10 saylı “zon”un Dəli Domrulu var – O körpüdən ödənişsiz keçmək imkansızdır

 bitmap-img6


Orada nəfəs almaq da puldur, rəis məzuniyyətdə, “görüş Vidadi” kefdədir…

 
“10 saylı cəzaçəkmə müəssisəsi Azərbaycanın dustaq bazarlarından biridir. Burda nəfəs almaq da pulludur. Amma əvvəllər dustaq yaxınlarına ən normal münasibət göstərən “zon”lardan biri kimi tanınırdı bu “zon”. 
Bu sözlər 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus yaxınına aiddir. Qeyd edək ki, redaksiyamıza telefon aşan və adını çəkilməsini istəməyən bir dustaq yaxınının dedikləri tükürpədicidir:
“Sovqatı canları çıxa-çıxa qəbul edirlər. Əvvəlcə 15-20 dəqiqə bayırda dustağa gətirdiklərini yazdırmalısan. Pulunu versən, 5-10 dəqiqəyə yazacaqlar, verməsən, gözləməlisən. Oradan əşyalarını götürüb, cəzaçəkmə müəssisəsinin “görüş qapısı”na yaxınlaşırsan. Burada hər zaman problem olur. Görüşün Dəli Domrulu Vidadi adlı bir şəxsdir. Ona da 5-10 manat verməlisən. Verməsən, saatlarla gözləməlisən. Fərqi yoxdur, sovqat gətirən 3-5 nəfər olsun, ya da 15-20 nəfər. Vidadi pulunu aldıqlarını tez-bazar yola salacaq, ancaq pulunu ala bilmədiklərini qapıda saatlarla gözlədəcək. İndi oradan gəlirəm. Saat yarım gözlədim. Axırda sənədlərimi alıb sovqatı da geri qaytarmaq istədim, amma Vidadi səs-küy yaranmasından qorxaraq, tez sovqatı qəbul elədi. Təbii ki, pulunu almağı da unutmadı. O, pulsuz heç Allahı da tanımaz…”
Adını redaksiyamıza deyən dustaq yaxını, bunun mətbuatda getməməsini xahiş etdi:
“Sonra yanına gəldiyim adamı incidərlər. Bunlar çox amansızdırlar. Üzdə heç nə demirlər, amma arxada nə iş çevirdiklərini bir Allah bilir.”
Mövzunu bəzi ekspertlərlə müzakirə etdik. Bütün cəzaçəkmə müəssisələrində belə olduğunu dedilər. Görünür, bəzi hallarda adı müsbət ştrixlərdə çəkilən bu cəzaçəkmə müəssisəsində digər “zon”lar kimi ictimai nəzarətdən kənarda qalır və bundan istifadə edən Vidadi kimi möhtəkirlər də öz “bazar”larını açmağa çalışırlar. Adi sovqat qəbulunda vətəndaşı saatlarla gözlədilir, pul almasa onlardan sovqat qəbul etmirlərsə, o zaman deməli, məsələ ciddidir və Penitensiar Xidmət bu barədə düşünməlidir. İsti havalarda, yağışda, yağmurda insanları bu qədər gözlətmək olarmı? Bəhanələri də var: “Sovqatı buraxılış vərəqini imzalamayıblar.” Ya çöldə yalan danışırlar, ya da 10 saylı cəzaçəkmə müəssisəsini tənbəllik basıb…
Hər ehtimala qarşı Penitensiar Xidmətlə əlaqə saxladıq. Şənbə günü olduğu üçün telefonlarımıza cavab ala bilmədik. Özəl mənbələrdən əldə etdiyimiz məlumata görə, 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Mirsaleh Seyidov məzuniyyətdədir və bu özbaşınalığın səbəbi də rəisin yerində olmamasıdır.
Aldığımız məlumatda bildirilir ki, 10 saylıda hər zaman elədir. Rəis olmayanda o “zon” donur. Hərə özünə bir xan olur. Müavinlər “depenka”ya, “depenka”lar “mkş”yə qarışır. Necə deyərlər, it yiyəsini tanımır.
Qeyd edək ki, 10 saylı Cəzaçəkmə Müəssisəsində məşhur siyasi məhbuslardan Əvəz Zeynallı cəza çəkib. İndi orada ictimaiyyətin tanıdığı 5  məhbus var. Onlar Qorxmaz Camalov, Ömər Məmmədov, Rəşadət Axundov, Sirac Fərəcli və Rəsul Cəfərovdur.
Məsələ diqqətimizdə olacaq.
pia.az

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button