və məsələni araşdırdığımız müddətdə Adı çəkilən qəssabxana, pardon, xəstəxanının baş həkimi Stella Abbasova işdən uzaqlaşdırılıb, onun yerinə başqa bir Nigar xanım təyin edilib, amma əsas icraçılardan biri olan Zahılıq Şöbəsinin müdiri Nigar Abdullayeva yerindədir ki, yerindədir. Əsas odur ki, biz Oxucunun redaksiyamıza göndərdiyi məktubla tanış olaq, sonrası asandır…

I yazı

Hörmətli «Xural» qəzetinin redaksiyası!

2011-ci ilin yanvar ayının 9-da Bakı şəhərinin mərkəzində yerləşən 1 saylı doğum evində “Zahılıq” şöbəsinin müdiri Nigar Abdullayeva tərəfindən əməliyyat olundum. Bu doğum evinə üz tutmağımıza səbəb mətbuat nümayəndəsi olmağımız və doğum evinin baş həkimi Stella Abbasovanın bir müddət əvvəl telekanallardan birində dediyi sözlər olmuşdu. Stella xanım jurnalistin qarşısında dili-dodağı quruyaraq and içib aman eləmişdi ki, bizim doğum evində «Qeysəriyyə kəsiyi» pulsuzdur. Özü də bunu bir neçə dəfə təkrar etmişdi. Doğrudur, biz o qədər də sadəlövh deyilik ki, Stella xanımın bu sözlərini olduğu kimi qəbul edək və ona inanaq. Amma yuxarıda qeyd ettiyim kimi, mətbuat nümayəndəsi olmağımız və doğum evinin rəhbərliyi səviyyəsində bu sözlərin deyilməsi bizi bir qədər arxayın saldı və bu xəstəxananı seçməyimizə səbəb oldu.

Doğum evinin qapısından içəri girəndən hamı – tibb bacısından tutmuş qapıçısına, sanitarkasından tutmuş həkiminə qədər hamı adamın üstünə pul istəmək üçün qaçır. Bunları görəndə yadıma bir il əvvəl ziyarətə getdiyim və haqqında yazı yazdığım “Beşbarmaq” dağının dilənçiləri düşdü. Onlar da bunlar kimi əl açıb adamın üstünə gəlir, pul istəyirdilər. Amma Allah üçün demək lazımdır ki, onlara üfunət, çirk iyindən yaxın düşmək mümkün olmasa da, bunların bahalı ətirlərinin iyi adamı bihuş edir. Axı hər necə olsa da bura şəhərin, regionun, respublikanın, Qafqazın, Zaqafqaziyanın ən bahalı və üzlü, pul üçün adama hər üzünü göstərməyə hazır olan, hər sözü deməyə qarşısındakını və özünü layiq bilən personalla dolu olan bir doğum evidir. Ona görə yuxarıdakı cümləni sərf edirəm ki, Bakıda və respublikanın başqa regionlarında olan doğum evlərinin qiymətləri ilə maraqlanmışam və belə dəhşətli vəziyyətin heç bir doğum evində olmadığını eşitmişəm.

Səhiyyə Nazirliyinin və əlaqədar təşkilatların, baş nazirin və cənab prezidentin diqqətinə çatdırıram ki, Stella Abbasovanın rəhbərlik etdiyi 1 saylı doğum evində vəziyyət son dərəcə dəhşətli və ürəksıxıcıdır (Artıq Stella orada olmasa da, əsas “qəssab” – Nigar Abdullayeva əməllərini heç kimdən çəkinmədən davam etdirir – Red.). Bu doğum evində təcili yoxlamalara başlanılmalı, bütün şöbə müdirləri, baş həkim və bütün işçi heyyəti işdən azad olunmalıdır! Çünki xəstəxanada elə şərait yaradılıb ki, adi işçilər həkimlərdən betər olublar. Təkcə rəhbər vəzifə tutanları işdən azad etməklə problem həll olunan deyil. Bütün heyət dəyişməli və ya doğum evinin qapısından yekə bir qıfıl asılmalıdır.

Ürəyim o qədər doludur ki, o qədər insanın qanını donduran hadisələrin şahidi oldum ki, bilmirəm, haradan başlayım haradan qurtarım. Nəyi yazım, nə qalsın. Keçək mətləbə.

5 manat köməkçiyə…

Hörmətli redaksiya!

