10 il tender qalibi olan ”Azimport”un əl atdığı qanunsuzluqlar

Əli Əsədov və Rövnəq Abdullayev

Əli Əsədov və Rövnəq Abdullayev

“Digər briqadirləri də işə mən cəlb etmişəm. Bizə dedilər ki, Avropa Oyunlarına qədər bu işi təcili görməlisiniz. Biz də 2 ay, gecələri də yatmayıb,  işlədik. Oyunlardan iki ay əvvəl işi təhvil verdik. Amma bugünəcən də pulumuzun bir hissəsini  ala bilmirik. “Azimport” bizə deyir ki, sifarişçi şirkət- SOCAR bizim pulumuzu ödəyəndə, biz də sizin pulunuzu verəcəyik” – briqadir Elşən Əliyev deyir.

Ötən il Avropa Oyunlarına iki ay qalmış layihəni təhvil verən işçilər “Azimport”un sahə rəisi Rauf İsmayılovdan sifariş aldıqlarını bildirir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tenderini udan “Azimport” şirkəti 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarına hazırlıq mərhələsində Bayılın “Şanxay” ərazisindəki  abadlıq işlərini görən 540 nəfər işçinin pulunu ödəmir.

SOCAR sözcüsü pulunu ala bilməyən işçilərin ötənilki  etirazında məsələyə belə şərh vermişdi: “”Azimport” şirkəti tenderimizin qalibi olub. Amma biz onlara ödənişimizin bir hissəsini etmişik. Şirkət işçilərinin pulunu vermirsə, burada bizim heç bir günahımız yoxdur”.

SOCAR “Azimport” şirkətinin tenderi udduğunu deyir. Amma bu tenderin hansı şirkətlər arasında keçirildiyi, nəyə görə məhz “Azimport” şirkətini seçdiklərini, Bayılın “Şanxay” ərazisindəki abadlıq işləri ilə bağlı keçirdikləri tenderin şərtləri ilə bağlı sorğuya cavab vermir.

Tender qanunla necə tənzimlənir?

Hüquqşünas Samirə Ağayeva deyir ki, “Dövlət Satınalmalar Haqqında” Qanuna görə, dövlət müəssisəsi tərəfindən keçirilən tenderin mətbuata açıqlanması qanunla aşağıdakı kimi tənzimlənir:

 “Sifarişçi tender komissiyasını formalaşdırır, daha sonra tenderin əsas şərtlər toplusunu hazırlayır və nəhayət, tender komissiyası tərəfindən tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanını dərc etdirir və ya mal göndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvət göndərir. Açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü, ikinci dəfə isə azı 20 bank günü əvvəl, respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, habelə, rəsmi internet saytında verilməlidir. İkimərhələli tenderin elanı respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, habelə, rəsmi internet saytında, tender zərflərinin açılması günündən azı 60 bank günü, ikinci dəfə isə azı 40 bank günü əvvəl verilməlidir. Satınalan təşkilat açıq tender elanı verməklə yanaşı, mal göndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvət göndərə bilər”.

İşçilərlə müqavilə bağlanmayıb

Tender qalibi olan şirkətin abadlıq işlərini görən işçilər deyir ki, onların heç birinin işçi müqaviləsi yoxdur. “Azimport” isə mətbuatda bu ittihamlara belə şərh verir: “Hazırda əmək haqqı ala bilmədiyini deyən 540 nəfəri abadlıq işlərinin aparılmasına bu işlərin podratçısı olan “Azimport” MMC deyil, onunla subpodrat müqaviləsi bağlamış firmalar və sahibkarlıq fəaliyyəti göstərən ayrı-ayrı şəxslər cəlb ediblər. Buna görə də “Azimport” MMC həmin firma və ya şəxslərin işçilərlə əmək müqaviləsi bağlamamasına cavabdehlik daşımır“.

