10 min manatlıq «reputasiya»…

Məlahət Zeynallı

Ramiz Mehdiyev onu satdı…

İnsan yaşadığı ömür boyunca yalnız özünə məxsus bir xarakter yaradır. Onun cəmiyyətdə tutduğu mövqedən asılı olaraq bu xarakter əhəmiyyətli də ola bilər, əhəmiyyətsiz də… Cəmiyyət bunu qəbul da edə bilər, etməyə də bilər. O baxımdan, hər zaman istər hakim qüvvəni, istərsə də müxalifəti təmsil edən məmurların, siyasətçilərin böyük və kiçikliyindən asılı olmayaraq xarakter nümayiş etdirərək buraxdığı xırda bir səhvi ehtiyatsızlıq kimi qəbul edib, onu bağışlamıram. Çünki bir nəfərin ehtiyatsızlığı böyük bir komandanın reputasiyasını təhlükə altında qoyur. Cəmiyyət belə səhvləri bağışlamır. İz düşdüsə, dərinləşir, dərinləşdisə artıq insanları narahat edən suallara cavab vermək lazım gəlir, verən tapılmırsa, insanlar zorən bu sorğularına cavab tələb edirlər. Zorən… Tarixən belə olub və heç bir hakim quruluş, heç bir hakim təbəqə «bizdə belə şey olmaz» deyə bilməz, çünki heç kəs bundan nə təminatlıdır, nə də sığortalı. O baxımdan, iqtidarda çox böyük səlahiyyət sahibi olan akademik Ramiz Mehdiyevin düşünmədən, ehtiyatsızlıq üzündən ölkənin barmaqla sayıla biləcək müstəqil mətbuatının üzərinə yeriməsi, şərəf və ləyaqət pərdəsi altında onsuz da maddi imkanları çətin olan bir mətbu orqanın belinə 10 min manat cərimə yükləməsi bu iqtidara başucalığı gətirmir, əksinə, onun reputasiyasına çox ciddi zərbələr vurur. Çox ciddi…

«Ümid» Uşaqlar Evi?

Doğrusu, bu uşaqlar evi haqqında az-çox mətbuatdan eşitmişdim, vəziyyətlərinin o qədər də ağır olduğunu güman etmirəm. Çünki əgər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev cərimələrini bu uşaq evinə yönləndirirsə, demək, burada yenə də bizim bilmədiyimiz məqamlar var. Hörmətli akademikimizin 73 yaşı var və güman etmək olardı ki, o, uşaqlardan çox həmyaşıdlarının problemləri ilə maraqlanacaq və ən azı belə cərimələri Qocalar Evinə istiqamətləndirəcək. Nümunəvi hərəkətdir, lakin əlbəttə ki, əgər bunu Ramiz Mehdiyev cənabları öz hesabına həyata keçirərdisə. Maraqlandıq. Məlum oldu ki, hörmətli akademikimiz də daxil indiyədək iqtiarda olan bir səlahiyyətli belə nə körpələr, nə uşaqlar, nə də qocalar evlərinə öz şəxsi büdcələrindən könüllü şəkildə ianə belə köçürməyiblər. Bəs bu ürəyiaçıqlıq Ramiz Mehdiyevdə haradan yaranıb?

