“144 milyon manatlıq “leqallaşdırma” ittihamı ilə bağlı sübut yoxdur”

abdulla 1

Vəkil Abdulla Abdullayevə qarşı irəli sürülmüş “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma” ittihamının araşdırlmasını istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə AMAY Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xural.com xəbər verir ki,  prosesdə şahid qismində Əlhüseyn Ağayev ifadə verdi. O, təqsirləndirilənlərdən yalnız Heydər Rzayevi tanıdığını deyərək, 2007-2008-ci illərdə Sahibkarlığa Milli Kömək Fondunun xətti ilə “Birlikbank”dan 100 min manat kredit götürdüyünü əlavə etdi. Şahidin sözlərinə görə, əkin sahələri üçün götürülmüş kreditin müddəti 5 il olsa da, faizlərin ödənilməsində gecikmələr olub və bu səbəbdən istintaqda dindirilib. Ağayev vurğuladı ki, artıq kredit ödənilib.

Şahidin ifadəsindən sonra hakim bildirdi ki, iş üzrə şahid qismində tanınmış şəxslərdən 10 nəfərinin məhkəməyə teleqramı daxil olub. Şahidlər teleqram vasitəsilə məhkəməyə gələ bilməyəcəklərini və istintaqa verdikləri ifadəni təsdiq etdiklərini diqqətə çatdırıblar. Həmçinin iş üzrə şahid qismində tanınmış Canpolad Kazımov 2015-ci ili fevral ayında dünyasını dəyişdiyi üçün onun ölüm kağızı məhkəməyə təqdim olunub. Hakim bildirdi ki, sözügedən şahidlər Sahibkarlığa Milli Kömək Fondunun xətti ilə “Birlikbank”dan kredit götürən şəxslərdir və onların ibtidai istintaqa ifadələrinin elan edilməsini təklif etsə də, müdafiə tərəfi buna ehtiyac olmadığını bildirdi.
Vəkil Osman Kazımov Abdulla Abdullayevə qarşı Cinayət Məcəlləsinin 193-1 –ci  (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə irəli sürülmüş ittiham üzrə sübutların araşdırılmasını təklif etdi. Qeyd edək ki, ittihama əsasən, 144 milyon vəsait “AMAY” Ticarət Mərkəzinin tikinti-təmirinə və İranda istintaqa məlum olmayan biznes fəaliyyətinə sərf olunaraq leqallaşdırılıb. Hakim isı bildirdi ki, bu məsələ sənədlərin tədqiqi mərhələsində araşdırlacaq. Osman Kazımov: “Bu ittiham üzrə cinayət işi materiallarında heç bir sübut təqdim edilməyib. Məhkəmə bu məsələni araşdırmalıdır. Hələlik şahidlər məhkəməyə gəlmir, boş vaxtımız var, gəlin bu məsələni vaxtında araşdıraq”.
Hakim isə növbəti mərhələdə araşdırlacağını deyərək, prosesdə 4 iyun tarixinədək fasilə elan etdi.
A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılaraq, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Abdulla Abdullayev, Novruzov  Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib.
Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir. Digər təqsirləndirilənlər isə dələduzluq, mənimsəmə və ya israf etmədə təqsirləndirilir.
Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button