Dekabr ayının axır günlərinin birində üz tutduq 1 saylı doğum evinin “Zahılıq”şöbəsinin müdiri Nigar Abdullayevanın yanına. Bizi çox xoş qarşıladı və bildirdi ki, bizimlə tanış olmağına məmnundur və nədənsə narahat olmağımıza ehtiyac yoxdur. Sonra vəziyyətlə tanış oldu və məni “UZİ”-dən keçməyə göndərdi. Həkimin otağının qabağında adam əlindən tərpənmək mümkün deyildi. Bəlkə 100 xəstə var idi. Yarım saatdan artıq gözləməyimizə baxmayaraq içəridəki xəstə bayıra çıxmadı. Axşama kimi gözləsək də, içəri girə bilməyəcəyimizi başa düşüb çıxış yolu axtarmağa başladıq. Bizə belə bir çıxış yolu göstərdilər ki, bəs yaxınlaşın, həkimin köməkçisinə 5 manat verin, sizi içəri buraxsınlar. O saat məsələnin nə yerdə olduğu aydınlaşdı. Sən demə, bu vəziyyəti özləri süni olaraq yaradırlar ki, köməkçi xanım hərədən 5 manat alıb içəri buraxsın. Od qiymətinə müayinədən keçirdikləri bəs deyilmiş kimi, 5 manat da buradan yığıb öz aralarında bölüşdürsünlər. Nə isə… Köməkçini tapmadıq. Çox güman ki, başqa bir xəstədən “haqqı”nı alıb içəri aparmışdı. Orası da maraqlı idi ki, adi bir poliklinikada bir neçə “UZİ” aparatının və həkiminin olmasına baxmayaraq, bu boyda doğum evində bircə dənə aparat və bircə dənə həkim var idi. Hər halda başqası olsaydı, bilinərdi və orada o uzunluqda növbə yaranmazdı. Görəsən o həkim kimin adamıdır, onun arxasında kim durur ki, o boyda doğum evinin aparat məsələsi ona tapşırılıb?!

16 manat ümumi, 16 manat da başqa bir qan analizinə…

Sonra qan analizi götürdülər. Dövlət qiymətinin neçəyə olduğunu bilmədim, bizdən 16 manat pul aldılar.

Nəhayət, yanvarın 9-da, səhər saat 11.00-da olduq doğum evinin qarşısında. Bizi göndərdilər qəbul şöbəsinə. Xanım çox xoş qarşıladı, sənədləşməni apardı, sonra bir “şpris” gətirdi ki, bəs səndən qan analizi götürəcəyik. Dedim, bəs məndən qan analizi götürülüb, cavab verdi ki, o götürülən analiz ümumi əməliyyat üçün lazımdır, bu analizi isə hepatit C-yə, SPİD-ə və s. xəstəliklərə qarşı götürürük. Əməliyyata yarım saat qalmış bu analizin niyə götürüldüyünü ha fikirləşdim, başa düşə bilmədim. 16 manat da buna ödədik.

Sonra “lüks” palatada bu analizin taleyi ilə maraqlandım. Mənə cavab verdilər ki, bəs analizin cavabı iki aydan sonra gələcək. Əgər bir şey olsa telefonla zəng vurub sizə bildirəcəklər. Yaxşı, analizin cavabı iki aydan sonra gələcəksə, onun bu olunan əməliyyata və bu doğum evinə heç bir dəxli yoxdursa, bunlardan kim xahiş edir ki, iki daşın arasında qan analizi götürsünlər, 16 manatı alıb ciblərinə qoysunlar, onsuz da əməliyyat qabağı həyəcanlı, narahat olan adamı bir az da həyəcanlandırsınlar, bir az da maddi və mənəvi sıxıntıya salsınlar?! Bunlara nə dəxli var mənim hansı xəstəliyimin olmasının və ümumiyyətlə, qəbul şöbəsində oturub sənədləşmə ilə məşğul olmalı olan işçinin (səhv etmirəmsə adı Mehriban idi) analiz götürmək haqqı varmı, bu onun səlahiyyəti daxilindədirmi? Yaxşı, bəs mən haradan bilim ki, o analizi götürüb zibil qutusuna atmadılar?!

Dilənçilər arasında…

Redaksiyamıza 1 saylı qarşılaşdığı dəhşətləri yazan xanımın kimliyi məlumdur. O, həm də bizim keçmiş həmkarlarımızdandır. Sadəcə, həmkarımızın və onun yenicə dünyaya gələn yavrusunun ytəhlükəsizliyi naminə biz onun adını hələlik yazmırıq. Amma ölkənin prezidenti İlham Əliyevə və Səhiyyə naziri Oqtay Şirəliyevə ünvanlayacağımız məktubda həmkarımızın adını yazacağıq…

Məsələ də diqqətimizdə olacaq…

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 20-26 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button