15 iyul çevriliş cəhdi ilə bağlı tədbir keçirildi – Milli Fikir Mərkəzi tərəfindən

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Milli Fikir Mərkəzinin təşkilatçılığı ilə “15 iyul çevrilişi və hüquqi dövlətə təhdidlər” mövzusunda tədbir keçirilib.

Mərkəzin mətbuat xidmətindən Etatist.com-a daxil olan məlumata görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, səfirliyin mədəniyyət müşaviri İrfan Çiftçi, hüquqşünas Ələsgər Məmmədli, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, Mətbut Şurasının idarə heyətinin üzvü Azər Həsrət, siyasi ekspert, ACSIS Araşdırmalar Mərkəzinin rəhbəri Pünhani Əsgərli çıxış edib.

Etatist.com çıxışların tam mətnini təqdim edir:

Tədbiri giriş sözü ilə Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə açıb:

– Bugünkü tədbirimiz 15 iyulda Türkiyədə baş vermiş, FETÖ tərəfindən təşkil edilmiş Türkiyə dövlətçiliyinə qəsd niyyəti güdən çevriliş cəhdi ilə bağlıdır. Bu kimi mötəbər tədbirə təşrif buyurduğu üçün Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özorala təşəkkürümü bildirirəm. 15 iyul hadisələri Azərbaycanda çox diqqətlə izlənilirdi. Mən də bu hadisələri böyük narahatlıqla izləmişəm. Çünki Türkiyədə baş verən hadisələrin birbaşa Azərbaycana da təsirləri olduğunu görmüşük. Türkiyədə belə bir cəhdin qarşısının alınması ilk növbədə Türkiyə dövlətinin, dövlətçiliyinin və hüququnun, türk millətinin iradəsinin təcəssümüdür. Türk millətinin özünüifadəsi ilə qanuni, hüquqi olaraq seçilmiş hökumət öz iradəsini qoruya bildi.

15 iyul çevriliş cəhdi ilə bağlı tədbir keçirildi - Milli Fikir Mərkəzi tərəfindən

1994-cü ildə buna bənzər hadisə Azərbaycanda da baş vermişdi. O hadisələrin də kökündə Azərbaycan hüquqi dövlətçiliyinə qarşı qəsd planı dururdu. Zamanında bunun da qarşısı alınıb.

Əlbəttə, Türkiyənin bölgədəki nüfuzunun, təsir dairəsinin artması müəyyən çevrələr tərəfindən xoş qarşılanmadı. Ancaq Türkiyə dövlətçiliyinin çoxəsrlik tarixi ilə bu məsələnin də öhdəsindən gəldi.

Bu məsələni çox diqqətlə izləməliyik. Bu səbəblə də sizə paylanmış Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət Müşavirliyi tərəfindən nəşr edilən, Milli Fikir Mərkəzi tərəfindən yayılan kitabla tanış olmağınızı istəyirəm. Bu hadisələrin təcrübə baxımdan öyrənilməsi üçün bizim qonaqlarımız var. Hüquqi, media, siyasi cəhətdən də məruzələr olacaq.

Daha sonra Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral 15 iyul hadisələri haqqında danışıb:

– Sizinlə görüş imkanı yaratdığı üçün Milli Fikir Mərkəzi və rəhbəri Şəhriyar bəyə təşəkkürümü bildirirəm.

Belə görürəm ki, tədbir iştirakçılarının əksəriyyəti gənclərdir. Əlbəttə, hər məsələdə onlarla danışmaq, öz düşüncələrimizi onlara deyib, onların nə düşündüyünü öyrənmək çox maraqlıdır. Çünki gənclər bizim gələcəyimizdir. Biz bu gün dövlətin idarəetmə heyətlərində yer alan adamlarıq. Bir müddətdən sonra yerimizi sizə verəcəyik. Bizim bu gün yaşadığımız, izlədiyimiz təcrübələri siz bir baxımdan yeni öyrənəcəksiniz. Çünki siz həyata yeni başlamısınız. Qarşınıza da bizim gördüyümüzdən daha fərqli şeylər çıxacaq. Əslində bizim yaşadıqlarımız sizin yaşayacaqlarınızın başlanğıcıdır. Onun üçün bu təcrübələri paylaşmaq gələcəyi formalaşdırmaq baxımından çox önəmlidir.

15 iyul çevriliş cəhdi ilə bağlı tədbir keçirildi - Milli Fikir Mərkəzi tərəfindən

15 iyul günü Türkiyədə yaşadıqlarımızı siz də bizim kimi eyni şəkildə gördünüz. Azərbaycanda ürəyi Türkiyə ilə döyünən başqa bir xalq var. İki dövlət, bir millətik. Bunu 15 iyul, 2016-cı ildə bir daha yaşadıq. Bilirəm ki, biz Türkiyədə o hadisələri yaşadığımız zaman Türkiyə, yaşanan hadisələr haqqında, nələr baş verdiyini öyrənməyə çalışanda, siz də bizimlə eyni hisləri bölüşür, “Türkiyədə nə baş verir” deyə düşünürdünüz. 15 iyul axşam saatlarından etibarən Türkiyədə fövqəladə hadisələr yaşanmağa başlandı. Bunu öyrəndiyimiz andan hamımız nələr baş verdiyi ilə maraqlanmağa başladıq. Qırıcılar, helikopterlər uçurdu, İstanbulda Boğaziçi körpüləri bağlanmışdı. Amma heç birimiz buna məna verə bilmirdik. Sonra bəlli oldu ki, yaşadığımız çevriliş cəhdidir. Türkiyə Cümhuriyyətinin idarəetməsini ələ almağa çalışan bir qrupun həyata keçirdiyi çevriliş cəhdi…

