10 minlik iddia icraata yönəldi!!!

Ramiz Mehdiyevdən «Xural»a Heydər Əliyevin doğum günü hədiyyəsi…

Ədliyyə Nazirliyinin Bakı Şəhər Nərimanov rayon icra şöbəsindən «Xural»a məktub daxil olub. Məktubda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin mülki qaydada verdiyi məhkəmə iddiası nəticəsində kəsilmiş 10.000 manatlıq cərimənin ödənilməsi tələb olunur: «Nərimanov rayon məhkəməsinin 2(005)-2541/2010 saylı, 02.07.2010-cu il tarixli icra vərəqəsi üzrə iddiaçının şərəf və ləyaqətini alçaldan, nüfuzuna ciddi xələl gətirən məlumatları yaydığına görə, cavabdeh «Xural» qəzetinin redaksiyasının üzərinə iddiaçı Ramiz Mehdiyevdən yazılı şəkildə həmin qəzetdə dərc edilməklə üzr istəmək vəzifəsi qoyulmalı, «Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə planı!!! Prezident Administrasiyasının rəhbəri nədən Şəki camaatını və icra başçısını cəzalandırmalı oldu?» başlıqlı məqalənin verildiyi səhifədə həmin şriftlə yığılmalı (Ramiz Mehdiyev iddia ərizəsində bu tələbi qoymayıb – Red.) və «Təkzib» başlığı altında dərc olunmalıdır.

Eləcə də iddiaçının şərəf və ləyaqətini alçaldan, nüfuzuna ciddi xələl gətirən məlumatları yayması nəticəsində vurduğu mənəvi ziyana görə, cavabdehdən iddiaçının xeyrinə 10.000 manat pul tutulmalı və həmin məbləğ Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi 88 ünvanında yerləşən «Ümid yeri» Uşaq evinə köçürülməlidir.»

Nərimanov Rayon İcra Şöbəsinin rəisi, I dərəcəli ədliyyə qulluqçusu Kamal Əliyevin imzaladığı məktubun sonunda deyilir: «Qeyd olunan icra sənədinin icrasını təmin edərək, 10.000 manat pulun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi 88 ünvanında yerləşən «Ümid yeri» Uşaq evinə köçürülməsini Sizdən tələb edirik. Qeyd olunan borcun ödənilməsini təmin etmədiyiniz təqdirdə, Sizin hərəkətiniz məhkəmə qərarının icrasından qərəzli olaraq boyun qaçırmağınız, icra məmurunun tələblərinə tabe olmamağınız kimi qiymətləndirilərək, Sizin barənizdə inzibati və cinayət məsuliyyətinə cəlb olunmağınız üçün qanunda nəzərdə tutulmuş tədbirlər görüləcəkdir.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmə qərarı dövlətin adından çıxarılır və icrası bütün şəxslər üçün məcburidir. Habelə, icra məmurunun qanuni tələblərini yerinə yetirməyən ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanuna müvafiq qaydada məsuliyyət daşıyırlar.»

26 apreldə imzalanan məktub redaksiyaya Heydər Əliyevin 88-ci ildönümünün ölkəboyu qeyd edildiyi və ad gününün keçirildiyi 10 may tarixində daxil olub. Nə qəribədir ki, azad söz və azad mətbuata basqının təsdiqi kimi hörmətli məhkəmə icraçıları məhz bu günü seçməklə əslində, hakimiyyətin mətbuata münasibətini ortaya qoymuş olublar. Bunlar üçün hətta Heydər Əliyevin ad günü də dəyər deyil və onlar heç olmasa bu gün insanlara əziyyət və işgəncə verməyi dayandırmırlar. Ona görə də ümumilli liderlərinin doğum günündə belə redaksiyalara – min bir əziyyətlə ayaqda dayanan qəzet kollektivlərinə bir növ «doğum günü hədiyyəsi» etməyi unutmurlar.

Biz bu məktubu və hədə-qorxu tonunda qələmə alınan xəbərdarlığı Heydər Əliyevin doğum günü münasibətilə «Xural»a göndərilən təzyiq «hədiyyə»si kimi qarşıladıq və qanun çərçivəsində lazım olan bütün prosedurlardan istifadə edərək mübarizəmizi davam etdirəcəyik.

“Xural” qəzeti,

Il: 9, sayı: 019(429), 15-21 may 2011-ci il

 

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button