Pulunu ala bilməyən işçilər

Şirkət rəhbərliyi ilə sorğumuza cavabında bildirir  ki,  “Şanxay” layihəsində podratçı şəxs Rauf İsmayılov olub.  Şirkət sifarişi məhz Rauf İsmayılova verib. Amma Rauf İsmayılov da şirkətin onunla heç bir müqavilə imzalamadığını deyir: “Təxminən 6 ildir ki, bu şirkətlə işləyirəm. Şirkət sahiblərinin şəxsi layihələrinin, məsələn, “Nar şərab” və “Mangal” restoranlarının, hotellərinin və s. tikintisini də mən aparmışam. Amma heç vaxt mənimlə subpodrat və ya əmək müqaviləsi, ümumiyyətlə,  heç bir müqavilə bağlanmayıb”.

“Azimport” şirkəti müqavilə və tender sənədlərinin kommersiya sirri olduğunu əsas gətirərək, onları təqdim etməkdən imtina edir.

Layihədə işləyən işçilər isə şirkətin SOCAR-la razılaşmasının belə olduğunu deyir: “Bizim işimiz evlərin dam örtüyünə və divar örtüklərinə emusiya vurmaq olub. Şirkət SOCAR-la dam örtüyünə istifadə olunan qırmızı emusiyanın  hər kvadrat metri üçün 4 manat, 87 qəpik, divar örtükləri üçün istifadə olunan ağ emusiyaların hər kvadrat metrinə isə 3 manat, 21 qəpik vəsaitdən razılaşıb. Biz 2 milyon, 241 min kvadrat metr ərazilik iş görmüşük. İşin müqavilində isə bizə sahə rəisi Rauf İsmayılov tərəfindən qırmızı və ağ emusiyalara müfaviq olaraq, 0, 60 qəpik və 0, 70 qəpikdən vəsait ödəniləcəyi bildirilib. Onu da bilirik ki, SOCAR bu layihə üçün şirkətə ümumilikdə 13 milyon manat vəsait ayırıb. Bu puldan bizim-540 nəfərin cəmi alacağımız 750 min manatdır. Bir ildir ki, bu pulu bizə verən yoxdur”.

“Azimport” şirkəti işçilərə indiyədək olan ödənişi ilə bağlı sorğumuza verdiyi açıqlamasında deyir: “Şirkət bu işlərin icrasında iştirak edənlərə indiyədək, ümumilikdə, 2.289.407 manat əmək haqqı ödəmişdir. Bu məbləğin yalnız 1.100.000 manatı sifarişçi tərəfindən şirkətin hesabına köçürülmüşdür. İşçilərin əmək haqqı kimi aldıqları qalan 1.189.407 manatı şirkət öz maliyyə vəsaiti hesabına ödəməyə məcbur olmuşdur. Qalan məbləğ (açıqlanmır-red) də sifarişçinin bizə ünvanladığı məktuba görə, maddi problemlər üzündən gecikir. Gələcəkdə mərhələli şəkildə ödənəcək”.

Şirkətin 2.289.407 manat əmək haqqı ilə bağlı açıqlamasına gəlincə, işçilər bu puldan ötən il yalnız 650 min manat aldıqlarını deyirlər: “Rauf İsmayılov öz əlyazmasıyla bizə kağız verib. Orada göstərilir ki, ona şirkətdən 1.878.500 manat pul verilib. Rauf İsmayılov o puldan Azər Əsgərovun şəxsi layihələrdən ona qalan 126 min manat borcunu da götürüb. Qalanı da materiala gedib. Oradan bizə cəmi 650 min manat ödəyib”.

Rauf İsmayılov bu puldan şirkətin şəxsi layihələrindən olan borcunu götürdüyünü etiraf edir. Amma bunu Azər Əsgərovun icazəsi ilə etdiyini bildirir.

İşçilərin bilmədiyi detallar

Fəhlələrin göstərdiyi rəqəmlər doğrudursa, tenderi udan şirkətlə sifarişçi arasında ölçülər göstərilən məbləğlə hesablandığı halda, ikincinin şirkətə əlavə pul ödəməsi mümkündürmü? Bəs şirkətin sifarişçidən aldığı qiymətlə işçiyə ödədiyi qiymət arasındakı fərq necə tənzimlənməlidir?