Vaxt keçdikcə çevriliş cəhdinin miqyası ortaya çıxmağa başladı. Hamımız bunun dünya tarixində bənzəri olmayan yeni bir növ terror aktı, türk millətinin varlığına qəsd etmiş, Türkiyə Cümhuriyyətini yıxmağı hədəfləyən yeni cəhd olduğunu fərq etdik. Çünki çevrilişçilər millətinə o qədər düşmən, vətəninə qarşı o qədər xain idi ki, öz insanına atəş açmaqdan, öz insanının üzərinə tanklarla getməkdən çəkinmədilər. O qədər irəli getdilər ki, Türkiyənin milli iradəsinin təcəlli etdiyi ən müqəddəs məkan olan Türkiyə Böyük Millət Məclisi binasını bombaladılar. Bu millətin fərdlərini – onlara qarşı dirənmək üçün öz bədənini sipər edən, bədənindən başqa heç bir silahı olmayan insanları tək-tək, atəş açaraq öldürdülər. O gecə 250 vətəndaşımızı şəhid verdik, 2000 vətəndaşımız qazi oldu. Amma nəhayət hamı bu dərsi bir daha aldı: Heç bir güc millətin iradəsinin qarşısında dura, millətə onun istəmədiyi nəyisə etdirə bilməz. Türk millətini heç kim zorla boyunduruğu altına ala bilməz.

O gecə insanlar prezidentin çağırışı ilə küçələrə axışdı. Eynilə 1994-cü ildə Heydər Əliyevin Bakıda Azərbaycan xalqını küçələrə dəvət etdiyi kimi, prezidentimiz Rəcəb Tayyib Ərdoğan da türk millətini o gecə küçələrə dəvət etdi. Millətimiz çevrilişçilərin qarşısında tək bədən olaraq yüksəldi, onlara qarşı gəldi.

Bəs bu çevriliş cəhdini həyata keçirənlər kimlərdir? Bu çevriliş cəhdi gözlənilməz hadisə idi. Fəqət bu cəhdin arxasında dayananlar bizə yad deyildi. Onsuz da bunların xəyanətləri 15 iyuldan öncə ortaya çıxmışdı. Qısaca FETÖ olaraq adlandırdığımız Fətullahçı terror qruplaşmasının üzvlərinin Türkiyə dövlətinə qarşı təxribat cəhdləri yeni deyildi. Amma bu miqyasa çatacağını da heç kim gözləmirdi. Çevrilişin ilk saatlarında bu cəhdin arxasında fətullahçı terror qruplaşmasının olduğu müəyyən edildi. FETÖ mənsubları bu gün Pensilvaniyada yaşayan Fətullahın davamçıları, ruhlarını şeytana təslim etmiş insanlardır. Öz fikri, düşüncəsi ilə hərəkət edən insanlar vətəninə, millətinə xəyanət etməzlər, prezidentlərini öldürməyə çalışmazlar. Öz dövlətinin tanklarını, toplarını, qırıcılarını, silahlarını öz millətinə qarşı çevirməzlər. Amma bunlar Fətullah Güləndən aldıqları təlimatla robota çevrildilər və millətini xaosa sürükləməkdə, millətin gələcəyini oda atmaqda, ölkəni vətəndaş müharibəsinə sürükləməkdə heç bir tərəddüd etmədilər.

Əlbəttə ki, bu çevriliş cəhdi türk millətinin prezidentin arxasında, heç bir siyasi baxış, din, irq, düşüncə, dil, dünya görüşü – heç bir ayrıseçkilik etmədən birləşməsi ilə dəf edildi və türk tarixində layiq olduğu yeri aldı.

15 iyul çevriliş cəhdi ilə bağlı tədbir keçirildi - Milli Fikir Mərkəzi tərəfindən

İndi bəziləri bu böyük zəfəri görməzdən gəlir. Türkiyənin xoş günlərə çıxmasını istəməyənlər bu zəfəri görməzdən gəlib hətta türk millətini cəzalandırmağa çalışır.

Təəssüflər olsun ki, biz bu gün terrorla mübarizədə haqq etdiyimiz dəstəyi görmürük. Müttəfiqlərimizdən, dostlarımızdan haqq etdiyimiz dəstəyi görmək bir yana, müttəfiqlərimiz bu terror qruplaşması mənsublarına, qruplaşmalara sahib çıxırlar, ölkələrində onlara sığınacaq verirlər.

Bu terror qruplaşması rəhbərinin Türkiyəyə təslim edilməsi üçün gördüyümüz işlər davam edir və sona qədər də davam edəcək.

Keçən bir il içində Türkiyə Cümhuriyyəti dövləti bu terror qruplaşması ilə mübarizədə böyük bir yola çıxdı və dövlət içindəki yükdən təmizlənməsi ilə inkişafı, güclənməsi daha da sürətləndi. Biz 15 iyul, 2016-cı ili daha çox güclənmiş olaraq geridə qoyduq.

Bu gün – 1 il sonra 2016-cı ilə görə gələcəyə daha böyük inanc və ümidlə baxırıq. Çünki Türkiyə bu gün əvvəlkindən də güclüdür, gələcəyə doğru daha qərarlı addımlar atır. İqtisadi göstəricilərimizin hamısı müsbət yöndədir. Türkiyə hərbi baxımdan son bir il ərzində qonşularında baş verən hərəkatlara, Suriyadakı hadisələrə qarşı daha güclü reaksiya verib. Terror qruplaşmaları ilə mübarizəmizdə cüzi zəifləmə belə yoxdur, əksinə daha çox güclənmə var.

