10 ildən sonra hansı generallar həbs olunacaq?

azad

Azad Mürsəliyev

“Belə getsə, on ildən sonra növbəti həbs olunacaq generalların siyahısın artıq bəri başdan tutmaq olar”

Bu gündən sonra on belə general həbsə atılsa, həqiqətdə nə baş verdiyini heç kim bilməyəcək, bütün baş verən, lakin müəmmalı şəkildə açılmayan cinayətlərin üstü açılmayacaq. Bilirsiniz niyə? Çünki cinayətlərin sifarişini verənlər bu gün yeni ssenari yazıb toplanmış makulaturadan canlarını qurtarırlar. Bu gün makulatura təki bayıra atılan “çekistlər” 2005-ci ildə həbsə atılmış, dünyasını dəyişmiş, respublikanı müəmmalı şəkildə tərk etmiş şübhəlilər kimi bütün bu oyunlarda əlləri var, lakin istər o zaman, istərsə də hal-hazırda bu cinayətlərin başında duranlar öz işlərindədirlər. Əgər istintaq orqanları qara otaqda qara pişik axtarmaq istəyirlərsə. buyursunlar günə bir general həbs etsinlər, yox, əgər həqiqətən də “qara kəmər” əməliyyatına aydınlıq gətirmək istəyirlərsə, son neçə ildə baş verən qalmaqallı cinayətlərə aydınlıq gətirmək istəyirlərsə, bunun üçün Mahir Abdullayevlə bağlı materialları araşdırsınlar. Həmin materiallarda gün kimi aydındır hər şey. Hətta adlar belə öz əksini tapıb. Hüquq müdafiəçilrindən tutmuş hakimlərə, hakimlərdən prokurorlara, prokurorlardan generallara, generallardan nazirlərə, nazirlərdən serjantlara, serjantlardan deputatlara kimi hər kəsin bu cinayətlərdə iştirakı azəri dilində izah olunur. Bu gün bəzi saytlarda dərc olunan məqalələrdən belə anlaşılır ki, sən demə, DİN-in sabiq generalı Zakir Həsənov günahsız yerə həbsdə saxlanılır. Hesab edirəm bir çoxlarımız bu fikirlə razılaşardıq, əgər Zakir Həsənov öz susqunluğu ilə əsl cinayətkarları azadlıqda saxlamasaydı. Ağızına su yığıb MTN-nin sabiq naziri Namiq Abbasov kimi oturmaq ağır cinayətə bərabərdir, hətta bunu passiv mövqe kimi qələmə versələr belə. Buna görə də Zakir Həsənovun da rolu kiçildilməməlidir bu oyunlarda. Ən azından, bir generalın susqunluğu ağır cinayətdir. Bir də, maraqlısı budur ki, istər Hacı Məmmədov olayında, istərsə də, bu gün “çekistlər” məsələsində uzun illər heç kim bu cinayətlərdən danışmır, siqnal vermir, birdən-birə on il keçdikdən sonra məlum olur ki, sən demə, Hacı Məmmədov adam oğrusu imiş, Akif Çovdrovun həbsxanası var imiş, kim isə sahibkarları incidirmiş. Axı belə olmur. Bütün baş verən cinayətlərdə zərərçəkmişlər olub, bunların harayları, iniltiləri, ağlamaqları, hüzürləri olub. Bütün bunları görməmək üçün gərək görmək, ya eşitmək qabiliyyətlərin minimum ola. Belə getsə, on ildən sonra növbəti həbs olunacaq generalların siyahısını artıq bəri başdan tutmaq olar. Bizə qalan ümüd bəsləməkdir ki, bir gün ölkə başçısı ölkənin qüdrətli generallarını uzun illər himayə edən toxunulmazların da ifşa olunmalarına dair göstəriş versin.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button