Beynəlxalq siyasətdə belə nümunələr var. Seçkilər ərəfəsində siyasətçilər buna bənzər addımları atırlar. Təbii ki, hakimiyyətə gələndən sonra da cəmiyyətin bütün sosial problemlərinin sorumlusu elə onların özləri olurlar. Yüksək vədlər, özəl görüntülər bu insanların cəmiyyət arasındakı nüfuzunu artırır, imicinə, reputasiyasına müsbət təsir göstərir. Əgər cəmiyyət sonradan aldanıldığını dərk edirsə, bunun da nəticəsi növbəti seçkilərdə özünü göstərir. Görünür, Azərbaycanda keçirilən «demokratik» seçkilər məmurlarımızı aslana döndərib. Sorğu-sualsız cəmiyyətə hakim olduqlarını və istədikləri başı kəsməyə qadir olduqlarını hər yolla sübuta yetirmək istəyirlər. Təsəvvür edin ki, Prezident Aparatının şöbə müdiri Azərbaycanda azad söz probleminin olmadığını deyir, elə həmin aparatın rəhbəri azad söz carçılarını mühasirəyə alıb, əlində nə varsa, müsadirə etməyə can atır. Jurnalistin ya qələmini aldın, ya da sındırdın, nə fərq edər ki? İndi bir qəzetin kompüterini müsadirə edib aldın, ya da baş redaktorunu həbsə atdırdın – nə fərq edər? Ramiz Mehdiyevin bu inad və tələbkarlığının başqa dəyərləndirməsi varmı?

Çox maraqlıdır. İstər qohum-əqrəbaya, istərsə də dostlara «Ramiz Mehdiyev üzərimizə gəlir, işləməyə imkan vermir, səsimizi boğmağa çalışır» kimi şikayətlərimizi bildirəndə, sanki bizim heyrətlərimiz onları təəccübləndirir, «odla oynadığınızın fərqində deyilsiniz?..» deyirlər. Düzü, kimin od, kimin alov, kimin ümumiyyətlə, kimlərinsə «sunami» olduğu hələ də ayırd edilməyən, insanlarda bu qədər qorxu və vahimə yaradan bir cəmiyyətdə hansısa məmurun qul sahibi olduğu iqtidarın taleyini həll edə biləcək addımlar atması bəlkə də normaldır. Amma normal dövlətdə, qanunların ali olduğu bir məmləkətdə bu normal deyil. Normal olmayan nə varsa, nə qədər zor gücünə qorunsa da əvvəl-axır dağılır.

Əvəz Zeynallının mal və mülkü

Yadımdadır, illər öncəsi Əvəz Zeynallının baş redaktoru olduğu «Vətəndaş Həmrəyliyi» qəzetində mərhum prezident Əbülfəz Elçibəy haqqında bir məqalə dərc olunmuşdu. O zaman indi «Xural»ın dostları siyahısında olan baş bayraqdarımız Elman Türkoğlu orijinal bayraqlarından birini götürüb, arxasında da onlarla adam «Vətəndaş Həmrəyliyi» qəzetinin redaksiyası qarşısında etiraz aksiyası keçirmişdi. Aksiya o qədər yüksək ruhla keçirilmişdi ki, Elman Türkoğlu onu Əvəz Zeynallının evinin qarşısında davam etmək təklifini vermişdi. Dostlar zəng vurdular. Narahat idilər. Bu hərəkəti milli mentalitetimizə heç cür yaraşdırmadıqlarını bildirdilər. Biz isə öz aramızda güldük, hələ bir zarafatca, «sən Allah, səsinizi çıxarmayın, görək bəlkə doğrudan da Elman Türkoğlu Əvəz Zeynallının evinin harada olduğunu bilir? Əgər bizdən fərqli olaraq bu evin harada olduğunu bilirsə, onda biz də onun ardınca gedək, ünvanımıza yerləşək» demişdik. Çünki o zamanlar artıq xeyli müddət idi ki, Əvəz Zeynallı bir körpə balası və ailəsi ilə bir yerdə gəzmədiyi kirə evləri qoymamışdı. Ona görə də biliyə, savada, zəhmətə qiymət verilməyən bir məmləkətdə onun nə vaxtsa şəxsi evinin olması da nağıl kimi görünürdü hər kəsə… Nə olsun ki, Əvəz Zeynallı Ankara Universitetinin hüquq fakultəsinin məzunudur? Nə olsun ki, Türkiyədə təhsil aldığı illərdə atalarının gül balaları asudə vaxtlarını əyləncədə keçirəndə, o, məmləkətin ağır günlərini qəlbində yaşadıb, min-bir əziyyətlə çıxardığı «Böyük Gələcək» dərgisindən milyonlarla azərbaycanlının səsini dünyaya çatdırmağa çalışırdı? Nə olsun ki, ailəliklə qəlbi millətin qəlbi ilə döyünən, kürək-kürəyə söykənib bu dövlət üçün nəsə etməyə çalışan, onun işıqlı sabahını hamıdan artıq görməyə can atan bu insan sutkada 20 saat çalışır. Özü ilə bərabər azyaşlı uşaqları da qəzetdə dərc olunacaq materialları kompüterdə yığaraq, «Xural»a kömək etməkdən yorulmurlar. Nə olsun ki? Bu proses həm də bir gün deyil, illərdir davam edir. 10 ildən artıqdır, nəfəs almadan işləyirik, istirahətin nə olduğunu bilmirik…