Türkiyə gələcəyinə inamla baxan ölkədir və türk milləti bütün dünyaya bunu bir daha göstərdi. Türk milləti həmişə öz taleyini əlində saxlayacaq. Türkiyədə hakimiyyət qeyd-şərtsiz millətindir. Millət həmişə öz iradəsinə sahib çıxacaq. Bu milləti millətin istəmədiyini heç kim idarə edə bilməz. Bu milləti ancaq öz iradəsi ilə seçdiyi, rəhbərliyə gətirdiyi prezident, baş komandan idarə edə bilər. Türk xalqı 15 iyul günü bunu bütün dünyaya göstərdi.

15 iyul, 2016-cı ildə də, bu gün – 13 iyul 2017-ci ildə də bizim hər zaman kürəyimizi güvənlə söykədimiz, həmişə güc aldığımız çox güclü, çox güvənilir və dünya səhnəsində çox təsirli qardaşımız var – Azərbaycan.

Başda prezident cənab İlham Əliyev olmaqla, Azərbaycan xalqı çevriliş cəhdinin ilk anlarından etibarən Türkiyə Cümhuriyyətinə, türk millətinə dəstəyini göstərib. Bu dəstək bu gün də eyni şəkildə və eyni qərarlılıqla, daha da güclənmiş olaraq davam edir.

Dəyərli gənclər, mənim hər çıxışım zamanı dediyim bir söz var: Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü də Türkiyənin gücüdür… Çünki biz keçmişi bir, bu günü bir və gələcəyi bir olan iki dövlət, bir millətik. Biz eyni millətin övladlarıyıq, eyni millətin nəvələriyik. Biz bir ağacın iki budağı, bir kişinin iki oğlu – Azərbaycanla Türkiyəyik. 

Mən 15 iyul, 2016-cı ildəki çevriliş cəhdində, daha sonra Türkiyə Cümhuriyyətinin terror qruplaşmaları ilə, FETÖ ilə mübarizəsində bizə verdikləri dəstəyə görə, bütün Azərbaycan xalqına, Azərbaycan dövlətinə və cənab prezident İlham Əliyevə sonsuz təşəkkürlərimi bildirirəm.

Bizə vaxt ayırdığınız, Türkiyəyə, dostluğumuza, qardaşlığımıza qiymət verdiyiniz üçün siz dəyərli qardaşlarıma da təşəkkür edirəm. Biz gələcəyimizi birlikdə inşa edəcək, birlikdə gücləndirəcəyik. Bunu edərkən də həmişə düşmənlərimizin ortaq olduğunu, düşmənlərimizə qarşı eyni şəkildə mübarizə aparmalı olduğumuzu, sevincimizin də, kədərimizin də bir olduğunu həmişə yadımızda saxlayacağıq.

Bir-birimizə nə qədər möhkəm sarılsaq, bir-birimizə nə qədər çox bağlansaq, o qədər güclü olacağıq. Düşmənlərimizə, qarşılaşdığımız fırtınalara daha güclü dayanacaq və birlikdə daha böyük addımlar atacayıq.

* * *

Daha sonra söz hüquqşünas Ələsgər Məmmədliyə verilib:

– Hətiqətən də ötən il iyulun 15-də baş verən hadisələr hər bir Azərbaycan vətəndaşını istər-istəməz çox kəskin şəkildə kədərləndirdi. Çünki biz çox dəyər verdiyimiz, çox sevdiyimiz Türkiyənin hansı formada olursa-olsun Konstitusion quruluşuna, hökumətinə qəsd edilməsi eyni zamanda bizə yönəlmiş təşəbbüs idi. Çünki biz Azərbaycan olaraq dəstəkçi kimi hər zaman yanımızda Türkiyəni görmüşük. Cənab səfirin dediyi kimi hər bir azərbaycanlı da “bir millət, iki dövlət” anlayışını birmənalı şəkildə qəbul edir. Çünki Türkiyə həm də bizim dövlətimizdir. Orada yaşayan da, burada yaşayan da türk millətidir. Əslində hal hazırda bir millət, bir dövlət formasına da gəlib çıxmışıq. Əgər biz Azərbaycan gündəmini izləsək Türkiyə gündəmi heç vaxt Azərbaycandan kənarda olmayıb. Türkiyədə nə baş veribsə Azərbaycanda gündəm hadisəsi kimi düşüb.

Əslində 1 il az vaxt deyil. Bizim bir üstünlüyümüz də var. O da müasir kommunikasiya vasitələrinin hadisələri bizə canlı çatdırmasıdır. Türkiyənin uzun illər formalaşmış ənənələrinin bir an içində necə alt-üst olduğunu, demokratiya ənənəsinə necə böyük ziyanlar vurulduğunu, parlamentin necə bombalandığını, türk xalqının hesabına alınmış F16-larla xalqın üzərinə necə bomba yağdırıldığını ekranlarda gördük. Əlbəttə ki, bu hadisə birmənalı olaraq terror və ya terrordan daha pis bir şey idi. Çünki terrorda siyasi məqsəd olur, burada isə siyasi məqsədin nə olduğu bəlli deyildi.