İqtisadçı ekspert Zöhrab İsmayıl bunun SOCAR və “Azimport” arasında müqavilədən asılı olduğunu deyir: ” İşçilər bunun detallarını yəqin ki, bilməyəcək. Əgər göstərilən sahə doğrudursa, ödənmiş məbləğ elə də çox deyil. Amma 2.241 milyon kv metr nə isə çox görünür. Məsələn, hər evi 70 kv m götürsək, bu, 30 mindən çox ev edir. Ya da bu, 2.24 kv kilometr edir. Məncə, maxinasiya elə buradadır”.

Bakının hər küçəsində şirkətin “izi” var

İlk baxışda “Azimport” şirkətinin  adı oxucuya tanış gəlməyə bilər. Amma şirkətin apardığı layihələri araşdırdıqda, məlum olur ki, Bakının demək olar ki, istənilən küçəsində bu şirkətin “izi” var.

“Azimport” şirkəti 2004-cü ildə təsis edilib. Şirkətin hazırkı qanuni təmsilçisi Həbibov Raqif Raqib oğludur. Şirkətin rəsmi saytında qeyd olunur: “Bakı Dövlət Layihə İnstitutu, “Azərdövlətlayihə”, Dövlət Baş Layihə İnstitutu, FHN-nin S.Ə. Dadaşov adına ETLKİM İnstitutu, Ares Lighting systems, Sylvania, Dae Lighting, Goccia, Good, Directions, Paber, Fumagalli, Osram, Gewiss, Avolux lighting, Landa, Fisher, LEA ceramiche, Escofet, Sahne-lighting, Doapark, Milastones arts və s. bizim ortaqlarımızdır”.

Şirkətin təsisçilərindən biri Azər Əsgərovdur.  Digər təsisçi isə Azər Əsgərovun bacısının əri, Dövlət Bayraq Meydanı İdarəsinin eks -rəisi, hazırda həbsdə olan Rəşad Məmmədovdur.

Bayraq Meydanı demişkən, layihəsini ABŞ-ın “Trident Support” şirkətinin verdiyi Bayraq Meydanının icrasını elə Rəşad Məmmədovun da həmtəsisçisi olduğu “Azimport” şirkəti həyata keçirib. Rəşad Məmmədovun həbsindən sonra şirkət mətbuata açıqlamasında bildirir: “Rəşad Məmmədov dövlət qulluqçusu təyin olunduqdan sonra şirkətlə bütün hüquqi və faktiki əlaqələrini kəsib. Və şirkətin hazırkı təsisçisi məhz, Azər Əsgərovdur”.

Rəşad Məmmədov 2011-ci ildə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Dövlət Bayraq Meydanının rəhbəri təyin olunub.  2015-ci ilin may ayında isə vəzifəsindən azad edilib. Bir neçə gün sonra o,  Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunaraq, həbs olunub. Rəşad Məmmədov hazırda Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında (keçmiş MTN) saxlanılır. Mətbuatda yazılanlara görə, ötən il Rəşad Məmmədovla birlikdə, şəriki Azər Əsgərov da saxlanılıb. Ertəsi gün sərbəst buraxılıb. Ötən ilin dekabrında “Azimport” şirkətinin yaydığı bəyanatda Azər Əsgərova keçmiş MTN-nin basqıları olduğu deyilir:

“Onu da qeyd edək ki, sözügedən dövrdə Azər Əsgərov davamlı olaraq MTN-nin sabiq rəhbərlərinin və əməkdaşlarının təzyiq və təqiblərinə məruz qalıb. Ondan vəzifəli şəxslərin əleyhinə ifadə almaq, hətta yaxın qohumu, vaxtilə “Azimport” MMC-nin təsisçilərindən biri olmuş, lakin Dövlət Bayrağı Meydanı İdarəsinə direktor təyin olunması ilə əlaqədar şirkətlə bütün hüquqi və faktiki əlaqələrinə xitam verilmiş Rəşad Məmmədovun şirkətin qeyri-rəsmi sahibi olması haqda ərizələr yazdırmaq istəyiblər. Şirkətin ofisində qeyri-qanuni axtarışlar aparıb, seyfdən müəyyən qədər nəğd pul, sonradan öz adlarına rəsmiləşdirmək məqsədilə şirkətə və işçilərə məxsus olan mülkiyyət sənədləri götürüb aparıblar. Məqsədləri Azər Əsgərovun öz əməyi və səyi ilə qurduğu, respublikada bir çox mötəbər tikinti-abadlıq layihələrini uğurla icra edən, inşaat sektorunda innovativ sahibkarlıq subyektlərindən biri kimi tanınan “Azimport” MMC-nin əmlakını ələ keçirmək olub”.

Şirkətin açıqlamasında da deyildiyi kimi, “Azimport” şirkəti yarandığı gündən  Bakı və Bakıətrafı ərazilərdə  çoxsaylı tikinti-təmir və abadlıq işləri görüb.  Bu layihələr arasında “Ağ şəhər bulvarı”, “Heydər Əliyev Parkı”(2-ci mikrorayon), “Fəvvarələr Meydanı”nın təmiri, ” Bakı Bulvar”ı (Neftçilər prospekti),  “Fəvvarələr Meydanı”ndakı binaların üzlüklərinin dəyişdirilməsi, “Bayıl Bulvarı”,  Bakı şəhərində yerləşən 6, 134, 23, 26  Nömrəli məktəblər, “Sabir Bağı”, “Zabitlər Bağı”, “Texniki Universiteti”, Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin poliklinikası, Qurban Abbasov, Ceyhun Hacıbəyli, Abdulla Şaiq 241 küçələrindəki binalar və şirkət təsisçisi Azər Əsgərovun öz dili ilə desək, yüzlərlə bu kimi ərazilərin tikintisi və ya abadlaşdırılması var.

Eyni şirkət 10 ildir tenderin qalibidir

Maraqlıdır, necə olur, 10 ildən artıqdır ki, Bakı və Bakıətrafı ərazilərin təmir-tikinti – abadlıq işlərinin böyük bir qismi  məhz, bu şirkətə verilir?

“SOCAR-la daha əvvəl də əməkdaşlığınız olubmu?” sualımıza şirkətin təsisçisi Azər Əsgərov belə cavab verir: “Biz  SOCAR-la 10 ildir ki, işləyirik. Bu illər ərzində  SOCAR-la 700 layihəyə imza atmışıq. Əlbəttə ki, tenderin qalibi olmuşuq. Bu layihələr arasında  “Bayıl Bulvarı”,  “Ağ şəhər Bulvarı”,  6, 134, 23 nömrəli məktəblər və s. olub”.

Azər Əsgərovun açıqlamasından belə bəlli olur ki,  SOCAR 700 dəfə “Azimport” şirkətini tender qalibi edib. SOCAR-ın mətbuat xidməti bu 700  tenderin hansı şərtlərlə və nə zaman keçirilməsi ilə bağlı sualımızı da cavabsız qoyur. Maraqlıdır, Azərbaycan qanunvericilinə görə, dövlət müəssisəsi eyni şirkəti 10 il ərzində 700 dəfə tender qalibi edə bilərmi?

İqtisadçı ekspert Zöhrab İsmayıl bu məsələnin korrupsiya ilə bağlı şübhələr yaratdığını bildirir:  “Bu, sözsüz ki, tendersiz baş veribsə, qanunsuzdur. Tenderlə olsa belə, bu qədər müqavilənin eyni şirkətə verilməsi korrupsiya sövdələşməsi barədə şübhələr yaradır”.

İş təhvil verilməsə, pul olmayacaq

On illin əməkdaşlığı sonunda onunla nəticələnir ki, sifarişçi SOCAR ərazinin həcmini tam təhvil almır. “Azimport” şirkəti bildirir ki, yalnız bu halda fəhlələrin pulunu tam ödəmək mümkün olar. Belə ki, işin görülməsindən 11 aya yaxın vaxt keçməsinə baxmayaraq, sifarişçi hələ də ərazinin həcmini tam təhvil almayıb.