Dostlar həqiqəti söylədiyimi bilirlər. Hər günümüzün şahididirlər. İndi bu dövlətdə, bu məmləkətdə bir gecədə əlavə ikinci evi alan bir çoxları Əvəz Zeynallıdan daha çoxmu haqq edir? Elələrinin haqqı Əvəz Zeynallı kimi bu məmləkətdə yaşayan minlərlə ziyalının mal və mülk haqqından artıqdırmı? Kim aparır bu bölgünü? Kim deyir ki, məmurların Azərbaycanın bütün cənnət guşələrində, dünyanın ən məşhur dövlətlərində qəsrləri olmalıdır, amma bir ziyalının, bir jurnalistin heç nəyi olmamalıdır? Kim deyir ki, azad söz peşində olan jurnalist ölənəcən bomj kimi sərgərdan yaşamalıdır? Kim deyir ki, bu dövlətdə yalnız hakimiyyətə satılan, onun sözü ilə oturub-duran jurnalistlər məmurlar kimi varidata malik olmalıdırlar? Kim deyir? Bu iddiada yaşayan kimlərdir?

Mən onların iddiasını qəbul etmirəm, çünki mənim də öz iddiam var. Mən də övladlarımla, sevdiklərimlə, dostlarımla, həyat yoldaşımla öz Vətənimdə, millətimin hakim olduğu azad bir cəmiyyətdə azad insan kimi yaşamaq istəyirəm və bu iddiam uğrunda da mübarizə aparıram. Heç kəs mənə nə cür yaşayacağımı diqtə edə bilməz. Kimsə illərlə zəhmət qoyduğum bir işi məni susdurmaq üçün əlimdən ala bilməz. Mən o haqqı heç kimə tanımıram! Heç Ramiz Mehdiyevə də…

Son söz əvəzi:

Nərimanov Rayon Məhkəməsinin icraçıları «Xural» qəzetinin redaksiyasında olan əmlakı siyahıya alanda bu hadisəni izləməyə gələn jurnalistlərdən biri dayana bilmədi, «bəs indi neyləyəcəksiniz» deyə soruşdu. Güldüm. Gənc jurnalistlərimizdən idi. Bəlkə mətbuatı hələ o qədər tanımırdı. Ona elə gəlirdi ki, Ramiz Mehdiyev səviyyəsində bir məmurla vuruşmaq adi ölümlüyə məxsus keyfiyyət ola bilməz. «Nə eləyəcəyik ki? Nəyi gözləri görürsə, aparsınlar. Biz kirələrdə, icarəyə götürdüyümüz ofislərdə yaşayıb-işləməyə öyrəşmiş adamlarıq. Dilimizi ki kəsə bilməyəcəklər, ürəyimizdən, qəlbimizdən keçənlərə ki hakim ola bilməyəcəklər, nəhayət, əliboş olsaq da bizi susdura ki bilməyəcəklər. Hər şeydən məhrum olsaq belə, öz sözümüzü deməyə bir yol tapacağıq. Amma vay bu hakimiyyətin halına ki, Ramiz Mehdiyev onun reputasiyasını cəmi 10 min manata satdı… Vay onun halına …»

“Xural” qəzeti,

Il: 9, sayı: 019(429), 15-21 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button