145 yaşlı Lenin haqda – bilmədiklərimiz – FOTOLAR

Sabah – aprel ayının 22-si Rus İnqilabının rəhbəri Vladimir İliç Leninin 145 yaşı tamam olacaq. Bəri başdan deyim: “mən şər dahisi”, yaxud “xeyir dahisi” kimi ifadələri mahiyyəti üzrə deyil, mətnin qulağa xoş gəlməsi naminə, estetik bəzək olaraq qəbul edirəm. Dahinin şəri, xeyri olmaz, dahi elə dahidir. Bunu qəhrəmanımıza da aid etmək vacibdir…

…O, bəşəriyyətin siyasi simaları arasında barələrində söy­lənənlər və yazılanların bir-birilə həddən artıq zid­diy­yət təşkil eləyənlərin ön sırasındadır. Bu adam “dünya pro­le­tariatının və inqilabının rəhbəri”, “böyük humanist” və “ideal insan” kimi dürlü pozitiv titullarla yanaşı, “Al­ma­ni­yanın casusu”, “inqilabın zəqqum dadından yan ötən fırıl­daqçı”, “qaniçən diktator” və ideallığın tam əksinə ola­raq, “homoseksual” kimi neqativ ittihamlardan da canını və adını qurtara bilməyən Vladimir İliç Ulyanov – qısaca ola­raq Lenindir!

Mən onu bəxtsiz Azərbaycan rəssamı Muradlının “Le­nin anası ilə” adlı əsərindən daha çox tanımış və sev­miş­dim: bəstəboy, sarışın gənc, gözünün yaşını tökə-tökə ov­cun­da digər oğlunun asılacağı haqqında çar məktubunu tut­muş anasına təsəlli verir. Ana ağlayır, gəncin iradəli, qə­tiy­yətli baxışları isə harasa uzaqlara, lap uzaqlara zil­lə­nib. Elə bil zalım oğlu yarım qərinədən sonra dünyanı məh­və­rindən qoparacaq inqilabı görür və yaşayır.
İs­t­isnasız olaraq Leninin bütün bioqrafları, həcmi nəzərə alın­ma­dan onun haqqında nəsə yazanların hamısı çara sui-qəsd üstündə asılmış zavallı Aleksandrı xatırlamadan mət­lə­bə keçmirlər. Guya böyük qardaş Aleksandrın adaşı çara qar­şı düzənlədiyi sui-qəsdlə kiçik qardaş Vladimirin hə­ya­ta keçirdiyi inqilab arasında böyük əlaqə var. Xeyirxahlar bu­nu İlya kişinin ailəsinin hələ bineyi-qədimdən in­qi­lab­çı­lar yuvası olduğunu, bədxahlar isə “Lenin inqilab etməklə, ça­rın var-yoxunu güllələtdirməklə qardaşının qisasını aldı” ki­mi yuvarlaqlaşdırırlar. Mən xeyirxahların tərəfindəyəm. Çün­ki həqiqətən, dövlət məmuru olan İlya kişinin ailə­sin­də özündən başqa demək olar, hamı inqilabçı idi ki, bu­ra­da da günahın yekəsi evin arvadındaydı. Bəli, məhz o qa­dın – bir tərəfi kalmık olan Mariya Aleksandrovna Ul­ya­no­va uşaqlarının hamısının beynini dövrün ədalətpərvər şüar­ları ilə zəhərləmişdi. Bu ailədəkilərin hamısı dikbaş in­qi­labçı ruhlu insanlar idilər, hətta evin qız uşağı Annaya qə­dər. Hələ onu demirəm ki, tarixi faktlara görə, gənc Vla­di­mir Ulyanov qardaşının asılacağı haqda xəbəri eşidəndə ev­də­ki vay-şivəni vecinə də almadan bircə kəlmə deyib: “On­lar (təbii ki, qardaşının dostlarını nəzərdə tuturdu) düz­gün eləmirlər”.