Qanunauyğunluq gözlənilibmi? Ümumiyyətlə, sifarişçinin şirkətə  materialların alınması və işçilərə pul ödənilməsi üçün ödəniş etməsi hansı şərtlərlə tənzimlənir? Sifarişçi tərəfindən ərazinin həcminin hansı müddətdə təhvil alınması məsələsi qanunda göstərilirmi?

İqtisadçı Zöhrab İsmayıl:

“Fəhlələrin pulunun gecikdirilməsi qanunsuzdur. İcraçı şirkət onu vaxtında, aybaay ödəməlidir. Hər halda, bunun üçün əmək müqaviləsi olmalı idi. Qalan məsələlər podrat müqaviləsindən asılıdır. Sözsüz ki, müqavilənin əsas hissəsi əvvəlcədən ödənməlidir ki (bu, mərhələlərlə də ola bilər, müqavilənin şərtlərindən asılıdır), podratçı işləri görə bilsin, material alsın və işçilərin əmək haqqını ödəsin. Belə şeylər qanunla deyil, müqavilə ilə tənzimlənir. Təhvil almanın gecikməsi isə ortada nə isə problemin olduğunu göstərir. Çox güman ki, “Azimport”un vurulması ilə bağlıdır”.

Narazı fəhlələr ötən il ”Azimport”un qarşısında aksiya edərkən

Dövlət Əmək Müfəttişliyi Xidməti mətbuata açıqlamasında şikayətçi fəhlələrə məsləhət görür ki, onlarla əmək müqaviləsi bağlamayan şirkəti məhkəməyə versinlər. İşçilərlərlə əmək müqaviləsi bağlamayan şirkətin məsuliyyəti nədir? Bəs Dövlət Əmək Müfəttişliyi Xidməti mövcud vəziyyətdə fəhlələrə kömək edə bilərdimi? Hüquqşünas Azər Quliyev şərh edir:

“Ümumiyyətlə, hər bir əmək münasibəti başlamamışdan qabaq, yazılı əmək müqaviləsi bağlanmalıdır. Əgər müqavilə bağlanmırsa, buna görə Azərbaycan Respublikasının qanunlarında maddi, inzibati, intizam və cinayət məsuliyyəti nəzərdə tutulub. Əgər müqavilə bağlanmırsa, işəgötürən Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cərimə oluna bilər. Hətta müqavilə bağlanmayan işçilərin sayı 10 nəfərdirsə, bunun böyük məbləğdə cəriməsi olur. İşçilərin sayı 10 nəfərdən artıqdırsa, həmin şirkətin rəhbərini 3 ildən 7 ilə qədər həbs cəzası gözləyir. Amma ola bilər ki, şirkət əmək müqaviləsi yox, mülki hüquq müqaviləsi bağlaya bilər. Əmək Müfəttişliyi Əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən orqandır. Hansısa bir işəgötürən qanunu pozursa, bu qurum həmin işəgötürən haqqında intizam və inzibati məsuliyyətə cəlbolunma haqqında məcburi göstərişlər, protokollar verməlidirlər. Həmçinin, qanunu pozan işəgötürənləri məhkəməyə də verə bilərlər”.

Satınalmalara dair məlumat yoxdur

Azərbaycan Respublikasının Dövlət Satınalmalar Agentliyinin (hazırda qurumun  vəzifə və funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilib) geridə qalan son 6 il (2010-2015) üçün müsabiqə əsasında keçirilən satınalmalara dair rəsmi məlumatında “Azimport” şirkətinin qalib olduğu tenderlər aşağıdakılardır:

2011-ci il ərzində müsabiqə əsasında keçirilmiş satın almalara dair MƏLUMAT

 

Satınalan təşkilatın adı

Predmetin adı

Qalib

Qalibin adı

Qiyməti

8159

Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyyəti

Abadlıq işlərinin satın alınması

“Azimport” MMC

970640

2012-ci il

262

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin Kommunal xidmət, təmir və kompleksin mühafizəsi müəssisəsi

