Əvəz Zeynallının məhkəməsində nə baş verdi?

Xəbər verdiyimiz kimi, dünən aprelin 10-da Xural TV-nin rəhbəri Əvəz Zeynallıya qarşı qaldırılan saxta ittihamlar əsasında Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Əli Məmmədovun sədrliyilə məhkəmə prosesi keçirildi.

Qeyd edək ki, məhkəmənin 27 mart tarixində keçirilən hazırlıq iclasında Baş prokurorluğun bütün ittihamları darmadağın olmuşdu. Ə.Zeynallının həbsindən 2 gün sonra azadlıqdan məhrum edilən Səda TV youtube kanalının əməkdaşı Elnur Şükürovun və onun vəkilinin açıqlamaları olub. Elnur Şükürov deyib ki, DTX-da saxlanılarkən Baş Prokurorluğun əməkdaşı Mehman Hümbətov – hazırda xüsusi xidmətlərinə görə vəzifəsini qaldırılıb – Baş prokurorun müavini Elçin Məmmədov və Şahin adlı şəxs onu dəfələrlə övladlarının oğurlanacağı və 4 qardaşının haqqında cinayət işi qaldırılacağı ilə təhdid ediblər, onu məcbur etməyə çalışıblar ki, Əvəz Zeynallıya qarşı yalan ifadə versin. Bütün təzyiq, təhdid, zorakılıq faktlarına rəğmən Elnur Şükürov Əvəz Zeynallıya qarşı yalan və saxta ifadə verməkdən imtina edib. İlk məhkəmə iclasında vəkillər təzyiq və təhdidin başında dayanan Mehman Hümbətovun dərhal vəzifəsindən azad edilməsi və haqqında cinayət işi başladılması ilə bağlı vəsatət qaldırıblar. Bir sözlə, Əvəz Zeynallının birinci məhkəmə prosesi onun və Elnur Şükürovun həbsinin saxta, sifarişli olmasından xəbər verib.

Aprelin 10-da keçirilən məhkəmə iclasının gedişində Baş prokurorluğun saxta ittihamları bir daha üzə çıxdı.

Məhkəmə üçün təyin eilən zalın yarısı – hakimə, dövlət ittihamçısına və katiblərə yaxın olan hissəsi ədliyyə işçilərilə doldurulmuşdu. Hansı məqsədlə orada iştiraklarını açıqlamasalar da, görünür, onların saxta məhkəmə təcrübələrinin artırılması üçün bu ən yaxşı vasitə kimi istifadə olunub. O baxımdan məhkəmədə iştirak edən vətəndaşlar nə hakimin dedklərini, nə də dövlət ittihamçısının oxuduğu sərsəmlə dolu ittiham aktında nə yazıldığını eşitmədilər və öz narazılıqlarını dəfələrlə ifadə etdilər. Zalda yerləşdirilən 2 mikrofonun ikisi də keyfiyyətsiz olduğundan işə yaramadı. Bu məqamda Əvəz Zeynallı ədliyyə sisteminə ayrılan milyonlarla manat vəsaiti xatırlatdı və bu vəsaitin elementar texniki avadanlıqların alınmasına sərf edilmədiyinə də diqqəti çəkdi.

Məhkəmədə istər hakimin, istərsə də dövlət ittihamçısının heç kəsə əhəmiyyət vermədən siyasi sifarişi həyata keçirdikləri göz qarşısında idi. Məhkəməyə çağırılan yeganə zərərçəkmiş Ruslan Vəliyev Əvəz Zeynallını tanmadığını və heç kimdən şikayətçi olmadığını dedi və bu hakim və dövlət ittihamçısı tərəfindən laqeyidliklə qarşılandı. Bundan hiddətlənən Əvəz Zeynallı və Elnur Şükürovun etirazlarına zalda əyləşən vətəndaşlar da etiraz edəndən sonra hakim heç bir açıqlama vermədən məhkəmənin qeyri müəyyən vaxta təxirə salındığını deyərək, zalı tərk etdi.