Mən məsələnin konstitusiyalı, hüquqi mühitə olan zədəsindən danışmaq istəyirəm. Təssüf ki, Türkiyə Cümhuriyyətində daim belə bir narahatçılıq hiss olunur ki, bəlli bir kəsim nədənsə xalqın iradəsini heç də hər zaman qəbul etmək istəmir. Türkiyə son illər, xüsusilə, son 15-17 ildir ki, kifayət qədər siyasi, iqtisadi yol izləyir. Bu da onun beynəlxalq ictimaiyyətdə nüfuzuna müsbət mənada təsir göstərir.

15 iyul çevriliş cəhdi ilə bağlı tədbir keçirildi - Milli Fikir Mərkəzi tərəfindən

Mən 10 il Türkiyədə yaşamışam. Türkiyə 2001-ci ilə qədər prosesləri yaxından izləmişəm. O dönəmlərdə qeyri-stabil hökumətlərlə, koalisiya hökumətləri ilə Türkiyənin xeyli iqtisadi itkiləri olub. Amma 2001-ci ildən sonrakı, xüsusilə, 2002-ci ildən başlayaraq Türkiyədə stabillik yaranmağa başladı.

Hadisələrin xroniki gedişatına baxanda görürük ki, bəlli bir kəsim hər zaman Türkiyədəki mövcud iqtidara qısqanclıqla yanaşıb. 2007-ci il hadisələri yəqin ki, çoxunuzun yadındadır. Həmin il Əhməd Necdet Sezərin prezidentlik dönəmi bitdiyi zaman çıxan oyunlar, eyni zamanda Konstitusiya Məhkəməsinin birdən işə qarışıb parlamentin qəbul etdiyi qərarı – yəni yeni seçilən Abdullah Gülün seçkisinin nəticələrini ləğv etməsi və 27 aprel “E-Muhtıra”sı əslində çox ciddi şəkildə demokratik yolla formalaşmış hökumətin bir növ devrilməsi təşəbbüsü idi.

Türk tarixində daha öncə buna bənzər hadisələr hökumət dəyişikliyinə səbəb olmuşdu. Məsələn, 1995-ci il, 27 fevral hadisəsi zamanı, ondan öncə Dəmirəl dönəmində bu baş vermişdi. Hökumətlər nədənsə demokratik legitimliklərindən imtina edərək, hərbi dirənişlərdən çəkinib geri çəkilərək hökuməti təslim etmişdilər. Amma Rəcəb Tayyib Ərdoğan mətanətli duruş sərgilədi. O, “E-Muhtıra” zamanı ilk duruşunu göstərdi və artıq ordunun siyasi prosesə müdaxilə etməsinin doğru olmadığını dedi.

Müasir zamanda siyasi hakimiyyətin, siyasi iradə ilə – seçki yoluyla formalaşacağını açıq şəkildə bəyan etdi.

Təsadüfi deyil ki, o dönəmdə qruplar bu məsələ ilə bağlı sistemli iş aparıb hökuməti devirmək istəyirdilər. Bu baş tutmadıqdan sonra zaman-zaman belə dalğalar baş verirdi. 2010-cu ildə referendum zamanı diqqət eləsək bənzər hadisələr oldu. 2014-cü il seçkilərindən sonra isə artıq aydın məsələ idi ki, Türkiyə yeni bir prosesi uğurla davam etdirir. Mən düşünmürəm ki, baş verənlər təkcə FETÖ ilə bağlıdır. Əlbəttə, FETÖ burada lojistik və ideya baxımından aparıcı idi. Amma eyni zamanda Türkiyədə bəlli bir çevrə var ki, onlar cəmiyyətdən fərqli olaraq üstün hüquqları olduğunu düşünürlər. Diqqət yetirsək 2007-ci ildə də erkən seçimlərə gedilməsi və seçkilərdə siyasi hakimiyyətin güc qazanması Abdullah Gül dönəmində də bəlli bir stabilliyə səbəb oldu.

Referendum keçirilməsi və xalqın öz iradəsini ortaya qoyaraq prezidentli sistemi dəstəkləməsi onu göstərir ki, cəmiyyət öz rejimini istər müəyyən etməkdə, istərsə də onun idarə olunmasında kifayət qədər aktivdir.

Mən birmənalı olaraq hər zaman bunu qeyd edirəm ki, ekran qarşısında səhərə qədər oturub hadisələri izləyərkən türk xalqının göstərdiyi iradəni həqiqətən qısqandım. Düzdür, qürur da duydum.

Rəsmi olaraq 200-dən çox insan həmin gecə öldürüldü, 2000-dən sonra insan həmin gecənin əlili oldu. Amma eyni zamanda yüz minlər, milyonlar küçələrə çıxaraq öz legitim hakimiyyətinə dörd əllə sarıldılar. Boğaz körpüsü üzərindəki insanların üstünə helikopterdən yağan güllələr, eyni zamanda məclisdə 100-dən çox millət vəkilinin dərhal gəlməsi – o prosesdə millətin iradəsinə sahib çıxılacaq yerdə olması…

Türk xalqının bu iradəsi onu göstərdi ki, kiminsə Türkiyədə mövcud olan rejimi dolaylı olaraq və ya hansısa yollarla devirməyə, ələ keçirməyə yol verməz. Bu baxımdan məncə Türkiyə yeni yola qədəm qoyub. Bu yol milli iradənin üstünlüyünə dəyər vermə yoludur. Bu Türkiyənin önünü açan məqamdır.