Dəftərxana ləvazimatlarının satın alınması

“Azimport” MMC

8750

281

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi

Sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması

“Azimport” MMC

8450

282

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi

Digər alışlar və xidmətlərin satın alınması

“Azimport” MMC

7450

13694

Baş Prokurorluq

Baş prokurorluğun inzibati binasının fasadının əsaslı təmir işlərinin satın alınması

“Azimport” MMC

989679.02

2013-cü il

11927

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi

Kompleksin ərazisinin baş planının hazırlanması işlərinin satın alınması

“Azimport” MMC

49540

Bu nəticələrdən görünür ki, son 6 ilin  rəsmi sənədlərində şirkətin yazının əvvəlində qeyd etdiyimiz  layihələrinin adına rast gəlinmir. Bu layihələrin əksəriyyəti məhz, son 6 ildə işlənib.  Üstəlik, şirkət rəsmisi SOCAR-ın  700 tenderinin qalibi olduqlarını desə də, rəsmi göstəricilərdə  hazırda mübahisə mövzusu olan “Şanxay” layihəsi də daxil olmaqla, “Azimport”un SOCAR-dan aldığı sifarişlərlə bağlı da heç bir məlumat yoxdur.

“Azimport”u qoruyan “gizli əl” varmı?  

Narazı işçilər onu da bildirir ki, ölkədəki bütün rəsmi qurumlara, hüquq-mühafizə orqanlarına müraciət etsələr də, heç bir qurum bu şirkətlə bağlı şikayətlərinə baxmır. Onlar şikayətlərinə nəyə görə baxılmadığının səbəbini  yalnız Prezident Adminstrasiyasına gedəndə öyrəndiklərini deyirlər: “Prezident Aparatında bizə dedilər ki, siz “Azimport” şirkətinə bata bilməyəcəksiniz. Çünkü onun əsl sahibi prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovdur. Ona isə heç prezidentin də gücü çatmır. Siz yalnız yaxşı bir vəkil tapın, işi Avropa Məhkəməsinə aparın”.

“Azimport” şirkətinin qeyri-rəsmi sahibinin prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Aparatının rəhbərinin müavininin Əli Əsədov olması haqda mətbuatda ittihamlar dərc olunub.

“Əli Əhmədovla Azər Əsgərov restoranımı sökdürdü”

5 ildən artıqdır ki, “Azimport” şirkəti ilə məhkəmə çəkişməsi olan Buzovna qəsəbə sakini Ramiz Zeynalov da şirkətin qeyri-rəsmi sahibinin Əli Əsədov olduğunu deyir. O, şirkət  və Əli Əsədovla konfliktinin  belə başladığını bildirir: “Mən Buzovnada yaşayıram. Əli Əsədov da Buzovnada yaşayır. Onun Buzovnadakı mülklərindən biri mənim ofisimə bitişik idi. 2011-ci ildə Əli Əsədov Xəzər Rayon icra başçısının müavini Əli Heydərov və qəsəbədəki bir makler vasitəsilə ofisimi almaq üçün mənə xəbər göndərdi. Mən ofisimi satmaqdan imtina etdim. Bundan sonra Əli Əsədov “Azimport”un təsisçisi Azər Əsgərovla mənim qəsəbədəki restoranıma gəlib. Oğlumun və restoranı işlədənlərin gözü qarşısında Azər Əsgərova restoranımı sökdürmək əmri verib. Əli Əsədov, Azər Əsgərov və Rəşad Məmmədov ortaqdırlar. Onların qanunsuz əməlləri ilə bağlı dəfələrlər prezidentə yazmışam. Mən dəqiq bilmədiyim məlumatı prezidentə necə yaza bilərəm?”

