16-CI KAMERAYA….

Mirzə Sakit

(Elnur Məcidliyə)

Salam Elnur. Necəsən? Biz sağ və salamat olmağa cəhd edirik. Çalışırıq ki, öz vətənimizdə İlham Əliyevdən və İlhamın andiçmə mərasimində and içmək üçün İlhama Qurani-Kərim gətirən Şeyxülislamdan, bir də ki, İlhamın ilhamvericiləri olan nehrəqarınlardan özümüzü qoruyaq.
Əziz dostum Elnur, bu ayın 28-i sənin və dostların Əhədin, Rüfətin və Ülvinin məhkəmə prosesi keçirildi. Həmin məhkəmədə mən sənin və sənin dostlarının məğrurluğunu müşahidə etdim və çox rahat oldum. Sevindim ki, bizim gənclik necə də qürurlu imiş. Bu münasibətlə həmin gün axşam 4 bakal pivə içdim. Yadındamı, sən həmişə məndən tələb edirdin ki, Azərbaycanın keçmişini və gələcəyini düzgün izah edə bilən insanlarla görüşmək istəyirsən. Mən də öz növbəmdə bu sahədə obyektivlik nümayiş etdirən müxtəlif insanlarla səni görüşdürürdüm. Sən də hər görüşdən sonra mənə təşəkkür edərək, məmnunluğunu bildirirdin. Bu məmnunluqdan arada hətta mən yekələnirdim də… Əslində, sevinirdim. Sənin bir gənc olaraq, vətənimizin gələcəyinə və keçmişinə biganə qalmamağın məni sevindirirdi. O sevinci yaşamaq mənə bir daha qismət oldu və ümidvaram ki, o sevinci sən və sənin dostların heç vaxt məndən əsirgəməyəcəksiniz.
Fədakar dost, bilirsənmi, Ermənistan prezidendi Sarkisyan erməni gənclərinə hansı müraciətdə bulunub? O deyib ki, biz Qarabağı aldıq, siz gələcək nəsillər də Ağrı dağını almağa hazırlaşın. Bu söz öz növbəsində mənfur bir düşmənin bizim vətənimizə qarşı aqressiyasıdır. Lakin bu gün Azərbaycan dövlətçiliyini işğal edən İlham Əliyev isə bilirsənmi nə düşünür? Onun üçün heç bir vətən və vətən sevgisi yoxdur. Onun düşündüyü odur ki, Azərbaycan xalqını zəlil gününə qoymaqla nə qədər hakimiyyətdə qala biləcək. İlham Əliyev öz çömçəquyruqları olan məmurları və “ziyalıları” ilə Azərbaycanın yetkin gəncliyinin düşməni kimi sizləri həbsə atmaqla əslində öz dostu Sarkisyana çox yüksək səviyyədə dəstək vermiş olur. İlhama bilirsənmi hansı gənclər sərf edəcək ? O gənclər ki, İlhamın ətəyindən tutub, bu gün çox həvəslə işverənlik “sənəti”nə mahirliklə yiyələnməkdən xüsusi zövq alırlar. O gənclər ki, kor-koranə MTN-nin “sukası” olmaq üçün kütləvi şəkildə “KQB-nin 1969 Şeytan əməliyyatı” adlı kampaniyasına qoşulurlar. Bilirsənmi, İlham Əliyev hansı gəncləri sevir və onları ordenlə təltif edir?.. O gəncləri ki, doğma Azərbaycanımızın İblis rejimindən xilası üçün ölümə belə hazır olan insanlarımızın at kimi üzünə durmağa hazır olsunlar… İlham Əliyevdə Qarabağ sevgisi olsaydı, o, Ziya Məmmədovun xalq malını talayıb şıllaq atmasına qətiyyən imkan verməzdi. Bəylər Əyyubovun bacısı oğlu Robertin üzərində 24 cinayət işi olduğu halda onu ömürlük həbsə tullayardı. Ölkəmizin gələcəyinin təminatı olan təhsilimizi özü kimi kəllə-mayallaq gününə qoyan Misir Mərdanovu nazirlikdən uzaqlaşdırıb əlinə bel verərək, Kəmaləddinin basıb yediyi Kür çayının lilini təmizlətdirməyə göndərərdi. Kəmaləddinin özünə isə deyərdi ki, sən kimsən ki, monarx rolunda çıxış edirsən? Onu da Qəbələ konserv zavoduna “axrannik” göndərərdi. Ramil Usubova deyərdi ki, sənin kürəkəninin ağzından güllə ilə vuran Roberti tutmağa cəsarətin çatmırsa, get heç olmasa, Zəlimxan Yaqubun “Heydərnamələri”nin tozunu sil. Kərəm Həsənovun üstünə çımxırıb deyərdi ki, a dünənki peraşkisatan, indi də mülkləri satırsan? Məsəlçün, Səfər Əbiyevin general şalvarının zolaqlarını və nataraz ulduzunu söküb, sərhəddəki hərbi hissələrin birində kartofsoyan vəzifəsinə təyin edərdi. Götürək elə meri. Ona əmr edərdi ki, bəsdir mənim dədəmin adına olan parklarda dövlət büdcəsinin dizini qırdın, indi də get Qobustanda yol kənarı əkilən o qurumuş ağaclara həyat ver. Heydər Əliyev Rəsul Quliyevi təmtəraqla yola salıb dalınca da hay-həşir saldığı kimi İlham Əliyev də Ramiz Mehdiyevi istefaya göndərərək, barəsində cinayət işi qaldırardı. O istəsəydi ki, xalqımız azad və təminatlı şəkildə firavan yaşasın, Əhməd Əhmədzadənin yediyi milyonları, qaçqınkom Əli Həsənovun maxinasiyalarını, yerlə-göylə əlləşən Cahangir Əsgərovu, 10 il parlamenti partapart qarın ağrısına salan Murtuz Ələsgərovu, sərhəddə şıdırğı narkotik alveri getdiyinə görə gömrükbaşı Aydın Əliyevi, iraq olsun bədənimizdən, bədəni lül-çim yağ içində olan çuvar Oktay Əsədovu, nəfəs alanda “KamAZ”  fısıltısını xatırladan Fazil Məmmədovu… və sairə və il… hamısını yerlə-yeksan edərdi….