Arzu edirik ki, çevriliş cəhdindən sonra başlayan proses sürətlə yekunlaşsın və Türkiyə normal yaşamına dönsün. Bu yaşamında da biz azərbaycalılar olaraq hər zaman Türkiyənin yüksəklərdə olmasını arzu edirik. Çünki Türkiyə nə qədər yüksəkdədirsə, Azərbaycan da o qədər yüksəkdə – Türkiyənin yanında olacaq.

Hər bir cəmiyyət bilməlidir ki, dünyanın heç bir yerində qeyri-legitim yolla hakimiyyəti dəyişmək mümkün deyil. Müasir cəmiyyətlərdə, müasir kommunikasiya imkanlarının mövcud olduğu vaxtda kimlərsə hansısa televiziyanı, körpünü zəbt etməklə hökuməti zəbt edəcək düşüncəsindən uzaq durmalıdır.

* * *

Daha sonra media eksperti kimi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı çıxış edib:

– Türkiyədə baş verən hadisələr son bir ildə baş verən proseslərin nəticəsi deyil, yüz ildə baş verən proseslərin məntiqi nəticəsidir. Çünki Türkiyə Cümhuriyyəti çoxpartiyalı sistemə keçəndən sonra sancılı dönəmlər keçirib. Koalisiyalar dönəmi deyilən dönəm var. Çox sürətli dəyişimlərin şahidi olurduq. Bu hadisələr bizim gözümüzün qarşısında baş verib.

Türkiyədə indi Rəcəb Tayyib Ərdoğanın qurmaq istədiyi sistemi Adnan Menderesdən bəzi hər kəs qurmaq istəyib. Ərdoğan Adnan Menderesin, Turqut Özalın, Dəmirəlin, türk siyasətçilərin etmək istədiklərini edir hal hazırda. O, yalnız AKP-nin lideri deyil. Niyə uğur qazanır? Niyə 2 seçicidən birinin səsini alır? Türkiyə kimi ölkədə demokratik seçkilərdə səs yığmaq çox çətindir. Çox ciddi partiyalar 20-25 faiz səs alanda sevinirlər. Bu həm də son zamanlar dünyanın bəzi güc mərkəzlərinin, terror qruplaşmalarının hədəfi nədir? Və Türkiyə təkcə bizim gördüyümüz Türkiyədirmi? Türkiyənin içində başqa Türkiyələr var. Adı, soyadı türk olanlar var ki, onların yalnız adı türkdür. Onlar türk deyil ki… Uzun illər Türkiyənin iqtisadiyyatına, mediasına kimlər hakim olub? Biz bunu zaman-zaman həm də şahidləri olmuşuq. O zaman rəhmətlik Əbülfəz bəy də bu barədə danışmışdı. Türkiyədə dövlət içində dövlətlər olub.

Başqanlıq sistemi türklərin ta ilk günlərdən bəri sahibləndiyi sistemdir. Osmanlı hansı sistemlə yetişib? Başqanlıq sistemi idi. Bizi nə qoruyub? Sadəcə ədalət. Osmanlı İmperiyası 600 il yaşadı. Nəyin hesabına? Dəli padşah olub, imperiya uzun zamanlar qadınların idarəsində yürüyüb… Amma Osmanlı ədalətin hesabına yaşayıb. Tək bu ədalətin hesabına dünyada başqa xanədan yoxdur ki, 600 il yaşasın.

İstanbulda böyük hava limanı tikilib. Bu hava limanı dünyanın ən böyük hava limanlarının hegemonluğunu aradan qaldırır. Dava o davadır. Əbdülhəmidin xəyallarında olan keçidlər tikilir, boğazların üzərindən körpülər salınır… Türk milləti bir yumruq kimi birləşib. Birləşməyənlər kimlərdir? Bizim bayaq dediyimiz adamlar.

Azərbaycanda bir yanlış düşüncə var. Sosial şəbəkələrdə çox rahatlıqla deyirlər ki, Ərdoğan diktatordur. Ərdoğan diktator ola bilməz. Sandıq varsa, millət seçkiyə gəlib səs verirsə, o sandıqdan insan çıxırsa o ölkədə diktator ola bilməz. Diktator sandıq olmayanda, millətin iradəsinə hörmət edilməyəndə olur.

Ərdoğanın məsciddə halı pisləşdi, hamı yazırdı ki, o olmasa biz neyləyərik. Ərdoğan artıq xalqın taleyinə çevrilmiş adamdır. Söhbət insandan getmir, bir prosesdən gedir. Türkiyədə bir proses gedir və bu proses Türkiyəni böyüdür.

15 iyul çevriliş cəhdi ilə bağlı tədbir keçirildi - Milli Fikir Mərkəzi tərəfindən

Biz 10 illərlə nurçularla döyüşmüşük. Onların evlərində qalmışdıq, sistemlərini bilirik. Tələbə olandan onlarla döyüşmüşük. Deyirdik ki, bunlar Türkiyə üçün bəladır, türk milləti üçün bəladır, Azərbaycan üçün bəladır. Bu bəlanı Ərdoğan götürə bilərdi. Çünki onların sistemini bilirdi. Bu bəlanı Əcəvit, Dəmirəl götürə bilmədi, sol, sağ – hamısı bunlara işlədi. Bu bəlanın öhdəsindən Ərdoğan gəldi. Niyə? Çünki sistemi içindən bilirdi.