2011-ci ildə Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin siyasi sifarişi əsasında həbs edildiyi zaman da Bakı Ağır Cinayətlər Məhkəməsinin zirzəmisində təqsirləndirilən şəxslərin zirzəmidə saxlanılmasına etiraz etdiyini bildirdi və qeyd etdi ki, o vaxtdan bu günədək heç nə dəyişməyib. İnsanlar yenə də həmin zirzəmidə saxlanılır. Əvəz Zeynallının 2011-ci ildə qələmə aldığı Ağır Cinayətlərin “At tövləsi” başlıqlı məqaləsini oxucularımızın diqqətinə çatdırırıq;

ƏVƏZ ZEYNALLIYA DEYİL, MÜSTƏQİL MEDİAYA İFTİRA ATILIB

Bayburt Qalasından

Məxsusi olaraq “Azadlıq” qəzeti üçün

Əvəz Zeynallı

Ora dəhşətli bir yerdir. Siz Ağır Cinayətlər Məhkəməsinin nazlı-qəmzəli binasına bayırdan görünən qiyməti verməyə tələsməyin. Təqsirləndirilən şəxsləri ora arxadan gətirirlər və dərhal da aşağı – zirzəmiyə aparırlar. Təbii ki, mən “Gestapo”nun “podval”larını görməmişəm, amma ACM-in zirzəmisi Adolf bəyin “podval”ları ilə rəqabət apara bilər.

Mübarizə hər yerdə aparılmalıdır və təbii ki, heyrətqarışıq təlatümlərlə elə ilk gündən bu “heyvan yeri”nin mövcudluğu ilə davaya başladım. Qısa araşdırmadan sonra, məlum oldu ki, bu bina nə zamansa tarixi zənginlərimizdən birinin olub və indi müstəqil ölkəmizin ağır cinayət törədənlərinin saxlandığı bu beton arakəsmələr də həmin zənginimizin at tövləsi olub. Yəni bu arakəsmələrlə bölünən və bir at sığacaq ağıl-“boks”lar indi təqsirləndirilən şəxsləri mehman edir.

Anlayacağınız, bu boksların hərəsi bir at tutarındadır. İçəridə hava yoxdur, pəncərə də yoxdur. Kəsif və dəhşətli bir qoxu var. Yer betondur. Təxminən 4-5 boks var və lazım olanda hər boksa təxminən 30-40-a qədər adam basıb doldura bilirlər. Bokslarda da döşəmə betondur. Divara bərkidilmiş oturacaq var ki, o da oturalacaq halda deyil. İki tualeti var ki, yaxınlaşanda adamın bağrı yarılır. Bilmirəm, 90-cı illərin ortalarında Bakıdan Gəncəyə gedəndə Kürdəmirin düzündəki tualetləri xatırlayanlar varmı? Bax elə təsəvvür edin… Burada taxta döşəmə bircə “şmon”-axtarış otağındadır ki, oraya da hamını buraxmırlar. Arada traktor səsindən betər tırıltı ilə hava vuran bir “KAMaz” pəri kimi şey var ki, o da adamın qulaqlarının pərdəsini az qalır ki, dağıda…

İndiki “analoqsuz inkişaf”da insana bu münasibət vəhşilikdir və yalnız totalitar rejimlərə xasdır. Heç kimin tüpürmədiyi qanunlar da belə münasibəti qəbul etmir. Cinayət Məcəlləsinin 9-cu maddəsi deyir: “Cinayət törətmiş şəxsə tətbiq edilən …cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz”. Ya da Cinayət Prosessual Məcəllənin 13-cü maddəsi açıqca əmr edir: “Cinayət təqibi gedişində heç kəs …insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz.”

Səlahiyyət sahibləri qanuna riayət etmirlər. ACM-də məhkəmə-məzhəkəmin davam etdiyi 11 ay müddətində həm də bu zirzəminin normallaşdırılması uğrunda vuruşdum. Aramla və israrla hüquq müdafiəçilərini bu zirzəmiyə dəvət etdim. Monitorinq qrupundan, “kişi qadınlar”dan səs çıxmadı. Keçmiş vicdan məhbusu olan və “yerini boş qoymadığım” Mədət Quliyevin dostu da bir neçə dəfə söz verdi, amma gəlməz oldu. Səsimə Ombudsman Aparatının əməkdaşları və Elçin Behbudov hay verdi – ki, onların da bir təsiri olmadı. Sadəcə, Ombudsman əməkdaşlarının gəlişindən sonra xırda bir “apteçka” yaratdılar. O da mən gedəndən-gedənə fəaliyyət göstərirdi. Hər şeyin pulla ölçüldüyü “salam? rüşvət deyildir deyə almayan” bir mexanizm başqa cür işləməz ki…