Ramiz Zeynalov restoranının məhkəmə qərarı olmadan, qanunsuz söküldüyünü bildirir. Hazırda davam edən məhkəmənin maraqlı məqamlarından biri odur ki, R.Zeynalovun restoranının sökülməsi də məhz dövlət sifarişini həyata keçirən “Azimport”la bağlıdır. Bu məhkəmə prosesində şirkətlə Xəzər Rayon İcra Hakimiyyəti arasında 2011-ci il-Bakı -Heydər Əliyev adına Beynəlxalq Hava Limanı- Zaqulba magistralı boyunca  rayon ərazisindən keçən hissəsinin kənarındakı tikililərdə yerinə yetirilən əsaslı təmir və abadlıq işləri (5-ci mərhələdə), 2012-ci il-Bakı -Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Mərdəkan dairəsi-Zaqulba magistral yolunun Xəzər rayonu ərazisindən keçən hissəsinin kənarındakı tikililərdə təmir-abadlıq işləri” (9-cu mərhələ), Xəzər Rayonu, Buzovna qəsəbəsində maqistral yolun kənarında yerləşən 26 saylı məktəbin təmiri və “Bakı-Mərdəkan magistral yolunun sağ tərəfində Qala qəsəbəsinə dönən yerdə istirahət parkının təmiri” ilə bağlı bağlanan tender sənədlərindən bəhs olunur. Amma maraqlıdır ki, “Azimport” şirkəti məhkəməyə bu tender müqavilələrinin əsli və ya natoriat təsdiqi olan sürətini yox, şirkət rəhbərinin əlyazmayla “əsli ilə eynidir” qeydini etdiyi natoriat təsdiqi olmayan müqavilə sürətlərini  təqdim edib. Və həmin sənədlərdə də  tenderin tərəflər arasında hansı məbləğə bağlandığının göstərilməli olduğu hissələr boş saxlanılıb.

Şirkətin məhkəməyə təqdim etdiyi tender sənədinin natoriat təsdiqi olmayan surəti

AR Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilməlidir.

Yeri gəlmişkən, məhkəmədə adları keçən layihələrin adına Dövlət Satınalmalar Agentliyinin müvafiq illərdəki  rəsmi məlumatlarında da rast gəlinmir.

Şikayətçi Ramiz Zeynalov iddia edir ki, Ali Məhkəmənin hakimi Vəfaddin İbayev Əli Əsədovun tapşırığı ilə işi ləğv etməkdən ötrü iş materiallarının içindən bəzi sənədləri oğurlayıb.

Hakim Vəfaddin İbayev haqqındakı ittihamlara cavab olaraq, “Biz belə ittihamlara münasibət bildirmirik” – deməklə kifayətlənir. İttihamlarda haqqında danışılan ev dəllalı isə adının mətbuatda hallanmasını istəmədiyini deyərək, məsələni belə şərh edir: ” Ramiz Zeynalovu da, Əli Əsədovu da tanıyıram. İkisi də Buzovnada yaşayır. Amma mən Əli Əsədova torpaq almaq üçün Ramiz Zeynalovla danışmamışam”.

Xəzər Rayon İcra Hakimiyyəti isə haqqındakı ittihamlarla bağlı sorğuya cavab verməyib.

“İşimizə Əli Əsədov nəzarət edirdi…”

Azər Əsgərov “Azimport”un əsl sahibinin Əli Əsədov olmasıyla bağlı ittihamlara belə cavab verir: “Əli Əsədovu şəxsən tanıyıram. Amma bizim şirkəti himayə etməsi yalan söhbətdir. Bizim şirkət  kimdir ki, Əli müəllim onu himayə etsin? Sadəcə olaraq, “Yeni Bulvar”, “Bayraq Meydan”ı tikiləndə nəzarəti o edirdi. Əli Əsədov tək bizə yox,  bütün inşaat qruplarına nəzarət edirdi. Mənə də onda nəzarət edib. Yəni, inşaatı düzgün aparmağı, memarlığı. Baxıb ki, işlər düz gedirmi? Vaxtında gedirmi?”