Əgər Rəcəb Tayyib Ərdoğan Marmarisdən CNN Türk-ə bağlanmasaydı, “facebook” olmasaydı, TRT-in rəhbərləri “kompüter işləmir, şifrəni bilmirik” deyib zamanı uzatmasaydılar, kameralar canlı yayımda işləməsəydi aqibət necə olacaqdı?

Baş Qərargahda çevriliş haqqında raportlar olub, Ərdoğan məsələni bilir. Ayın 16-da səhər saat 5-də Türkiyə dövlətinin hərəkətə keçəcəyi məlum idi. Sadəcə aqibətini bilən adamlar məcbur olub saat 10-da başladılar. Gecə saat 3-də başlasaydılar nə olacaqdı? Hər şey tamam fərqli ola bilərdi.

Nurçular indinin özündə də təhlükəli olaraq qalıb. Ona görə Türkiyədə fövqəladə vəziyyət götürülməyib, ona görə türkiyədə hələ təhlükə var, “kəmər sıxma” siyasəti davam edir. Mən düşünmürəm ki, nurçular bununla kifayətlənər.

Müstəqil media, müstəqil qələm əhli, canından qorxmayan jurnalistlər olduqları müddətcə dövlət təhlükəyə getməz. Ən önəmli dərs bu olmalıdır.

Hamımız oturmuşduq televiziyanın qarşısında, ürəyimizi tutmuşduq ki, indi nə olacaq… Ərdoğanın bir dəqiqəlik səsi və güvən verici hayqırtısı olmasaydı insanlar küçələrə çıxmayacaqdılar. Düzdür, burada sistem də yaxşı işlədi. Millət vəkilləri parlamentə getdi, mollalar məscidlərdə insanları küçələrə çıxmağa təşviq etdi…

Müstəqil media Türkiyə dövlətçiliyinin xilas edilməsində ən önəmli rollardan birini oynadı. Mən özüm üçün ən önəmli dərs kimi bunu götürdüm. Bəzən çevrilişçilər qalib gələ bilmir – xalq xalqdırsa, onun televiziyaları, jurnalistləri varsa…

* * *

Vətəndaş cəmiyyətlərinin məsələyə mövqeyi haqda danışmaq üçün Mətbuat Şurasının idarə heyətinin üzvü Azər Həsrətə söz verildi:

– Azərbaycan insanının türkiyəyə münasibətlə bağlı nələr yaşağı, duyduğu çıxışlarda deyildi. Ölkəmizin vətəndaş cəmiyyətlərinin bu məsələyə münasibəti sonrakı günlərdə daha intensiv şəkildə müşahidə edilməyə başladı. Əlbəttə çevriliş cəhdi bizim üçün gözlənilməz idi və çevrilişə qədər intensivlikdən danışa bilmərik. Amma Əvəz bəy də qeyd etdi, mən də onun altını cizmək istərdim ki, uzun müddətdir fətullahçılarla bağlı Azərbaycanda həyəcan təbili çalırıq. Həmin həyəcan təbilini kifayət qədər yüksək səviyyədə dilə gətirmişik. Təəssüflər olsun ki, müəyyən səbəblərə görə bizim həyəcan təbilimiz vaxtında dəyərləndirilməyib. Ona görə də fətullahçılar həm Azərbaycanda, həm Türkiyədə, həm də digər türk dövlətlərində kifayət qədər yüksək səviyyələrə gəlib çıxmışdılar. Əlbəttə, onlar dövlətin, polisin, ordunun içinə o qədər girmişdilər ki, onlara qarşı mübarizə aparmaq çətin problemə çevrilmişdi.

Çevriliş cəhdinin baş verdiyi gecə hamımız həyəcanla prosesləri izləyirdik, əlimiz çatdıqca informasiya savaşında iştirak edirdik, Türkiyənin halının necə olacağı ilə bağlı narahatlığımız var idi və düşünürdük ki, bu məsələdə bütün insanlarımız öz mövqeyini ortaya qoymalıdır.

Azərbaycan dövləti həmin gecə operativ şəkildə bu məsələlərə münasibətini bildirdi, heç bir ertələmə olmadan Azərbaycanda bu çevrilişi birbaşa və ya dolaylı yolla dəstəkləməyə cəhd göstərən təşkilatlar, media qurumları və s. qarşı tədbirlər görüldü. Səhəri gün şəxsən mən AzTV-nin efirində idim və biz bu məsələ ilə bağlı vətəndaş cəmiyyətinin və medianın münasibətini dilə gətirdik.

15 iyul çevriliş cəhdi ilə bağlı tədbir keçirildi - Milli Fikir Mərkəzi tərəfindən

Orada dediyim bir fikir var, burada da səsləndirmək istəyirəm: Biz istənilən halda bu cür cəhdlərin qarşısında olmuşuq, olacağıq. Çünki Azərbaycan da bu təcrübəni yaşayıb. Bilirsiniz ki, 1993-cü ildən sonra, xüsusən də, Ələkrəm Hümbətovun bölücülük etdiyi dönəmdə, Bakının mərkəzində silahlı üsyan qaldırıldığı dönəmdə də Azərbaycan xalqı səfərbər edilmişdi, qeyri hökumət təşkilatları, media nümayəndələri, siyasi fəaliyyətdə olan insanlar bir araya gəlmişdilər. O vaxt Heydər Əliyevin çağırışı ilə küçələrə çıxan insanlar Azərbaycan dövlətini xaosdan, parçalanmadan, məhv olmaqdan qorumuşdu.