Etməyəcək o bunları, dostum Elnur. Çünki adını sadaladığım adamların əlində o özü həm əsirdir, həm də özünün əsir olmasında və o adamların motalyırtan olmasında çoooox maraqlıdır. Onun üçün əsas dövlət, millət, xalq, vətən maraqları yox, nə yolla olur-olsun hakimiyyətdə çox, bəlkə də əbədi qalmaqdır. Bu niyyəti zavallı Hüsnü Mubarək də çox arzulayardı… (İndi arzulamasın). Tarix və xalq bunun da nəybətli arzusunu gözündə qoyacaq, inşallah…

Hörmətli Elnur arkadaşım, çox vacib olan nəcib və incə bir məsələyə də diqqət çəkməliyik. Yuxarıda qeyd etdim ki, hakimiyyətin bir düjün çömçəquyruqları var ki, onlar da çirkab nohurun kənarında quyruqlarını bulaya-bulaya qaynaşırlar.

Qadoyalım ay Elnur, deyəsən axı bu çömçəquyruqlardan xırda da olsa bir tavalıq muxalifətdə də var axı… Onların hamısının adını çəkməsəm də, molla Nurəddinin adını mütləq və mütləq çəkməliyəm… Gəl birlikdə arzu edək ki, ölkəmizdə muxalifət çömçəquyruqları olmasın… Qoy doğma vətənimiz Ramiz-Kamal kimi çömçəquyruqlardan tam şəkildə azad olsun. Amin Ya Rəbbim… Muxalifət qatarlarının tüstüsü həmişə gur olsun. Qatarın rəisləri də özlərini ətraflarındakı çömçəquyruqlarından qorusunlar….

Qadan alım Elnur, Turaldan, Əhəddən, Rüfətdən, Ülvidən muğayat ol! Onlara deyərsən ki, gələn dəfə onlara da məktub yazacam. Möhkəm olmağınıza şübhəm olmasa da, çalışın, möhkəm dayanın. Dustaq yoldaşlarınızla mehribanlıq edin və onların hüquqlarının bərpa olunmasında həmişə yardımçı olun. Zatən bizlər harada oluruqsa olaq, ANS-dən fərqli olaraq, DÖYÜŞ ALNIMIZA YAZILIB…

 

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button