“Əli Əsədov sizə və ya dediyiniz digər şirkətlərə  hansı əsasla nəzarət edirdi?” sualına Azər Əsgərov “Bilmirəm” cavabını verir. Şikayətçi digər suallarımızı cavablandırmaq üçün şirkətə gəlməyimizi istəyib, dəstəyi asır. Müsahibə üçün şirkətə getdiyimizdə isə “Azimport”un mühafizə xidməti Azər Əsgərovun ofisdə olmadığını bildirir.

PA rəsmisi cavab vermir

Əli Əsədovun iş telefonları cavab vermədiyindən, məsələyə onun münasibətini öyrənmək mümkün olmayıb. Prezidentin mətbuat katibi Azər Qasımov isə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, PA-nın rəhbərinin müavini Əli Əsədova haqdakı ittihamlara belə cavab verir: “Bu barədə heç bir məlumatım yoxdur. Heç bir şərh verə bilmərəm”.

Mərkəzi Seçki Komissiyasının rəsmi səhifəsində  Əli Əsədovun qeydiyyatda olduğu ünvanla Azər Əsgərovun qeydiyyatda olduğu ünvan onların qonşu olmaları ehtimalını yaradır. Belə ki, ad-soyad, ata adı uyğun gəlir. Onların qeydiyyat ünvanlarının yalnız  2 ev fərqi var.

Göstərilən ünvana getdiyimizdə aydın olur ki, Əli Əsədovun yaşadığı bina “Azimport” şirkətinin ofisi ilə yanaşıdır. Belə ki, adlarını açıqlamaq istəməyən qonşular  Əli Əsədovun bu ünvanda yaşadığını təsdiqləyirlər. Başqa bir qonşu isə deyir: ” Əli müəllim burada yaşayır. Əli müəllimin yaşadığı binanın yanındakı bina isə Azər Əsgərovun binasıdır. “Azimport” şirkətinin ofisinin bu binada olduğunu bilirəm. Amma burada onun evinin olub-olmadığını bilmirəm. Hər halda, bina Azər Əsgərova aiddir”.

Əli Əsədovun yaşadığı bina(solda) ''Azimport'' şirkəti sağda

Əli Əsədovun yaşadığı bina (solda) və ona bitişik ”Azimport” şirkəti (sağda)

Başqa bir qonşu isə deyir ki, hazırda həbsdə olan “Azimport” şirkətinin təsisçilərindən biri -Rəşad Məmmədovun evi də yaxınlıqda yerləşir.

 Mətbuatda gedən xəbərlərdə Azər Əsgərov, Rəşad Məmmədov və Əli Əsədovun şərik olduqları yazılır.

Şikayətçi briqadirlərdən biri isə deyir ki, Əli Əsədovun yaşadığı binanı da “Azimport” şirkəti tikib: ” “Azimport” şirkətinin yerləşdiyi bina bütövlükdə şirkətə məxsusdur. Orada onların, hotel və gözəllik salonları var. Bu binalar mənim bildiyimə görə, Rəşad Məmmədova məxsus idi.  Yəqin ki, Azər Əsgərovun öz adına da mənzil var orada”.

“Şanxay” layihəsində çalışan briqadirlər onu da deyir ki,  gördükləri işi ölkə başçısı və xanımı  şəxsən bəyəniblər: “İşi bitirdik. Televizorda gördük ki, möhtərəm prezidentimiz və xanımı Mehriban Əliyeva bizim işimizi çox bəyəndilər. Hətta  bu ərazini  Bakının Bodrumu da adlandırdılar”.

Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununa görə, dövlət qulluqçusu biznes fəaliyyəti ilə məşğul ola bilməz.

SOCAR   mübahisə mövzusu olan “Şanxay” layihəsi ilə bağlı 2015-ci ilin dekabr ayında “Azimport” şirkətinə borcunu gələcəkdə mərhələli şəkildə ödəyəcəyi ilə bağlı rəsmi məktub göndərib.

Hələ də pulunun yolunu gözləyən işsiz fəhlələr isə evlərinə getməyə utandıqlarını deyirlər:

“Biz ailəmizin üzünə baxmağa utanırıq. Çünkü onlara çörəkpulu aparmağa imkanımız yoxdur”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button