Eyni hadisə 15 iyul çevriliş cəhdində Türkiyədə baş verdi. Yəni bir çağırışla milyonlarla insan küçələrə çıxdı və Türkiyə dövlətini qorudu. Biz Azərbaycan vətəndaşları, QHT-ları olaraq o həyəcanın düz içində idik. Baxmayaraq ki, minlərlə kilometr uzaqda yaşayırıq, hamımız o gecə Türkiyə ilə nəfəs aldıq və sonrakı günlərdə də bu proseslərdə aktiv şəkildə iştirak etdik.

Azərbaycan vətəndaş cəmiyyətlərinin səfərbər edilməsi istiqamətində böyük kampaniya başladıq. Xüsusən də Milli QHT Forumunda birləşən 600 civarındakı QHT konkret mövqe ilə ortaya çıxdı. Onlar birmənalı şəkildə çevriliş cəhdinə qarşı olduqlarını, Türkiyə dövlətinin və təbii ki, dövləti idarə edən şəxslərin arxasında olduqlarını bəyan etdilər.

Azərbaycan Mətbuat Şurasının həm media təmsilçisi olaraq, həm də QHT olaraq geniş toplantısı keçirildi və o toplantıda FETÖ-nün təhlükəsi barədə müzakirə aparıldı və MŞ olaraq da Türkiyə dövlətinin yanında olduğumuzu bəyan etdik. Həmin günlərdə Türkiyənin ayağına batan tikanın Azərbaycanın ürəyinə batdığını sözdə deyil, əməldə göstərdik. Necə ki, Azərbaycanın ayağına batan tikanın Türkiyənin ürəyinə batdığını həm dövlət adamları, həm də ictimaiyyət dilə gətirir və əməldə də bunu göstərir.

Türkiyə ilə bağlı istənilən hadisə Azərbaycanda çox yaxından izlənir. Türkiyə gündəmi – Azərbaycan gündəmidir. Məncə, ən doğru yanaşma budur.

Bu günlərdə prezident İlham Əliyev Türkiyədə oldu və açıq şəkildə bəyan etdi ki, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir.

Bir neçə il öncə Praqada Avropa Birliyinin Şərq Tərəfdaşlığı çərçivəsindəki toplantıda cənab İlham Əliyev jest elədi. İşğalçı Ermənistanın prezidenti Türkiyənin orada iştirak etməməsini fürsət bilərək Türkiyə dövlətinə, hakimiyyətinə qarşı fikirlər səsləndirdi. Cənab prezident söz alaraq dedi ki, “burada Türkiyə yoxdur, mən varam. Siz bu fürsətdən yararlana bilməzsiniz”. Bu yanaşma Türkiyə ilə Azərbaycanın münasibətini birmənalı şəkildə üzə vurur. Heç kim yaxasını kənara çəkmir. Türkiyənin dostu Azərbaycandır, bundan sonra da belə olacaq. Bizim QHT-larının bu məsələdəki mövqeyi məlumdur: İstənilən halda biz Türkiyənin arxasında olacağıq.

* * *

Siyasi ekspert Pünhani Əsgərli çevriliş cəhdinin siyasi tərəfləri haqqında danışdı:

– Dünya tarixində çevriliş siyasi hakimiyyətlərin dəyişilməsi hesablanır. Ancaq Türkiyədəki çevriliş cəhdinin qayəsində yalnız siyasi hakimiyyət yox, bir millətin məhv olması, dövlətin tarixdən silinməsi durur. Buradakı çevriliş cəhdi yalnız hakimiyyəti dəyişmək üçün deyildi. Hakimiyyəti dəyişmək üçün olan çevriliş cəhdində xalqın, millətin parlamenti bombalanmır, insanların üzərinə güllələr yağdırılmır. Təbii ki, burada daha geniş planda olan hesablamalar da var idi. Məsələn, Türkiyənin iqtisadi və siyasi islahatlarının qarşısının alınması bunun ən böyük hesablamalarından biriydi. Ancaq gördük ki, hər şey planlaşdırılsa belə, bu çevriliş cəhdində planlanmayan bir şey var idi – Türkiyə xalqının iradəsi.

15 iyul çevriliş cəhdi ilə bağlı tədbir keçirildi - Milli Fikir Mərkəzi tərəfindən

* * *

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çitçi çıxış edərək FETÖ terror qruplaşması haqqında məlumat verib:

– Türkiyədə 40 il əvvəl qruplaşmalar fraksiyalarına qədər bəlli idi. Onların geyim tərzlərinə, saç düzümlərinə baxanda hansı fraksiyaya aid olduğunu belə bilmək mümkün olurdu. Lakin indi FETÖ tamam fərqli qruplaşmadır. Əsas etibarı ilə bu gün də Türkiyədə də, Azərbaycanda da, dünyanın hər yerində də gücünün 50-60 faizini saxlayan qruplaşmadır. Yəni bunların istifadə etdikləri İslam dini alətlərindən sadəcə biridir. Dindar insan deyəndə ağlınıza nə gəlir: Saqqallı kişi, başı bağlı qadın. Amma bu gün tamam fərqlidir. Məsələn bir adam milliyətçi, türkçü, dövlətçi kimi görünür, amma fərqində olmadan onlara xidmət edir. Radikal görünüşlü türkçü təşkilat var. Məsələn, burada onların məktəblərindən biri adını dəyişib, ingilis adı qoyub, 3 may türkçülük gününü qeyd edirlər. Məni də dəvət etdilər, dedim ki, dövlət türkçülük gününü ləğv edib. Türklərə qarşı türkçülük etməyin nə mənası var? Bundan şübhələnmək lazımdır.