Qısası, belə baxanda sinəsində “inqilabçı ilan balaları” gəzd­ir­ən çarsevən İlya Vasilyeviç elə nə yaxşı ki, böyük oğ­l­u Aleksandrla qızı Annanın başına gələnləri görmədi, yox­sa, yüz faiz ürəyi partlayacaqdı.

Bütün bunlara baxmayaraq, mən “Lenin” adıyla “ata”, “ana”, “bacı”, “qardaş”, qısası, ailəylə bağlı hansısa kəl­mə­­ni bir yerdə görəndə əsəbiləşirəm. Çünki yoldaş İliçə bun­la­rın heç biri yaraşmır, yoldaş İliçə bunların hamısı yad­dır. Bu baxımdan, “Lenin çar ailəsindən qardaşının qisa­sını aldı” sayaq sərsəmləmələrə sadəcə, acı bir zarafat ki­mi baxmaq lazımdır. Doğmaca dayısı uşaqları olan Ar­da­şev­ləri güllələtdirən, inqilabdan sonra qətiyyən xoş­la­ma­dığı kiçik qardaşı Dmitri Ulyanovun vəzifəyə qo­yul­ma­sı­nı eşidib istehzayla bolşevik dostlarının ünvanına “elə bi­lir­lər, bu axmağı vəzifəyə qoymaqla mənə xidmət gös­tə­rir­lər” deyən Lenin kimi adamlar üçün qardaş-bacı, ata-ana dünyanın gərdişində fırlanan milyonlarla bəşər öv­lad­la­rı­nın sırasından seçilməyən subyektlərdir. Lenin inqilab elə­mək­lə heç kimin qisasını-zadını almadı. “Dünya in­qi­la­bı­nın rəhbəri” sadəcə, özünü, xarakterini, istəklərini və ar­zu­la­rını reallaşdırdı, vəssalam. Leninин bütün həyatı, var­lı­ğı, yaşamı məhz bu inqilaba bağlı idi. 

Biz Vladimir İliçi heç vaxt yaxından tanıya bilmədik. Mənə elə gəlir, sovet dövrü Azərbaycan proletariatının, Azər­baycan kəndlisinin təsəvvüründəki Leninlə Azər­bay­can ziyalısının düşüncəsindəki Lenin arasında heç bir fərq yo­xuydu. Bizlər – azərbaycanlılar Lenini hamımız bir cür ta­nı­yırdıq: fincanı sındırıb sonra da boynuna alan vun­der­kind uşaq, böyüyəndə də Qubadan xurcunla gələn almanı uşaq evinə göndərən əliaçıq baba… Bizim Leninlə bağlı bü­tün təsəvvürlərimiz bu iki obraz arasında variasiya edir. An­caq bütün variasiyalar mühüm bir mətləbə söy­kən­mə­liy­di: Lenin baba inqilabçılıqdan daha çox İnsandır!..
…Latınlar deyərdilər “O tempora, o mores!” Bizim dildə ko­bud tərcüməsi təxminən belə çıxır: “Ey çərxi-gərdun!” 
Onun barəsində çox şeylər yazdılar, yenə yazırlar. Ar­xiv­lər açılır və məlum olur ki, yoldaş Leninin “Əsərlərinin tam külliyyatı” deyəndə heç də yazdıqlarının hamısı nə­zər­də tutulmayıbmış. Onun yazdıqları içərisində elə şeylər var ki, bunu sadə ziyalıya, yaxud beyniqanlı gəncə oxut­maq olmaz. Çünki dahi rəhbər burada inqilab eləməyin yol­la­rını az qala dalanlarına kimi göstərib. 