Aramsız müraciətlər etdim. Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə yazdım və insan ləyaqətinə hörmət qoyulmasını istədim. Təbii ki, cavab gəlmədi. Açığı, heç inanmırdım ki, cavab da gələ. Zarafat deyil, bu boyda idarəni idarə etmək, at kimi at ağızlı hakimləri yola vermək, minlərlə oğulu sındırmaq və milyonlarla manat dəyərində rüşvət mexanizminə rəhbərlik etmək həqiqətən zor işdir. Bu miqyasda işləri qoyub “insan ləyaqəti” ilə kim məşğul olar? Olmazlar təbii ki…

Sadəcə, nadir hallarda reaksiya verən müdafiəçilərə də yeni binanın tikildiyini, ona görə də bir tədbir görülmədiyini bəhanə edirlər. Halbuki yalandır bütün bunlar. ACM-in yeni binasının tikildiyi-filan yoxdur. Heç təməli də yoxdur hələ…

İsrar və inadlarımdan sonra taxta döşəmələrə qırmızı boya yağladılar və zorakı olsa da ara-sıra zirzəmini süpürdülər. Onu da işçilər öz ciblərindən etdilər. Oralarda hər şey rüşvət üstündə bərqərar olduğundan təmiri də Ədliyyə personalı öz aldıqları rüşvətlərin hesabına etdilər. Mahmud Nəbiyev onlara bir qəpik yardım etmədi.

Tez-tez elektron informasiya mərkəzlərində rast gəlirik. Qəzetlərimiz yazır. Hüquq-mühafizə orqanlarımız “analoqu olmayan” inkişafımızda atlar, itlər, eşşəklər alır, yetişdirir, saxlayırlar. Bu müasir atlara, itlərə, eşşəklərə bütün standartlara cavab verən axurlar, ağıllar, fermalar tikirlər. Onlara insanlardan yaxşı qulluq edirlər. Hələ elə məmurlarımız var ki, inəkləri müasir villalara oxşayan parketli tövlələrdə saxlayır, elə işbazlarımız var ki, toyuqlarını vətəndaşlarımızdan əziz tuturlar. Olsun, etirazım yox. Ancaq qoca bir dövlət ağır cinayətlərdə ittiham etdiyi, şərlədiyi, oğurladığı vətəndaşlarını heç olmasa bu atlar, itlər, eşşəklər, inəklər və toyuqlar kimi saxlamağı da bacarmalıdır axı. Axı, heyvanlardan fərqli olaraq insanların hüquqları daha diqqətlə qorunmalıdır. Deyəsən, bu hakimiyyətin səlahiyyət sahibləri mübariz və fəal insanları gördükcə, tanıdıqca heyvanlara daha çox hörmət edir, onları daha çox bəsləyir…

Canımızın sağlığına məsul olan keçmiş səhiyyə nazirimiz bu “at tövləsi”nə bir neçə dəfə girib-çıxandan sonra buradan xəbərinin olmadığını bildiribmiş. Şahid-konvoyların dediklərinə görə, sabiq nazir həbsdən azad olunandan sonra bu “it damı”nın təmirinə çalışacağını deyibmiş.

Nə etməli? Bütün səlahiyyət sahiblərinin həbsinimi gözləməli?

Bu “at tövləsi”nə, “it damı”na bir ədəd pəncərə açmaq və məmləkətin “ağır cinayət”dən sındırılan ər oğullarına nəfəs vermək o qədərmi çətindir? Çətin olmamalıdır axı. İnsanları şərləmək və tutmaq bu ilin büdcəsində prioritet mövzulardan olmalıdır axı. Axı, təkcə həbsxanaların təkmilləşdirilməsi və yenilərinin inkişafı və tikintisi üçün 2013-cü ilə təxminən 100 milyon manat ayrılıb.

Çoxmu çətindir iki ədəd pəncərə açmaq?

Hara xərclənir bu 100 milyon manat?

Hə?!”

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button