Bunlar (FETÖ – red.) hər tərəfdə ciddi şəkildə öz varlıqlarını qoruyurlar.

15 iyul çevriliş cəhdi ilə bağlı tədbir keçirildi - Milli Fikir Mərkəzi tərəfindən

FETÖ bundan sonra sizin qarşısınıza nurçu kimi, bəlkə dinçi kimi çıxmayacaq. Bəlkə də Nitsşedən danışacaq, Zərdüştlükdən, Cəlil Məmmədquluzadədən danışacaq. Yəni tamam fərqli üzlərlə çıxacaq.

Bizim böyük türk millətinin zəif cəhətləri də var: Bu məsələ bitsin, canımızı qurtaraq. Amma bu problemlər heç vaxt bitməyəcək. Bu problemlərlə məşğul olmağa, öhdəsindən gəlməyə davam etməliyik.

* * *

Sonda MFM sədri Şəhriyar Məcidzadə çıxış edib və Milli Fikir Mərkəzinin məsələyə mövqeyini açıqlayıb:

– Biz Milli Fikir Mərkəzi olaraq bildirmək istəyirik ki, bizim üçün əhəmiyyətli olan dövlətin, hüququn, ədalətin aliliyidir. Biz bu prinsiplərə sahibik. Dövlət çevrilişi cəhdi tərəfimizdən cinayət hadisəsi kimi qiymətləndirilir.

15 iyul çevriliş cəhdi ilə bağlı tədbir keçirildi - Milli Fikir Mərkəzi tərəfindən

15 iyul çevriliş cəhdi ilə bağlı tədbir keçirildi - Milli Fikir Mərkəzi tərəfindən

15 iyul çevriliş cəhdi ilə bağlı tədbir keçirildi - Milli Fikir Mərkəzi tərəfindən

15 iyul çevriliş cəhdi ilə bağlı tədbir keçirildi - Milli Fikir Mərkəzi tərəfindən

 

Əlaqəli məqalələr

1 şərh

  1. Əslində Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinə qarşı çıxıb Ərdoğanı və onun siyasi-islamçı dəstəsini dəstəkləyən kəslərdən, istər Azərbaycanda, istər Türkiyədə, istər Dünyanın hər hansı bir yerində olsunlar, soruşmaq gərək:

    – Nə idi bu çevriliş cəhdinin Türkiyə millətinə ziyanı?… Var idimi belə bir ziyan?.. Bəlkə əksinə, bu çevrilişə gedənlər Türkiyəni islamdan, Ərdoğanın demaqoqiyasından və gündə 180 dərəcə dəyişən siyasətindən xilas etmək istəyirdilər?…

    Bəli, Türkiyə və avam Türk xalqı AKP dələduzları qarşısında acızlık göstərdi, üsyançıları dəstəkləmədi və bir mənalı şəkildə uduzdu!…

    Ərdoğan epoxası Türkiyə üçün çox böyük fəlakətdir! Lakin Türkiyə xalqı bunu dərk etmək üçün hələ yetişməyib!..

    Lakin fərqi yoxdur – gec-tez Ərdoğan və onun bütün əlaltıları Türkiyə millətinin qarşısında törətdikləri bütün cinayətlərinə görə cavab verəcəklər və mütləq şəkildə uzunömürlü həbsəxana həyatı yaşayacaqlar!… Bu qaçılmazdır və bu mütləq olacaq!…

    Bəli, Ərdoğan çevrilişin səbəblərini və məqsədlərini bilmədi necə ört-basdır etsin, özünə “bəraət” qazandırmaq üçün – hər şeyi yıxdı Gülənin üstünə, yəni əslində özü kimi bir islamçının və özü kimi Türkiyənin düşməni olan bir avtoritetin üstünə…

    Niyə?.. Çünki çox gözəl bir fürsət idi bir gülləylə iki hədəfi vursun:
    həm çevriliş cəhdini xalqın gözündən salsın və çevrilişin əsl səbəblərini və məqsədlərini ört-basdır etsin,
    həm özünün bu islamçı yolda ən ciddi və güclü rəqibi olan Gülən dəstəsini məhv edib bütün islamçıları öz ətrafında bağlasın…

    Bəziləri deyir ki, çevriliş cəhdinin arxasında ABŞ-Qərb dururdu, məhz Qərbin adamları əvvəlcədən Rusiya ilə əlaqələri pozdular və s.

    Əgər Ərdoğan Rusiya ilə əlaqələri pozmaq istəmirdisə, onda niyə rusiya təyyarəsini vurdurdu və ya vurandan sonra bu hərəkəti odlu-alovlu dəstəklədi, pisləmədi?!…

    Söhbət çox uzundur, çünki burada çoxvektorlu siyasi və geosiyasi oyun getdi, lakin aydındır ki, əslində bu oyunda uduzan yalnız Türkiyə və onun mərd, vətənpərvər – atatürkçü oğulları oldu…

    Türkiyə uduzursa Azərbaycan da uduzur!…

    Bu qanundur!… Lakin Azərbaycanlıların da Ərdoğanı dəstəkləməsi Türkiyənin məğlubiyyətinə dəstək vermək deməkdir!…

    Ərdoğan – Türkiyə deyil!… Əksinə!… Nə qədər ki, Ərdoğan var və onun AKP dəstəsi var, bir o qədər Türkiyə ölüdür və öldürülmüşdür!…

    Oqtay Ataxan

    14.07.2017

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button