So­vet­lərin dağılmasıyla Leninin siyasi nəzəriyyəsi, ar­dın­dan nümunəvi insan obrazı da darmadağın oldu. Mə­lum ol­du ki, Lenin baba nəinki sədaqətli ailə başçısı, heç nor­mal adam da olmayıb. Heç nə yox, elə rus təd­qiq­at­çı­la­rı­nın arxivlərdən eşələyib tapdıqları və mötəbərliyinə heç bir şübhə yeri qalmayan Zinovyevin Leninə, Leninin də ona yazdığı sevgi məktublarına nəzər salmaq kifayətdir ki, Al­lah uzaq eləsin, “Lenin babamız”ın əslində, hansı yu­va­nın quşu olduğu bilinsin. Ancaq gərəkdir ki, bu “quş” mə­sə­lə­sində ­ədaləti və obyektivliyi də əldən verməyək. Çünki han­sı yuvanın quşu olursa-olsun, bu adamın uşaqlığı hə­qi­qə­tən vunderkind, böyüklüyü də dahi taktik və strateq idi. Le­nin bircə rəhbər və idarəçi ola bilmədi. Dövrə uyğun olaraq bu iki xüsusiyyətin onda çatışmaması Vladimir İliçi ya­rat­dığı inqilabın və qurduğu hakimiyyətin girovuna çe­vir­di. Zənn edirəm, rus tədqiqatçısı German Nazarovun əmə­yinin m­əhsulu kimi sizlərə şərhsiz təqdim etdiyim bu arxiv materialları çox şeyin üstünə işıq sala bilər. “Dahi rəhbər”in Dzerjinskiyə ünvanladığı məktubdan nəticələri özü­nüz çıxaracaqsınız. Yalnız onu xatırladım ki, Vladimir İliç həyatının son illərini xəstəxanada yatmış və Stalin ar­tıq onun sağlığındaca dövlətin idarəetməsini ələ ke­çir­miş­di. 

Leninin Dzerjinskiyə məktubu

“Əziz Feliks! Mənə elə gəlir ki, başıma gələnlərin hamısı Stalinin və onun yanında olanların işidir. Bu, dəhşətlidir. Məni faktiki olaraq partiyadan və cəmiyyətdən təcrid ediblər. Dünən mühafizəni ikiqat artırıblar. İndi haradasa onların sayı 100-ə yaxındır. Hətta mənim üçün cığır da ayırıblar ki, yalnız orada gəzməliyəm. Başqa yola çıxmağa qətiyyən ixtiyarım yoxdur. Necədir, sənin üçün? Məgər bu, normal münasibətdirmi ki, “VÇK”dan kiminsə əmriylə mənə qarşı xüsusi təlimatlar tətbiq olunur? Bu təlimata əsasən, mənimlə danışa, məndən poçt qəbul edə, mənə heç nə deyə bilməzlər və sair və ilaxır. Bunu necə başa düşək? Mən son vaxtlar dəfələrlə Sizinlə, yoldaş Kalininlə, Bonç-Bruyevçilə, Kamenevlə, hələ sadəcə olaraq görmək arzusunda olduğum adamlarla görüşmək istədiyimi bildirmişəm. Ancaq düz 3 aydır ki, mənim yanıma heç kimi buraxmırlar. Tam təcrid olunmuşam. Telefonu bağlayıblar. Stansiyadan olan xanım deyir ki, Moskva ilə əlaqə yoxdur. Bu nə hoqqabazlıqdır, Allahım. Mən artıq özümü yaxşı hiss eləməyə başlamışam. Ancaq mənə elə gəlir ki, məni ya zəhərləyəcəklər, ya da öldürəcəklər. Mühafizə öldürəcək, həkimlər zəhərləyəcək. Mən nə edim? Qaçım? Mümkün deyil. Hər addımı izləyirlər. Deyirlər ki, bunları xoş niyyətdən edirlər. İnan­mı­ram. Mən başa düşürəm ki, hər şey tezliklə qurtaracaq. İnan­maz­san, həkimlər mənimlə dəli adamla, ya da baş­dan­xa­rab uşaqla danışan kimi danışırlar. 

Bu, qiyamdır, Feliks. Bu, bir qrupun partiya üzərində hökm­ran­lığına və daha çox qan tökülməsinə gətirib çı­xa­ra­caq. (Öz aramızdı, bu fikirlər Leninin uzaqgörənliyinə da­ha bir nümunədir – İ.Tumas) 

Mən başa düşmürəm, indi hökumətdə hər hansı çəkiyə mali­kəmmi, mənim Kremldəki kabinetim necə olub? Nəyə görə, rabitədən məhrum edilmişəm? Heç nə başa düşmürəm. Mən dövlətdə birinci şəxsəm və heç kəs də məni öz səlahiyyətlərimi icra etməkdən kənarlaşdırmayıb.
Hər hansı ölçü götürmək olarmı??? Məsələn, məni Moskvadakı xəstəxanaya köçürmək. Mən artıq bu meşədə yaşaya bilmirəm. Yavaş – yavaş dəli oluram. Hiss edirəm ki, mənimlə nəsə eləməyə hazırlaşırlar. Mənə heç kəs inanmır, hamı təlimatla danışır. Kim ki, mənimlə ümumi dil tapır, onu yığışdırırlar, get – gedə burada gözəl insanları görmürəm. Şişkin, Lazarev, Apaev kimi adamlar hara yox oldular? Onlar haradadırlar? Sağdırlarmı? (Yoxlama aparmaq lazımdır, əgər onları həqiqətən, aradan götürüblərsə, bu, Stalini və digərlərini məsuliyyətə cəlb etmək üçün əsas ola bilər).

Siyasi Büronun çağırılması lazımdır. Mən artıq açıq mək­tubla Siyasi Büroya müraciət etmişəm, ancaq Stalin giz­lə­dib. O, gör, Nadenkanı (arvadı Nadejda Krupskayanı nə­zər­də tutur – İ.Tumas) necə adlandırıb: DEGENERATKA və FAHİŞƏ! (Sonuncu sözlərin al­tın­dan Lenin xətt çəkib – G.Nazarov). 

Ne­cə­dir, Sizin üçün? Ən başlıcası isə mənim üzr istə­mək tələblərimdən sonra bizim münasibətlərimiz daha dö­zül­məz olub: mən artıq onun şəxsi düşməninə çev­ril­mi­şəm. Axı, onda Qafqaz tempеramenti var. 

Fe­liks, Nadenka söyləyir, Stalin deyirmiş ki, artıq Kreml­də­ki bütün uşaqbazların sonudur. Əlbəttə, bu daha kobud və təhqiredici tonda deyilib, ancaq mən belə nəticə çıxar­mı­şam ki, bu, birbaşa mənə və mənim dostlarıma aiddir (Stalin bu abzasın kənarından qırmızı karandaşla ya­zıb: “İliç əməlli – başlı kövrəlib ki…  (G.Nazarov). Ça­tan məlumatlara görə, məndən icazəsiz artıq təyinatlar da olur. Hər yerə vəzifəyə o qoyur, Mərkəzi Komitə də bə­yə­nir. MK-da nələr baş verir? Mən qəzetləri oxuyuram, sanki hər şey qaydasındadır. Deməli, mətbuat da onun əlindədir. Bu, artıq sondur. Lənətə gəlsin o günü ki, mən “Qorki”də müa­licə olunmağıma razılıq verdim…

Çox xahiş edirəm, məni Moskvaya gətirmək üçün ölçü gö­tü­rün. Mən paytaxta gəlmək istəyirəm. Mən çoxdandır ki, fəh­lə kollektivi ilə ünsiyyətdə olmamışam. Mən artıq həyatdan geri qalmağa başlayıram. 

Hərarətlə bağrıma basıram. Sənin Ulyanovun (Le­nin)”. 

İliçin 20 dekabr 1921-ci il tarixli məktubunu alan Feliks Edmundoviç onu lazım olan yerə, yəni yoldaş Sta­li­nə çatdırır. Yoldaş Stalin artıq məktubda qeyd etdiyimiz is­tehzalı şərhlərlə “dahi rəhbər”in məktubuna “reaksiya ve­rir”. Və təbii ki, İliçin bəzi xahişləri “yerinə yetirilir”. Yə­ni, xəstəxananın xidmətçi və tibb heyəti dəyişdirilir, ye­ni heyətə rəhbəri duyuq salmamaq üçün daha ehtiyatlı dav­ranmaq tapşırılır. Bu, tarixə faciəvi hadisələrin baiskarı ki­mi düşən Leninin özünün tarixi faciəsi idi…

İlham Tumas

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button